"Mənim
dünyam"la yol yoldaşlığım
P.S. Bu
kiçik qeydləri Əli müəllimin səksən illik yaşına bir
təbrik sözü olaraq ərmağan etmək niyyətində
idim. Əfsus ki, ipə-sapa
düzülmüş o incilər haqda fikirlərimi oxucularla
bölüşməyim dəyərli bir Azərbaycan
ziyalısının qırx mərasimi ilə eyni günə
düşdü. Bu gün yeganə təsəllim odu ki,
ölüm yatağında ikən Əli müəllim özündə qüvvə
tapıb, yaradıcılığı ilə bağlı qələmə
alınan çoxsaylı
yazılardan hələ ki sonuncu olan bu qeydlərin əlyazmasını
da olsa, oxuya bildi. Nə edəsən, bu da taleyin
bir gərdişidi. Allah Əli müəllimə
qəni-qəni rəhmət eləsin.
Yazıçı Əli Vəlioğlunun "Mənim
dünyam" adlı kitabını 1993-cü ildə gecədən
xeyli keçmiş bir hava limanında oxumuşdum və təəssüratlarımı
bugünəcən heç unutmamışdım. Onun
yaradıcılığı ilə ikinci
tanışlığım isə "Mənim mənalı
dünyam"la oldu...
Vaxtilə
yazıçı Əli Vəlioğlu özünəməxsus
bir dəst-xəttilə öz yaradıcılığı
haqqında demişdir: "Sabahla ayaqlaşmayan əsər
dövlətin tədavüldən çıxmış pulu
kimidir". Doğru fikirdir. Yazıçının
kəsə deyilmiş öyüd-nəsihət amaclı əksər
fikirləri, cəmiyyətə çatdırdığı
deyimləri anlayana, hətta anlamayana belə təcrübəli
həyatın enişini-yoxuşunu görə-görə,
acısını-şirinini dada-dada gəlmiş bir müdrik
kəlamıdır. Atalardan, babalardan deyilərək gəlib
bu günümüzə çıxmış sözlərin
artıq cəmiyyətimizə bəzən kar etmədiyini
özümüz də hiss edirik və deyimlərin müasir
dövrümüzlə ayaqlaşan variantına çox
böyük ehtiyac duyulduğunu, deyimlərdə bir boşluq
olduğunu görürük. Görünür,
bu boşluğu Əli müəllim də gördüyü
üçün öz dəyərli fikir dolu kəlamları
ilə məntiqə də diqqət edərək doldurmağa
qərarlıdır.
O,
"Qanun böyüklər üçün mumdur, istədikləri
tərəfə asanlıqla əyə bilirlər" deməklə
qanun pozuntusuna açıq-aşkar yol verən məmurlara,
sanki "bir utanın" deyir. Çox vaxt düz söz
deyib, ancaq sözünü keçirə bilməyən
yoxsulları nəzərə alaraq, ustad yazıçı təəssüf
hissi ilə deyir: "Yoxsulun pulu da sözü kimi kəsərsiz
olur". Əli müəllimin paxıllıqla bağlı
çox deyimləri var, adamın ürəyinə sarı yağ kimi yayılır. Biri belədir.
"Paxıllıq çox şeyi boğa bilsə
də, yaradıcılıq qarşısında acizdir"
deyimi ilə baltanı kökündən vurur və
paxıllara, necə deyərlər, yanıq verir ki,
yaradıcılığı istedadı olana heç nə
kar etməz. "Öz yaradıcılığını
daşa-divara həkk edərək üzə
çıxaracaq". Həyat
məktəbi görüb dərindən əxlaq və
kübarlığı özündə cəmləşdirmiş
təcrübəli pedaqoq peşəsindən bir an belə ayrılmaq istəmədən ətraf
mühiti, xüsusilə gəncləri əxlaqlı, tərbiyəli,
olmağa çağırır və deyir: "Gözəlliyin
məhək daşı əxlaqdır". Peşəsini
çox sevən şagirdlərinin xiffətini edən Əli
müəllim öz peşəsinə uyğun onlarla deyimə
imza atıb. O deyir: "Öz dibinə işıq
salmayan şam hər tərəfi işıqlandırdıqca
əriyirdi. Müəllimliyim yadıma
düşdü". Ardınca yenə növbəti bənzətməsini
dilə gətirir: "Tapmaca saldılar: - Aləmi bəzər
özü lüt gəzər? Müəllimdir"
demək istəyirdim ki, "o, iynədir" - dedilər.
Oxucu əgər ixtisasca müəllimdirsə - əsasən
də uzun illər öz biliyini şagirdlərinə əmizdiribsə,
bunları oxuyanda kövrəlməyə bilməz.
Əli Vəlioğlu hisslərlə, duyğularla, bənzətmələrlə
yazıb-yaradan yazıçıdır. O, oxucusunun əlindən
tutub öz yaradıcılığına səyahətə
çıxır və ətraf mühitə, təbiətə,
insanlara, peşələrə, məmurlara müxtəlif
insanların həyat tərzinə, cəmiyyətə ayıq
gözlə baxmağı tövsiyə edərək, nəzər-diqqətləri
düzgün şəkildə göstərmək istədiyini
obyektə yönləndirir, yatıb qalmış, hələ
də açılmamış beyin
qırışlarını açmağa
çalışır.
Görün
bir insan öz adına neçə yuva
açır, hansı üsulla bunu bizə
çatdırır və dəyərini necə verir... -
"Maraqlıdır, adım gör üç "K"
arasında necə sığınacaq tapıb - Kəklik. Bəlkə buna görə bu quşu çox sevirəm".
Bunu oxuduqda istər-istəməz "kəklik" adına yenidən nəzər salırıq. Hələm-hələm yadımıza düşməyən
quşu dönə-dönə xatırlayırıq. Minlərlə Əlilər var ölkəmizdə,
görəsən, tək bircə nəfərin də olsun
indiyə kimi ağlına gəlibmi adı hansı hərflərin
- daha doğrusu, hansı adın içərisində
özünə məskən salıb. Öz
ölkəmizi ona görə deyirəm ki, başqa dillərdə
- yəni müsəlman ölkələrində
"Əli" adı çox yayılsa da, o dillərdə
bu quşun adı "Kəklik" olmaya bilər. Deməli, hər bir müəllif
yaradıcılığında öz həyatına müraciət
etdiyi kimi, bizim sevimli yazarımız da özündən yan
keçmir və ağlımıza gəlməyənləri
nəzərimizə çatdırır. Bir
düymənin əhəmiyyətini göstərməyin
üsuluna diqqət edin. Baxın sözlərin
düzümündəki mənanın
böyüklüyünə, qiymətinə, dəyərinə,
fikir verin - "Tumurcuqlar da budaqların düymələridir.
Bu düymələr açıldıqca
budaqların əndamı çölə
tökülür".
Buludlar
yaş tökdükcə: - Sənin itmiş gəncliyinə
ağlayıram dedi. Mən isə gəncliyimi
övladlarıma bəxş etmişəm - söylədim.
Bulud göz yaşlarını saxladı".
Görün buluda yazarın söhbətindəki
anlaşmaya baxın. Bulud biləndə ki,
onun gəncliyi hədər yerə getməyib, öz
davamçılarına xərcləyib göz yaşı
quruyur. Söz xatirinə söz deməmək
yığcam şəkildə fikir ifadə etmək hər
yazarın işi deyil.
Əsərin
ilk deyimindən -
"Nöqtə cümlənin bitmiş
ömrünün məzarıdır" fikrini oxumaqla
yazıçının yaradıcılığına daxil
olursan və yaradıcılıq axarına düşərək
onunla birgə üzüb gedirsən.
Bu yaradıcılıq axarı oxucunu haralardan keçirmir - nəğməli
bulaqlardan, şır-şır şəlalələrdən,
yamyaşıl, laləli çəmənliklərdən zirvəsi
qarlı dağların ətəyində baş-başa
vermiş sıx ağaclarla yaşıllığını
qoruyub saxlamış qalın meşələrdən, müəllifin
özü demişkən, göydə toy-büsat qurmuş
günəşin gözəlliyindən ləzzət ala-ala,
çağlayan bulaqların gözündən doya-doya su
içə-içə yorulmadan əsərin sonuna qədər
oxucunu darıxmağa qoymadan, təkrar olunmamış sözlərdən
cilalanmış fikirlərimin musiqi təranələritək,
həzin nəğmə kimi könüllərə yol
açmasına vəsilə olur. Hər sahəyə
qələmini məharətlə tuşlayan
yazıçı səmaya da səyahət edir.
Astronomik fikir söyləyərək deyir: - "Böyük
ayı bürcü, dördüncü ulduzu bəlkə zəif
yandığından ortaya almısan?".
"Kölgə günəşdən
qaçdığı kimi, sən də mənim məhəbbətimdən
qaçırsan", "Ay-gecə günəşi",
"Bulud göyün toru". Bunları
ardıcıl düzmək elə də asan deyil. Yazıçının hər kəlməsi oxucunu
düşündürür. Az
sözlə çox məna kəsb edən fikirlərin təhlili
o qədər geniş meydan tələb edir ki, istər-istəməz
düşünürsən - Bu qədər geniş izahı
olan bir fikri yazıçı bir cümlə ilə necə
ifadə edib? Uzunçuluqdan, söz
yığımından qaçan,
yaradıcılığında sözlərin
ağırlığına, fikirlərin sonlarına diqqət
edən müəllifin hər deyimi bir məhək
daşı kimi oxucunun düşüncələrinin
bünövrəsində özünə yer edir. Əli Vəlioğlunun rəqəmlər
haqqında yazdıqları, bənzətmələri əvəzsizdir.
İstərdim ki, hər bir rəqəmi müəllif
necə dəyərləndirdiyini və yaxud da bənzətmələrinin
geniş şəkildə şərhini verim, amma xətaya yol
verə bilərəm. Ona görə də
müəllifin orijinal fikrinə müraciət etmək daha məqsədəuyğundur.
İnsan
hisslərini məharətlə sözlərdə cilalayan
yazıçı deyir: "Qəlb kədərin
küpü, ah onun buxarıdır" və yaxud da
"Kirpiklərdə kədərdən şəbnəm
qalıb". Bu deyimləri müəllif yazmaq
üçün illərlə xəyala dalıb toplamayıb.
Bütün bunlar yazıçının
dünyaya baxışıdır, gördüklərinə,
diqqət etdiklərinə bəslədiyi münasibət bənzətməsidir.
Xəyalında canlandırdıqlarını vərəqlərə
töküb xəsislik etmədən bu günə, sabaha və
gələcəyə ərmağan edir. Əli
müəllim rənglərə baxanda
gördüyünü, düşüncələrini belə
ifadə edir. "Ağ rəng ləkələrlə
həmişə qol-boyundur". "Qara rəng
rənglərin ən gönü qalını". Yazıçının hər deyimində bir
böyük məna olduğu kimi, anlayana həm də
çox dəyərli nəsihətlər edir. O deyir:
"Yelpənək adamları istidən, hövsələ
adamı qəzadan qoruyur". "Ağacı
yıxdılar kölgəsi köməyə gələrkən
altında qaldı". Bir neçə mənaya
yozula bilən bu fikir adicə bir ağacın kəsilməsindən
doğan, bir hikmətli deyimə çevirməyi
bacarığı və yaxud da yelpənəklə hövsələnin
yerində bir-birinə bənzədilməsi, təbii ki, nəzərdən
qaça bilməz. Bu bizim hər gün
gördüyümüz əşyalar, cisimlər fərdlər,
hadisələr və s.-dir ki, adi bildiyimiz bəlkə də
çox vaxt diqqətimizə belə çarpmayan bir cismi
müəllif atalar sözünə, aforizmə maraqlı bir
deyimə çevirib oxucularına maraqlı bənzətmələrlə
çatdıra bilir. Bəli, mən belə
düşünürəm ki, bu bədii təsvirlərdə
olan məna yükü maraqlı tapıntılar hər bir
oxucunu özünə cəlb edir.
Nizam-intizam olmayan cəmiyyəti ağlımıza bənzətmə
ilə təsvir edən müəllif hər dəfə
oxucusunun diqqətini dediyi hikmətli sözlərlə cəmləşdirə
bilir. O deyir:
"Qaydasız cəmiyyət - əqrəbsiz saat".
Çox sadə dillə qayda-qanuna əməl etməyin
düsturunu yazaraq deyir: "Qayda - cəmiyyətin nizamı, fərdlər
onun əsgəridir". Mən qismətə də,
təsadüflərə də çox inanıram. Belə
ki, Əli Vəlioğlunun kitabı ilə səfərdə tanış olmuşam və hər ikisində
qəribə mənalara təsadüf edən bu mütaliə
mənə yol yoldaşı olub, darıxmağa imkan verməyib.
Bəlkə elə buna görə mən bu məqaləni
yazarkən yaradıcılığımı ortaya qoymaq deyil.
Əli müəllimlə müdrik bir
ağsaqqal kimi söhbət edir və onun dəyərli məsləhətlərinə
həm dəyər verir, həm tövsiyələrini əxz
edirəm. Bu dünyanın keşməkeşində,
sanki dönə-dönə yanıb qovrulmuş
yazıçı dolğun yaş dövründə
olmasına baxmayaraq deyimləri, hikmətli sözləri bir
neçə əsr yaşanmışları əks etdirir.
İnanıram ki, hər bir vətənpərvər,
vicdanlı, ədalətli oxucunun ürəyindən xəbər
verən yazıçı hər sahəyə toxunub, qələmini
çox səlistliklə işlətdiyi kimi, doğma dilimizə
ögey münasibət bəsləyənlərə də tənəsini
ustalıqla ünvanlayır.
"Qorxaqlığımız - həqiqətin, mənliyin,
qeyrətin içimizdə intiharı" deməklə,
Əli müəllim qorxaqları elə əsl müəllim
kimi də peşəsinə uyğun olaraq dolayısı yolla
deyil, birbaşa qınaqla boğur. Bunların
hamısı bir yubiley ərəfəsində olan
yazıçının həqiqətən öz
müdrikliyini cəsarətlə çəkiyə
qoymasından xəbər verir və bizi çox sevindirir.
Diqqətlə oxuduğumuz frazioloji birləşmələri
düzgün mənimsəyə bilənlərin həyata, cəmiyyətə
ayıq başla, açıq gözlə baxmasını tənzimləməyə
xidmət edən yazıçı deyir: "Biclik dedi:
düzlüyün aça bilmədiyi qapıların
açarıyam". Yenə iradını
bildirərək Əli müəllimin dediyi - "Mərd olub
qovula-qovula namərd olanlar, nə siz, nə də hamı namərdi
qova-qova mərd edə bilmədiniz" bu deyimdə öz
iradını haqlı olaraq zəiflərə - mərdliyindən
əl çəkib namərd olanlara bildirir. Müəllifin
dediyi: "Gəlinə gəlin deyiblər, gedin deməyiblər"
xatırlatması da çox xoşa gələn və yerindəcə
söz oynatmasına "əhsən deməmiş" üzərindən
keçə bilmirsən. Gəlini
gözümçıxdıya salıb, ilk gündən yad
ünsür kimi baxanlara ünvanlanmış ən gözəl
məsləhətdir. Oğlu olanlara bir
tövsiyə yaddaş dəftərlərinin ilk səhifəsi
böyük hərflərlə yazılmalıdır. Bilirəm ki, "Mənim mənalı
dünyam" ovqat ayələrini oxuyan hər bir qələm
əhli öz fikrini qələmə almaq istəyər.
Geriyə nəzər salanda baxırıq ki,
yazıçı çox sərraflıqla oxucularına
göndərdiyi mesajla hər an ayıq-sayıq olmaq
üçün tədbirli olmağa çağırır. Müəllif
göz yaşlarını sızqa bulağa bənzədərək
deyir - "Gözyaşları dərdin sızqa
bulağı". Bunların sayı minlərlədir...
Yazıçının "Mənim mənalı
dünyam" ovqat ayələri minlərlə hikmətli
sözlərin, aforizmlərin, frazioloji birləşmələrin
toplusundan ibarətdir.
Yazıçının son 7045-ci deyimi ilə fikirlərimi
bitirmək istəyirəm.
-
"Əlləri dostluq qonaqpərvər qandalı ilə
bağlanmış, dili-ağzı beynəlmiləl
möhürü ilə surğuclanmış, ağlı,
ürəyi islam təfəkkürlü, özündən xəbərsiz,
yadların tələsində çabalayan millət" - deyən
yazıçı sözünün əvvəlində də,
ortasında da, sonunda da bir an belə millətini,
xalqını unutmur.
Nüşabə MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.-
2019.- 15 iyun.- S.22.