Qurtuluş Heydər Əliyevin qayıdışı ilə gəldi...

 

Çoxəsrlik Azərbaycan tarixinin ictimai-siyasi səpkidə tədqiqi həmişə böyük maraq doğurur. Lakin həmin tarixin hər bir mərhələsinin siyasi nöqteyi-nəzərdən araşdırılması bu gün daha böyük özünəməxsusluq kəsb edir. Bu baxımdan XX əsrin ikinci yarısının Heydər Əliyevin rəhbərliyi və fəaliyyəti ilə bağlı olan Azərbaycan tarixinin xüsusi elmi tədqiqat obyektinə çevrilməsi, sosial-milli və siyasi həyatının öyrənilməsi nəzəri-praktiki tələbatdır. Siyasi liderlər əsri kimi mənalanan XX əsrin dünya şöhrətli böyük siyasətçisi Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, cəmiyyətimizin mənəvi həyatının yüksəlişi ilə bağlı fəaliyyətinin siyasi-nəzəri tədqiqi gənc nəslə təbliğ edilməsi bu gün xüsusi aktuallığı ilə səciyyələnir.

Təsadüfi deyil ki, 1991-ci il 9 fevral tarixli "Həyat" qəzetində verdiyi müsahibədə "Azərbaycana qayıtmağım vətənin ağır və çətin dövrdə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm" - deyirdi. O, müstəqillik uğrunda mübarizədə qələbənin rəhnini məhz mənəvi və siyasi birlikdə, səfərbərlikdə görürdü.

Böyük siyasətə yenidən qayıdan Heydər Əliyev "başqa yolumuz yoxdur" deməklə, demokratiyanı yeniləşən Azərbaycanın inkişafı və tərəqqisi yolu kimi seçməyi tövsiyə edirdi. Son nəticədə o, cəmiyyətimizi dünyanın sivil ölkələri sırasına qovuşdurdu.

O dövrdən, o qayıdışdan Yeni Azərbaycanın ictimai-siyasi həyatında  Heydər Əliyev mərhələsi başladı.

Milli şüur bütövlükdə sosial, siyasi, əxlaqi, estetik, dini və digər görüşlərin məcmuu olmaqla bu və ya digər millətin, xalqın mənəvi varlığının və inkişafının mahiyyətini, səviyyəsini və xüsusiyyətlərini mənalandırır. O, eləcə də millət və xalqların cəmiyyətin müxtəlif sərvətlərinə münasibətini, onun tarixi inkişaf prosesini və həll edəcəyi məsələləri ehtiva edir. Milli şüurun zəminini məhz milli özünüdərk şüuru, başqa sözlə, milli mənlik şüuru təşkil edir. Heydər Əliyev ideologiyasında milli mənlik şüurunun strukturunda bu və ya digər millətin mənsub olduğu milli mənəvi dəyərlərlə dərk olunmuş münasibəti, mənəvi sərvətləri zənginləşdirməyə istiqamətlənən yaradıcılıq qabiliyyəti və səyləri, eləcə də milli mənafeyi reallaşdırmaq naminə sıx birləşməsi əhəmiyyətli yer tuturdu.

Heydər Əliyev milli özünüdərki milli dirçəlişi reallaşdıran amil kimi diqqət çəkirdi.

Milli özünüdərki, milli dirçəlişi formalaşdıran maddi və mənəvi xarakterli amillər çoxdur. Həmin amillər sistemində şəxsi amil spesifik əhəmiyyətə malikdir. Cəmiyyətin dərin iqtisadi və siyasi böhrandan xilas olmasında, taleyüklü milli problemlərin uğurlu və məqsədyönlü həllində insan amilinin rolu həmişə böyük əhəmiyyət kəsb etmişdir və edir. İnsan amili anlayışının ciddi aparıcı ünsürlərindən biri məhz siyasi liderdir. Həmin siyasi lider böyüklüyü bütün dövrlərdə məhz Heydər Əliyevin simasında təzahür etdi. Bütün bunlar Heydər Əliyevin ideologiyasında xalqımızın ictimai-siyasi həyatına da daxil olurdu.

Liderin, xüsusilə siyasi liderin meydana çıxması və çoxcəhətli fəaliyyəti obyektiv, tarixi və universal hadisədir. Liderin mövcudluğuna duyulan ehtiyacın obyekivliyi ondan irəli gəlir ki, cəmiyyət üzvlərinin, bütövlükdə millətin fəaliyyəti təşkilatçılıqdan, qarşıya qoyulan məqsədlərin uğurlu və rasional reallaşmasından çox asılıdır. Liderin təzahürünün və fəaliyyətinin tarixi zəruriliyi ondan irəli gəlir ki, tarixi zərurətdən doğan ictimai inkişaf problemlərinin təxirəsalınmaz həllini təmin etsin, siyasi uzaqgörənliyi sayəsində gələcəyə dair siyasi və iqtisadi islahatları vaxtında, əlaqəli şəkildə reallaşdıra bilsin.

Tarixi təcrübə - siyasi praktika təkzibolunmaz surətdə təsdiqləyir ki, ən görkəmli siyasi liderlər ictimai inkişafın böhranlı, dönüş məqamlarında meydana çıxırlar. Belə liderlər yaşayıb fəaliyyət göstərdikləri, rəhbərlik etdikləri cəmiyyəti mövcud çətinliklərdən azad olmağa yardım göstərən, siyasi və iqtisadi mahiyyətli tarixi proqramların təşəbbüsçüsü kimi çıxış edirlər. Atatürk, Ruzvelt, Heydər Əliyev məhz belə siyasi liderlər hesab olunurlar.

Heydər Əliyev hələ milli azadlıq hərəkatının ilk günlərindən demokratiyanın və hakimiyyətin əsl mənbəyi olan xalq haqqında, onun gələcək taleyi barədə siyasətin ayrılmaz tərkib hissəsi olan kütləvi informasiya vasitələrində mübariz ruhda çıxışları ilə diqqəti cəlb edirdi. O yazırdı:

"Xalqı müdafiə etmək, xalqın mövqeyini müəyyənləşdirmək vaxtıdır, Qarabağ problemi isə xalqı parçalayan imperiya siyasətinin təzahürüdür".

Başqa respublikalardan fərqli olaraq imperiya siyasəti xalqımız üçün əlavə bir Qarabağ problemini də yaratmışdı.

Böyük şəxsiyyətlər təsadüfi deyil, tarixi zərurətdən, məhz bunun üçün müvafiq obyektiv şərait yarananda və sosial-siyasi böhran dövründə daha tez meydana çıxırlar. Onlar milli dirçəlişə və milli özünüdərkə də belə şəraitdə güclü təsir göstərirlər. Bu nöqteyi-nəzərdən xalqın, ölkənin çətin, böhranlı məqamına Heydər Əliyev laqeyd yanaşa bilməzdi. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasında nəşr olunan "Şərq qapısı" qəzetinə verdiyi müsahibədə deyirdi:

"Keçid dövrü", "yenidənqurma" sözü artıq hamını təngə gətirib. Hər bir anlayışın nüfuzunu qoruyub saxlamaq lazımdır. Nüfuzu itəndən sonra ona inam da itir. Sovetlər ölkəsinin həyatında gedən dəyişikliklər və biz bu dəyişikliklərin partiya tərəfindən həyata keçirilməsinə gəldikdə isə deməliyəm ki, mühafizəkar qüvvələr bu işə əngəl törədir, bu işi pozur, ölkədə siyasi və iqtisadi böhran hökm sürür. ...Əlbəttə, bütün bunlarla yanaşı, indi öz fikrini sərbəst söyləmək, respublikanın öz suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı vardır".

Tarixi zərurət deyərkən, Heydər Əliyev siyasi-ictimai hadisələrin daxili məntiqindən qanunauyğun surətdə irəli gələn və elə buna görə də hökmən baş verən və ya baş verməli olan hadisələri nəzərdə tuturdu.

Tarix, siyasi praktika dönə-dönə təsdiqləyir ki, böyük şəxsiyyətlər yalnız o insanlar hesab olunur ki, bütün həyatı, fəaliyyəti və əməlləri ilə öz xalqının, vətəninin tərəqqisinə, istiqlaliyyətinə qətiyyətlə və dönmədən xidmət etmək səviyyəsinə yüksəlir, xalqının tarixində silinməz iz buraxır. Çünki "tarixin başlıca ibrət dərsi odur ki, tarix heç bir ibrət dərsi götürmür" (Hegel).

"Şəxsiyyətlərin miqyasları bir tərəfdən onun öz zamanında gördüyü işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən, bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatına yönlətməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev tarixi şəxsiyyətdir". Görkəmli yazıçı Anarın ulu öndərimiz haqqında hələ o zaman dediyi sözlər bu gün də aktuallığını qoruyub saxlamışdır.

Heydər Əliyev şəxsiyyətinin miqyası Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının tarixi inkişafı, müxtəlif ictimai-siyasi mərhələlərdə tərəqqisi və eləcə də sosial iqtisadi inkişafın geniş dairəsi və istiqamətləri ilə şaxələnir.

Bütün hədələrə, təzyiqlərə baxmayaraq, Heydər Əliyev vətənin ağır günlərində xalqı ilə birlikdə olmaq, onun dərd-sərinə şərik olmaq üçün Azərbaycana can atırdı.

Qayıdışın ilk günlərində Heydər Əliyev deyirdi:

"Mən Moskvada yaşaya bilmədim və buraya gəldim ki, öz xalqımın, millətimin içərisində olum və onunla bir yerdə olum. Belə hallarda bəziləri öz vətənini tərk edir ki, gedib rahat yaşasın. O vaxt Moskvada mənim yaşamağım üçün çətinliklər də var idi. Ancaq hər halda mən vətəndən uzaqda idim, ola bilərdi, vətənin problemləri də mənim qəlbimdə olaydı, amma mən ona cavabdeh deyildim. Lakin mən gəldim. Kimsə bunun qarşısını almaq istədi, kimsə buna mane oldu və s.". Elə bu qayıdışın özü milli dirçəlişin və milli özünüdərkin yeni zəmində təzahürü idi. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ölkənin adlı-sanlı 91 ziyalısı müraciətlə Heydər Əliyevə üz tutdu. Müraciətdə deyilirdi ki, ölkəni ağır durumdan yalnız Heydər Əliyevin rəşadəti və müdrikliyi xilas edə bilərdi. Xalqın çağırışına səs verən Heydər Əliyevin qayıdışı milli qurtuluş motivləri ilə şaxələndi və ölkə xilas oldu.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə məhz belə milli mənsubiyyət mövqeyindən çıxış etmişdir. Qüdrətli müstəqil Azərbaycanın varlığı məhz bu qüdrətli amillə bağlıdır və bugünkü qüdrətli inkişaf Heydər Əliyevin layiqli yetirməsi cənab İlham Əliyevin Prezidentliyi ilə uzaq gələcəyə yönləndirilən nəhəng inkişafın təzahürüdür.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda mübarizəyə başlayan və bütün xalqı bu məqsəd uğrunda birləşməyə çağıran Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusu olmaq kimi şərəfli və tarixi missiyasının hüdudlarını genişləndirirdi.

İndi o günlərə təzədən boylanmaq, baxmaq çiçəklənən Azərbaycan üçün qürur mənbəyi və gələcəyə inam dərsi kimi qiymətləndirilir.

 

Tahir Taisoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.2.