“Dəli Kür”: dəyişən dəyərlər
və
roman texnologiyası kontekstində
İsmayıl Şıxlının "Dəli
Kür" romanı ilk növbədə sovet
romançılığında ikili estetika
daşıyıcısı kimi maraq doğurur. "Dəli
Kür" yeni nəsrə keçidi hazırlayan əsərdir.
Romanın yazılma tarixi kimi müəllif 1957-1967-ci illəri
göstərir. On illik dönəmi həm 20-50-ci illər
sovet romançılığında "itirilmiş
zaman" amilinin sona varması, həm də İsmayıl
Şıxlının bətnində hələ də
sosrealizm elementlərinin olduğu "Ayrılan yollar" əsərindən
sonra ciddi nəsr hadisəsi meydana qoymaq üçün gərəkli
bildiyi zaman kəsimi hesab etmək olar. Bu zaman kəsimində
İsmayıl Şıxlı qələmi daha da cilalanır,
təbəddülat yaşayır, tarix və insan məqamlarının
dərinlərinə enmək üçün fürsət
qazanır.
"Dəli
Kür" romanı çöküş əhval-ruhiyyəsini
ehtiva edən əsərdir. Bəyliyin
çöküşünü, patriarxal dəyərlərin
iflasını, ölən dünyaların təzahürlərini
verən, bunu təmkinli mövqedən müşahidə edən
və dərin qatda işləyən mətndir. Müəllif
Cahandar ağanın timsalında patriarxal dünyanın
çöküşünü ifadə etməyə
çalışır. Amma İsmayıl Şıxlı məsələni
necə qoyur əsərdə? Bəyliyin daha çox daxili-mənəvi
hisslərinin qabardılması, periferiyadan mərkəzə gətirilməsi
ilə. İnsan obrazını bütün tərəflərdən
təhlilə çəkməklə. Maarifçi ədəbiyyatın
önə çəkdiyi "meşşan" tipindən,
sosrealist ədəbiyyatın tənə, istehza predmetinə
çevirdiyi personajdan sonra bəy obrazı ilk dəfə bu əsərdə
yeni kontekstdən təcəssüm predmetinə çevrilir:
həm insan kimi hərtərəfli səciyyəsi, həm də
feodal-patriarxal dəyərlərin daşıyıcısı
qismində.
Roman
özlüyündə düşündürür, necə
ola bilər axı, Cahandar ağa kimi ailəsinə, namus məsələsinə,
bəylik kriteriyalarına bu qədər həssas yanaşan
adam başqasının xanımını qaçırmaqla
belə bir xətaya yol verir? "Dəli Kür"ü illərlə
gündəmdən düşməyə qoymayan başlıca
amil bu sualın açıq qalmasıdır həm də.
İsmayıl Şıxlı əsərdə, ilk növbədə,
dəyərlərin antitezasını yaradır. Bunu movizm də
adlandırmaq mümkündür. Modernizmin movizm metodu dəyərlərin
bilərəkdən korlanması hesabına aparılır.
Əsər bir çox başqa məqamları - əsas və
törəmə süjetləri içinə alsa da,
birbaşa Cahandar ağanın namus fəlsəfəsinin
iflası üzərində qərarlaşır. O şeyi ki,
Cahandar ağa namusu hesab edir - arvad, at və papaq, - hər
birinin tədricən deqradasiyaya uğrama səbəbləri təsvir
edilir. Birinciyə münasibətdə Cahandar ağanın
özü xətaya yol verir. Digər proseslər də
"cinayətin cəzası" üzərində qurulur.
Baş qəhrəmanın içindəki "son
problematikası"nı yetişdirən amilə
çevrilir. Qaçırdığı qadının əri
Allahyar onun sevimli atı Qəmərin yalını
qırxır və quyruğunu kəsir. Molla Sadıq qisas
almaq üçün bacısı Şahnigarı meyxana məclisinə
sürükləyir. Namus məsələsində
sorğu-suala lüzum bilməyən Cahandar ağa həm
bacısı Şahnigarı, həm də atının
ölümünü öz əli ilə gerçəkləşdirir.
Bu, onun daxilən çöküşünü
stimullaşdıran əsas səbəblərdir. Hər
ölümlə Cahandar ağa bir az da qürub edir.
Bacısı ilə birgə daxili müvazinəti, atı ilə
birgə varlığı, qüruru sonluğa yön alır.
"Dəli
Kür" romanı yazıldığı vaxtdan hər zaman
ədəbi tənqidin diqqətində olmuşdur. Əsərlə
bağlı müxtəlif fikir haçalanmaları meydana
çıxsa da əsas mübahisə Cahandar ağa
obrazına münasibətdə yaranmışdır. Bununla
belə əsərdəki bədii-estetik keyfiyyət, canlı
və dinamik təsvirlər, kolorit onu bütün dövrlərin
oxunaqlı əsəri sırasına
çıxarmışdır. Bura adekvat olaraq hər
dövrün öz baxışını, yeni təfsirə gələn
məqamları əlavə etsək deyə bilərik ki,
"Dəli Kür" bütün dəyişən dəyərlər
və zaman kontekstində qiymətləndirilmiş əsərdir.
Bu yaxınlarda kinoşünas Sevda Sultanova "Ədəbiyyat
qəzeti"nin "Ekranlaşdırılmış ədəbi
əsərlər" layihəsində "Dəli
Kür"lə bağlı təhlillərində onun
bütün dövrlər üçün dəyərli sənət
nümunəsi olması faktının konkret detallarına
varır: "Dəli Kür" monumental, çoxşaxəli
əsərdir: mənəvi dəyərlər,
qadın-kişi münasibətləri, ata-oğul, yeniliklə
köhnəliyin, cəhalətlə mütərəqqi
ideyaların konflikti, Çar Rusiyasının
işğalçı siyasətinin, dövrün ictimai-siyasi
mürəkkəbliyinin təsviri və bunun Cahandar
ağanın taleyinə təsiri... İsmayıl
Şıxlı qələmə aldığı
dövrü təfərrüatıyla araşdırıb,
çevik ədəbi dili və manerasıyla çoxsaylı
motivi dramaturgiyada məharətlə nizamlayıb. Epizodlar
bir-birini əsaslandırır və çeşidli
mövzular zəncirvarı, riyazi dəqiqliklə
sıralanır".
"Dəli
Kür" həm də qadın romanıdır. Bu əsərə
qədər qadının iç dünyasının
açıldığı, meydana qoyulduğu əsərlər
az olmamışdı nəsrimizdə. Amma qadın
dünyasının kişi nəzərlərindən bu dərinlikdə
açımı nəsrimiz üçün atipik hadisə
idi. Əsərdə bunu realizə edən çoxlu səhnələr
var: Zərnigar-Mələk-Şahnigar obrazlarının təcəssümündə.
İsmayıl Şıxlının yazıçı kimi
gücü məhz, qadın yaşantılarını,
psixoloji təbəddülat məqamlarını dərin təcəssümündə
verə bilməsindədir.
Romanda Rus
Əhməd-Kipiani-Əşrəf xətti ilə
maarifçi dalğanın qabarıqlığı hiss olunsa
da, ümumən sosrealizm ünsürlərinin
varlığı, Əşrəf-Pakizə, Molla Sadıq-Cahandar
ağa dialoqlarında belletrizm çaları,
şüarçılıq rudimentlərinin olması da
danılmazdır.
Müstəqllik
dönəmində yazılan əsərlərdə "Dəli
Kür" romanının hansı təzahürlərini sezmək
mümkündür? Zənnimcə, müqayisə
oxşarlıqdan daha çox fərqliliyə rəvac verən
faktlara yol açır. Çünki bu dönəmin nəsri
artıq fərqli hadisədir. Burada mövzu dəyişimindən
tutmuş roman strukturunda, yanaşmasında olan bütün təbəddülatlardan
danışmaq mümkündür. Bu gün ənənəvi
roman janrında həcm etibarilə kiçilmə, struktur
etibarilə sadələşmə gedir, bir-biri ilə əlaqəsi
olmayan süjet xətlərinin təqdimi, zamanlararası
keçidlər, simvolların qabarıqlığı,
arxetiplər bolluğu, dil qatında sadəliyə, ifadə bəsitliyinə
meyil, obraz fərqliliyinin olmaması nəzərəçarpacaq
xüsusiyyətlərdir və əksər romanların əsasını təşkil edir.
Çağdaş
romançılığımızda "Dəli
Kür"dəki hansı dəyərlərin qorunması,
prosesə ötürülməsi faktı ilə üzləşirik?
Son dövrün nəsr nümunələrinə dayaqlansaq,
bizdə öz yaşam qanunları ilə seçilən milli
obraz nəzərə çarpmır. Bu obrazın sələfləri
də milli yaddaş daşıyıcıları kimi, sanki
tarixə dönmüş, öz funksionallıqlarını
dondurmuşlar. Adətən bu mövzu o zaman təsvirə
çəkilir ki, cəmiyyətdə xaos nizamı,
disharmoniya harmoniyanı əvəz edir. O zaman nəsr də
inersiya ilə milli yaddaşı silkələyərək onu
ayıq-sayıq salmağa çalışır, milli
psixologiyamıza yabançı elementlərin, ünsürlərin
qovuşmasına etiraz edir. İsmayıl
Şıxlının "Ölən dünyam" əsərində
belə bir epizod var. "Troyka"nın sadiq qulu olan Fətullayev
qolçomaqların kökünü kəsmək
üçün bir dəstə hazırlayır və
Qeybalı kişiyə tapşırır ki, kəndə gələn
hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu
zaman Qeybalı kişi acı-acı gülümsünür və
deyir: "- Kim gələcək? Kənddə
başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana
çıxsın? Söhbətin bu yerində Keçəl Xondulu
qapını açıb içəri girdi". Ədəbiyyatımızda
keçəl obrazının hansı neqativ məzmun ehtiva
etdiyini nəzərə alsaq, müəllifin priyomundakı
ironik çaların məğzini tutmaq çətin olmur.
Əgər bu zamanın kişisi, "Cahandar"
ağası, vurub-tutanı Keçəl Xondulu idisə, deməli,
cılızlığın igidliyə meydan oxuduğu zəmanə
gəlirdi.
Yeni cəmiyyətdə
milli insanın mövqeyi necə görünür, o, yenədəmi
cəmiyyət üçün "artıq adam"dır,
yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi,
düşüncə hüdudu qarşısında güzəşt
edir, onun ənənə və mühafizəkarlıq
meyarlarının cəmiyyətdə
dayanıqlılığına çaba göstərir. Bəs
əvəzində nə təklif edir? Günbəgün dəyişən
və milli keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin
bu günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı
kimdir, necə olmalıdır? Baş qəhrəmanının
adının əsərin öz adını əvəzlədiyi,
onunla bir sırada dayandığı neçə roman saya bilərik,
məsələn?
Daha
"Dəli Kür"də olan çoxcəhətlilik,
süjet mürəkkəbliyi və əhatəlilik
bütün romanlarımız üçün səciyyəvi
hal deyil. Əvəzində nəsrimiz daha dərinlərə
varmaq şövqü ilə qələm işlətməkdədir.
Mifdən başlamaq, kosmik, mifik və ilahi elementlərin məkanı
olmaq, tarixin yeni kontekstdən oxunuşu baxımından Kamal
Abdullanın, Zahid Sarıtorpağın, İlqar Fəhminin
romanları bədii təfəkkürün tematikasına əlavələr
qatır. Məkan və zaman paralelləri, süjetdə
çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin
birgəliyi, dünya fəlsəfi-estetik düşüncəsindən
iqtibas olunan məqamlarla sintez, universal məzmunlu dəyərlərə
canatım, həyat və ölüm, gerçəklik və
yuxu, illüziya və reallıq arasında sərhədsiz
keçidlər, retrospektiv düşünmək - bu
yazıçıların əsərlərində təsadüfi
xarakter daşımır, həm də yalnız bədii deyil,
eyni zamanda fəlsəfi məkanı təşkil edirlər.
Bu gün
tarixi roman janrına diqqət ön plandadır. Yalnız
tarixi roman janrında deyil, çağdaş romanlarda belə,
əsas istiqamətverici fonu tarix təşkil edir, hətta bir
neçə zamanı bədii təcəssüm predmetinə
çevirmək meyli əsəri roman içində roman kimi
təqdim edir oxucuya.
Xalq həyatına
geniş nüfuz, rus imperiyasının
işğalçı siyasətini ifadə eləmək baxımından
Anarın "Ağ qoç, qara qoç", Elçinin
"Baş", Məmməd Orucun "Qara güzgü"
romanlarını qeyd eləmək lazımdır. Anarın
nağıl mətninin simvolikasına
sığınmaqla ictimai-siyasi ab-havaya adaptasiya olunmaq məramının
nəticəsi olaraq yaranan "Ağ qoç, qara
qoç" əsəri həm ideya-bədii keyfiyyət
nöqteyi-nəzərindən, həm də dövrün,
baş verən proseslərin intuitiv dərki baxımından
diqqət çəkir. Xatırlayıram,
əsər yazıldığı dönəmlərdə tənqidçi
Bəsti Əlibəyli onun haqqında "əsər təkrarlana
biləcək yaxın keçmişin səksəkəsi -
qorxunun proyeksiyasıdır" - kimi fikir səsləndirmişdir.
Hər halda yaddaşın oyaq və ayıq
qalmasına xidmət edən bu kimi əsərlər epoxal
gerçəklərə nüfuz baxımından gərəklidir.
Eyni geniş səciyyəni Elçinin "Baş"
romanı da verir. Bu əsərdə də "atan kazaklardır"! XIX əsrin əvvəllərində Azərbaycan
xanlıqları və onun Rusiya tərəfindən
istilasının gerçək mənzərəsini yaratmaq
baxımından yazıçı tarixin bəlli bir
dövrünün estetik ekvivalentini yaradır. Həm də janrın yeni struktur texnologiyalarından
yararlanmaqla. Müəllif retrospeksiyanı əsərin
strukturuna birbaşa zaman ünsürü kimi daxil edir. Zaman paralelləri, çoxqatlı məkan
ölçüləri, biri digərini əvəzləyən
surətlər polifoniyası hər biri qəhrəmanın kəsilmiş
başının nəzərlərində, oyanan
yaddaşında, şəffaf və çəkisiz
varlığında, sönməyən beyninin daxili bioloji
ritmlərində baş tutur.
Məmməd
Orucun "Qara güzgü" əsərində Vedibasarda
ruslar tərəfindən xalqın başına gətirilən
oyunların izlənilməsi var. Qara güzgü atın
gözünə işarədir və bu gözdə müəllif
tarixin müəyyən bir dövrünün geniş səciyyəsini
verməyə nail olur.
Nəriman
Əbdürrəhmanlının böyük dövlət
xadimi Şah İsmayıl Xətai və onun həyat
yoldaşı Taclı Bəyimin həyatından bəhs edən
"Taclı", yaxud Yusif Vəzir Çəmənzəminlinin
həyatından bəhs edən "Qurban", Sona Vəliyevanın
Həsən bəy Zərdabinin həyat yolundan, XIX əsrin
tarixi-ədəbi proseslərindən bəhs edən
"İşığa gedən yol", Sabir Rüstəmxanlının
Məhəmməd Hadinin həyatından bəhs edən
"Şair və şər" romanlarında əsasən,
bir şəxsin taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə
nüfuz edilir. Amma proses tarixi bir dönəmin yenidən
inikası səviyyəsində deyil, öz milli kimliyini və
müəyyənliyini, tarixi statusunu aydınlatmağa
çalışan fərdin düşüncəsinin strukturu
şəklində gerçəkləşir.
Tarixi mövzu və dəyərlərin funksionallığı
məsələsi öz yerində. Bir də əsərin adında
ehtiva olunan simvolik çalar var: Dəli Kür! Bu
yaxınlarda oxuduğum Sərdar Aminin "Su sərgisi"
romanında müəllif Xəzər dənizini Kür
çayı kimi subyektləşdirməyə müvəffəq
olmuşdu. Hər iki əsərdə təbiət
obrazın daxili hisslərinin leytmotivinə çevrilir. Ölüm və həyat pafosu təbiəti təsvirlə
vəhdətlənir. Tutqun hava, əhvaldan
və baş verən situasiyadan asılı olaraq Xəzər
dənizinin qorxu aşılayan sərt mənzərəsi,
atmosferin bədbin estetika ilə yüklənməsi
baxımından roman "Dəli Kür"dəki sıradan
predmet kimi mənalanmayan su arxetipini yada salır. Su ölümün və həyatın metaforuna
çevrilir, obrazların intihar aktının
reallaşdıracağı məkan kimi təsvirə çəkilir.
"Dəli Kür" dəyərlərin dəyişdiyi
bütün zamanlar üçün yazılmış əsərdir. Əsərin
bu gün tarixi missiyasını davam etdirməsi fikrimizin
sübutudur.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.10-11.