Hər gün ümidimdən
durnalar köçür
Sənin dərgahına açılıb əlim,
İlahi, sınağa çəkmə əlimi.
Yazmaqdan savayı günahı yoxdur
Bu çörək əlimin, əkmək əlimin.
Bir kəsin yolunda tələ olmayıb
Rüşvətdən, qurğudan salamat əlim.
Ağa tanımayıb, kölə olmayıb
Pirə, peyğəmbərə salavat əlim.
Tale yoxuşudu heyimi kəsən,
Elə dırmanıram, vaxt qapısı yox.
Baxıram, hər yerdə qapılar - açıq,
Sənin dərgahının haqq qapısı yox.
Nə qədər dırmanım, dözüm nə qədər,
Tövşüyür ümidim yol qanadında.
Xeyirxah mələyim çırpına qalıb
Sənin göylərinin qol-qanadında.
Gedir
boşluqların səma yarışı,
Mənim
o yarışa gümanım yetmir.
Hər gün ümidimdən durnalar köçür,
Hər gün ümidlərim ünvana yetmir.
Bizim nəsil
1950-60-ci illərin məktəblilərinə
Yollar - ayaqyalın, yollar - qaçaraq,
Lalə çıraqlıydı dərə-düz
onda.
Elə sırğa idik söz qulağında,
Bir ərgən
bəlaydıq hərəmiz
onda.
Məktəbdi, kolxozdu, evdi işimiz,
Görüb-götürməyin dar məqamıydı.
Daşdan
qoparırdıq diləyimizi,
Daşdan bir qəlpə də ərməğan idi.
Ana dili, tarix, xarici
dildə
Nəğmə dərslərinin nəğməsi
idik.
Kimya, coğrafiya, ədəbiyyatla
Gah riyaziyyat
idik, gah rəsm idik.
Dünya
hər tərəfdən
axırdı bizə,
Bilik zəmisində
- biçində idik.
Yaşlılar ümidlə baxırdı
bizə,
Qayğının, diqqətin içində idik.
Nə olsun, yox idi
sosial şəbəkə,
Nə olsun, yox idi təmtəraq
onda.
Biliklə ləbələb başımız
bizə
Həm yasaq olmuşdu, həm yaraq onda.
Əngəldən-əngələ düşüb
də çıxdıq,
Xalı ömrümüzə hana
düzəltdik.
Yeridik, yürüdük, yıxıldıq,
qalxdıq,
Qala həvəsliydik, koma düzəltdik...
Yada üz tutmadıq var həvəsilə,
Aza da, çoxa da gözü tox olduq.
Bağlandıq məsləkə, elə,
obaya,
Düşmənə nifrətdə səbri çox olduq.
İçimiz, çölümüz atmadı bizi,
Necə var idiksə, eləcə varıq.
Vətənə, torpağa, yurda,
yuvaya,
Dosta bağlılıqda
ölüncə varıq.
...Yollar - ayaqyalın, yollar - qaçaraq,
Lalə çıraqlıydı, dərə-düz
onda.
Elə sırğa idik söz qulağında,
Bir ərgən
bəlaydıq hərəmiz
onda.
Nə olur-olsun, yəqin
Yaza çıxaram,
axır.
Olanlar bol olsa da,
Aza çıxaram,
axır.
Baltalayıb dibindən,
Yıxılaram dəbindən.
Hər cür köhnə cibindən
Təzə çıxaram, axır.
Əyri
gedər, düz gələr,
Qəlb açılar, söz gülər.
Məni
duyar özgələr,
Gözə çıxaram, axır.
Ocağın
Yanıb
qurtarıb zamanı,
Qalıb tüstüsü ocağın.
Kimə
köçüb, kimə
çöküb
Bilmir istisi ocağın.
Kimə
isə ömür verib,
"Yaşa" deyib,
- əmr verib.
Qaralıb da, kömür
verib,
Yoxmuş itkisi ocağın.
Kimə
tanış ünvan olub,
Kimə
qızınan can olub.
Düz dünyaya həyan olub
Qızılı, misi ocağın.
Daha bu gözəl dünyaya
"Gözəl" deyənlər azalıb.
Ceyranına, cüyürünə
Qəzəl deyənlər azalıb.
Yandırıb-yaxmır öləni,
Qul satılır,
şah dilənir.
Nağıl-nağıl ilmələnir,
Məsəl deyənlər azalıb.
Təzələnir nəyi varsa,
Hər gün təzə geyir, varsa.
Susur, təzə deyim varsa, -
Təzə deyənlər azalıb.
Axı
Nə yaman durmusan canın qəsdinə,
Dönəmin, saatın, anın qəsdinə.
Yurdunda tökülən qanın
qəsdinə
Durnalar az deyil,
bilirsən axı.
Elə sarsılırsan, canında
qorxu,
Dönür bir vəhşiyə yanında qorxu.
Ürəyin yerinə yananda
qorxu
İçində ölürsən, dirisən
axı.
Bax, bizim tərəfdən gün çıxır yenə,
Gördüyün yuxular çin çıxır yenə.
Sehrli çıraqdan cin çıxır yenə,
Sən də söz sehrinin pirisən, axı.
Ömrün sazağında üşüsən,
nə qəm?! -
Haqqın bayraqdarı kişisən,
nə qəm?!
Onundan irəli
düşmüsən, nə
qəm?!
Yenə də beşindən gerisən, axı.
***
Başım yamanca qarışdı,
Öz-özümdən qaçdım elə.
Bir fikrin sirrin açınca
Min birinə daşdım
elə.
Dərd
mənlə şahmat
oynadı,
Fil diz çökdü, at oynadı.
Canımda bir çat oynadı,
Sağa-sola çaşdım elə.
Mən adda hədəfə döndüm,
İnciyə, sədəfə döndüm.
Düyünə, kələfə döndüm,
Özümə dolaşdım elə.
***
Çəkildi bu suların,
Üzündən göy təbəssüm.
Dəniz
səni sevirmiş,
Qoy dənizə
tələsim.
Sərilim qanad-qanad
Göy suların
səthinə.
Sular məni oxşasın
Elə sənin
xətrinə.
Əllərini ver mənə,
Saçlarım şanə gəzir.
Səni
oxşamaq üçün
Sular bəhanə
gəzir.
Yalan gün
Gözünə kül üfürdüyüm
dərdlərin
Biri məndən
üz döndərib getmədi.
Elə məni bildi, Allah, həmdəmi,
Aşıb məntək bir səngəri, getmədi.
Heç-puç oldu əməllərim
əlində,
Yaşa doldu taleyimin sərt üzü.
Yazıqlaşdı qələm mənim əlimdə,
Əzablardan yaxa cırdı dərd özü.
Vaxt əlində saxta gördüm ömrümü,
Mən üzümü
dünənimə çevirdim.
Ayaqlayıb keçdim səbri,
dözümü,
Öz-özümün düşməninə çevrildim.
Atdı,
tutdu... döydü məni dər-divar,
Ha çırpındım, dərdə
qalan kim
idi?!
Cırıb atdım, kağız-kuğuz...
hər nə var...
Düz demədim...
O gün yalan gün idi.
Gözüm yolunda qalan
Uğurlar mənə qaçır.
İstəyirəm, yol azam,
Cığırlar mənə qaçır.
İtirmişəm başımı,
Yer-göy mənə daşınır.
Soruşmayın yaşımı, -
Çuxurlar mənə qaçır.
Səsim
uzaqdan gəlir,
Nəfəsim haqdan gəlir.
Qismətim yoxdan gəlir,
-
"Şükür"lər mənə qaçır.
***
Yaddaşımın ürəyində
Ölənlərim diri qalıb.
Çağırılmamış qonaqların
Tutulmamış yeri qalıb.
Qalıb
gedənim, gələnim,
Dərd verənim, dərd bölənim.
Məni
öldürüb ölənin
Elə ondan biri qalıb.
Kim baxtından dəli düşüb,
Kimə vaxtın əli düşüb.
Qalıb,
kim irəli
düşüb,
Ya kim kimdən
geri qalıb.
Daha lap ağ edirlər,
Dərdi bayraq edirlər.
Elə lağlağ edirlər,
Söz qulağı
çəkilmir.
Yoxdu sözə mız qoyan,
Bir günaha
üz qoyan.
Hər yaraya duz qoyan
Günahından çəkinmir.
Kim ki söz-söz sökülür,
Sözə heykəl tökülür.
Şeir
şeirin şəkili
Olarsa, söz
yetimdir.
***
Evdə
çürüyər adam,
Nə yaxşı iş günü var.
Bu beşgünlük dünyanın
İşıqlı üç günü
var.
Unutmur bir kəsini, -
Dost, ya düşmən kəsilir.
Hər yerdə tikəsinin
Qaçqını, köçkünü var.
Fitnəsindən üz görən,
Əməli od püskürən,
Barışdıran, küsdürən
Aqili, düşkünü
var.
***
Əli ətəyindən uzun
Gəncliyimiz atdı bizi.
Çıxarıb qul bazarına,
Heçə-puça satdı bizi.
On apardıq, beş
gətirdik,
Ümidləri boş gətirdik.
Hərəmiz bir iş götürdük,
Başımızı qatdı bizim.
Vaxt uyumur, ayıq olur,
Gah isti, gah soyuq olur.
Gecə,
gündüz sayıq
olur,
Öz ömrümüz
yatdı bizim.
Firuzə Məmmədli
Ədəbiyyat qəzeti.- 2019.-
22 iyun.- S.9.