Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihəmizdə İsi Məlikzadənin
"Küçələrə su səpmişəm"
povesti əsasında çəkilmiş eyniadlı filmi təqdim
edirik
Süjet:
Əsərin qəhrəmanı Xəlil uzun illərdir
doğmalarından uzaq bir rayonda yaşayır. Rayon
hamamında ocaqçı işləyən Xəlil ailəlidir,
iki övladı var. O, qaradinməzdir, ünsiyyətə
asanlıqla getmir və arvadı Teybə onun keçmişi
haqda nəsə bilmir. Bakıdan rayona Bəhmən
Cəfərzadə adlı həkimin əməliyyata gəlməsi
Xəlilin ovqatını pozur. Bəlli olur
ki, Xəlil Bəhmənlə doğma əmioğludur.
Onlar br yerdə böyüyüb, möhkəm dost olublar. Amma bir qəza üzündən - ov zamanı Bəhmənin
təsadüfən qonşu Tağını güllələməsi,
hadisə yerindən qaçması və bu günahın Xəlilin
daşıyaraq onun yerinə həbsxanada yatması münasibətləri
pozub. Bu illər ərzində isə Bəhmən karyera
qurub, nüfuzlu
həkim olub. Xəlil
isə həbsxanadan çıxandan sonra doğma kəndinə
geri qayıtmayıb.
İllər sonra əmioğluların görüşü
onları keçmişə qaytarır. Bəhmən
günahını yumaq üçün Xəlili ailəsi ilə
Bakıya yaşamağa dəvət edir. Amma
o, Bəhmənin həkim Qədimovla ova gedəcəyini biləndə
sarsılır. Ona elə gəlir ki, illər öncə
baş vermiş hadisə Bəhmənin yaddaşında dərin
iz qoyaraq onu da sarsıdıb...
Ədəbi
tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova
yazıçının yaradıcılığını
belə səciyyələndirir: "İsi Məlikzadənin
istər sovet dövründə yazılan əsərləri,
istərsə də 1990-cı illərin əvvəllərində
yazdığı "Qırmızı şeytan" povesti ədəbiyyatı
estetik cəhətdən xeyli irəli aparan mətnlər kimi
qiymətlidir. Bu əsərlərdə
retrospeksiya halları, irəli və geri zaman
sıçrayışları, fləşbek elementləri,
intertekstuallıq kimi modernist estetikanı səciyyələndirən
bir çox hallar ehtiva olunurdu. Sadəcə,
o zaman hələ də əsərə daha çox
ictimai-siyasi qiymət vermək tendensiyası aparıcı
olduğundan, konyunktura ədəbi meyarlarla yox, təmənna
ilə işlədiyindən bədii-estetik səciyyə
kölgədə qalırdı".
İsi Məlikzadə, eyni zamanda kinematoqrafla sıx
bağlıydı. O, "Mozalan" satirik kinojurnalında böyük
redaktor, Cəfər Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasında baş
redaktor işləyib, bir sıra filmlərin ssenari müəllifi
olub: "Evin kişisi", "Evlənmək istəyirəm",
"Gümüşgöl əfsanəsi", "Kişi
sözü", "Pəncərə" və s.
Onun
"Küçələrə su səpmişəm"
kiçik həcmli povestinin ideya problematikası
universaldır, obrazların psixoloji-emosional portreti,
sosiumdakı yeri, münasibətləri yersiz təfərrüata
yol verilmədən dolğun işlənib, süjet xətti
dinamikdir, zaman-məkan əlaqəsinin qırılması ilə
qeyri-xətti kompozisiyanın qurulması dramaturji bütövlüyə
xidmət edir.
Yazıçının 1977-ci ildə yayımlanan
povestini rejissor Nicat Feyzullayev 2004-cü ildə
ekranlaşdırıb. Nicat Feyzullayevin sənədli filmləri,
"Mozalan"da çəkdiyi süjetlərdən
başqa, onun filmoqrafiyasında bir neçə dəyərli
bədii filmi var: "Yaşa, qızıl balıq",
"Toy".
Rejissorun "Toy" diplom işi 1978-ci ildə
ekranlaşdırılan "Arvadım mənim,
uşaqlarım mənim" kinoalmanaxına daxil idi. Mövzusu sevgi, ailə
münasibətləri olan almanaxda yer alan
"Toy" qısametrajlı filmində əsgərlikdən
gələn gənc oğlan sevdiyi qızın
başqasına ərə getdiyini öyrənir. Və toy günü traktoru ilə gəlin
karvanının qarşısını kəsərək
şərtinin bəyin onunla döyüşməli
olduğunu deyir. Kinomuzda əhvalatın bədii
həlli baxımından ən yaxşı işlərindən
biri olan "Toy"-da müəllif hadisəni dramatikləşdirmir,
əhvalatı mənəviyyat dərsi keçmədən təmkinlə
danışır. O, daha çox ironik yanaşmasıyla
hekayənin mahiyyətini dəqiq göstərir, atmosferi,
personajların niyyətini naturada səslənən musiqi və
qəhrəmanların susqunluğunun növbələşməsi
ilə açır.
Rejissorun 1988-ci ildə çəkdiyi
"Yaşa, qızıl balıq" qısametrajlı
filmində əhvalat avtobusda
baş verir və cəmiyyətimizə sosial alleqoriya kimi
meydana çıxır. Burada avtobus cəmiyyətin
kiçildilmiş, lakin dolğun modelidir. O, qısa
planlarla müxtəlif xarakterlərin kollajını
yaradır, effektiv fraqmentar vəziyyətlərlə
onların kimliyini bəlirləyir, əhvalata absurd, komik, dram
elementlərini daxil eləyir və keyfiyyətli dramaturji
materail ortaya qoyur.
Rejissor İsi Məlikzadənin "Küçələrə
su səpmişəm" əsərinə müəyyən
dəyişikliklər etdirib, bır sıra vəziyyətlər
dövrün aktual kontekstinə proyeksiya olunub. Yuxarıda
dediyim kimi, əsər sovet dönəmində yazılıb.
Filmdə isə Xəlil (Fuad Poladov) müharibə
iştirakçısıdır, Qarabağ əlilidir. Bəhmən
(Rasim Balayev)
oğlunu hərbi xidmətdən yayındırmaq
üçün Rusiyaya göndərib. Həkimlik
peşəsi ona yetərincə gəlir gətirmir və o,
daha çox pul qazanmaqdan ötrü sahibkarlıqla da məşğuldur.
Povestdə Xəlilin oğlu Bəhmənə
"Ala-bula boz keçi" şeirini deyir, filmdə isə
günün ovqatını əks etdirən "Qalx ayağa,
Azərbaycan" şeiri səslənir.
Ümumən
isə rejissorun ironik manerası, personajları vurucu, dolğun
vəziyyətlərlə açmaq, montajla yeni fikir almaq və onun vasitəsilə üslub
yaratmaq kimi keyfiyyətləri
"Küçələrə su səpmişəm"
filmində demək olar ki, yoxdur. Bu səbəbdən
haqqında danışdığımız ekran əsərini
onun uğurlu filmi saymaq çətindir.
Nədən film bədii mətnin kölgəsində
qalır? Məsələ
ondadır ki, İsi Məlikzadə emosional, struktur və dramaturji
planda əhvalatı yığcam, təmkinlə, bədii-estetik
məziyyətlərlə işləyir. O, obrazların intim
dünyasında zərrəbinlə gəzişir, onların
susqunluğunu, gərginliyini, tərəddüdünü, pərtliyini,
emosional enmə və qalxmalarını lazımi anda üzə
çıxarır. Əsərin ta ortalarınadək, Xəlilin
həyatının faciəvi dönüş nöqtəsində
rol oynasa belə, yazıçı oxucunun Bəhməni dərhal
mühakimə etməsinə imkan vermir, onun mahiyyətini dərhal
açmır, bəsit "pis-yaxşı" adam qütbləşməsini yaratmır. Sanki
yazıçı özü də proses boyu Bəhmənin o
zamankı davranışının səbəblərini
anlamağa, ona bəraət verməyə
çalışır. Bu səbəbdən onun əzablı,
utancaqlıq, pərtlik, günahyuma aktına can atması vəziyyətlərində
xüsusi dayanır, keçmişə dönüş hissələrində
Bəhmənin hər şeyin məhv ola
biləcəyini göz altına ala bilməmək
qorxaqlığına oxucunu da anlayış göstərməyə
vadar edir, həbsxanada Xəlilə baş çəkərkən
onun vicdan hissinin ölmədiyinə inandırır. Lakin sonlara doğru müəllif gözləntiləri
qırır, Bəhmənin şüuraltı niyyətini təsadüfi
bir vəziyyətdə açır.
Nicat Feyzullayev isə filmində personajlar
arasındakı münasibətin çətinliyini,
doğmaların özgələşməsini göstərən
situasiyalarda zəruri detalları işləməyib.
Dünya kinosunun müxtəlif nümunələrində
doğmalar arasında qırılmış ünsiyyət, özgələşmə,
münasibətlərin çətinliyi təkrarlanan kadrlarda,
uzun, dayanıqlı planlarda, onların iç vəziyyətini üzə
çıxaran rakurs və mizanlarla, uyğun rənglərlə,
montajla həll edilir. Rejissor isə burada təsvirlərdən
çox, linqvistik səviyyədə işləyir. Üstəlik, Xəlil sevgilisinin ərə getməsini,
özünün karyerası, uğurlu ailəsi haqda Bəhmənə,
nədənsə, rahatlıqla danışır. Halbuki,
Xəlilin bütün ümidlərini puç edən bir adam kimi, o, özünü psixoloji-mənəvi
komfortda hiss etməməliydi, bunları demək ona asan
başa gəlməməliydi. Ona görə bu
və digər situasiyalarda rejissor yazıçıdan fərqli
olaraq münasibətlərin çətinliyini verə bilmir,
üstəlik dərhal müsbət-mənfi
qarşıdurması yaradır, Bəhmənin təyinatını
əvvəldən tamaşaçıya bəlli edir, təhkiyəni
emosional baxımdan hamarlaşdırır, konfilkti bəsitləşdirir.
Fuad
Poladov Xəlil obrazının iç vəziyyətini daha
çox manipulyativ davranışlarında (aktyorluq sənətində
manipulyasiya- müəyyən davranışı yaratmaq
üçün rekvizitlə işləməkdir. Manipulyasiya personaj haqda çox şey deyə bilər.
Misalçün, personaj yemək yeməklə, ya nəsə
etməklə gərginliyini azaltmağa, hisslərini gizlətməyə
çalışır) ifadə edir: Bəhmənin gəldiyini
biləndə boş kisəyə təpik vurması,
toyuq-cücəyə dən verməsi, siqareti bitirməmiş
atması.
Amma son səhnələrdən birində Bəhmənin
əsl məqsədini biləndə, onun qəzəbli monoloqu
didaktik alınıb. Üstəlik, qəzəbi sözsüz
də təsvir etmək olardı ki, bu, filmin bədii-estetik,
emosional gücünü artırardı.
Uzun illərdən sonra əmioğluların ilk
görüşü dinamik növbəli kadrlarda həll
olunur. Kəndin
qatil bildiyi gənc Xəlilin (Amid Qasımov) pirə gedib dua
etməsi və pirin yerləşdiyi qapalı məkandan yol tapa bilməməsi
onun çıxılmazlığını vizual səviyyədə
ifadə edir.
Povestin ən dramatik məqamlardan biri Xəlilin evində
Bəhmənə həkim həmkarının ova getməsini
təklif etməsidir. Filmdə ova getmək təklifi səslənəndə
yalnız Bəhmənin reaksiyası göstərilir. Halbuki, hər iki personajın reaksiyasının
qarşılaşdırılması nəticəsində səhnə
tamamən başqa keyfiyyətdə alınardı. Rejissor isə illər öncə
olmuş faciəli hadisənin əsas
iştirakçılarından birini Xəlili göstərməyə
geçikir, nəticədə kulminaitv ola
biləcək epizod sxematik, quru alınır.
Müqəddimə
səhnəsi Xəlilin sevdiyi qızın görüş
kadrları ilə başlayır və bu sevgi "Küçələrə
su səpmişəm" mahnısı sədaları ilə
müşayiət olunur. "Küçələrə
su səpmişəm" filmin əvvəlində iki gəncin
segvisinin tərənnümüdür. Sonlara doğru, Bəhmənin
dəyişmədiyini biləndən sonra, Xəlil qonşu
toyunda, heç cürə rəqsə gəlməyən
"Küçələrə su səpmişəm" mahnısına nizamsız, aritmik
oynamasıyla ağrıdan, keçmişin yükündən
azad olur, katarsis keçirir. Təsadüfi deyil ki, film qaradinməz,
soyuq Xəlilin Teybəni (Mehriban Zəki) doğmalıqla qucaqlaması,
uşaqlarına sevgi dolu baxışı, hüzurlu ailə
tablosuyla bitir. Bu, filmin bəlkə də ən
təsirli səhnəsidir.
Keçmişə dönüşlər daha çox Xəlilin
yaddaşından yola çıxaraq assosiativ montaj sayəsində
baş verir.
İndiki zamandakı təhkiyəni qırmaqla rejissor
keçmişlə indi arasında səbəb-nəticə əlaqəsini
göstərir.
"Küçələrə su səpmişəm"
Nicat Feyzullayevin son bədii filmi oldu. Rejissor 2015-ci ildə vəfat
edib.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.7.