Venesiyaya məktub
Beşinci
məktub
Namaz...
Aramızdakı uzaqlıq
dönər Berlin divarına.
mənim ürək
ağrılarım
külüngdü sənin
əlində.
Yolun çox uzaq bura
eybi yox,
xəritədə
barmaqların sığallasın
Sumqayıtı.
...Buranın dənizi bənzəməz
sizin çaylara.
Xəzərin qısqanc suları
hicaba bürüyər
sinəndəki dik minarələri.
dodaqlarını görəndən
unutdum vegeterian əhdini.
Əllərim kəlbətin olar
sənə
sayar
saydıqca dedirdər
dodağından süzülən
sevgi notlarını.
dalğalar gitaram olar.
mənsə Lorkadan,
ya da bizim Emin Piridən
şeir deyərəm sənə.
Sevgi namazını qılaram səndə
canamazım olar sinən
göbəyin mən möminin möhürü
səcdə edərəm,
3 deyil, 333 kərə
öpdüm,
öpdüm...
ilahi, amin!
sevincinin yaşı
27
kədərinin ömrü
min il.
inan mənə,
təklər elə təkdi
tək+tək=di yenə tək.
Necə
edim,
necə qovuşum sənə?
onsuz da bütün dualarım
auta düşür
Roberto Bacconun final "11"i kimi.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.-
15 iyun.- S.9.