Uzaqlarda bir şair
Babullaoğlunun "Oğluma söhbət"
kitabı almanca nəşr edildi
Şair Səlim Babullaoğlunun "Oğluma söhbət"
seçilmiş şeirlər kitabı Almaniyada, Köln şəhərində
fəaliyyət göstərən "Pem Verlag" nəşriyyatında
işıq üzü görüb.
76 səhifəlik kitaba müəllifin 30-dan artıq
şeiri daxil edilib. Şeirləri alman dilinə Yusif Savalan və
Orhan Aras tərcümə ediblər. Kitabın texniki
redaktoru Stefanie Matzerdir. Nəşr Emil Camalov və BDM-ART
STUDİO tərəfindən dizayn edilib. Üz qabığında yer
almış "Ata, oğul və şar" rəsmini (James Coatesi imrpovizə kimi) nəşr
üçün məxsusi olaraq gənc rəssam Elnurə Quluzadə çəkib.
Səlim
Babullaoğlu açıqlamasında bildirib ki, kitabın nəşri
təklifi Almaniyada yaşayan həmvətənimiz,
yazıçı, tərcüməçi və naşir
Orhan Arasdan gəlib: "Bir axşamüstü həmkarımız
və dostumuz Orhan bəy mənə zəng elədi. Dedi ki,
alman yazıçı və şairlərinin iştirakı
ilə keçirilən bir tədbirdə sizin "Atama"
şeirinizi oxudum. Dinləyicilər, həmçinin
iştirakçı alman ədibləri (bu, ola bilsin ki, alman
yazıçılar təşkilatının Köln ofisində
baş verib, dəqiq yadımda deyil) şeiri bəyəndiklərini söyləyib kimə məxsus
olduğunu soruşublar. Orhan bəyin izahından sonra "bəlkə
həmin şairin kitabını çap edək?!", - deyə mənim şeirlər
kitabımın nəşri ideyası yaranıb və
gerçəkləşib. Mən bütün təşəbbüskarlara,
xüsusilə
indiyə qədər də Azərbaycan ədəbiyyatı
nümunələrinin Almaniyada təbliği istiqamətində
xeyli dəyərli işlər görmüş əziz Orhan
Arasa dərin təşəkkür edirəm. Orhan
bəy kitaba bir "ön söz" də yazıb. Ona, həm də buna görə və nəşr
üçün elədiyi tərcümələrə
görə minnətdaram. Əlbəttə
ki, əziz Yusif müəllimə də tərcümələrin
böyük yükünü öz üzərinə
götürdüyünə görə, xanım Stefanieyə
də, kitab üzərində çalışan hər bir kəsə
minnətdarlıq edirəm. Əslində, Yusif müəllim
bu təklifə qədər də tərcümələri
hazırlamışdı, amma indi təklif, arzu və imkanlar
kəsişdi, proses sürətləndi, cilalandı...".
Kitab haqqında bilgilər Almaniyanın www.epubli.de,
www.wetbild.de, www.amazon.de, www.shop.buchkatalog.de və başqa məşhur
saytında yerləşdirilib.
Oxucularımız üçün maraqlı olacaq deyə,
Orxan Arasın kitab üçün yazdığı ön
sözü təqdim edirik.
Qafqaz dağlarının arxasındakı bir ölkədən,
Azərbaycandan gələn şeirlərdə səsini
eşitdiyimiz Səlim Babullaoğlu bizə fərqli rənglər,
fərqli rayihələr və fərqli mənalar təqdim
etməkdədir. Bəzən o rayihə, rəng və mənalar
bizə yad gələ və ya öyrəşdiyimiz sözlərə
uymaya bilər.
Ancaq bütün bəşəriyyət
üçün ortaq dəyərlər sayılan eşq, təbiət,
insan, qorxu, təlaş, ölüm bir şairin şeirlərində
fərqli dillərdə təqdim olunsa belə,
hamımızın ürəyində iz salır.
J.P.Sartr
bir yazısında belə deyir: "Ziyalı
dövrünün məsuliyyətini daşıyır,
dövrünün həm şahidi, həm də məhkumudur".
Dövrünün şahidi olmaq, əşyalara
və hadisələrə dərinliyi ilə baxmaq, hər
varlığın mahiyyətinə nüfuz etmək
istedadına, qabiliyyətinə malik olmaq insanın çiyinlərinə,
eyni zamanda önəmli bir məsuliyyət də yükləyir.
Bəlkə də elə buna görə Sartr
ziyalını müttəhimlər kürsüsündə də
oturdaraq, onun mühakimə edilməsinə şərait
yaradır. Ancaq ziyalı mühakimə
olunanda mədəniyyətlərin yaratdığı, meydana
gətirdiyi məfhumlar da mühakimə edilir. Yəni bir Qərb ziyalısı ilə bir Şərq
ziyalısının arasındakı dərin fərq
onların məfhumlara yüklədikləri mənalardır.
Səlim Babullaoğlu dayandığı yerlə, yəni
coğrafi baxımdan bir Şərq ziyalısı sayıla
bilərsə də, şeirlərində həm
dövrünün şahidi, həm də hamımızın
inandığı dəyərlərə inanan bir şairdir. O, "Absurd" şeirində
şairin yolçuluğunun, əslində, necə də
çətin və cəsarət istəyən bir iş
olduğuna diqqət çəkir və bu misra ilə
çiyinlərində gəzdirdiyi məsuliyyətdən bəhs
edir:
"Sevirəm...
Sevirəm
bu yolun yolçuluğunu...".
Əslində bu yolun yolçuluğu çətin və
məşəqqətli bir yolçuluqdur. Bəzən
eşqin oduna yanmaq, bəzən də cəmiyyətin
qınağına tuş gəlmək yolçuluğudur.
Bəlkə də ona görə o ürəyini yeyib bitirməkdədir:
"Saçlarım
elə belə ağarmadı,
Üzüm
ağarmalıydı bəlkə...
Mən
ürəyimi yeyib qurtardım...
Bu
yolçuluqda, təbii ki, Həllac Mənsur da var, Nəsimi də
var, Nitsşe, Höte də var. Hətta Höte "Şərq
və Qərb Divanı"nında şərqli şairlərin
bu yoldakı yolçuluğundan bəhs edərkən
onların iztirabını, çiləsini daha çox
qabardır:
"Etiraf
et, Şərq şairləri
Daha böyükdür biz qərblilərinkindən.
Onlara amma
tam yetişdiyimiz yeri
Görürük bir-birimizə olan kindən".
"Kindən" təmizlənən bir baxış
bucağını keçmişdən ayıraraq yenidən
dilə gətirmək olduqca çətindir. Çünkı
eyni dildən istifadə etmək və ya eyni ifadələrlə
eyni siyasi mənanı ortaya çıxarmaq, sadəcə, mənfəətlərin
uyğun gəlməsi ilə baş verəcək bir hadisə
deyil. Cəmiyyətlərin
baxışlarının və mənalandırma sahələrinin
formalaşmasında yüzlərlə fərqli amillər
mövcuddur.
Tarix
boyunca şairlər eşqin, sözün, cəmiyyətin
acısını çəkiblər, bəzən göylərə
ucaldılıblar, bəzən isə çarmıxa çəkiliblər.
Onların axtarışlarına, bir "Mən" ətrafında
fırlanmaqlarına və üsyan etmələrinə Səlim
Babullaoğlunun şeirlərində də rast gəlmək
mümkündür:
"Bir
dediyim indi mənəm,
Sabah isə
bir başqa hesabdar
Siz, biz,onlar və sairə...".
Hz.
İsa (ə) həvarilərindən "Mən dediyimiz
kimdir?", - deyə soruşanda onlardan ən
müxtəlif cavabları almışdı. Əslində,
hamı onu öz qavrayışına uyğun olaraq
anlamış və öz düşüncəsinin gücü
və çərçivəsində təqdim etməyə
çalışmışdı. Həqiqətin
özü isə onun öz-özünü təqdim etməsində
gizlənmişdi. O, bəlkə də özünü
düzgün təqdim etmişdi. Ancaq ondan sonra
gələnlər onu yenə başqa cür təqdim etməyə
davam etmişdilər. Xəlil Cübran, o "mən"də
Şərqdən də, Qərbdən də səslər
axtardı. Sartr o "mən"i səhrada çılpaq
qalan azad insan kimi gördü, Rilke isə nifrət içində
eyni yataqda yatan insanlar kimi təqdim etdi o "mən"i:
"Və
insanlar qarşılıqlı nifrət içində
Yatarkən
eyni nifrət içində
Yatarkən
eyni yataqda yan-yana:
Axar, axar yalnızlıq bir çay kimi".
Səlim Babullaoğlu təbiətə, insana və
bütün aləmə eşqlə baxan bir nəslin
içindən çıxıb gəlir. Böyük şair Nəsimidə
nə qədər üsyan varsa belə, bütün şeirlərinin
əsasında aləmi bürüyən o böyük
eşqlə bir əlaqə də var. Şərqin ən
böyük eşq hekayəsini qələmə alan Nizamidə isə eşq həyatın
bütün mənası sayılır. Səlim Babullaoğlu
bu ənənənin içindən gəlib XXI əsrin
sözləri ilə eşqi ucaldır ; tələskən,
yorğun və pəjmürdə insana bir anlığa
dayanmağı, təbiətlə bütövləşməyi
təklif edir:
"Bir
axşam ağac olmaq,
yağış olmaq,
qar olmaq istəsəm...".
Səlim Babullaoğlunun şeirlərindəki çeşnilik onun çox fərqli zamanların şahidinə çevrilməsinə və çox sürətlə dəyişən dünyanın, insanların onda yaratdığı müsbət və ya mənfi təsirlərdən bəhrələnməsinə söykənir. Qırx yeddi yaşındakı şair həm sosialist, həm kommunist sistemləri yaxından izləyərək o sistemlərin içində yaşamış, mübarizə apara-apara, "keçid və müharibə" dönəmi kimi bilinən 1990-2000-ci illər arasında cəmiyyətə hakim olan xaosun da acılarını dərindən hiss etmişdir.
Alman oxucuları onun şeirlərini oxuyanda dəyişən,
çevriliş yaşayan sistemlərdən başqa, fərqliləşən,
dəyişən insanın da öz dəyərlərindən
nələri itirdiyni və eşqdən necə
uzaqlaşdığını görəcək.
Orxan Aras
Ədəbiyyat qəzeti.- 2019.- 15
iyun.- S.9.