“Solğun çiçəklər”də
tanıdığım
Bəsti
Cəfərova
Biz sovet ittifaqının son on illiyinə tuş gəmiş 80-cilər nəsli gözümüzü dünyaya açanda hər şeyin ən yaxşı vaxtına düşdük. Rəngli televizorlarımız, hər gün həmin televizorlardan bizi salamlayan gülərüz, ala gözlü diktorlarımız, Yeni il, Novruz bayramı kimi bizə özü ilə bərabər xoşbəxtlik gətirən bayramlarımız, 1 may paradımız, yağlı kağızlara bükülüb satılan, dadı inidiyənə qədər damağımızdan getməyən plombir dondurmalarımız, o qədər də yüksəklərdə fırlanmayan, amma bizi xəyalən dünyanın yeddinci qatına qaldıran karusellərimiz və daha nələrimiz, nələrimiz vardı. Hə, bir də bizim hərdən bir ekranlardan izlədiyimiz hind filmlərimiz vardı. Qara-qura amma şirin hind aktrisalarının dodaqlarına yaxılan parıltılı dodaq boyalarına sevgi acısının imitasiyasından yaranan göz yaşları qarışanda valideynlərimizdən xəlvət onlara qoşulub ağlayar, göz yaşı tökərdik.
Səksəninci illərin sonlarına doğru bizi hind filmlərinin əlindən alan yerli televiziya tamaşalarımız ekranlara çıxmağa başladı. Xəyalımızdakı hind qızlarının yerini özümüzün ağbənizli, saçları küləksiz də dalğalanan aktrisalarımız tutdu.
Onu ilk dəfə “Solğun çiçəklər” tamaşasında gördüm. Boynunun üstündən küskün-küskün əmisi oğlu Bəhramın ardınca baxan, alnına tökülən nazik, xırda saçlarını iddia, istedad, şöhrət vəd edən möhkəm barmaqları ilə geri itələyib susan, sifət mimikalarını, obraza xas ən incə emosiyalarla hesablayıb hərəkət etdirən Bəsti Cəfərova adını məhz o tamaşadan sonra yaddaşımın ən dərin yerlərinə həkk etdim.
Bəsti Cəfərova hələ gənclik illərindən yaşadığı, ifa etdiyi rola bütünlüklə bürünməyi, obrazın bütün yaşantısını tamaşaçıya çatdırmağı mənimsəmişdi. Əslində elə sənətkarlıqda burdan başlayırdı. “Solğun çiçəklər” tamaşasındakı Pəri mənfi obraz idi. Aktrisa rola xas olan bütün mənfilikləri ustalıqla ifa etmişdi. Öz bacısının sevgilisini əlindən alan Pəri özünə haqq qazandırırdı. Çünki o, da sevirdi. İndi o, nə etsin ki, tale Bəhramı əvvəlcə onun yox, kasıb, yetim bacısının qarşısına çıxarıb. Bəhram yaraşıqlı, təhsilli həm də imkanlı idi. Taleni bir kənara qoysaq, Pəri məntiqlə Bəhramın sevgilisi, nişanlısı, arvadı olmağa layiq qadın idi. Oldu da. Amma bədbəxtlik vəd edən xoşbəxtliyin bahasına. Əsərin sonunda ölüm olsa belə Pəri əvvəl sevgi ilə sonra isə nifrətlə, qəzəblə ağ, incə boğazını Bəhramın qara, iri əllərinə, qəddar ruhuna təslim etdi. Bu təslim etmə Pərinin ölümünə, Bəsti Cəfərovanın isə aktrisa kimi dirilişinə, böyüməsinə səbəb oldu. O, gözəlliyi, cazibədar və heyrətamiz ifası ilə mənfi obraz olan Pəriyə bəraət qazandırmışdı. Bu cür faktlar isə teatr və kino tarixində çox az, nadir hallarda baş verirdi. O dövrün tamaşaçıları, elə 21-ci əsrin bu günkü yeniyetmələri də məhz həmin bəraətverici obrazla Bəsti Cəfərovanı tanıyıb sevdilər.
Biz əyalət uşaqlarının bu cür sənətkarları görmək və sevmək şansı yalnız mavi ekran vasitəsi ilə baş tuturdu. Bizim böyük Bakı şəhərinə, iri çilçıraqlar asılmış əzəmətli teatr zallarına gəlmək kimi imkanlarımız çox az bəlkə də heç yox idi. Bir çoxumuzu eləcə də məni Bakıya Qarabağ müharibəsi gətirdi.
Hər dəfə Akademik Milli Dram Teatrının yaxınlığından keçəndə arzu edirdim ki, nə zamansa həmin həndəvərdə bir evim olsun. Teatra gəlib gedən aktyorları uzaqdan, eyvandan, küçə qapısından olsa belə görə bilim. Bu arzuların yaranmasında isə Bəsti Cəfərovanın yaratdığı obrazların payı az deyildi. O, məndə heç zaman tükənməyəcək nostalgiya hissini yaradan sənətkarlardan biri idi. Əlbəttə mənim heç zaman teatr həndəvərində evim olmadı. Sonralar da tez-tez bu arzumu xatırlayıb gülümsədim. Sən demə aktyoru, kumiri görə bilmək üçün teatr yaxınlığında evin olması lazım deyilmiş.
Sözün, ədəbiyyatın, mətnin gücü müəyyən vaxtdan sonra məni sirlə, sehrlə bir çox teatrların qapılarından içəri ötürdü. Lap görünməz adam kimi teatra aid hər yerdən keçib getməyə nail olurdum. Əvvəlcə tamaşaçı qismində, sonra isə həmsöhbət. Mən bir də onda ayıldım ki, bir zamanlar “Səməndər quşu”, “Nişanlı qız”, “Solğun çiçəklər”, “Ər və arvad” kimi televiziya tamaşalarından boylanan işıqlı simanın sehrinə düşmüş, xalq artisti Bəsti Cəfərova ilə üz-üzə əyləşmişəm.
Hər bir sənət adamının sənətdə bir mayakı olur. Bəsti Cəfərovanın da istedadına dövrün bir çox sənətkarları zamin olmuşdular. Bunlardan ilki təbii ki, böyük rejissor Tofiq Kazımov idi. Adil İskəndərovun kursundan seçib gətirdiyi gənc aktrisanın qabiliyyəti kəskin müşahidəsi, sənətkarlıq öncəgörümü olan Tofiq Kazımovu arxayın etmişdi. Bir-birinin ardınca teatrının səhnəsində sözün əsl mənasında səhnənin böyükləri ilə çiyin-çiyinə dayanan aktrisa ilk illərdən özünü itirmədi. Sənətdə sözün bütün anlamlarında özünü itirməmək bacarığı isə çox vacib foktor idi. O, öz istedadının ölçüsünü, bacarığının onu hara qədər aparacağını gözəl bilirdi. Bircə qalırdı ki, hər şeyi unudub qarışqa kimi zəhmətlə, tər tökə-tökə işləmək.
Üz-üzə əyləşdiyimiz günlərin birində Bəsti xanım, anasını xatırlayaraq deyirdi: “Şəxsi həyatımda da, məişətdə də hər işi həmişə özüm etdim. Heç vaxt şəxsi köməkçim olmadı. Ehtiyac hiss etdiyimi də xatırlamıram. Düzdür anam sağ olanda, qızıma baxdı, qayğısına qaldı. Amma yenə də mən övladımın bütün ağırlığını heç vaxt yaşlı anamın üzərinə atmadım. Uşağımın pal-paltarını da özüm yudum, xörəyimi də hazırladım, ev işlərimi də daima özüm yerinə yetirdim. Anam isə uşağımı idarə edib, onu nəzarətsiz qoymadı. Özüm əziyyət çəksəm də, bacardıqca çalışdım ki, anam zəhmətə düşməsin. Anam rəhmətlik həmişə deyərdi ki, sənə baxanda ürəyim ağrıyır. Başını balışa qoyan kimi yatırsan.”
Bəsti Cəfərova aktrisa idi və onun başını qoyub yatdığı balış təbii ki, heç bir sehrli qüvvəyə malik deyildi. Bu qəfil, ananın ürəyinə ağrı gətirən yatışın, şirin yuxunun səbəbi dayanmadan, heç nəyə, heç kimə fikir vermədən, heç bir teatr intriqalarına qarışmadan öz üzərində işləyən, bütün məhəbbətini yalnız və yalnız teatra bəxş edən sərt, intizamlı xarakter, aktyor zəhməti idi.
Bütün bunlar, istedadın və zəhmətin yaratdığı peşəkarlıq Mehdi Məmmədovun, Hökümə Qurbanovanın, İlyas Əfəndiyevin də gözündən yayınmamışdı. Mehdi Məmmədov və Hökümə Qurbanova hələ gənclik illərində Bəsti Cəfərovanın yaradıcılığı haqqında mətbuata danışımış, əhatəli fikir bildirmişdilər.
Bəli, gənclik haqqında danışmağı sevməyən Hökümə Qurbanova teatra yenicə qədəm qoymuş bu parlaq aktrisanın uğuruna sevinir və məhz mətbuatda bu uğurun üzərində dayanmağı vacib bilir.
Bəsti Cəfərovanın teatr fədaisi olmağı dramaturq İlyas Əfəndiyevin də nəzərindən yayınmır. Teatr üçün yazdığı pyeslərin bir çoxunda Bəsti Cəfərovanı mütləq nəzərə alır. İlyas Əfəndiyevin nəzərə alması isə o dövrün teatr mühiti üçün çox vacib məsələ idi. Birincisi ona görə ki, İlyas Əfəndiyev həqiqətən də maraqlı, tarixi əsərlər yazarkən parlaq, əhəmiyyətli obrazlara müraciət edir, onların səhnə variantını çox ustalıqla işləyirdi. Digər tərəfdən müraciət etdiyi mövzular dövrün, zamanın tələbinə cavab verərərək teatr səhnəsindəki boşluğu doldurur, hətta yaradıcılıq baxımından katalizator rolu oynayırdı. Bəsti Cəfərova İlyas Əfəndiyevin «Şeyx Xiyabani», «Dəlilər və ağıllılar», «Hökmdar və qızı», «Büllur sarayda», «Tənha iydə ağacı», «Xurşidbanu Natəvan» pyeslərində uğurlu rollar yaratmış, ona həvalə olunan dramaturq, rejissor etimadını doğrultmuşdu. Bu tarixi qəhrəmanlar Bəsti xanıma həm də qəribə, mistik bir uğur gətirdi. Həmin uğur sonralar onun müxtəlif illərdə Fedra, Ədilə, Afət, Xanuma, Qətibə İnanc kimi böyük obrazlar yaratmasına səbəb oldu.
Xaraktercə etibarlı, dürüst, ləyaqətli ömür yaşayan Bəsti xanım 60 yaşın astanasında belə İlyas Əfəndiyevi xatırlayır: “O, məni həmişə istedadıma görə qoruyub qiymətləndirməyi lazım bildi. İlyas müəllimlə tez-tez həm də uzun-uzadı telefon danışıqlarımız olurdu. Onun danışıqlarından, nəsihətlərindən o qədər şeylər öyrənmişəm ki. İlyas müəllimin mənə diqqəti, qayğısı olmasaydı mənim üçün teatr mühitində irəliləmək çətin olardı. Mənim sevimli dramaturqum dünyasını dəyişəndə onun telefon zəngləri, danışıqları üçün çox darıxdım. Bu gün də darıxıram. İlyas Əfəndiyevin itkisi mənim üçün ata, müəllim itkisi qədər ağır və unudulmaz oldu. Allah ona qəni-qəni rəhmət etsin.”
Adil İskəndərovdan, Tofiq Kazımovdan sonra üçüncü ustad itkisi idi bu. Amma Bəsti Cəfərova bu itkiləri yaşaya-yaşaya artıq özü müəllimə, pedaqoqa çevrilmiş, yeni aktyor məktəbinin yaradıcılarından biri olmuşdu.
Professor titulunun bütün yükünü bir kənara qoyaraq Bəsti xanım səhnədə tələbələri ilə birgə rol oynayıb, onları böyük səhnələr üçün məzun etdi. O, bu gün də öz ardıcıllarını yetişdirməkdə davam edir. Bu aktyor nəslinin teatrlarda öz yerlərini alması isə artıq başqalarının, bu işə məsul olanların boynuna düşən yük və məsuliyyətdir.
Yazının əvvəlində əbəs yerə 80-ci illərdən, o dövrün zövq və yaşantısından bəhs etmədim. Bəsti Cəfərova və onun timsalında olan sənətkarlar bizə sevməyi, sevilməyi, nostalji hissləri doya-doya yaşamağı, mərhəmətli olmağı öyrətdilər. Onlar böyük-böyük nəsillərin formalaşmasında inanılmaz gözəl işlər görərək hər zaman nümunəvi və yaradıcı oldular. Bu nümunəviliyin ən qabaqcıl nümayəndələrindən, birincilərindən oldu Bəsti Cəfərova. Bu gün 60 yaşın tamamında səhnədə cilalanmış almaz kimi bərq vuran əzəmətli Bəsti Cəfərovanı və onun timsalında həm Səltənəti, Laləni, Nazlını, Bənövşəni, Pərini, Solmazı, Gülayı, Nətavanı, Ağabəyimi, Ədiləni, Fedranı, Afəti, Xanumanı, Qətibəni və nəyayət o böyük QADINI təbrik edirəm. Yaratdığı obrazları ilə birgə Bəsti xanıma can sağlığı, səadət arzulayıram.
İyun 2019
Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.-15 iyun.- S.12.