Eşq və ağıl poeması
Elxan Zalın kitabı
üçün son söz yerinə yazılmış bir
yazı
Elxanın
da formalaşdığı ötən əsrin 90-cı illərindən
bu yanakı çağdaş poeziyamızda Əlisəmid
Kür şeirimizə gətirdiyi əsəbilik, Adil Mirseyid
hüzn və melanxoliya, Kəramət mühacirət
stixiyası, Əjdər Ol yüksək vətəndaşlıq
plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad
Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca
eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu Ağsəs xəlqi
modernizmi ilə yadda qalacaq. Əlbəttə,
sadalanan keyfiyyətlər həmin yazarların yalnız bir
keyfiyyətini ifadə edir, üstəgəl bu siyahını
mövcud şairlərin sayı qədər böyütmək
daha dolğun və ədalətli görünə bilər.
Amma mən elə əlamətləri
sadaladım ki, onların hamısına Elxan Zalın şeirlərində
rast gəlinir. Onlar adları çəkilən
şairlərin yaradıcılıqlarından
qırmızı xətlə keçirsə, həmin xətlər
Elxanın poeziyasını ana dili dəftərinə
çevirir. Özü də bu xüsusiyyətlər
Elxanın poeziyasında müxtəlif semantik-dil müstəvilərində,
bir də mənim daha vacib saydığım rəngarəng
metrikalarda baş verir.
Mövzu
spektrinə görə onu Fazil Hüsnü Dağlarca, ovqatına
görə ingilis Odenə, fransız Mişel Uelbekə,
üslub xassələrinə görə Oljas Süleymenova bənzətmək
olar. Əgər Elxan Zalın şeirlərinin "qafiyə
sözlüyünü" tərtib eləməli olsalar, o,
çağdaş poeziyamzın:
a) ən geniş
b) ən qədim və milli
c) ən modern və dünyəvi
d) ən gözlənilməz və maraqlı
lüğəti olacaq.
"Tonqa-Konqo",
"Kolizey-Quzey", "Xırdalan-Qurdalan",
"Hippi-Missisippi", "Bonapart-Partapart",
"Kafka-kepqa", "Müzik-bizik",
"momento-sakramento", "yakamoz-boz",
"axır-ilaxır", "Antik-romantik", "Donda-Anakonda",
"Alay-qolay", "Mayami-daimi", "Fortepiano-Sirano"
kimi cütlərlə Elxan, poeziyamızdakı qafiyə vərdişlərimizi
qırır, türkün qızıl dövründən
danışırsa, bizi həmin danışığa, səs-küyə,
cəng səsinə qulaq asdığımıza
inandırır, müasirlərindən söz edirsə, bizə
təkcə günümüzün sözlərini deyil,
bugünümüzün qəhrəmanları, ədəbiyyat
yaradan adları da göstərir. Elxan yeni qafiyələr
yaratmaqla onların dəqiqliyinə də diqqət yetirir ki, sərbəst
şeir meydanlarının saysız-sonsuz və qolkipersiz
qapılarına top vuran "poetik pelelik" dövründə
o, ciddi, dəqiq, ölçülü-biçili,
qapılı-qafiyəli poeziyanın həqiqi Maradonası kimi
görünür (bu cümlə də qoy Elxanın mənə
təsirinin publisistik inikası sayılsın). O, qafiyədən
istifadə edirsə, bunu zərgər dəqiqliyi ilə edir,
assonans və dissonansların qoltuğuna
sığınmır, etmirsə, onu yenə də
poeziyanın lehinə olaraq etmir. Məsələn, Elxanın
"Cahana cahad" şeirində cihadı bəzi
regionlarımızın şifahi nitqindəki kimi cahad yazaraq həm
şeirin adında, həm də sonradan mətnin içində
"cahanı" "cahadla" qafiyə tutaraq, bizim ədəbyiyyatda
ilk unikal göz qafiyələrindən birini yaradır.
O, rus
şeiri gümüş dövrünün nəhənglərindən
olan Osip Mandelştam kimi dünya mədəniyyətinə
akmeistik xiffət duyur, yunan-Roma-Misir-slavyan-şaman-türk miflərinə
müraciət edir, gah İstanbulda lokantadadır, gah
Varşavada və ya Krakovda oteldə polonezə qulaq asır,
gah Nizami küçəsində professor Pleyşner kimi şəstlə
yeriyirsə (onun məhz bu küçədə belə yeriməyə
haqqı çatır), həmin küçənin
"Torqovıy"a metamorfozunu, ordakı həyatı kədər,
ironiya və ustalıqla qələmə alır.
Elxanın poeziyasını çoxlu rakusrlardan,
mövqelərdən - ədəbiyyatşünaslıq və
tənqid kanonlarından çıxış edərək,
ideoloji plastda dəyərləndirmək olar əlbəttə. Bu vacibdir, həm də
şeirin aid olduğu dilin qarşısında, coğrafiya
qarşısında, adamlar qarşısında borcu var. Yeri gəlmişkən,
həm professor Nizami Cəfərov, həm filologiya elmləri
doktoru Arif Əmrahoğlu, həm Elçin Hüseynbəyli,
həm də Əsəd Cahangir və Rasim Qaraca Elxanın
şeirlərinin məhz bu məziyyətləri haqqında
maraqlı yazılar yazıblar.
Amma məncə,
Elxanın müxtəlif metrikalarda uğurla yazmasıdır
ki, bunu da az əvvəldə qeyd eləmişdim.
Bunu daha vacib saymışdım. İndi bu fikrə yenə qayıdıram. Niyə? Yəqin, ona görə
ki, məhz metr - müəyyən elementar ritmik hissələrin
mətn içindəki vaxtaşırı təkrarı
şeirin həyatla, zamanla əlaqəsini göstərir, məhz
zamanı imitasiya eləməyə cəhd edir, onun
reprezintasiyası olur.
Bəlkə ona görə məsnəvi, qoşma, gəraylı,
bayatı, müstəzad, hecanın müxtəlif müasir
variantlarında verlibr yazmaqla Elxan Zal özünün zamanla
bir deyil, bir neçə bağının olduğunu göstərir. Əlbəttə,
bu, böyük peşəkarlıq göstəricisidir.
Amma məncə, onun başlıca uğuru "pozuq heca"
və "ağ şeir" ölçülərində
yazmasıdır, məhz bu iki ölçüdə, bir az da
dəqiqləşdirsəm, daha çox sonuncuda Elxan
böyük improvizator (=şair) olduğunu sübut edir. Mən bunun niyə belə olduğunu çox fikirləşmişəm
və qərara gəlmişəm ki, bu, "ağ
şeir"in özünün xisləti və Elxanın bunu
lazımınca dəyərləndirə bilməsi ilə
bağlıdır. Sətirlərin, misraların başında
sözlərin əl tutuşması olan, onları bir-birinə
nişan verən qafiyəni istisna edən "ağ
şeir", əslində, eyni şeyi qafiyənin yoxluğu
ilə bir tərəfdən, misralarındakı heca
saylarının bərabərliyi ilə digər tərəfdən
edir. Bir az da qısa desəm, eyni heca sayının
yaratdığı ritmika, bərabərlik duyğusu oxucunun
qavrayışını zorlamır, əksinə, qafiyənin
yoxluğu ona oxuduğu poetik mətnin adi nitqi ilə harmoniyada
olduğunu asanlıqla hiss etdirir.
Şeirimizin əhəmiyyətli, miqyaslı və
çox təəssüf ki, gözdən qaçan hadisələrindən
birini də Elxan yaradıb. Mən bu kitaba daxil
olan "Polonez" poemasını nəzərdə tuturam.
"XVIII əsrdə 3\4 ritmli milli polyak rəqsi,
rəqs-yürüşü, rəqs-alayıdır; bu rəqsin
ritmində olan musiqi əsəri də polonez adlanır"
(Brokqauz və Yefronun ensiklopediyasında polonez haqqında bu
qeydlər var). Bəs poema adaşından
nəyi əxz eləyib? Onun da taleyində 18 var, poema 18
hissədən ibarətdir; lirizm, hüzn və oynaqlıq rəqsə
xas olduğu kimi, poemaya da xasdır; bir də poema
"polonezin" tərifindəki yürüş xassəsinə
malikdir: müəllif "mən noyon deyiləm Xan
Ordasında/ içimdə bir ayrı fəth duyğusu
var..." yazır ki, maraqlı arxitektonikaya malik poemanı
oxuduqca, əsərin bir azərbaycanlı-türk
intellektualının lirik eşq yürüşü
olduğu bilinir. Görüşü,
düşüncələri, Elxanın öz təbirincə
desək, sevişi, Anna ilə gəzintiləri, müqayisələr,
miflər və sairə. Metrikalar dəyişir,
"ağ şeir"lə başlayan sətirlər hecaya,
vurğu sərbəstinə, təkrar hecaya, verlibrə və
yenidən "ağ şeirə" keçir. Burda həm hecanın, həm də "ağ
şeirin" müxtəlif variantlarından istifadə olunur.
Məsələn, "Qonaq qapısı",
"Görüş önü", "Şam şöləsində
vida" hissələri 11-lik "ağ şeir"lə,
"Duet" "ağ şeir"in 14-lük versiyası ilə,
"Qış nağılı" 10-luq məsnəvi ilə,
"Sevdalı gecənin qoşqusu 10-luq pozuq çarpaz hecada,
verlibr və çastuşka-krakovyak metrinə yaxın
çoxlu başqa metrlərdən virtuozcasına istifadə
edir Elxan. Burda nələrə rast gəlinmir?
Din, siyasət, tarix, kilsələr, tevton cəngavərləri,
türk igidləri, Füzuli, Mistkeviç, Şopen, Oruc bəy
Bayatlı, Madonna, İsida, Mehr Banu, Kraso(a)pani, Papa, ona qəsd
etmiş Əli Ağca, hətta Bzejinskiyə... Məsələn,
belə bir məqam (lirik qəhrəman polyak sevgilisinə -
gözəl Annaya) deyir:
"Sən
Əli Ağcanı xatırlayırsan/ O, güllə
atmışdı papaya bir vaxt/ Papa bağışladı
xristian kimi/ türklər bağışlamır, yavuzdur
yasa..." - məsələn, tarixdə türklərin daha mərhəmətli
olması haqda çoxlu misallar gətirib Elxanla (müəllifin
lirik inikası ilə) razılaşmamaq olarsa da, əslində,
müəllif bugünkü Avropa Birliyi və ona canatımla
bağlı reallığı göstərir, sonra da sanki
"antimillidir" yarlığından sığortalanmaq
üçün "vaxt tap Bakıya gəl, sevimli pani/ orada
dualar tez çatır göyə" - deyir... Vətəni
belə deyib sevmək, bu cür görmək istəmək
çox gözəldir, mən burda şlyapamı astaca
çıxarıram.
Ümumiyyətlə, poemanı oxuduqca Elxanın
mütaliə dairəsinin genişliyi ilə üzvi şəkildə
qonşuluq edən dərin romantikası və lirizminin sehrinə
düşürsən. Şahanə misralara rast gəlirsən.
Bayaq göstərdim, bir də oxuyaq "mən noyon deyiləm
Xan Ordasında/ içimdə bir ayrı fəth duyğusu
var..."; yaxud "indi Amerika/ dansları
dəbdə/ mən polonez sevərdim/ orta məktəbdə";
və ya "şeir oxuyuruq urus ağzında", "buzlar
suya dönür, sular buxara/ torpaqda bir az çox
yaşayır kəmik..."; yenə "şaxta kar etməz
eşq istisinə/ mey xumarında vaxt qovur baca...".
Belə misralar çoxdur, lap düzü isə belə
olmayan misralar azdır, ona görə mən Elxanın
yazdığı bir eşq və ağıl poeması olan
"Polonez"in "Duet" adlı hissəsinə
qısaca göz atacam. Niyə bu hissəyə? Yəqin,
ona görə ki, eşqdə üçüncüyə yer
yoxdur, o, həmişə duetdir; xüsusən bu duet həmişə
ağla (saflıq rəngi, yataq rəngi və sairə)
assosiasiya olunub, Elxanın ustacasına hakim oluduğu
"ağ şeir" ölçüsü ilə
yazılıbsa.
Bəzi
yerləri oxuyaq: "Gecə söhbətlərində
şifirlənmiş sehr var/ Gecə köynəklərində
yanıqlı bir polonez". Birinci cümlədə
hər şey aydındır. Bəs ikinci?
Polonez qadın və kişilərin birgə alayı,
yallısı, rəqsidir, adətən bunu nikahda olanlar bir
yerdə edir, bəlkə bu qadının kişisiz
olduğuna işarədir... Ardını oxuyaq: "Hər kəs
sayğac qoşanda sənin çılpaqlığına/
Qaranlıqdan don biçir yarasa uçuşları"...
Ehtimal təsdiqlənir, qadının sevgilisi olsa da, (müvəqqəti
bir eşq) o, ərsizdir, hətta onun
çılpaqlığına sayğac qoşanlar da var, ən
azı olub, lirik qəhrəman bunu bilir... Diqqət
yetirin, bütün yataq hadisələri daha çox (elə
duet baş verən anda da) gecələr baş verir ki, Elxan
bunu necə gözəl ifadə edir. Qaranlıq səmanı
sağa-sola, aşağı-yuxarı, ziqzaqlarla, dairəvi
cızan kor yarasaları təsəvvür edin və bir də
oxuyun: "Qaranlıqdan don biçir yarasa
uçuşları" - sarsıdıcı vizuallıq və
digər tərəfdən qadının paltarsız
olduğuna da, türklər demiş, nazik bir eyham... Sonra
başqa şahanə poetik cümlələr: "Süvari
pıçıltılar boşaldıb yüyənini..."
(yəni pıçıltılar səngiyir),
"blüz çalır sığalların isti
barmaqlarında" (söz daha çox hərəkətə
keçir), "ikonadan göz qoyur Məryəmin
yasaqları" (ikona adətən divarda olur, divar özü
isə hüdud və qadağa deməkdir ki, bir cümlədə
qadağa və interyer çox maraqlı tərzdə göstərilir)
və nəhayət, "dualı dodaqların ayələri
bitəndə/ öz solo konsertinə başlayır bizim
duet...". Şərhə ehtiyac yoxdur.
Sonuncu sətrə
qədər güclənən hisslər artıq təxəyyülün
ixtiyarına buraxılaraq çoxyozumluluq qazanır, hər kəs
sonranı özü istədiyi və görə bildiyi kimi
görür; bu, eyni zamanda etikdir də... Gərək
Tarkovski pəncərəyə qonan göyərçinlərin
qəfil uçuşuyla "çarpayı səhnə"sinə
işarə etmişdi, nədənsə, bu yadıma
düşdü. Fikirlərimi burda bitirir,
yox, kəsirəm. Çünki "kitab
üçün son söz yerinə yazılmış bir
yazı" oxucunu təkrar mütaliəyə qaytarırsa, mənim
fikirlərimə bundan sonra nə hacət, qaytarmırsa, davam
etməyə yenə və heç ehtiyac yoxdur.
...Sadəcə,
əziz oxucu, bil ki, əlində tutduğun kitab - kitab yox, vətənimizin,
dilimizin dünya kodları ilə danışa bilən
iki-üç şairindən birinin qaynar, romantik,
hüznlü ürəyidir...
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 22
iyun.- S.13.