Həmid
HERİSÇİ: “Oxşarım Qabriel
öldürülərkən mən qəfildən diksinib
ayılıram.
Hiss edirəm ki, həyatda
bir başqa oxşarım da var”
"Kürsü"
layihəsinin qonağı şair, yazıçı və
teleaparıcı Həmid Herisçidir
- Həmid bəy, "Solaxay"
romanı barədə danışmaq istərdim. Bildiyimə
görə, bu romanı sol əlinizlə
yazmısınız...
- Bəli.
"Solaxay"dan sonra yaradıcılığımın sol əlli
dövrü start götürür. Qədim hind
fəlsəfəsində sol əlli magiya
"vamaçara" adlanır, sağ əlli magiya isə
"dakşinaçara". İndiki oturuşmuş
dünya ədəbiyyatı, o cümlədən bizim ədəbiyyat,
bu sağ əlli magiyanın, yəni
"dakşinaçara"nın
qanunları ilə tənzimlənir. "Solaxay"da
bu ənənəvi yol şübhə altına qoyulur. Qələm, sağ əldən alınıb
ötürülür sol ələ. Rus təfəkküründə
də çox yazmaq, sürətlə yazmaq, şedevr yaratmaq
sol əllə əlaqələndirilir. Deyilir
ki, "bax, bu əsər sol əllə yazılıb".
"Solaxay" romanım bu təcrübənin
düzgünlüyünü bir daha təsdiq edir. Qələm,
doğrudan da, sol ələ ötürülməlidir.
- Romanınızı istər bizim ədəbiyyatdan,
istərsə də dünya ədəbiyyatından fərqləndirən
nədir?
-
Tanınmış ədəbiyyatşünas Cavanşir
Yusifli "Şəms Təbrizi" şeirimi şərh edərkən
demişdi ki, mənim yaradıcılığım, bədii
mətnlərim ikiqatlıdır - üzdəki fiziki qatın
altında metafizik qat da var. O deyirdi ki, gözəgörünməz
metafizik qatda mən ənənəvi Şərq mətninə
sadiqəm. Üst qatda isə bu ənənəvi
mətni modernləşdirir, ən yeni həyat mənzərələri
ilə müşayiət edirəm. Bu üslubumu digər
tənqidçi Əsəd Cahangir də hiss edib. Səkkiz son hekayəm barədə
yazdığı analitik "Olum və ölüm" məqaləsində
o bu hekayələrin metafizikasındakı qədim mətnləri,
süjetləri açıb. Nəticədə,
yaradıcılığımın bir sıra gizli
mesajlarını oxucuya çatdırmağı bacarıb.
- "Solaxay"da bu
ikiqatlı səhifələr, təsvirlər çoxdur?
- Bədii
mətn yazırsansa, bir sıra vacib tələbləri
gözlərin önünə gətirməlisən. Əvvəla, roman ən azı ikiqatlı
olmalıdır. İkincisi, daxilində bir
gizli məxfi kitab, yaxud kitabça gəzdirməlidir. Üçüncüsü, romanı müəllif
özü deyil, qurduğu süjet yazır. Yəni süjet çox orijinal, təkrarsız, həm
də dramatik olmalıdır. Dördüncüsü,
romanda kifayət qədər məxfi, ilkin informasiya səslənməlidir.
Beşincisi, roman güclü söz oyunları,
məxfi açarlarla, kodlarla silahlanmalıdır. Altıncısı, əsər təhlükəli
olmalıdır. O, konkret bir sirri, oxucuya
açmalıdır. Sirr, sehrsiz bədii əsər,
yarımçıqdır. Yeddincisi, indiki
romanlar smart texnologiyalarsız ötüşmür. Gərək hər sətrində bir smart
texnologiyanı təsvir edəsən. Bədii
mətnin bütövlüyü bu vacib şərtlərlə
birbaşa əlaqəlidir.
- Başlayaq birincisindən. İkinci qatda nəyi gizlətmisiniz?
- Yeni
insan modelini. Dünya yazarlarının bu gün
ən vacib mövzusu sayılan "postinsan" modelini. Postmodernizm bataqlığının dəfi, gərək
biləsiz, indiki dünya ədəbiyyatında məhz
"postinsan" dilemmasının həlli ilə
bağlıdır.
Müasir bioloji insan çoxdan tükənib. Bunu ilk dəfə hələ
qədim Şərq sufiləri hiss ediblər. Qərara
gəliblər yeni insan modelini yaratsınlar. Təcrübələr
üçün adına "çiləxana"
deyilən tam qapalı, qaranlıq ünvanlardan istifadə
edilib. Yeni məzmun qazanmaq, yenilənmək naminə
dərvişlərimiz bu cür çiləxanalarda əvvəl
3, sonra 7, 12, 40 gün tək-tanha qalaraq çilə
çıxarıblar. Müasir elm, məşhur
gerantoloq Vladimir Xavinsonun araşdırmaları əsasında
sübut edir ki, burda təəccüblü, uydurma heç nə
yoxdur. Uzun zaman qaranlıq, qapalı ərazidə
qalsan, beynində melatonin maddəsinin ifrazı artacaq. Nəticədə, beyindəki passiv bir üzv-bəsirət
gözü, yəni "epifiz" aktivləşəcək.
Bu yolda ilk sufi təcrübələrini əvvəlcə
Azərbaycan alimi Şahabəddin Sührəvərdi
aparıb. Onun "Həyakil ən-nur"
(İşıq hekayələri) əsərində bu təcrübənin
canlı, mistik praktikası öz əksini tapır. Sufilərdə belə elmə "hikmətül-
işrak" da deyilir. Sonralar bu dəyərli
təcrübənin taleyi, belə deyək "keçici
bayrağı", keçir məşhur Xarəzm mistiki Nəcməddin
Kübranın ixtiyarına. Onun "Fəvatüh
əl-camal və fəvatüh əl-cəlal" əsərində
çiləxana təcrübəsi özünün ən
yüksək pilləsinə qalxır. Daha
sonralar bu mistik təcrübə yenidən Azərbaycana
qayıdır. Xəlvətiyyə təriqətinin
simasında Şirvanşahların bir növ dövlət
ideologiyasına çevrilir. "Səcdəni,
namazın xəlvətiyyəsi" bilən işraqiyyə dərvişlərindən
bizə çatan miras, Şirvan, Bakı ərazilərindəki
qədim çiləxanalardır.
Xəlvətiyyənin ikinci şeyxi sayılan Seyid Yəhya
Bakuvinin məzarı, çiləxanası indi Bakıda, Şirvanşahlar
ərazisində yerləşir. Şeyxin
"Virdü-Səttar", "Şifaül-əsrar",
"Kəşfül-qülub" kimi çoxsaylı əsərlərini
öyrənmədən çiləxana fenomenini indi anlamaq
mümkün deyil. Köhnə bioloji insan
növünün süquta yetdiyini, müasir Avropa fəlsəfəsi,
elmi bizim sufilərdən çox sonra, ancaq XIX yüzildə dərk
edir. Alman filosofu Fridrix Nitsşe bunu öz əsərlərində
sübut edərək yeni insan növünə -
"ubermenş"ə, yəni fövqəlinsana ciddi tələbat
yarandığını yazır. Ancaq
bunun yollarını, üsulunu, təcrübəsini göstərmir.
Elə deklarativ olaraq fövqəlinsanı
öz yaradıcılığının əsasına qoyur.
- Sizin solaxay qəhrəmanınız,
postinsanınız öz çiləsini, çiləxanasını
düşdüyü Moskva Ümumittifaq Pediatriya İnstitunda
keçir?
- Eynən.
Qədim dərvişlərimizin bu unikal təcrübəsini
mən romanda öz qəhrəmanıma yaşadıram.
O, yeddi yaşındaykən xəstələnib Moskvaya, ən
müasir tibb ocağına düşür. Xəstəxana
çiləxanaya, uzun müalicə çiləyə
çevrilir. Bir tərəfdən xəstəni
ən müasir məxfi dərmanlarla müalicə edirlər,
digər tərəfdən bu xəstə özü də dinc
durmur. Ən qədim dərviş
üsulları ilə sanki ölüb yenidən doğulur.
Burda ən yeni smart texnologiyalar ənənəvi
Şərq fəlsəfəsi ilə birləşir.
- Roman bioqrafikdir. Qəhrəmanınız
isə seçkin insandı. Siyasi
mühacir ailəsində doğulan qəhrəmanı sağ
əldən imtina etməyə nə vadar edir?
- Günlərin
birində mənim qəhrəmanım qərara gəlir ki, qələmi
sağ barmaqları arasında sıxsın. Özünü
sol ayağının azad hərəkət trayektoriyasına həvalə
edir. Bu sol ayaq pəncəsi
öz-özünə hərəkətə keçərək
qəhrəmanı nənəsinin Pirşağıdakı məzarı
üzərinə gətirir. O görür ki, məzar
üstə qoca bir gürzə öz qabığını
soyunub. Qərara gəlir bu mənzərəni
öz həyatında da təkrarlasın. Öz
həyat hekayəsini bizə danışsın. Romanda solaxay sovet zamanını, yazıçı
Mirzə İbrahimovla görüşünü
xatırlayır. Mirzənin "Dəyiş
bu Herisçi soyadını, bu adla sən Bakıda heç nə
edə bilməzsən" təklifinə sərt cavab
qaytarır. Yazıçı nəvəsinin döşəməyə
atılmış uşaq tapançasını göstərərək
deyir ki, bəs "Mirzə İbrahimi vaxtilə bu
tapançadanmı qətlə yetirilib?".
Mirzə İbrahimovu, uzaq İbrahimi
dövrünə qaytaran qəhrəman, yazıçıdan
lal xeyir-dua qazanır.
- Romanda ən təsirli nisgilli
epizodlardan biri "Oxşarım" fəslindədir...
- Bəli.
Xəstəxanadaykən solaxay qəhrəman təcrübəvi
dərmanlardan, Hitler Almaniyasından qənimət kimi gətirilmiş
sirli həblərdən içir. Ancaq hiss edir ki, eyni dərmandan
bir başqa gözəgörünməz qəhrəman da
içməkdədir. O, bir mələk kimi üst mərtəbədə
yaşayır. O, çox gözəldi. Ağıllıdı.
Solaxay qəhrəmana verilən eyni suallar, eyni
inşa mövzular bu gözəgörünməzə, bu
"Qabriel"ə (bu ad Cəbrayıl mələyinə
işarədir) də verilir. Nəticələr,
cavablar eynilik təşkil edir. Həkimlər qərara gəlir
ki, burda böyük alim psixiatr Qustav Yunqun "sinxronizm" fenomeni var.
Oxşar cavablar, inşalar gizli həqiqətləri, qeybdəngəlmə
informasiyaları özündə daşıyır. Məxfi qurumlar bu informasiyalarla ciddi maraqlanırlar.
Müxtəlif insanların bəzən əlahiddə məqamlarda
sinxron olaraq eyni yuxu görməsi, eyni şeiri, yaxud mətni
bölüşməsi fenomeni qədim tarixə malikdi. Nəcməddin
Kübra öz ustadı Şeyx Əmmar Bidlisi ilə eyni
yuxular görürmüş. ABŞ
konspiroloqu Devid Uilkok, həmin fenomenə ayrıca əsər
də həsr edib. Şəxsi təcrübəsində
bu fenomeni yaşayıb. Üstəlik bu sahədə
araşdırma aparan
Monteqyu Ulman və Stenli Krippner kimi psixiatrların əsərlərini
nümunə gətirib. Əslinə qalarsa, bu
fenomen Şəms Təbrizi ilə Cəlaləddin Rumi
dostluğunun ana nüvəsidir. Hər
ikisi eyni yuxular görür, eyni mətnləri, fikirləri
bölüşürdülər. Bilirdilər
ki, bu sinxronizmlər qeybdən gələn informasiyanın da
ana nüvəsidir.
- Deməli, siz də
romanınızda bu tarixi dostluğa təzə məna
vermisiniz?
- Bu, ən
adi çiləxana texnologiyalarıdır. İki
fərqli ünvanda mürşüd ilə mürid çiləxanaya
çəkilirdi. Sinxronizmləri
aşkarlayınca, həqiqi informasiyaya
çatdıqlarını bilirdilər.
- Sizin romanda bu fenomen Qabriel ilə qəhrəmanınız
arasında qurulur. Müəlliminiz "Kötük" -
Viktor Nikolayeviç, Solaxayın bu istedadınıza
yaşıl işıq yandırır. Alimlər qərara gəlirlər
ki, burda güzgü fenomeni var. Qabriel "maq"dı, siz isə
"qam" (qədim türklərdə maqlara "qam"
deyilirdi). Bu tərs kəlmələr (geriyə
oxunuşda onlar eyni cür səslənir) sayəsində roman
estetikasının bir başqa vacib şərti-söz
oyunları əsərinizə daxil olur.
- Qəhrəmanım
təkcə bu söz oyunları ilə kifayətlənmir. Süjet inkişaf etdikcə bəlli olur ki, o, təkcə
solaxay deyil. Həm də ikiəllidir.
Belələrinə elmdə ambidekstr da deyirlər.
Ambidekstr insanlarda hər ikisi sağ, sol əllər
eyni dərəcədə işlək olur. Ambidekstriya fenomeni bax burda romana daxil olub, söz
oyunları, gizli kodlarla müşayiət edilir. Ambidekstr insanlarda beynin hər iki yarımkürəsi
bir gizli ifadə ilə kodlaşdırılıb. Düzü, mənim bu kodum Den Braunun "Da
Vinçi kodu"ndan daha maraqlı, daha realdır.
- Beləliklə, bu epizodlardan sonra
romanınızda oxşarınızla sinxron axan həyatınız
təsvir edilir. Məxfi qurumlar bu oxşar
informasiyalar sayəsində qeyb aləminə girib ordan ən məxfi
kəşfiyyat məlumatları toplamağa başlayırlar.
Lakin 1980-ci illərin əvvəlində bu məlumatlar
SSRİ rəhbərliyi tərəfindən qorxulu
görünür. Elmi təcrübə ləğv
edilir, oxşarınız, sanki qətlə yetirilir. Əsərdə bu səhifələri oxumaq,
doğrudan da, çox ağrılıdır.
- Oxşarım Qabriel öldürülərkən mən
qəfildən diksinib ayılıram. Hiss edirəm ki, həyatda bir
başqa oxşarım da var. Sən demə, atam,
İrandakı dostu Rəzi Qəvami ilə birgə öz
övladlarına eyni adlar veriblər. Yəni mənim
bir başqa oxşarım həmin Rəzi Qəvaminin oğlu
Həmiddi. Bu epizod Qabrielin
ölümündən sonra əsərdə yaranan
acını, təəssüfü nikbinlik hissləri ilə
neytrallaşdırır. Əsəri gələcəyə
ünvanlayır.
- Əsərinizin bir
başqa süjet xətti Təbriz fədailik məktəbi,
güney həyatı, güney taleyi, son İran
inqilabının sirləri ilə bağlıdır. Siz romanda solçu ideologiyasını
sırf solaxaylıqla izah edirsiz. Bu isə,
öz növbəsində, siyasi hadisələrə tam fərqli,
bəzən möcüzəli gözlə baxmağı tələb
edir. Bədii mətn burda uduşdadır.
Əsl həqiqət bəs necə?
- Bayaq
qeyd etdim ki, roman janrı, müəllifdən çox miqdarda
məxfi informasiya, gizlinlər, sirlər, sehrlər tələb
edir. Tələb edir ki, əsər təhlükəli
olsun. Bu tələblərə əsərdə
tam riayət edilir. Əsərdə son İran, 1979-cu il inqilabına aid misilsiz, kimsənin bilmədiyi
təhlükəli informasiya mövcuddu. Orda bu inqilabın
dörd sütunu, dörd solaxayı-İrəc İskəndəri,
Bözörg Ələvi, Qafar Kəndli, habelə ən
vacibi-İran "Sumka" partiyasının rəhbəri
Davud Münşizadə göstərilir. Göstərilir ki,
İran solçuları, solaxayları iki barışmaz
qütbə - almanpərəstlərlə ruspərəstlərə
bölünmüşdülər. Almanpərəstlər
- mənim atam, əmim İbrahim Herisçi kimi, uzaq 20-30-cu
illərdə Almaniyada, Fransada təhsil almışdılar.
Aralarında sırf kommunistlər olduğu kimi, sırf Hitler
tərəfdarları az deyildi. İran inqilabının ilk variantını,
ideologiyasını, bayrağını,
şüarlarını məhz bu almanpərəstlər,
hitlerpərəstlər hələ 30-40-50-ci illərdə həyata
keçirmək istəyirlər. Hərəkatın
lideri təbrizli qonşumuz Davud Münşüzadə idi.
Romanda mən onun əmim İbrahim Herisçi
ilə, sonra atamla dostluğunu təsvir etmişəm. Rəhmətlik əcaib taleyə malikdi. Təbrizdə doğulub boya-başa çatasan,
sonra təhsilini Fransada davam etdirəsən. Sonra Gebbelsin özündən təklif alasan ki, gəl
Berlinə. Nasist təbliğatını
farsca, azərbaycanca bütün Yaxın Şərqə yay.
Münşüzadə o vaxtlar Berlindən
yayımlanan "Zeysen" radiosunun danışan ruporu idi.
1945-ci ildə Hitler bunkerini əlisilahlı
sovetlərdən müdafiə edərkən bərk
yaralanmışdı. İki il
şüursuz qalıb ayılanda görmüşdü ki,
zaman artıq dəyişib. Sonra o, keçdi
sovetlərin tərəfinə. İran solçu Tudə
partiyasının Moskvadan Şərqi Almaniyaya köçməsi,
partiya üzərində KQB nəzarətinin Şərqi alman
kəşfiyyatı "Ştazi"yə ötürülməsi
atam ilə Davudun adıyla bağlıydı.
- Və bu yerdəyişmə sizə
əsərdə şərait yaradır ki, hadisələrin
coğrafiya dairəsini bir az da genişləndirib
ortaya bu alman xəttini atasız.
- Bəli.
Romandakı qəhrəman bir gün az
qalır ölsün. Onu təcili olaraq Şərqi
Almaniyaya, Berlin yaxınlığındakı Bux xəstəxanasına
köçürürlər. Qəhrəman
məhz orda Davud Münşüzadə, habelə digər
köhnə İran inqilabçıları ilə
görüşür. İran
inqilabının gizli dramaturgiyasına, qəhrəmanlarına
bələd olur. Bu şəxslər
özlərini fədai sayırdılar. Fədai
mövzusu, fədai sirləri, əfsanələri də məhz
burda açılır. Qəhrəman
başa düşür ki, fədailər uca Allahın 99 sifəti
əsasında 99 əsgərdən ibarətdirlər. Qədimlərdə
bu say, 9999 nəfər olub. Babəkin
məşhur "Cavidan" diviziyası da bu quruluşa, saya
malikmiş.
Böyük yazarımız Səməd Behrəngi də
fədai idi.
O da fədailərin bu 99, yaxud 9999 sayını göz bəbəyi
kimi qorumaq istəyirdi. "Balaca qara
balıq" nağılının sonunda o, təsadüfənmi
10 9999 şifrəsini, rəqəmlərini sərgiləyib?
Yox... düşünərək sərgiləyib.
Göstərib ki, fədai məktəbinin məxfi
kodu məhz 9999-dur.
- Beləliklə, əsərdə
daha bir gizli kod var? 99, yaxud 9999 kodu?
- Bəli.
Tamamilə doğru buyurursuz.
- Bəs əsərin daxilindəki
gizli kitab hardadır? Siz axı deyirsiz ki, əsərin daxilində
mütləq gizli bir mətn də olmalıdır.
- Qəhrəman
Şərqi Almaniyada müalicə alarkən, İran
inqilabçılarına nəzarət edən məşhur
"Ştazi" kəşfiyyatının bir çox gizlinlərinə
bələd olur. Görür ki, burda Konrad ilə
Markus Volf qardaşları həm kəşfiyyata
başçılıq edirlər, həm də məşhur
"Defa" kinostudiyasına. Bir çox
gələcək əməliyyatlar əvvəlcə
kinostudiya pavilyonlarında səhnələşdirilir, sonra həyatda.
Solaxay qəhrəmanımız orda Valter
Xaynovski, Gerxard Şoyman kimi məşhur kinodokumentalistlərlə
görüşür. Jurnalistləri
müşayiət edərək, hətta uzaq Vyetnama da gedib
çıxır. Bu jurnalistlər o vaxtlar
Vyetnam səmasında vurulmuş ABŞ təyyarəçiləri
barədə "Pijamalı təyyarəçilər"
filmini çəkirdilər. Film əsir
Pentaqon şahinlərini dindirməyə bir bəhanə idi.
Qəhrəman atası ilə gəlir Vyetnama.
Pərdə arxasında oturaraq dindirmələrdə
iştirak edir. Ən amansız, sərt
sualları ilə bu Pentaqon şahinlərinin iradəsini
qırmağa müəssər olur. Dediyim
jurnalistlər həqiqətən Şərqi Almaniyada
yaşayıb yaradıblar. Sözsüz
ki, bu şəxslər həm də "Ştazi" əməkdaşları
idilər. Deyilənə görə, bu kəşfiyyatın
dindirmələrdə işlədilən sorğu-sual
kitabçası çox mükəmməl imiş. İndi bir çoxları həmin kitabçanı
axtarır, amma tapa bilmirlər. Romanın
solaxay qəhrəmanı Şoyman ilə Xaynovskinin filmlərində
bu sorğu-sual kitabçasının trafaretini, sxemini
görüb, əslində, onu deşifrə edir. Bu kitabçaya yiyələnir. Nəticədə
öz peşəkarlığında çox-çox yüksəklərə
qalxır.
- Demək, romanın daxilindəki
gizli kitab həm də bu Ştazinin sorğu-sual
kitabçasıdır?
- Bəli. Əsərdə sirlər
çoxdur. Biri də bax bu sorğu-sual
kitabçası. Əsərdə mən bu məxfi kitabçanın dəqiq
ünvanını göstərirəm. Məzmununu,
parçalarını səsləndirirəm. İnanın ki, bu kitabça sadə söhbət
deyil. Aparıcı dünya məxfi
qurumlarının axtardığı mətndir.
- Yəni hamam hamam içində,
kitab kitab içində...
- Bəli,
bir çox məxfi kitablar çap edilmiş açıq mətnlərin
içindədir. Romanda mən bu cür
deşifrələrdən çox istifadə etmişəm.
Ancaq gəlin burda söhbətimizi
yarımçıq saxlayaq. Oxucuya imkan
yaradaq ki, romanın digər sahifələrini məhz
özü oxusun. Deyəsən, əsərimə
qarşı oxucu marağıını bu müsahibəmizdə
yarada bildik.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.14-15.