17 milyon
qaçqın uşağın
gözləri
ilə baxmayımmı dünyaya?..
Artıq
ruhumda xoşbəxt
deyil uşaqlar...
Boşluqlar böyüdükcə...
Ağrılarım qış gecələri
kimi uzanır...
Bir Çernobıl səssizliyi
hökm sürərkən
könlümdə...
Nədir bu Xocalı fəryadları, Arakan imdadları beynimdə?
Sən məni Şərqi Türküstan kimi görməzdən gəldikcə,
əzizim...
Sığallamağa çalışır saçlarımı
Yamunadan daha üfunətli əllər.
Sonra sən bir metoroit
laqeydliyi ilə uzaqlaşırsan məndən...
Bütün Yer üzü bunun üçün dua edir...
Mən xaric...
Fərqindəsənmi?
Hələ də bu
dünyada gülüş
günü kimi qeyd olunur bütün
1 Aprellər..
250 milyon uşağı ac saxlayan dünyanın Uşaq bayramı kimisən...
Səmimi
gəlmir gülüşlərin...
Amma sən yenə də gülürsən...
Bütün dünyanın mərkəzi
sənsənmi yoxsa?
Bir pilotu təbrik edər kimi, niyə hamı səni təbrik edir?
Bəs dispetçer?
Bir sual fırlanır uşaqlığımdan beynimdə...
Heyli necə
qıydı Qvenə?
Niyə hamını sevindirir dümdüz anlayışlar.
Bu Evklid xəstəliyidirmi?
Hamı niyə qorxur oriqami sevdalardan?
Sən saraylarından
baxarkən dünyaya.
Mənim var olmamış dünyam dığırlanır
Andersenin nağıllarına.
Ömrümün uzunluğuna ikrahla gülür bütün kəpənəklər.
Hətta
Sinober ləqəbli balaca Saxes də...
Eşidirəm dişlərinin dibindəki
qızarmış hörümçəklərin
çığırtılarını...
Daha inanmıram
mənə danışdığın
nağıllarına.
Düyməciyə də...
Sən uzaqlıqlarla sınadıqca
məni,
Kofe dadında antidepressant təsirli
gülüşlər yağır
dünyama...
Bu gün ruhumda doğmur günəşlər.
Hamı toxunmaq istəyərkən
yaralarıma.
Bəs niyə
mən belə xoşbəxtəm xarabalıqlarımda?
Bu səni qəzəbləndirirmi,
əzizim?
17 milyon qaçqın uşağın gözləri
ilə baxmayımmı
dünyaya?..
Amma mən bilirəm, bütün bu çatışmazlıqlara səbəb
sən deyilsən,
hamısı kəskin
istilərdəndir.
NARGIS
Ədəbiyyat qəzeti.- 2019.-
15 iyun.- S.5.