Ədəbiyyat İnstitutunda Məmməd Cəfər

Cəfərova həsr olunmuş elmi sessiya

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaAkademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib. Tədbir görkəmli ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi M.C.Cəfərovun elmi fəaliyyətindən söz açıb. Bu il Ədəbiyyat İnstitutunun yaradılmasının 85 ilinin tamam olduğunu diqqətə çatdıran akademik bu elm müəssisəsinin qurulmasında, formalaşmasında və inkişafında xidmətləri olan görkəmli alimlərlə bağlı tədbirlərin keçirildiyini bildirib.

Qeyd edilib ki, akademik M.C.Cəfərovun elmi fəaliyyətinin 40 illik bir dövrü AMEA ilə bağlı olub. Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinə təxminən iyirmi il rəhbərlik etmiş M.C.Cəfərov həm də bu şöbənin yaradıcısı olub. M.C.Cəfərov yazıçıların yaradıcılığı haqqında ədəbi-tənqidi məqalələrin, Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan əsərlərin, aktual ədəbi, estetikpedaqoji problemlərə aid kitabların müəllifidir. Ömrünün 60 ilini ölkəmizdə ədəbi-nəzəri fikrin inkişafına həsr edən alimin XIX əsr rus ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasında da əvəzsiz xidmətlər göstərib.

Diqqətə çatdırılıb ki, akademik M.C.Cəfərov Azərbaycan elmində çox görkəmli nəzəriyyəçi alim kimi qəbul edilib. Ölkəmizdə ədəbiyyatın digər sahələrinin inkişafında onun çox böyük xidmətləri olub. Universal təfəkkürə malik olan alim professional ədəbiyyatşünaslığın qüdrətli yaradıcılarından biridir. Onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid aparıcılıq təşkil edir. Alimin üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) kitabları Azərbaycanda rus ədəbiyyatı ilə bağlı qələmə alınmış ən sanballı elmi əsərlər sayılır. Akademik ədəbiyyatşünaslıq elmində mütəfəkkirin şəxsiyyətini öyrənməyin əsasını qoyub. O, “Xatirələr” memuarında “Ədəbiyyat qəzeti”ndə çalışdığı illərdən, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan bu mətbuat orqanının fəaliyyətinin çətin və məsuliyyətli bir mərhələsindən söz açır.

M.C.Cəfərov, həmçinin mükəmməl dramaturqdur. Onun Cəlil Məmmədquluzadəyə həsr etdiyionun müasirləri haqqında qələmə aldığı “İnsanlar və talelər” kinodramı Azərbaycan dramaturgiyasında özünəməxsus yeri olan çox qiymətli əsərdir. Beləliklə görkəmli alim böyük nəzəriyyəçi, tənqidçi, dramaturq olmaqla yanaşı, həm də peşəkar nasirdir. Onun hekayələri və xatirələri XX əsr Azərbaycan nəsrinin qiymətli nümunəsidir.

Akademik İ.Həbibbəyli bildirib ki, M.C.Cəfərov elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olub, satirik hekayələr və pyeslər yazıb. Yaxın vaxtlarda tədqiqatlar nəticəsində görkəmli alimin daha bir pyesi - “Get dolangilən, xainsən hələ” tragikomediyası aşkarlanıb. Akademiyanın həyatından bəhs edən əsər Ədəbiyyat İnstitutu tərəfindən çap etdirilib. 1965-ci ildə yazılmış əsər ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan dramaturgiyasının mühüm yaradıcılıq nailiyyətlərindən biri hesab olunmağa layiqdir. Ədəbiyyat tarixi, nəzəriyyəsi, ədəbi tənqid, folklorşünaslıq, dilçilik, estetika, pedaqogika ilə ciddi məşğul olanbu sahələrdə professional səviyyədə söz deyən akademik M.C.Cəfərovun bədii yaradıcılığı janr baxımından da son dərəcə zəngin və genişdir.

Sonra Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd “Ədəbiyyatşünas alimin naməlum tragikomediyası: böyük ədəbiyyat faktı kimimövzusunda məruzə ilə çıxış edib.

Çıxış edənlər ömrünü Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərinin tədqiqinə həsr edən alimin zəngin yaradıcılığından söz açıblar.

Tədbir çərçivəsində Ədəbiyyat İnstitutu tərəfindən nəşr etdirilən “Müdriklik zirvəsində” və “Get dolangilən, xainsən hələ” kitablarının təqdimatı olub, “Müdriklik zirvəsində” sənədli filmi göstərilib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.11.