Bir adam
vardı təkbaşına...
Hələ nağılı oxunmamışdı...
Bir küçə, bir adam, bir
də yalqızlıq...
Bir adam, bir
ürək, bir də haqsızlıq...
Bir ürək, bir nifrət, bir də qansızlıq...
Bir nifrət, bir əzab, bir insafsızlıq...
Bir əzab, bir ölüm və vicdansızlıq...
Bir ölüm, bir küçə və
ADAMSIZLIQ...
***
Do - və başlanır hər şey.
Kodlanılan həyatın
İlk şəkli,
ilk nəfəsi.
Re - nəfəsin ikinci səsi.
Dünyaya gəlişinin
Birinci birləşməsi.
Ayrılığın, görüşlərin
do-redədir,
Qalan hər şey irəlidə, geridədir.
Mi - üçüncü pilləni qurur.
Ayaqlar əsə-əsə
Bu notun üstündə
durur.
İlk kəlmələr
Do-re-mi içində yoğrulur.
Fa - düşüncənin açarı.
Hisslərin kökünü tutaraq
Birləşdirir dil tapanları.
Do-re-mi-fada çalınır
Dörd
hecanın dörd həmləsi,
Duyğuların çox mərtəbəsi.
Sol - cütlükdən yaranan biri.
Dörd notun ən gözəl
ətiri.
Birinin səndən keçməsi,
Həyatın yeni mərhələsi.
Lya - altıncı
qatın adı.
Bu qatda qaynamaq
var.
Beş notun ahəngini
Tutaraq oynamaq var
Və bir də qanadları
Çiynində saxlamaq var.
Si - sonuncu nöqtədi.
Bütün notlar içində
Yenilənən kökdədi.
Do - ürəyindən keçir,
Re - ruhunu oxşayır,
Mi - hisslərin yenidən titrəməsi,
Fa - ömrünün sevgisi,
Sol - səndən doğulanlar,
Lya - müdriklik mərtəbəsi,
Si - gözlərin sonuncu pərdəsi...
Do-re-mi-fa-sol-lya-si
Dünyanın yeddi səsi...
Hər adamın bitirdiyi
Bir ömürlük nəğməsi...
Mən xəstə adamam, ozan,
Gəl aldatma, doğrunu çal.
Simləri çək, aha köklə,
Al qopuzu, ağrını
çal.
Görürsən, Haray quşuyam,
Bir ağacda
budağım var.
Üz tutmuşam göyə sarı,
Yer altında
otağım var.
Sən çal ki, bir də oxuyum,
Səsim də başıma düşsün.
Bütün ömrümün avazı
Sinəmin daşına düşsün.
Çal,
elə yandır ki, məni,
Közə düşüm, külə
dönüm.
Bir daşı da dilləndirim,
Gözəl bir şəkilə dönüm.
Azan deyim, səsim uçsun,
Bu yerdən ötənə
gedim.
Son nəfəsi ala bilib,
Sağ olan vətənə gedim.
Mən xəstə adamam, ozan,
Bu çatlayan bağrımı
çal.
Simləri çək, aha köklə,
Al qopuzu, ağrımı
çal.
***
MƏN
səni saxlaya bilmədim...
SƏN
məni apara bilərsən...
MƏNİM
gücüm çatmayanlar
var...
SƏNİN
əllərin boyda deyiləm...
MƏNƏ
o qədər arxalanma...
SƏNƏ
dəyəcək nəfəsin
ölüsüyəm...
MƏNİ
gecələrə dustaq etmək üçün...
SƏNİ
səhərdən apardılar...
MƏNDƏ
özündən qaçarı
var...
SƏNDƏ
bu naçarın açarı...
MƏNDƏN
qurduğum dünyanın
hissləri sökülür...
SƏNDƏN
bir yaddaşlıq yol çəkilir...
Bilirsənmi?..
Cavabsız suallar
xatirələrin sürgünündə
can verir...
Ürəyin qanıyla yuyulur
hər açılan səhərin üzü...
Bilirsənmi?..
Dodaqlarım şəkillərinin
təmasından çatlayır...
Divarlardan
gülüşünün səsi çırpılır
qaranlığımın çarəsiz
sonsuzluğuna...
Küləyin hayqırtısında
sənin pıçıltını
eşidirəm,
Adımın sığalını duyuram...
Bilirsənmi?..
Bütün ömrünü qucağıma
alıb
yıxılıram dizlərimə...
Hələ də layla çalıram
açılmayan gözlərinə...
Bilirsənmi?..
Bətnimə yenidən düşmüsən,
deyəsən...
Bütün səslər, üzlər,
qoxular, havalar,
hətta öz ürəyim də ürəyimi bulandırır...
Bilirsənmi?..
Günlərin yalanlarından,
Gecələrin qorxularından,
Hamının dualarından
yığdım səni
içimə...
Bilirsənmi?..
Sən...Sən...Sən...
Hələ də üzünü
görmədiyim,
Yolunu gözlədiyim
Körpəmsən...
***
Salam, qadın, necəsən?
Güzgüdə öz-özünə
hər gün baxa bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın
doğulduğunu
hələ unutmamısan?
Ürəklə yaşatdığın
kimdirsə, hələ
sağdır?
Hisslərinin içindən
ayağı yalın
keçən,
bütün ömrünü
içən,
yatıbdır, ya oyaqdır?
Yenədəmi yuyursan
əllər soyulanadək
arzularını bir-bir?
Yamaya bilirsənmi
xatirəsi sökülən
duyğularını bir-bir?
Dilində bitib qalan
fikirlərin içində
nələri basdırırsan?
Hər günü toya çəkib
nələrə oynayırsan,
Nələri azdırırsan?
Yenədəmi varının
üstünə varlıq
qatan
içində yox gizlənir?
Hələdəmi axırı
bilinməyən dünyanın
acında tox gizlənir?
Saçlarının dənini
rənglərə boyayaraq
ağını gizlədirsən?
Gülüşünün altında
gözünlə örtmədiyin
dağını gizlədirsən?
Gözlədiyin yoldumu?
İstədiyin oldumu?
Bilmədiyini bildin?
Sağınla və solunla,
Boşunla və dolunla
Ölmədiyini bildin?
Salam, qadın, necəsən?
Güzgüdə öz üzünə
sığal çəkə
bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın
doğulduğunu
hələ unutmamısan?
Kaş ki, unutmayasan...
Səndən əvvəli vardı,
səndən sonrası
yoxdu...
Bir adam vardı
özbaşına...
Ağlı bıçaq deyildi...
Heç
nəyi kəsməmişdi...
Özü də doğranmamışdı...
Bu dünyanın savabından,
günahından dadmamışdı...
Heç
kimdən heç nə almamışdı...
Heç
kəsə nəsə
satmamışdı...
Kiməsə söz də verməmişdi...
Kiməsə daş da atmamışdı...
Səndən əvvəli vardı,
səndən sonrası
yoxdu...
Bir adam vardı
təkbaşına...
Uşaqlığından çıxmamışdı...
Qocalığına çatmamışdı...
Nə itmişdi, nə də tapılmışdı...
Torpağın diriliyinə, günəşin
istiliyinə,
sevginin yaşadığına,
insanların adamlığına
inanmışdı...
Hələ nə əli, nə dili yanmamışdı...
Hələ yuxudan oyanmamışdı...
Kimsəli olmamışdı...
Kimsəsiz qalmamışdı...
Səndən əvvəli vardı,
səndən sonrası
yoxdu...
Bir adam vardı
özbaşına...
Əsərlərin qəhrəmanı deyildi...
Olmaq da istəmirdi...
Nə dünyanın dibini, nə üzünü,
Nə Şeytanın nəfəsini,
gözünü,
Nə dünyanın, nə Allahın özünü
görmək də istəmirdi...
Sönmək də istəmirdi...
Yanmaq da istəmirdi...
Səndən əvvəli vardı,
səndən sonrası
yoxdu...
Bir adam vardı
təkbaşına...
Hələ nağılı oxunmamışdı...
Hələ göylərə toxunmamışdı...
...Biri azdı... Biri çoxdu...
Səndən əvvəli vardı,
səndən sonrası
yoxdu...
Sən olduğum zamanlar qəribə bir nağıldı...
...Sənsiz nağıl dağıldı...
Xanım
İSMAYILQIZI
Ədəbiyyat qəzeti.- 2019.- 22
iyun.- S.12.