İlyas Əfəndiyevi xatırlayarkən...
"Köhnə kişilər"
silsiləsindən
Bizim ədəbi nəsil - ədəbiyyata yetmişinci
illərdə gələnlər - özünü xoşbəxt
saya bilər ki, XX əsrin bir çox ədəbi şəxsiyyətləri
ilə görüşmək, söhbət etmək, ünsiyyətdə
olmaq şərəfinə nail olub. Şəxsən mənim tərcümeyi-halıma
yazılası cizgilərdir ki, ömrümün müxtəlif
anlarında Mirzə İbrahimov, Rəsul Rza, Süleyman
Rüstəm, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı,
İsmayıl Şıxlı, İsa Hüseynov, Qulam Məmmədli,
Əkrəm Cəfər, Əzizə Cəfərzadə,
Mirvarid Dilbazi kimi sənət fədailəri ilə üzbəüz
oturub söhbət etmişəm, onlarla müsahibə
aparmışam, hər birinin fərdi, bənzərsiz
dünyasına baş vurmağa
çalışmışam, yazılar yazmışam. Ancaq adlarını çəkdiyim bu sənətkarlar
arasında İlyas Əfəndiyevə xüsusi rəğbətim
vardı. Mənim ədəbiyyata uşaq
yaşlarından meyil eləməyimin tarixi İlyas müəllimin
"Söyüdlü arx" romanından başlayır.
Orta məktəbin beşinci sinfində oxuyurdum.
Kəndimizdə üç-dörd kitabxana var
idi ki, yalan olmasın, o kitabxanalarda oxumadığım bədii
əsər qalmamışdı. Günlərin
bir günü - 1959-cu ilin oktyabrında - İlyas müəllimin
göy cildli "Söyüdlü arx" kitabı əlimə
keçdi. Bir neçə gün ərzində
o romanı oxuyub başa çatdırdım. Təbii
ki, "Söyüdlü arx"da mənim o zamankı
yaşımla, həyata münasibətimlə uyuşmayan məqamlar
az deyildi. Ancaq o əsərdə
məni valeh edən kəndin və kənd adamlarının koloritli
təsviriydi. Heç kimə bildirmədən
götürüb "İlyas Əfəndiyevə məktub"
adlı bir yazı yazdım, göndərdim Azərbaycan
Yazıçılar İttifaqına. O məktubda
beşinci sinif şagirdinin ürək sözləri həkk
olunmuşdu, yazmışdım ki, İlyas müəllim, mən
sizin əsərinizi oxudum, sanki öz kəndimi gördüm. İki həftədən sonra ədəbiyyat həvəskarı
əmim Fərman "Ədəbiyyat və incəsənət"
qəzetində mənim o balaca məktubumun çap
olunduğunu söylədi, qəzeti mənə
bağışladı. Bu yazı
bütün orta məktəbdə səs saldı. Tam səmimi deyirəm, o gündən məndə ədəbiyyata
həvəs o qədər gücləndi ki, elə onda qərara
aldım bu, mənim yolumdur. Əlbəttə,
bu yol "Söyüdlü arx"dan başlandı. İlyas Əfəndiyevin sonrakı illərdə
çap olunan bütün kitabları mənim
üçün "Azərbaycan ədəbiyyatı" dərsliklərindən
birinə çevrildi.
İllər keçdi. BDU-nun Filologiya
fakültəsində təhsil aldım. Həmişə
Yazıçılar İttifaqının Natəvan klubunda
keçirilən tədbirlərindən xəbər tutar,
gedib arxa cərgələrin birində əyləşər, əsərlərini
sevə-sevə oxuduğum, amma rastlaşmadığım,
çıxışlarını eşitmədiyim korifeyləri
dinləyirdim. Təbii ki, onların hər biri ilə tanış olmaq istəyi ilə
yaşayırdım, amma yaxınlaşa bilmirdim. 1979-cu ildə
Nizami adına Ədəbiyyat
İnstitutunda İlyas müəllimin "Sarıköynəklə
Valehin nağılı" romanı müzakirə olunurdu, mən
də o müzakirədə gənc aspirant kimi
çıxış elədim. İlyas müəllim
müzakirədən sonra məni yanına
çağırdı, əlini çiynimə vurdu:
"Sağ ol, oğlum" - dedi.
İlyas Əfəndiyev haqqında ilk məqaləmi isə
1984-cü ildə yazdım (sonralar onun
yaradıcılığı ilə bağlı ona qədər
məqalə yazdım), onda İlyas müəllimin 70 illiyi
qeyd olunurdu. Məqalənin
adı belə idi: "Boy çiçəyinin ətri".
Yazmışdım ki: "İlyas Əfəndiyev haqqında
düşünəndə quruyub xəzəl olsa belə,
öz ətrini, rayihəsini itirməyən, elə bil yenicə
dərilən boy çiçəyini xatırlayırsan. İnsanlar arasında ən zərif, ən kövrək,
ən bakirə hissləri də həmin boy çiçəyinin
ətri ilə müqayisə eləmək olar. Bir də ona görə ki, İlyas Əfəndiyevin
nəsri və dramaturgiyası bütünlükdə bu incə
və zərif hissləri şairanə bir dildə tərənnüm
edir. Bir anlığa təsəvvür edək
ki, son qırx-əlli ilin nəsr və dramaturgiyasında
İlyas Əfəndiyev adlı bir şəxsiyyət
olmayıb, o zaman ədəbiyyatımız nələr itirərdi?
Heç şübhəsiz, nəsrimizdə və
dramaturgiyamızda lirik-psixoloji təmayülün, Cəfər
Cabbarlıdan sonra yeni və orijinal bir teatr məktəbinin
adı və ünvanı itirilmiş olardı".
Ümumiyyətlə, İlyas Əfəndiyevin
keçdiyi ömür yolunu,
yaradıcılığını dörd mərhələyə
bölmək olar. İyirmi dörd yaşına qədər
bəy - "varlı" nəslindən olduğuna görə
o, həyatında çox çətinliklərlə üzləşmişdi.
Atası səs hüququndan məhrum
edilmişdi, vaxtilə tikdirdikləri böyük evlərini əllərindən
almışdılar, doqquz baş ailəyə isə
onların öz evinin ikinci mərtəbəsində iki balaca
otaq vermişdilər. Ancaq bütün
bunlara baxmayaraq, İlyas Əfəndiyev institutda verilən qəpik-quruş
təqaüd və talonla, gündə dörd yüz qram
çörəklə kifayətlənib böyük bir həvəslə
təhsilə girişmişdi. Amma "sən
saydığını say, gör fələk nə
sayır" - bir müddət keçir, atasının səsi
alındığına görə o, institutdan xaric edilir,
çovğunlu bir qış günündə isə
onların ailəsini sığındıqları o iki otaqdan
da çıxarırlar. Amma yenə də o, inadından
dönmür, həmin institutun dil-ədəbiyyat fakültəsini
deyil, coğrafiya fakültəsini bitirir, gedib kənddə
müəllim işləyir böyük bir ailənin
yükünü çəkir, çünki bu zaman atası
Məhəmməd kişi çəkdiyi əzablara,
"yeddi körpə uşağının onunla birlikdə
sürülmək qorxusuna, tez-tez gəlib hətta
yastıqlarının içini də axtaran inzibati
işçilərin təhqiramiz kobudluqlarına dözə
bilməyib vəfat etdi".
İkinci mərhələ "Kənddən məktublar"la
başlayır. İlyas Əfəndiyev əsasən Əli Vəliyevə
həsr etdiyi "Dostumuzu xatırlayarkən"
yazısında onun ədəbiyyata gəlişində, ilk
kitabının çap olunmağında və Bakıda
işə düzəlməyində ona möhkəm dəstək
olan Əbülhəsəni və Əli Vəliyevi hörmətlə
xatırlayır. Yazıçılar
İttifaqında nəsrə baxan Əbülhəsən onun
"Kənddən məktublar" kitabındakı bir povesti
və doqquz hekayəni bəyənir, Yazıçılar
İttifaqı sədrinin göstərişi ilə Azərnəşrə,
çapa göndərilir. Əli Vəliyev
isə kənddən şəhərə köçən
cavan İlyas Əfəndiyevi "Yeni yol" qəzetində
işə düzəldir. "Sonra "Kənddən
məktublar" adlı kitabım çıxdı. Tənqidçi Əkbər Ağayev onun haqqında
məqalə yazıb təriflədi. Məni
Yazıçılar İttifaqına üzv qəbul etdilər.
Daha sonra qalmağa yerim olmadığı
üçün, o zaman Yazıçılar
İttifaqının sədri olan Səməd Vurğun
"Yeni Şərq" mehmanxanasında mənə bir otaq
düzəltdirdi". Beləliklə, İlyas Əfəndiyev
maddi və mənəvi çətinlikləri arxada qoydu,
Böyük Vətən müharibəsi illərində isə
"Durna", "Qəhrəman ilə bülbülün
nağılı", "Tar", "Apardı sellər
Saranı", "Qarı dağı",
"Yarımçıq qalmış portret haqqında
mahnı" və b. gözəl hekayələrini yazdı
(sonralar da İlyas müəllim yeri gəldikcə bu gözəl
hekayələrin sayını artırdı, xüsusilə,
"Qırçı və qırmızı çiçək"
hekayəsi bu janrın seçimli bir nümunəsi idi). İlyas Əfəndiyev elə ilk hekayələrində
onun bütün sonrakı yaradıcılığı
üçün səciyyəvi olan aydın, səlis, poetik
dili və üslubu, həyat hadisələrinin koloritli real təsviri,
obrazların psixoloji yükü ilə diqqəti cəlb etdi.
Nəsrimizdə, daha sonra dramaturgiyamızda lirik-psixoloji
üslub ilyas Əfəndiyev imzası ilə etiraf olundu.
Üçüncü mərhələ onun dramaturji
yaradıcılığı ilə bağlıdır. Mehdi Hüseynlə şərikli
yazdığı "İntizar" pyesindən sonra
"İşıqlı yollar", "Bahar suları",
"Atayevlər ailəsi" meydana gəldi. İlyas
Əfəndiyev Cəfər Cabbarlıdan sonra
dramaturgiyamızda yeni bir üslub və məktəb
yaratdı - bunu bütün tədqiqatçılar etiraf edirlər.
Amma onun özü bunu hamıdan tez dərk elədi.
Bir məqaləsində yazırdı: "Cəfər
Cabbarlının vəfatından keçən bu otuz il
müddətində müasir mövzuda xeyli pyes
yazılmışdır. Lakin bunların içində müəyyən
bədii qiymətə malik dəyərli əsərlər az olmuşdur. Səhnəmiz müasir problemləri
həqiqi sənətkarlıqla həll edən, həqiqi həyatla
nəfəs alan dərin pyeslər gözləyir.
Bəsdir hay-küy! Bəsdir ucuz estetika! Bəsdir
yüngül, kövrək hisslər! Bəsdir geridə
qalmış obıvatel tamaşaçının nazı ilə
oynamaq! Dramaturgiyamızda yenilik meyli,
axtarış çox zəifdir. Köhnə
üsullar, köhnə yazı tərzi hey təkrar olunur.
Qəhrəmanımızın işi ilə
duyğuları, düşüncələri, sevgiləri arasında
cansıxıcı paralellər əmələ gəlir".
Beləliklə, tale İlyas Əfəndiyevi Mirzə Fətəli
Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim
bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin,
Cəfər Cabbarlının dramaturji ənənələrini
yaşadan və həm də bu sahədə yeni məktəb
yaradan bir ədəbi missiyanın baniyi-karına çevirdi.
Nəhayət, dördüncü mərhələ -
altmışıncı illərdən başlayaraq İlyas
Əfəndiyevin yaradıcılığının möhtəşəm
zirvəsi ilə qarşılaşırıq. Onun nəsri də,
dramaturgiyası da yenilikçi, novatorluq keyfiyyətləri ilə
zəngin idi. Azərbaycan teatrı ta
ölümünə (1996) qədər İlyas Əfəndiyevin
repertuarı ilə nəfəs aldı, hətta
ölümündən sonra da bu nəfəs kəsilmədi.
Mən bir tamaşaçı kimi Akademik Tearda onun əksər
tamaşalarına baxmışam və deyim ki, İlyas Əfəndiyevin
pyesləri bu teatrın inkişafının bütün
istiqamətlərinə öz təsirini göstərib,
böyük rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin
pyesləri ilə rejissura sənətində lirik-psixoloji təmayülü
təsbit etdi.
İlyas Əfəndiyevin yaradıcılığı
barədə xeyli monoqrafiyalar, saysız-hesabsız məqalələr
yazılıb və indi də yazılır. Onları təkrar
etmək niyyətində deyiləm. Lakin
iki yazıdan misal gətirmək istəyirəm.
İlyas müəllimin varisi Elçin yazır: "İlyas
Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana,
Azərbaycanın içində - Qarabağa, Qarabağın
içində isə - Füzuliyə, öz nəsil-nəcabətinə
bağlı bir adam idi... Mən deyə
bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə
yaşayırdı, çünki belə deyildi, bəlkə
də əksinə idi, o, gələcəklə yaşayan bir
adam idi və onun
yaradıcılığındakı daimi yenilik meyli də,
şəxsiyyətindəki xüsusiyyət - həmişə
təzəlik, yenilik sorağında olması da, güman ki,
elə buradan gəlirdi, amma bir cəhət də həqiqət
idi: keçmiş həmişə İlyas Əfəndiyevin
içində idi, həmişə onunla birlikdə idi".
Böyük tənqidçi Yaşar Qarayev isə belə
deyib: "Əsərlərindən biri - "Geriyə baxma,
qoca!" adlansa da, o, həmişə irəlini görmək
üçün geriyə baxmağın tərəfdarı
olub, gələcəklə keçmiş arasında bir
körpünün üzərində dayanaraq həyata və
insanlara buradan boylanıb-baxıb". Yaşar müəllim
bir məqaləsində də yazırdı: "Azərbaycan
tarixi barədə klassik sənədlər - yeddi
"Qarabağnamə" var. Bütövlükdə,
İlyas Əfəndiyev yaradıcılığını mən
səkkizinci "Qarabağnamə hesab edirəm". Bəli, bu, həqiqətdir. Və
doğrudan da, müvəqqəti itirdiyimiz maddi Qarabağ və
itirmədiyimiz mənəvi Qarabağımızı duymaq və
sevmək üçün İlyas Əfəndiyevin əsərləri
ən etibarlı qaynaqlardı.
İlyas Əfəndiyevlə son
görüşümü xatırlamaq istəyirəm. 1991-ci ilin
fevral ayında iki qəzetdən - həm "Qarabağ",
həm də "Mədəniyyət" qəzetindən mənə
tapşırdılar ki, İlyas müəllimlə bir
müsahibə hazırlayım. Ürəyimdən
oldu bu. Evinə getdim. Düz bir saatdan
artıq İlyas müəllimlə söhbət etdim. İndi o qəzetlərdəki müsahibələrə
bir də baxıram. Bu böyük sənətkarın
fiziki itkisi ilə razılaşsam da, amma qulaqlarımda hələ
də onun canlı, diri səsi qalıb. İlahi,
mən, hətta qocalığında belə, heç kəsdə
bu cür diri, canlı səs görməmiş, eşitməmişdim.
O
müsahibələrdə bəzi məqamları
xatırlayıram. Sual vermişdim: "İlyas müəllim,
bu saat Azərbaycanda uşaqdan tutmuş rəhbər işçiyə
qədər hamı birlikdən danışır: "Gəlin,
birləşək", "Bir olaq",
"Gücümüz birlikdədir". Ancaq o
da məlumdur ki, həmin çağırışlar quru
söz olaraq qalır. Niyə bu birlik
baş tutmur?"
Cavab verdi ki: "Əvvəla, bu şüarları
kimlər söyləyir? İlk növbədə,
xalqın birliyinə inanmayanlar. Birləşmək istəyən
heç vaxt deməz "Gəlin, birləşək!". İkincisi, bu xalq nə
vaxt ayrılıb ki, deyə birləşək. Hətta sərhədlər çəkilsə də,
tarix öz amansız hökmünü desə də, Azərbaycan
vahiddir, o tayı da, bu tayı da bir xalqdır. Xalq həmişə
bir olub: dünən də, bu gün də. Qoy
yuxarılar birləşsin. Liderlər,
müxtəlif partiyaların, təşkilatların rəhbərləridir
bir-birindən ayrılanlar.
Sual
vermişdim: İlyas müəllim, hal-hazırda ədəbiyyatımız,
sanki keçid mərhələsini yaşayır. Bu mərhələnin
əsas janrı , mənim fikrimcə,
publisistikadır. Məlum məsələdir ki,
bir-birini çox sürətlə əvəz edən bu
dramatik, faciəli hadisələrə bədii ədəbiyyat
dərhal, hadisələrin qızğın izi ilə cavab verə
bilməz. Mənim fikrimcə, publisistika bədii
ədəbiyyatın səviyyəsində o sözü deyə
bilmir.
Cavab verdi ki: "Səninlə mübahisə eləmək
və fikrinlə razılaşmamaq olar. Birincisi,
"ədəbiyyatımızın keçid
dövrü" ifadəsi ilə razılaşmıram.
Necə ki, bir vaxt "yeni nəsr" söhbəti
oldu, bunlar hamısı ötəridir. Yetmiş
ilin ədəbiyyatını istəyirsən neçə mərhələyə
ayır, mahiyyət dəyişirmi? Yaxşı
əsərlər qalır, zəiflər unudulub gedir. O
ki qaldı publisistikaya, onu qətiyyən bədii ədəbiyyata
qarşı qoymaq olmaz. O da bədii ədəbiyyatın bir
sahəsidir və bugünkü publisistikanın
inkişafı göz qabağındadır. Kimsə
mənə deyə bilməz İlyas Əfəndiyev niyə
bu son hadisələrdən bir roman yazmır? Vaxt gələcək,
həmin roman yazılacaq, əlbəttə, o zaman yazmamaq
mümkün olmayacaq!
Sual verdim
ki: "Azərbaycan dramaturgiyasında fenomen olan Cəfər
Cabbarlı sənətinə ədəbiyyatımızda
ayrıca bir dramaturji üslub yaradan İlyas Əfəndiyevin
münasibəti necədir?"
Cavab verdi ki: "Cəfər Cabbarlı
böyük sənətkardır. Biz bunu illər
keçdikcə daha aydın dərk edirik. Həyatı dərindən öyrənmək,
zamanı qabaqlamaq Cabbarlını bütün müasirlərindən
fərqləndirən bir xüsusiyyət idi. Cəfərdən sonra, lap elə onun vaxtında
onlarla dramaturq vardı, yazırdılar, əsərləri
tamaşaya qoyulurdu, bəzi əsərlər zamanın
sınağından çıxdı, amma çoxusu unuduldu.
İstedad hər zaman və hər yerdə
istedad olaraq qalır. Çexovun
dövründə də onlarla dramaturq vardı, amma o dövrdə
dramaturq kimi Çexov yaşadı. Hal-hazırda
Azərbaycan teatrının vəziyyəti ciddi narahatlıq
doğurur. Xüsusilə, rejissor problemi.
Stanislavskinin təbirincə desək,
rejissor-psixoloq, rejissor-aktyor, rejissor-ədib kimi püxtələşən
rejissorlarımız yoxdur. Əlbəttə,
bunu deməklə, mən bizim bir sıra istedadlı
rejissorlarımızın əməyini yerə vurmaq istəmirəm.
Bir sual da
verdim ki: "Teatrımızla bağlı bir problem də
narahatlıq doğurur. İstərdim ki, teatr tənqidi
barədə mülahizələrinizi öyrənim.
Cavabı bu oldu: "Təkcə teatr tənqidi barədə yox, ümumən ədəbi tənqid haqqında da soruşa bilərsən. Məncə, ədəbi tənqid çox vaxt müstəqil olmayıb. Partiyanın qərarlarını ədəbi aləmə tətbiq etməklə yazıçıdan əsl sənət əsəri yox, siyasi ruhlu əsərlər gözləməklə tənqid özünü gözdən salır. Konyunkturaçılıq tənqidin ən zəif nöqtəsidir. Bir sıra istedadlı cavan tənqidçilərimiz də bu bəladan xilas ola bilmirlər. Vaxtilə Cəfər Cəfərov bir teatr tənqidçisi kimi məşhur idi, o, hətta amansız tənqid və təqiblərə də məruz qalırdı, amma heç vaxt öz yolundan dönmədi. "Azərbaycan teatr tarixi" kitabı kimi möhtəşəm bir əsər yaratdı. Amma mən bədbin deyiləm. İnanıram ki, bütün həıyatını, varlığını teatra həsr edən tənqidçilər, sənətşünaslar yetişəcək.
İlyas Əfəndiyev haqqında, onun
yaradıcılığı barədə çox
danışa bilərəm. Amma yazımda, sadəcə, bu
böyük sənətkar haqqında yalnız ürək
sözlərimi ifadə etdim.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.10-11.