Bir gün gülümsəyər günəş
gözlərimə,
gülümsəyər buludların arasından.
SOS
görüş yerimiz olan
metrodakı SOS
indi
yoxluğunu yadıma
salan
ən kədərli abidədir...
P.S. Sən Onu Sevirsən
Bu səhər məhlənizdən
keçəndə fikir verdim,
boya ilə adını
yazdığım divarı
da
söküblər... çox
üzüldüm...
O zaman cəsarətin
ən böyüyü
idi bu,
hayqırmaq məhəbbəti
məktəbdə partalara,
küçədə divarlara...
Onda siqaret bizə
milyon il uzaq idi,
onda bütün sevgilər
balaca uşaq idi...
Elə bu gün öyrəndim,
evlənmisən, bir də ki,
uşağın olub - oğlan.
Mənsə elə bilirdim,
elə zənn edirdim ki,
səni hələ ötürür
məktəbindən evinə
17 yaşlı oğlan...
***
Elm yanılır,
ya da ki, məsafələr...
isidə bilirsə
əgər
deməli, o qədər
də uzaqda deyil günəş,
deməli, o qədər
də güclü deyil uzaqlar,
deməli, kimsə
uzaqlardan qayıda bilər!
İndi
bu küçələr,
bu şəhər, ölkə
sənin yoxluğunda
boz və bomboşdur.
"Sevdiklərimin qucağıdır
vətən"
dedimsə əgər
deməli, bizimçün
edam da xoşdur,
deməli, bizimçün
sürgün də xoşdur.
İndi
bu küçələr,
bu şəhər, ölkə
bizimtək kədərli,
həm də sərxoşdur.
Gülümsə, eybi yox, neyləmək
olar?
səndən ayrılmağın özü də xoşdur.
Elm yanılır, ya da ki, məsafələr...
isidə bilirsə
əgər
deməli, o qədər
də uzaqda deyil günəş!
deməli, o qədər
də güclü deyil uzaqlar,
deməli, kimsə
uzaqlardan qayıda bilər!
***
Küçə lampaları kimi
söndü gülüşün
bir-bir, asta-asta, həm də
səhərə yaxın...
İndi
sən də
günəşi sadəcə
görürsən,
istisini hiss etmirsən...
Bilirəm, bilirsən...
İndi
sən
yazdığım ən gözəl,
yaşadığım ən bərbad şeir kimisən,
gülüşünü itirmisən...
Yəni
səni tərk edəndən gedə bilmirsənsə,
deməli, ayaqlarının
istifadə müddətini
bitirmisən...
Çağırıram, gəlmirsən...
Və bir gün
bədənindəki bütün
ağrılar xatirəyə,
qəlbindəki ağrılar
isə xəritəyə
çevrilir...
sənə heç
nə demirəm, eşidirsən?
Gecə duası
Bir gecəlik də uzaqlaşaram keçmişimdən,
bir gecəlik də artar xatirələr.
Təkcə necə olduğumu
soruşma məndən,
ölümə gedən
yolda bir az dincəlirəm.
Əlimi
uzatsam, tutacaq qədər yaxındır
Ay,
bu gecə də beynimin küçələrində
boş-boş veyillənirəm.
Bir gecəlik də uzaq düşürəm keçmişimə,
bir gecəlik də artır xatirələr,
mənsə, təkcə
sənin dodaqlarından
adımı eşitmək
istəyirəm.
Bir gecəlik də çürüyür bədənin,
çürüyür mən toxuna bilmirəm deyə,
mənsə, səni
düşünürəm,
yəni ibadət edirəm.
Mən:
- səni düşünürəm.
O:
- Allah qəbul etsin!
Allah:
- eşidirəm.
Təsəlli
Mərmər döşəməli zallarda,
yüksək səslə,
ya da
yaşıl çəmənliklərdə,
astaca,
özündən danışırmış
kimi
şeir demək,
alqış sədaları
altında...
soyuq əlli, isti ürəkli
qadınlara şeir
yazmaq,
təsəlli taparcasına,
ya da
ən sevdiyin mahnını
zümzümə etmək,
hər bir daş parçasına...
Vətən
Mənimçün
sevdiklərimin qucağıdır
vətən,
bir şəhərlik
yerin varsa əgər,
bərk-bərk qucaqla məni,
qucaqla ki,
vətəndaşlıq dilənim
səndən.
Amma bil ki,
bu bədən özü bir ölkədir elə,
başdan-ayağa, ayaqdan-başa.
bədənimin paytaxtı
olan qəlbimdə
özünə bir saray qur,
sonsuzadək yaşa.
Əllərimdən başlayır bu ölkənin sərhədi,
ayaqlarımda bitir,
sən də ayaqyalın gəz üstümdə,
sinəmdə min bir gül bitir.
İstəsən içəri keç,
bu dünyanı mənim gözlərimdən
izləyək,
ruhumuz sevişsin hər gün,
bədənimizi hamıdan
gizləyək.
Mənimçün
sevdiklərimin qucağıdır
vətən,
bir şəhərlik
yerin varsa əgər,
bərk-bərk qucaqla məni,
qucaqla ki,
vətəndaşlıq dilənim
səndən.
Fotoşəkil
Elə asan görünür ki:
qalın kəndir,
kiçik bir stul.
hər şey sıfra qayıdır, yenə artır!
- budur düstur.
Bir tətiyin ucundaca
boylanır üzünə
həyat.
Sən əyrilərdən qaçdıqca,
gülər hər düzünə həyat.
Çəkildiyin şəkillərdə
təbəssüm üzdən
sürüşür,
ayaqların çox
narahat,
əllərin əsəbi
düşür.
Güzgüdəki əksinlə də
gələ bilmirsən
göz-gözə.
deyəsən, orucsan yenə,
dilin dəymir bircə sözə.
Elə asan görünür ki:
qalın kəndir,
kiçik bir stul.
hər şey sıfra qayıdır, yenə artır!
- budur düstur.
Yeni il şeiri
Heç
nə əvvəlki kimi deyil,
məsələn,
şam ağacının
yanında dayanan o Şaxta baba
uşaqlar üçün
yox, uşaqları üçün dayanıb
orda, bilirəm.
Qorxuram bir gün uşaqlar
da bunu öyrənər
Salam, Şaxta baba,
kefini pozmaq istəmirəm,
səninlə ucuz kafelərin birində
yaxşıca vura bilərik,
çünki məqsəd öldürmək
olanda
zəhərin də ucuzunu satırlar,
ucuz kafelərdə heç kim sıxılmır,
xoşuna gəlməsə,
rahatca dura bilərik...
Həyat
bizi a nöqtəsindən
b nöqtəsinə
aparan avtobusdur,
xatirələrsə sərxoş
halda
sükan arxasına keçmiş şofer.
Deyəsən, içmək istəmirsən:
- ofisiant, zəhmət
olmasa,
bizə iki
sadə kofe!
Reklam lövhələrindəki təbəssümlər
də
üzümüzü güldürmür
artıq,
çünki indi
"xoşbəxtlik" də
kapitalizm üçün
sadəcə bir məhsuldur.
Mağazalarda ən çox satılan ərzaq
yenə də çörək və sudur.
O axmaq marketoloq dostuna da de ki,
insanları göstərməli
olduğu həqiqət
budur!
indi gülüşlər
də
içimizdəki kədərin partlayışıdır.
Bu qədər narahat olma bizə görə,
çünki biz yaxşı
bilirik,
hədiyyələr həmişə
sevindirmir:
- ofisiant, hesabı
gətir!
Siqaret kötüyü
Eşitməyən qulaqlardır,
danışan başlardır
Bakı.
Nə yaxın dinləyər səni,
nə eşidər uzaqdakı.
Elə bil palçıq kimiyəm,
sıçramışam bir səkiyə.
Hamı
əzir addım-addım,
çəkinmə, sən
də tapdala.
Ağrıların dinsin deyə,
ruhunu ruhuma sarı.
Ya siqaret kötüyütək
vur səkidən yola sarı...
Bir gün
Bir gün mavi qatarlar
çıxar relslərdən,
fit çalaraq gəzər çəmənliklərdə.
Bir gün düşərəm
yadına,
çıxaram beyninin dərinliklərindən.
Bir gün əsgərlər atıb silahlarını
qoparar tikanlı məftilləri əlləriylə,
qorxmaz əllərinin qanamasından.
Bir gün yox olar
sərhədlər,
yox olar ölkələrin arasından.
Bir gün gülümsəyər
günəş gözlərimə,
gülümsəyər buludların
arasından.
Bir gün bir uşaq
boylanar mənə,
boylanar gözlərinin
qarasından.
Bir gün mavi qatarlar
çıxar relslərdən,
fit çalaraq gəzər çəmənliklərdə.
Bir gün düşərəm
yadına,
çıxaram beyninin dərinliklərindən.
Ulucay AKİF
Ədəbiyyat qəzeti.- 2019.-
22 iyun.- S.3.