İki zirvə çələngi...
Şair Nizamidən - alim Nizamiyə...
Akademik Nizami Cəfərovun 60
illiyinə
Dünyaya
Bəhmənyar və Tusi gəldi,
indi də
onların varisi gəldi.
Mahmud
Qaşqarinin türkçü qələmi,
sənin
əlindədi indi, Nizami...
On bir il bundan əvvəl yazdığım poemada
Nizamiyə müraciətlə deyirdim:
Nizami,
millət də bəzən tək qalır,
onu da tək
görüb hərifləyirlər.
Unu ələyirlər,
bir kəpək qalır,
unu yox,
kəpəyi tərifləyirlər...
1949-cu iliydi. Millətimizi öz qədim
torpaqlarından (Qərbi Azərbaycandan)
"köçkün" adıyla gətirib Ağstafa dəmiryol
vağzalına tökmüşdülər.
Nizaminin hələ bunlardan xəbəri yoxuydu. Hələ
dünyaya gəlməmişdi.
Mən onda rayonumuzun Kirovka (indiki Vurğun) kəndində
oxuyurdum. Onuncu sinif şagirdiydim.
Poema mənim
kiçik bir qeydimlə açılır: "...bu əsərin
maraqlı yaranma tarixi var. Gənc dostum Nizami Cəfərovun 40
yaşı tamam olurdu. Məni dəvət
etmişdi. Bir şeirlə getmək istədim.
İlk gəncliyimdən ürəyimdə
ayrıca yeri, bənzərsiz gülüşləri olan bu
insanın həyatı çox da nikbin keçməyib.
Mərhum atası doğma torpaqlarından zorla
deportasiya edilənlərdən olub".
Bu
"sürgün"dən düz on il
sonra, 1959-cu ildə Nizami dünyaya göz açıb və
onun tale yolu başlayıb.
Mənim öz taleyim isə elə gətirib ki,
qabağıma həmişə yaxşı adamlar
çıxıb. Tək olsam da, tək qalmamışam.
Dünya yaxşılardan xali deyil, - deyiblər.
Onların xeyirxahlığı insani münasibətləri,
təmənnasız yaxşılıqları mənim həyatda
yaşamağıma (hətta yaşamağıma!), cəmiyyətdə
müəyyən hörmət-izzət sahibi olmağıma səbəb
olub.
Əslində, onlar məktəb olublar.
Həyatda təklik də, tək addım atmaq da çətindi.
Bu dəfə qarşıma çıxan xeyirxah insan əvvəlkilərin
hamısından yaşca kiçik idi. Bakı
Dövlət Universitetində oxuyurdu. Filologiya
fakültəsinin üçüncü kurs tələbəsiydi.
Məni bir ədəbi görüşə dəvət
etmişdilər. Sual verəndə, mən
də onun adını soruşdum. Nizami Cəfərov, -
dedi. Sualı maraqlı olduğu
üçün, adı da yadımda qaldı. Təəssüf ki, indi sualı xatırlaya bilmirəm.
Sonralar öyrəndim ki, o tələbə oğlan bizim
Ağstafa rayonundandı. Hətta mənim ata-ana yurdum olan Qıraq
Kəsəmən kəndində doğulub. Kənddə
kimlərdən olduğunu da dedilər...
Vaxt elə keçir ki, dönüb arxaya baxanda nə
gözünə, nə özünə inanırsan. "Asta"
keçən bu "sürət" nədir?! Hamını heyran qalan görmüşəm.
Günlərin
bir günü mərhum xalq yazıçımız
İsmayıl Şıxlı (bu il onun 100
illik yubileyini keçirəcəyik) Yazıçılar
Birliyinə (o vaxt İttifaq idi) sədr vəzifəsinə gəldi.
Mən onda Yazıçılar
İttifaqının ədəbi orqanı "Ədəbiyyat
və incəsənət" qəzetinin Baş redaktoru
işləyirdim.
Bizim redaksiyada Tənqid və ədəbiyyatşünaslıq
şöbəsinin müdiri başqa işə keçdiyinə
görə yer boş idi. İsmayıl müəllimin
qəbuluna getdim ki, deyim, həmin şöbəyə
istedadlı gənc, universitetin filologiya fakültəsini
bitirmiş Nizami Cəfərovu gətirmək istəyirəm.
İsmayıl
müəllim təbiətən ağır, təmkinli, bir az da zəhmli adam idi. Üzündə
təbəssüm gördüyüm üçün Nizamini
təriflədim. Şöbə
ağır olsa da, - dedim - öhdəsindən gələcək.
Təmkinlə
cavab verdi: Mən buraya, (Yazıçılar
İttifaqına) təzəcə sədr vəzifəsinə
gəlmişəm, sən burada "Ədəbiyyat və incəsənət"
qəzetinin baş redaktorusan. Yusif Səmədoğlu
"Azərbaycan"da, Sabir Azəri "Ulduz"da baş
redaktor işləyirlər. İndi də
xahiş edirsən Nizami Cəfərovu gətirək,
qazaxlının biri də artsın?!
Nizami haralı olsaydı, qəzetə gətirmək istəyirdim. Ürəyimə
yatmışdı.
Yazıçılar Birliyinin indiki sədri, xalq
yazıçımız Anar da oradaydı. O da İsmayıl müəllimə
Nizami Cəfərovu istedadlı gənc kimi
tanıdığını dedi. Yəqin, onlar
bir-birini məndən əvvəl tanıyırlarmış.
İsmayıl müəllim rəhmətlik tənqidçi
Nadir Cabbarovu qəzetə Baş redaktorun müavini vəzifəsinə
təklif etdi.
Etiraz etmədim. Əl-ələ
verib işlədik.
Aradan bir xeyli keçmişdi, İsmayıl müəllim
redaksiyaya zəng vurdu. Nizaminin işiylə maraqlandı. Ehtiyat elədim ki, yenə o məsələyə
qayıdacaq. Elə olmadı. Bu dəfə
Nizamini özü təriflədi: Dünən axşam
"Amerikanın səsi" radiosuna (o vaxt o "səsi"
DTK izləyirdi) qulaq asırdım. Nizaminin mənim
haqqımda yazdığı gözəl bir məqaləsini
eşitdim. Hələ heç kəs belə
yazmayıb... Mənim təşəkkürümü
çatdır, - dedi.
Çatdırdım. Nizamidən çox,
özüm sevinirdim.
Burada istəyirəm
yeri gəlmişkən, bir haşiyə çıxım: bu
müddət ərzində Nizami, əlbəttə, mənim əsərlərim
barədə də qiymətli fikirlər söyləyib,
kitablarımın ilk oxucularından olubdu. İndi ali məktəbdə tədris edilən
"Kulturologiya" ("Dünya mədəniyyəti
tarixi") adlı dərslik kitabıma ilk müsbət elmi rəy
verən də Nizami idi...
Nizaminin şəxsində redaksiyaya işgüzar bir
şöbə müdirinin gəldiyini, onun məhsuldar jurnalist
fəaliyyətini təkcə mən yox, iş-otaq
yoldaşları, dostları da görür, mehriban
yaradıcılıq mühiti yaranırdı.
İstedadlı
bir gəncin belə alicənablığına da sevinirdim, bu
sevinci onun özüylə bölüşürdüm:
"Ay dərdiş, sən dahisən! - deyib
çapa hazırladığı materialı mətbəəyə
göndərirdim.
Belə məqamlarda yadıma mərhum
yazıçı Mir Cəlal müəllim
düşürdü. İnandığı tələbəsinin
boynuna qoyurdu ki, sən bacarıqlısan, istedadlısan və
s. Onda özünə inam yaradır, insanda - insanı
oyadırdı.
Nizami özü də Mir Cəlalın sonuncu dərs
dediyi tələbələrindən olub. Mənim
sözümü qəribəliyə salmaz.
İşdə, xüsusilə zehni yorğunluq
vaxtlarında hər kəsin öz universitet xatirələri
baş qaldırır, ürəyimizi
qızdırırdı. Amma qəzetçilik peşəsi elə
sahədir ki, "gözdən qaçıb" bir səhv
getdimi, qanımız qaralırdı. Qəzetin
Baş redaktoruna bu dəmdə elə gəlirdi ki, (əlbəttə,
özümü deyirəm) ölkədə qəzetin
tirajı qədər göz, bu səhvi görür və ona
istehza edir.
Tərs kimi, səhvlər də gah məqalələrin
iri şriftlə yığılmış
başlıqlarında gedir, gah da vergül, nöqtə
üstə olurdu ki, bu da cümlədə fikrin təhrifinə,
yanlış oxunuşuna səbəb olurdu.
Qəzetdə
nöqsan axtaran, bu "nöqsanlar"ın da
hamısını Baş redaktorun ünvanına istiqamətləndirən
"dostlarımız" da az deyildi.
O zaman
ictimai ab-hava başqaydı. Qəzetimizi ölkənin
Birinci şəxsi - Heydər Əliyev oxuyurdu. Bu da bizi həm ruhlandırır, həm də ciddi,
diqqətli olmağa çağırırdı. Yüz iyirmi min tirajla çıxırdıq.
Hələ
biz qəzeti əski əlifbada - Cənubda yaşayan azərbaycanlılar
üçün, latın qrafikasında isə
- Türkiyə üçün çap edirdik. Bakıda - kirildə çıxırdıq.
Cənubi Azərbaycandan və türk
qardaşlarımızdan aldığımız məktublarda
onlar üçün qəzetin tirajını gələcəkdə
- üç yüz, dörd yüz minə
qaldırmağı təklif edirdilər.
Qəzetdə ümummilli liderimiz Heydər Əliyevin çıxışlarını
çap etməklə (orada elmimiz, ədəbiyyatımız,
mədəniyyətimiz, mənəviyyatımız bu və ya
başqa tərkibdə geniş əhatə edilirdi), xaricdə
yaşayan oxucularımızla bir növ mədəni əlaqələr
yaratmış olurduq.
Nizaminin köməyi çox idi. Mən ona
inanmışdım. İndi də
inanıram.
Nizamidə olan xeyirxahlıq, liderlik xüsusiyyətləri
fitri istedadı kimi, yüksək insani keyfiyyətlərindən
irəli gəlirdi. Bu da onun ünsiyyət imkanlarını
artırır, hətta özündən yaşca
böyüklərlə oturub-durmağa,
görüb-götürməyə, eşidib-öyrənməyə
sövq edirdi. İndi də belədir.
BDU-da təhsil aldığı illərdə müəllimləri
mərhum akademik Tofiq Hacıyevi, mərhum Ağamusa Axundovu o,
indi də hörmətlə xatırlayır, heç vaxt
unutmur. Onlarla və başqa müəllimləri ilə olan
tələbə-müəllim münasibətlərini, elmi
pedaqoji səfərlərini, səmimi ailə-məişət
zarafatlarını o, yeni yazdığı "Keçən
günlərin dastanı" romanında ilhamla qələmə
almışdır.
O
özü də bədii bir obraz kimi, əsərdə müəllimlərinin
- həm tələbəsi, həm dostu, həm də
yaşıdı təsiri bağışlayır.
Bizim vaxtımızda mətbuat işçiləri
üçün yazılmamış bir qanun varıydı. Baş redaktor
işlədiyi qəzetdə (elə jurnalda da) öz əsərini
çap etmək istəyirdisə, mütləq kənar rəy
almalıydı.
"Kimin sualı var" adlı poemamdan yeni
yazdığım bir fəsli çapa vermişdim. İndi haqq dünyasında
olan rəhmətliklər - xalq şairi Süleyman Rüstəm,
xalq şairi Bəxtiyar Vahabzadə, Yazıçılar
İttifaqının katibi Cabir Novruz rəylərini
yazılı göndərmişdilər.
İlk
telefon zəngi İttifaqımızdan oldu... Əhval-ruhiyyəm
tamam dəyişmişdi. İş otağımda
fikirli oturmuşdum. Dedilər akademik Həsən
Əliyev redaksiyaya gəlib. Gedib
qarşıladım.
Bu böyük insan hadisədən agah olan kimi mənim
şəhər telefonumla İttifaqa zəng vurdu. İlk sözləri bu oldu:
"Marksın "Kapital" əsərindən də
ayrıca götürülmüş bir parçada səhv
tapmaq, ya da onu yozmaq olar. Şairin yeni fəslini mən
oxumuşam", - dedi.
Dəstəyi yerinə qoydu. Telefonda eşitdiyim -
"Ağsaqqallar ağsaqqalı..." sözləri
yarımçıq qaldı.
Akademik Həsən Əliyev şairləri,
yazıçıları sevirdi. Onların dostuydu.
Özü də görkəmli yaradıcı
ziyalı kimi dünya miqyasında şöhrət
qazanmışdı.
Mənim yeni çap etdirdiyim fəsli
oxuyub-oxumadığını isə bilmirdim. Bəlkə də
söhbət etməyə gəlmişdi? Bu, mənim
üçün unudulmaz anlar olardı...
Mərhum
xalq şairi Xəlil Rza Ulutürk poema ayrıca kitab şəklində
nəşr olunandan sonra yazırdı ki: ""...Kimin
sualı var?" poemasını yalnız Nəriman
yaradıcılığının deyil, Azərbaycanın
çağdaş poeziya mədəniyyətinin ən parlaq
incilərindən biri adlandırmaq olar...".
O vaxt
yuxarıda adlarını çəkdiyim qələm
dostlarımdan biri də gənc tənqidçi Nizami Cəfərov
idi.
"Nizami"
poemasında o günləri xatırlayıram:
"Kimin
sualı var?" yazmışdım onda,
cavab istəyirdim,
ruhumda hiddət.
- Mənim
sualım var! -
qalxdın salonda,
səsimə səs verdin, sözümə qüvvət.
... O zaman
yaxşı ki, 37 yox,
ya
82-iydi, ya da 83.
Filankəs,
filankəs, bir də filankəs,
hələ filankəs də ordaydı... qərəz.
Onda Rəsulbəyov
cavab istədi,
məni
akademik vermədi ələ.
Onda Səməd
Vurğun daha yox idi,
Nizami Cəfərov gənc idi hələ.
Məhkəməni qurdu İttifaqımız. ...
Mən Nizamini ilk gördüyüm gündən o,
müdrik olub.
Bu fikir poemaya da gəlib çıxmışdı:
...Mənə
elə gəlir, Nizami, oğlum,
sən
uşaq yaşından,
uşaq
deyilsən! - deyirəm.
Onun "yaşca" böyüklüyünü
Türkiyədə, Antalyada keçirilən Birinci Türkoloji
qurultay zamanı da gördüm.
Dəvət olunan qonaqlar dəniz sahilində salınan
"Antalya" adlı nəhəng bir mehmanxanada yerləşdirilmişdi.
Biz də buradaydıq.
Bu əzəmətli
mədəniyyət abidəsi elə bir "mürəkkəb"
konstruksiya və kompozisiya ilə inşa edilmişdir ki,
binanın bu qədər daxili
"girişi-çıxışı", dolanbac
"cığırları", bir-birinə oxşar
"dalanları", yəqin ki, mənim kimi burada ilk dəfə
gecələyən qonağı asanca çaşdıra bilərdi.
İlk "bələdçim" Nizami oldu. Daxili
"dolayları" keçə-keçə, qurultay gedən
yerə bərabər gəldik.
Rəhmətlik Tofiq Hacıyev də qurultay nümayəndəsiydi. Nizami təzədən
geri, mehmanxanaya qayıdıb ona da "bələdçilik"
etdi.
Yanımızda oturub qurultayın
açılışını gözləyirdi. Ürəyimə bir fikir gəldi,
yarıciddi, yarızarafat özünə dedim:
- Dərdiş,
sən indi yuxarı qalx. Qurultaya sədrlik etməyə
hazırlaş.
Nizami gülümsədi. Mən ciddi
oturmuşdum.
Bu arada Türkiyənin Prezidenti Rəcəb Tayyib
Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev salona daxil oldular və
alqışlarla qarşılanıb Rəyasət Heyətində
əyləşdilər.
Öz aralarında qısa söhbətdən sonra salona
göz gəzdirdilər. Yanlarındakı ortayaşlı bir nəfər
Nizamini mənim yanımdan Rəyasət Heyətinə dəvət
etdi.
Türkoloji qurultayı aparan sədrlərdən biri
seçilmişdi.
Nizami ciddi görkəm aldı. Bu dəfə mən
gülümsədim. Pıçıltı
ilə təbrik də elədim.
Müasir türkologiyanı elmi töhfələrilə
zənginləşdirən və Azərbaycanda onun
başında duran Nizami Cəfərov - türk
dünyasının yetişdirdiyi tarixi şəxsiyyətlər
sırasında yüksək təfəkkürü ilə
seçilib-sayılan nadir simalardan biridir. O, Milli Elmlər
Akademiyasının həqiqi üzvüdür. Çoxşaxəli
yaradıcılığı ilə - geniş tədqiqatla məşğul
olan dilçi-ədəbiyyatşünas alim kimi, Azərbaycanşünaslıq
elminə yiyələnən tarixçi və ictimai xadim,
Milli Məclisin deputatı kimi bizim müasirimizdi.
İlk ədəbi uçuşlarını (qələm
təcrübələrini demirəm) nüfuzlu "Ədəbiyyat
və incəsənət" qəzetinin səhifələrindən
başlamışdı.
Ona
görə "nüfuzlu" sözünü işlətdim
ki, o vaxt, 1986-87-ci illərdə 26-27 yaşlarında olan
Nizaminin Azərbaycan Yazıçılar İttifaqının
mətbuat orqanında böyük bir şöbəyə rəhbərlik
etməsi, məşhur, tanınmış şair və
yazıçılarla gündəlik işgüzar ünsiyyəti,
hər-halda, onun gənc həyatının irəliyə
doğru bir yaradıcılıq pilləsiydi.
Obrazlı desək, qəzet - gündə bir
qarış qalxan möhtəşəm bir abidənin divar
hörüyünün möhkəm özülüydü,
bünövrə daşı.
Maraqlıdır ki, uzun illər keçəndən sonra
o yenə əvvəl pərvazlandığı ədəbiyyat
qəzetinə "qayıdıb" və artıq xeyli
vaxtdır yazılarının əksəriyyətini də
bir-birinin ardınca burada çap etdirir.
Bir dəfə
bizim xalq yazıçımız Elçin dedi ki, mən
Nizaminin imzasını "Ədəbiyyat qəzeti"ndə
görməyəndə gözümə inanmıram. Deyirəm, görəsən, bu nömrədə niyə
imzası yoxdu?
Elçin müəllim səmimi deyirdi.
Nizaminin çoxlu sayda tələbələri, müəllim
yoldaşları, qələm dostları var. Qəzetdə hər
dəfə çıxış eləyəndə, öz
imzası ilə onları da sevindirir.
"Ədəbiyyat
qəzeti"nin səhifələrində ədəbiyyatımızın
eləcə də elmi-ədəbi prosesin tədqiqi və təhlili
sahəsində son illərdə bir neçə nəslin elə
bir pleyadası yetişir (və yetişmişdir) ki, Nizaminin
özünün də poetik məna ilə dediyi "Turan
sevdası ..." , "Azər Turan mərhələsi
..." həqiqətən Baş redaktorun şəxsi
yaradıcılıq fəaliyyəti, təşkilatçılıq
istedadı tərifəlayiq nümunə kimi yüksək qiymətləndirilə
bilər və qiymətlənməlidir.
Nizaminin "tale qəzeti" olan "Ədəbiyyat qəzeti"
indi 85 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu il Nizaminin də 60
yaşı tamam olur, hər iki yubiley günləri eyni aya düşür -
sentyabra!
Yuxarıda deyilənləri ümumiləşdirmək
istəsək, daxili bir səmimiyyətlə etiraf etmək
olar ki, Nizami - öz zəmanəsinin müdrik səsidi. Yeni fikir
carçısı kimi ədəbi-tarixi düşüncəmizin
intibahı, bütöv bir qabaqcıl fəlsəfi
dünyagörüşüdü.
Nizami kimlərdən öyrənirsə, onların ləyaqətli
varisi, kimləri öyrədirsə, onların ləyaqətli
müəllimidir. Bu mötəbər alim bütün zəkası və
nəfəsilə öz kökü üstə bitən Azərbaycan
çinarıdı! Onun boyuna baxıb sevinmək
də olar, kölgəsində rahat nəfəs almaq da.
Savad bacı (Nizaminin anasını mən belə
çağırıram) oğlu dünyaya göz açanda,
adətimizə görə, onun qulağına təkrar-təkrar
"Nizami" deyib. İstəyib ki, dünyada eşitdiyi ilk
ad bu olsun.
Xalq sevdiyi sənətkarların adlarını
övladlarına qoyub əsr-əsr belə yaşadır.
Əlbəttə, ad qoyanda gərək tələsməyəsən. Qədim Roma
filosofu Siseron deyir ki, belə qoyulan adlar sonradan o insanları təqib
edir. Yəni ad sahibilə adı
qoyulanın sənət, peşə yaxınlığı,
tale qohumluğu olur.
Mən bu fikrə inanıram. Həyatımda belə "təsadüfləri"
az görmüşəm.
Böyük
şair Nizami yazırdı: "... hər uca rütbədən,
alimin rütbəsi daha ucadır".
Akademik
Nizami yazır: "... Azərbaycançılıq
ideologiya, Azərbaycanşünaslıq elmidir".
Bir şərəfli adın iki zirvə çələngi
bax, budur.
Qeyd etmək
istərdim ki, Azərbaycanda ilk dəfə Atatürk Mərkəzini
yaradanda və oraya rəhbər təyin edəndə, Nizaminin
xeyir-duasını (başqa yaşıdları kimi)
ümummilli liderimiz Heydər Əliyev özü vermiş,
onun gələcək (və bugünkü!) taleyini də
müəyyən etmişdi.
O illər
unudulmur. Əksinə, hər yaşda
xatırlanır.
"Nizami"
poemasında bir qoşmanın son bəndi də belədir:
Çoxu
şeir yazdı, şairəm, - dedi,
Nizami nə
Əsli, nə Kərəm dedi.
Mən də
tənqidçiyəm, gəlirəm dedi,
şükür,
içimizdən bir QAĞA çıxdı!
may 2019
Nəriman Həsənzadə
Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.4-5.