Səhərlər sevgi nəğmələriylə
açılarsa...
Malik Atilayın "Yalnızlığı adıyla çağır" kitabı haqqında
Gənc
şair Malik Atilayın ilk şeirlər kitabı işıq üzü gördü. "Yalnızlığı
adıyla çağır" adlı kitabda şairin
seçilmiş şeirləri toplanıb.
Ona tənhalıq da deyilir, yalqızlıq da, təklik də. Amma kitabın
adıyla bağlı ən doğru məsləhət Malik
Atilaya aiddir. Yalnızlıq yalnız, yəni tək
olmaqdır...
Malik Atilay hələ gəncdir. Onun ilk şeirlər
kitabını nəşr etdirməyi həm uğurlu, həm
də məsuliyyətli addımdır. Uğurludur
ona görə ki, o, bu yolda israrlıdır, ədəbiyyata,
poeziyaya böyük marağı və sevgisi var. Və bu
yoldan geri durmaq, çəkilmək fikri yoxdur. Məsuliyyətlidir ona görə ki, bu yola
çıxdınsa, dayanmaq, geriyə dönmək
mümkün deyil. Əlbəttə, ilk
kitabını oxucuların ixtiyarına verən Malik Atilay
özünün poetik potensialına bələddir,
özünə arxayındır, bilir ki, bu yola
çıxdısa, heç bir maneə onun
qarşısını kəsə bilməz.
Heç bir sözlə izahı mümkün olmayan hisslər
var ki, yaranması insanla eyni vaxta təsadüf edir. Bəşəri hissləri
sözlə ifadə etməyi bacarandır əsl şair... Sevgi dedikdə ilk ağlımıza gələn
"Leyli və Məcnun" olur. Hisslərin sözlə
uğurla ifadə edilməsidir bu... Malik Atilay da poetik
ovqatını uğurla ifadə edən şairdir:
Bir
gün sevgi nəğmələriylə
açılacaq səhərlər
Bir
gün Ayla günəş birlikdə işıqlandıracaq
Havasız
meyxana küncləri kimi
Ümidsizlikdən
nəm çəkib
Acı
tütünə qarışmış həyatımızı
Təbiət poeziyanın yaranmasına stimul verən
şərtlərdəndir. Şeirimizin ənənələrindən
gələn bir məqam - fikrin rəng, söz, təbiət
gözəllikləri ilə ifadə edilməsi Malik
Atilayın da şeirlərində qabarıqdır.
"Ağappaq dalğalar" şeirindəki kimi:
Bahar təbəssümlə
gəlir Bakıya
Uşaqlar
qorxmasın deyə
Üzündə
əlindəki iynədən dəfələrlə böyük
təbəssümlə gələn tibb bacısı kimi...
"Heç
nə dəyişməyəcək" şeirində
şairin təbiətə sevgisinin yeni təsvirini
görürük:
...Günəş
çıxacaq
Külək
əsəcək
Yağış
yağacaq
Çiçəklər
gözlərin kimi açılacaq səhərə...
Daha sonra
şair Ayla günəşin postda bir-birini əvəz edən
əsgərlər kimi yer dəyişəcəyini deyir:
Ulduzlar da
hər gecə gördüyün yerdə olacaq
Bəzən
bulud da
İşığı
tutmaq istəyən uşağın əli kimi
Keçəcək
ulduzların qarşısına...
Və
hamı kimi mən də gedəcəm
İnan ki, heç nə dəyişməyəcək.
"Yarımçıq
bəstə" şeirində də onun təbiətə
poetik sevgisini görə bilirik:
Qar
yağır
Çılpaq
budaqlara dəyib
Hansısa
yarımçıq bəstəni pıçıldayır
külək
Bu gün
yaşamağa da
Ölməyə
də gözəl səbəblərim var...
Ölməz
şair Mikayıl Müşfiq də küləkləri bəstəkara
bənzətmişdi...
Mikayıl Müşfiq də bakılı idi, Malik Atilay
da bakılı balasıdır. Gilavarı, xəzrini "Küləklər
şəhərində" dünyaya göz açanlardan
yaxşı kim anlada bilər ki?
Kulis.az
saytına müsahibəsində kitabın adını əvvəlcə!Diqqət! Diqqət! Darıxır
Bakı..." qoymaq istədiyini deyən Malik Atilayın həmin
şeirindən bir parçaya diqqət yetirək:
Mavi səmanın
üzünə qırmızı
ləkə
kimi yayılır günəş
Bu gecə
də yaşadı dustaq
Süpürgəçi
yenə hər kəsdən əvvəl
oyadır
küçələri,
Gecənin
səsi kəsilib
Şəhərin
sinəsinə rəngarəng
pişiktək oturan işıqlar
Oyadır
məktəbləri,
Oyadır
metroları,
Oyadır
adamları
Zülmətin
çürük və qara
dişlərindən
səhərə çıxır
Amma yenə
də
Bakı
darıxır...
Malik
Atilayın Bakı sevgisi onun şeirlərində qabarıq
hiss olunur. "Səfər çantası" şeirinə
diqqət yetirək:
Getdiyiniz
yerlərə
Bir az həsrət aparın ürəyinizdə
Sinənizdə
Xəzər qoxulu bir nəğmə çırpınsın
Ruhunuzu əmanət edin İçərişəhərə.
Şeirin
məğzi son misralarda məlum olur:
Qara
gözləriylə ürəklərə yanğın salan
qızın
Xəyalını
da qoyun səfər çantanıza
Qürbətdə
gecələr
Ağır
olur deyirlər
Onun
Bakı sevgisini göstərən misralarda Xəzər
xüsusu yer tutur:
Bahar
güllü qollarını dolayır
şəhərin
boynuna
Xəzər
ağappaq dalğalarıyla
salam
göndərir bahara...
Eyni
sözləri "Uşaq şəhər" şeiri haqda
da deyə bilərik:
Bakının
başı üstündə
Mavi Xəzərə
inad
Dolaşır
qara buludlar
Qapıları
döyür xəzri
Xəzərin
mavi rənginə əks olan qara buludların
dolaşdığı şəhərin hündür
binaların əlindən inildədiyini deyir şair...
Malik Atilay yeniliyi sevən şairdir. Bunu onun "Son akkordlar"
şeirində daha aydın görmək olur:
Ölümə
bərabər bir günün
Son
akkordlarını vurarkən
Payızın
yağışlı bir gecəsində
Səni
xatırlayıram
Pazltək
yığıram səni
Aha, əllərin
Gözlərin
də burdadı
Bu
ayaqların
Bu
çiyinlərin
Dodaqların
burda
Saçların
burda
əllərin əl yelləyir uzaq dünənlərdən...
Min illər,
milyon-milyon insanın ürəyindən keçib getmiş, hərəyə
bir cür təsir edib bir cür duyğulandırmış əbədi
hisslər, insan yaşantılarının solmaz rəngləri,
fəsillər, xatirələri Malik Atilayın da diqqətini
çəkir, onu düşündürür:
Çıxar
xəyallarının ayağından,
İlk dəfə
ayaq açan uşaq qorxusu ilə yeri
Arzularından
nərdivan düzəlt
Qalx
göylərə
Dərin müşahidə qabiliyyəti olan şair,
gördüklərini şeirə çevirməyi bacarır. "Ümidin nəğməsi"
şeirinə nəzər yetirək:
Gecə
növbəsindən çıxıb evinə gələn adam
Oturub bir
küncdə dizlərini ovuşdurur
Qurumuş
barmaqlarıyla silərək
yaşlı gözlərini
Dizinin
üstündə
Uyutmaq istəyir
canındakı ağrıları...
Malik Atilay şeirə münasibəti, diqqəti ilə
seçilir.
"Abort edilmiş güllələr" şeirinə diqqət yetirək:
Günlərin
birində
Ölüm
qusan silahlar susacaq,
Küçələrdən
barıt iyi gəlməyəcək daha
Silahların
bətnindən abort ediləcək
bütün güllələr.
Şairlərin diqqətini çəkən və daim
misralar vasitəsilə əleyhinə olduqlarını
bildirdikləri müharibə mövzusu onun da şeirlərində
əks olunur.
Bu şeirində o, günlərin birində
uşaqlar rahat oynasın deyə, dəbilqələrdə
çiçək, səngərlərdə ağac əkməyə
gedəcəklərini deyir. Və
şeirin sonunda minaların tikanlar kimi təmizlənəcəyini
bildirir şair.
Kitabı
ilə bağlı müsahibəsində ona şeiri sevdirən
dayısı şair Rövşən Naziroğlu olduğunu
deyir M.Atilay...
Onun
şeirlərinin əsas mövzularına həm də tənhalar,
kimsəsizlər və qadınlar daxildir:
Qocalar evi
Əzilmiş
vərəqə bənzəyən üzlərdəki
Ümidsiz,
çarəsiz təbəssüm
Altını
bulayan qadın buğlanan gözləriylə
görür ölümü.
Şeir aləmində ölçü-biçinin
itdiyi, yaxşının pislə qarışdığı,
tərəzinin əyildiyi bir vaxtda Malik Atilayın öz
şeirini yazıb, öz poetik aləmini tapa bilməsi
böyük uğurdur. Malik Atilayın ilk kitabında poetik səviyyədə,
obrazlı, bədiiliklə deyilən şeirlərin həmişə
belə üstünlük təşkil edəcəyi
sonrakı şeirlərindən, sözə nə qədər
ciddi yanaşmasından və daxili potensialından
asılı olacaq. Şeirlərin lirik
ovqatı, səmimi havası sübut edir ki, Malikin sözə,
şeirə bağlılığı, elə-belə, ötəri,
sadəcə şeir yazmaq həvəsi deyil.
"Üzündə gülüş yaradacaqsa,
qorxularının üzərinə get,
sulara danış bütün dərdlərini"
misrasının ovqatını davam etdirsək, şeirlərində
öz söz dünyasında üzləşdiyi çətinlikləri
sulara danışdığını hiss etmək
mümkün olacaq.
Malik
Atilay hissləri, yaşantılarını poetik dillə
anlada bilir: "Ehtimallar" şeirində olduğu kimi:
...Ola bilər
ki, sənin gördüyün
yuxunun eynisini mən
də
görmüşəm
Eyni
qışqırıqla oyanmışıq yuxudan
Bilmək
olmaz eyni yağışda islanıb
Eyni
qızdırmayla gəzmişik bəlkə...
"Yol"
şeiri əsl sevginin nə demək olduğunu anladır:
Sevmək getməməkdir.
...Məndən
və hər şeydən bezib getsən
Arxanca
baxmaram
Özümə
bələdəm
Bircə
dəfə gözüm sürüşsə getdiyin yola
Durub gələrəm
arxanca...
Şair ilk olaraq yaranacaq şeirin əhval-ruhiyyəsini
yaradır, sonra poetik sözünü deyir. Sözün rəngi
də qövsi-quzeh kimi rəngini həmin zaman tapır.
"Rəsm
albomları" şeirində şair yay-qış bacası
tüstülənən evlərin, o kiçik evlərdə
ilk sevgilərin, ilk qorxuların qaldığını deyir rəsm
albomlarında:
Biz
qaldıq
Gülüşümüz
qaldı rəsm albomlarında
Təbəssüm
yeməyin yağı idi
Sildik
dodaqlarımızdan böyüdükcə
Malik
Atilayın ilk kitabına uğurlar arzulayır və ondan yeni,
bugünkü ədəbiyyatımızın ruhunu daha
dolğun əks etdirən şeirlər gözləyirəm...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.8.