Tamamlanmamış fikrin poetikası
Bədii ədəbiyyatın
predmeti nə olursa-olsun, birbaşa və ya dolayısı ilə
insana bağlıdır - ədəbiyyatda əksini tapan
istisnasız olaraq hər bir təsvir obyekti öz ideya-bədii
başlanğıcını insanın ona fəlsəfi
baxışından götürür, estetik münasibətə
nəzərən mahiyyət qazanır. Lakin ədəbiyyatın
təəssürat yaşatmaq, düşündürmək,
sözün qüdrəti ilə heyrətləndirmək
missiyasını da unutmamalıyıq. Hegelə görə,
poeziyanın məqsədi nə onun predmeti, nə də
praktiki mövcudluğudur: məqsəd obrazların
yaradılması və ifadə olunmasıdır. Və əlavə edir ki, insan özünü ifadə
etməyə başlayanda poeziya yarandı. Başqa sözlə, deyilən söz ifadə
olunmaq ehtiyacının nəticəsi olaraq meydana gəlir.
Lütviyyə
Əsgərzadənin beşinci, üçlüklərdən
ibarət şeirlər kitabının adı -
"Qaranlığa söylədiklərim" bu arzunu ifadə
edir: söyləmək, yazmaq - deyilənlərin eşidilməsi,
geri dönməsi üçün yox, sadəcə, ifadə
olunmaq üçün. Qaranlıq - hələ
işıq partlayışına məruz qalmamış ilkin
xaosdur, dualizmin başlanğıcıdır, ardınca xeyri,
ya şəri gətirəcəyi bəlli deyil. Bu baxımdan qaranlıq mahiyyət etibarilə şər
deyil, onun içindən doğulacaq işığın ilkin
mənbəyidir. Qaranlıq burada yoxluq,
heçlik, kimsəsizlik kimi mənalandırılsa, bu
şeirləri müəllif-poetik subyektin öz-özü ilə
söhbəti, pıçıltısı kimi qəbul edə
bilərik.
Kitabın "iki-üç hayku yazmaq bütöv bir
insan ömrünə bəs edər" yapon məsəli ilə
başlaması oxucunu yapon şeirinin hayku janrı ilə
qarşılaşacağına hazırlayır. Yapon ədəbiyyatında
qədimdən məşhur olan bu üçsətirlik
şeir növü konkret ölçülərə tabe
tutulur və müəyyən tematikası ilə fərqlənir:
insan və təbiət, onların çoxplanlı ünsiyyəti,
tamlığı, bütövlüyü, ziddiyyətləri
və s. Müasir Azərbaycan ədəbiyyatında bu janr
sevilir və ehtiyac duyulur, lakin müəyyən istisnalar olsa
da, bizim əksər şairlər onu istər forma, istərsə
də mövzu etibarilə daha sərbəst interpretasiyalarda
yaradırlar. Bizim ədəbiyyatımızda
yaranan üçlüklərin əsas özəllikləri
dünya və ətraf aləmə poetik baxış,
metaforiklik və şeirin aforizmləşməsidir. Bunu qısa "milli verlibr" də adlandıra bilərik.
Bu lakonik
şeir növünə getdikcə daha artıq meyillənmənin
səbəbi, yəqin ki, az sözlə
daha çox fikir ifadə etmək texnikasının cəlbediciliyi
ilə bağlıdır. Bu şeirlərdə
artıq sözə, təsvirə, təfərrüata gərək
yoxdur. Əlbəttə, sadəcə
üçlük formasına görə bu şeirləri
hayku hesab etmək olmaz, bunlar ənənəvi yapon şeirindən
fərqli, bir qədər "milliləşdirilmiş"
haykulardır. Odur ki, biz onları
"haykuvari üçlüklər" adlandırmaqla yeri gəldikcə
ortaq və fərqli cəhətlərini də nəzərdən
keçirəcəyik.
Hayku
qarşıdakı sahili görünməyən çay
kimidir, fikir
həmişə açıq qalır. Buna
görə də qafiyələrlə yazılmır,
çünki qafiyə saxta bitkinlik hissi yaradır. Lütviyyə Əsgərzadənin haykuvari minimalist
şeirlərində isə bəzən misralar qafiyələnir,
bəzən hər 3 misra sərbəst buraxılır.
Qafiyələnmə də müxtəlif üçlüklərə
görə dəyişərək bəzən ilk iki misra, bəzən
son iki misra, bəzən misraların hər üçü və
s. şəklində baş verir. Maraqlıdır
ki, bu üçlüklərin son iki misrası qafiyələndiyi
zaman fikrin bitkinliyi nəzərə çarpırsa, qafiyələnmənin
tamamən pozulduğu şeirlərdə, demək olar ki, fikir
əksərən açıq qalır. Başqa
sözlə, deyilməmiş, tamamlanmamış fikir forma ilə
də qismən təsdiqini tapmış olur.
Aya
baxıram...
Yadıma düşürsən.
Ay da
ikiüzlüdür.
Bəzi şeirlər isə üçlük şəklində
yazılsa da, bu, formal xarakter daşıyır; sonuncu (bəzən
isə birinci) misranı bölsək, hər misrası yeddi
hecadan ibarət bayatı alınır. Və bu hal
yalnız misralardakı bölgü hesabına deyil, həmçinin
şeir mətnindəki məna etibarilə də ifadəsini
tapmış olur.
Əl
versən, ətək tutar,
Söz demə, qulaq tıxar.
Belə əzazil olma, səni də bir ah tutar.
Yaxud:
Bu,
çaydır, axır gedir,
ömürdür,
keçir gedir.
Gör nə
kəc taleyim var,
Ölüm yan baxır gedir.
Anilik haykuların immanent xüsusiyyətidir, "carpe
diem" fəlsəfəsi ilə həmahəngləşir. Anilik - ötərilik,
davamiyyətsizlik olduğu üçün
yaşandığı qısa zaman kəsiyini ifadə etməklə
gözəl olması ilə yanaşı, həm də kədərlidir.
Burada zaman o qədər qısadır ki, təsvir
yox, adlandırma vacibdir. Qalan hər şey
oxucunun təsəvvüründən, xəyal gücündən
asılıdır. Buna görə haykunu
müəlliflə oxucunun görüş yeri
adlandırırlar və bu görüşün umulduğu səviyyədə
baş tutması hər iki tərəfin eyni mədəni,
intellektual "sahəyə" malik olmasından
asılıdır. Haykularda müəllif
bir-birilə bağlı bir neçə detalı əlaqələndirərək
oxucuya ipucu verir, suallar və cavablar vermək isə oxucunun
öhdəsinə düşür. Keçmiş və
gələcəyin əks olunmadığı, yalnız indini
- qısa zaman kəsiyini təsvir edən haykulardan fərqli
olaraq,
sözügedən üçlüklərdə
zaman hərəkətdədir; keçmiş daha çox
nisgil və kədər, indi hüzn və gözlənti, gələcək
isə kədər arxasından boylanan ümid şəklində
təsvir olunur. Təxminən belə:
Arxamda
keçmiş nisgilləriylə,
Öndə
gələcək ümidləriylə
İndidəyəm, dağdan ağır kədərimlə.
İndiki
zamanın, anın əbədiyyət kimi
yaşandığı bu şeir, sanki bütövlükdə
Lütviyyə Əsgərzadənin üçlüklərindəki
zaman anlayışının izahını verir: indi -
keçmişlə gələcəyin tam ortasında ötən
ağrı və əzabların ağırlığı altında
əzilsə də, gələcəyə xoş ümidlə
qanadlandırandır.
Bəzən haykuların natamamlığından fərqli
olaraq, bu üçlüklərdə ifadə olunan fikir
bütövləşib aforizmə çevrilir. Bu zaman oxucu təsəvvür
və təxəyyülünə az yer
qalır, müəllifin aforizmləşmiş təsviri dominantlaşır:
Mən qəfil
ölümü seçərdim,
Sən qətrə-qətrə ölürsən.
Hər şeyin adama yaraşanı.
Qeyd edək
ki, hayku üçün xarakterik olan "şəxssizlik"
Lütviyyə xanımın hiss və düşüncə
fraqmentləri üzərində qurulmuş üçlüklərində
"özmərkəzlilik"lə əvəzlənir. Bu
şeirlərdə həsrət, kədər, az da olsa, sevinc,
hüzn, nisgil, ümid kimi hisslər bilavasitə müəllifin
özü ilə birləşən lirik "mən"lə
assosiasiya olunur.
"Qaranlığa
söylədiklərim" kitabındakı
üçlükləri böyük bir silsilə kimi qəbul
etsək, hamısının əsas obrazı tənha insan (əksərən
qadın) olacaq - bir az küskün, sevən,
sevilən, lakin ruh halı ilə tənha... Bu sətirləri
bəzən şeir kimi deyil, sadəcə, müəllifinin
hisslərinin əks-sədasıtək qəbul edirsən.
Məsələn,
Nə
kimim var, nə kimsəm,
Olanlar da
yox kimi,
Doğma
yadlar qırır qəlbimi,
Allahın hər günü
- şeirində olduğu kimi. İnsanın
ən böyük tənhalığı çoxluq
içindəki yalnızlıq, doğmalar arasındakı
yadlıq, yaxınlar arasındakı uzaqlıqdır. Bu baxımdan xüsusən sənət adamları cəmiyyət
üçün marjinallaşır, fərqlilikləri
anlaşılmır, duyulmur. Bu zaman tənhalıq
insanı özünə çəkilməyə, hər
hansı bir şəkildə ifadə olunmaq istəyi isə sənətlə
həmdəm olmağa sövq edir. Söz
şair üçün fikrin ifadəsində açar, alət
rolunu oynayır. Az sözlə fikir
ifadə etməkdə məqsəd isə sözün
özündən daha artıq onun enerjisindən istifadədir.
Haykuların əhəmiyyətli özəlliklərdən
biri də "kiqo"dur - fəsilləri hər hansı
şəkildə ifadə edən sözlər. Bu halda
üçlüklərdə ya fəslin adı birbaşa
çəkilir, ya da ona hər hansı söz, ifadə və
ya təsvirlə işarə edilir. Yapon müdrikliyinə
görə, ilin fəsilləri insan ömrünün mərhələləri
ilə assosiasiya olunur; müdriklər deyirdilər ki, ilin fəsillərini
yaşayan adam həyatda hər şeyi
yaşamış kimidir. Lütviyyə Əsgərzadənin
haykuvari üçlüklərində qabarıq nəzərə
çarpan xüsusiyyətlərdən biri də təbiət
sevgisidir: burada dəniz, buludlar, yağış, ağac,
çiçəklər, günəş, Ay, ulduzlar, bir
sözlə, təbiətə aid nə varsa, hər şey
şəxsləndirilə bilinir, müəllif onlarla həmsöhbət,
sirdaş olur və bu şeirlərdə etibar olunan, söylənənlərin
"aralarında qalacağına" möhkəm inam var.
Yenə
başlanıb könlümə həmdəm
Sonbaharlı,
sakit-səssiz,
Yapayalnız günlər.
Yaxud:
Bu gün hər yer ağappaq.
Qardan
geydi paltar
Dünən utanan çılpaq almam.
Bu şeirlərdə həm də təbiət hadisələrinin
insana bənzərliyi var. Adətən, insanın hansısa
xüsusiyyətləri təbiət hadisələrinə bənzədilər,
bu şeirlərdə isə əksinədir. Məsələn, "Qar
da mən günlüdür, lap candərdi yağır",
"mənə bənzəyən payız" və s. ifadələrdə
olduğu kimi:
Yağış
yağır, gözlərim kimi,
Göy
ağlayır, ürəyim kimi,
Bu gün hər şey mənim kimi.
Dünya təcrübəsində haykunun bir mövzu ətrafında
silsilə təşkil etməsi də kifayət qədər
yayılıb.
Bəzən diskret xarakterli poetik gündəliklər
şəklində uzun bir silsilə təşkil edən
haykularla janrın tələblərilə minimum sözlə ərsəyə
gəlməsi də tərs mütənasiblik yaradır.
"Qaranlığa söylədiklərim" kitabında belə
bir silsilə Hüseyn Cavidə həsr olunur:
Gedilmiş
yol vardı,
Açılmış
cığır,
O getmədi.
***
Özü
kimi düşündü
Özü kimi danışdı.
Sevgi və gözəlliyi özünə Tanrı
seçdi.
***
Üzü
sevgiyə və həqiqətə doğru,
Ədəbiyyat
qatarında Cavid adlı bir vaqon,
Heç
kimə qoşulmadan yol getdi...
Hüseyn Cavid haqqındakı üçlüklər bu
şəkildə davam edir. Bu fəsildəki
bütün üçlükləri beləcə bir-birinin
ardınca oxusaq, bütöv bir şeir alınır, forma və
məzmun etibarilə tamamlanır. Ayrılıqda
isə hər biri ayrıca bir üçlük kimi
tamamlanmış yarımçıq fikirdir.
Bənzətmələrsiz, müqayisələrsiz, sadəcə,
məfhumların adı çəkildiyi şeirlərdə fərqlər
və bənzərliklər yalnız oxucu yozumunda meydana
çıxa bilir. Minimal sözlə maksimum fikir və təəssürat
yaratmağın xarakterik olduğu bu üçlüklərdə
oxucuya bir işarə kifayət edir:
Mən
onu düşünürəm,
O necə...
Külək
şamı söndürür, məni
üşüdür...
Burada düşüncənin neqativə köklənməsi,
ümidsizlik duyğusu şamın sönməsi ilə
assosiasiya olunur. Yenə haykularda olduğu kimi, hissin
adı çəkilmir, təzahürü, sadəcə,
birbaşa onunla bağlı olmayan məfhumlarla ifadə edilir.
Fikir versək, burada deyilməmiş sözlərin
boşluğu duyulmur, üç nöqtənin
yaratdığı pauza köks ötürülməsi kimi
bir hiss yaradır və hisslər sözsüz məkana
keçid edərək ifadə edilməmiş sözlərdə
təzahür edir.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan, qısa ömründə haykunun böyük ustası kimi tanınan S.Masaoka janrın geniş ifadə imkanlarını nəzərə alaraq deyirdi ki, hayku özündə bütün dünyanı yerləşdirir: zəlzələləri, təlatümlü okeanı, tayfunları, səmanı və ulduzları - bütün yüksəklikləri ilə birgə yeri və ən dərinlikləri ilə birgə dənizləri... Lütviyyə Əsgərzadənin haykuvari üçlüklərdən ibarət "Qaranlığa söylədiklərim" kitabı da zamanı və məfhumları fraqmentlər şəklində qeyd edən və nəticə etibarilə bütünlüklə qapsayan şeirlər toplusudur.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.4.