Anar Məmmədov “Uşaq inanmalıdır ki, kuklanın

arxasında insan deyil, elə kukla özüdür”

 

"Dördüncü divar" layihəsinin qonağı Abdulla Şaiq adına Kukla Teatrının rejissoru Anar Məmmədovdur

 

- Anar bəy, sevimli aktyorumuz Ramiz Məmmədovun oğlusunuz. Rejissorluq sənətini seçməyinizdə atanızın rolu olmuşdu?

- Atamın sənətindən daha çox qardaşım təsirlənmişdi. Müəyyən mənada aktyorluq potensialı da vardı. O, çox istəyirdi ki, aktyor olsun. Atama bu haqda deyəndə atam dedi ki, əgər məndən yaxşı aktyor olacaqsansa, ol. Atamın bu sözlərindən sonra qardaşım özündə bu güvəni tapa bilmədi, hərbçi oldu. Amma mən, belə deyək də, özümə inandım.

- İncəsənət Universitetində kurs rəhbəriniz, müəlliminiz Bəhram Osmanov olub. Bəhram Osmanovdan nələr öyrəndiniz?

- Bizim Bəhram müəllimlə indi də həm tələbə-müəllim, həm də həmkar kimi münasibətimiz var. Mən ondan indinin özündə də bir çox şeyləri öyrənirəm. Çünki universitet illərində keçdiyimiz bəzi şeylər zamanla yaddan çıxır və ya dəyişilir. Bizim kursumuz isə ümumiyyətlə çox unikal kurs idi. Çünki dram rejissorluğu fakültəsi olaraq on nəfər idik. Bu isə rejissorluq fakültəsi üçün həddindən çox idi. Bəhram müəllimin bizə ilk sualı bu olmuşdu. "Niyə bu sənəti seçmisiniz?". Həmin on nəfərdən bircə mən rejissorluq sənəti üzrə işləyirəm. Bəhram müəllim həvəsli tələbələrlə də maraqla işləyirdi. O bizə deyirdi, rejissorluq elə sənətdir ki, bunu öyrətmək olmur, amma öyrənmək olur.

- Kukla Teatrını seçmək, uşaqlarla ünsiyyətdə olmaq istəyi necə yarandı?

- Universiteti bitirəndən sonra hərbi xidmətə getdim. Xidmətdən qayıdandan sonra işləmək üçün Kukla Teatrına dəvət aldım. O vaxt teatra gələndə teatrın baş rejissoru rəhmətlik Rəhman Əlizadə mənə dedi ki, universitet illərində nə öyrənmisənsə, hamısını unut, hər şeyi sıfırdan başla. Sonralar doğrudan da, elə onun dediyi kimi oldu.

- Nələri unutdunuz?

- Bilirsiniz, Kukla Teatrının spesifikası tamam başqadır. Bu teatrda tamaşa qurmaq daha çətindir, rejssordan daha çox fantaziya tələb edir. Aktyorlarla iş prosesi tamamilə fərqlidir. Burada biz hissləri, duyğuları aktyorlara elə ötürməliyik ki, onlar kuklaya, kukladan isə tamaşaçıya gəlib çatsın. Ən böyük tənqidçilərimiz də elə bizim tamaşaçılarımızdır. Çünki tamaşa onların xoşuna gəlməsə, ya ağlayacaqlar, ya da evə getmək istəyəcəklər.

Biz digər teatrlara tamaşaçı hazırladığımızdan çiynimizdə çox böyük məsuliyyət var. Bu baxımdan Rəhman müəllimin sözlərində həqiqət vardı. 2011-ci ildən Kukla Teatrında işləsəm də, bu günə qədər öyrənirəm.

- Kuklalarla işləməyin çətinlikləri nələrdi?

- Bəhram müəllim bizə canlı insanlarla işləməyin necəliyini öyrədib. Amma kuklalarla işləməyin çətinliyi ondadır ki, kuklalar bir simaya malik olur. Onlar düzəlib bizim teatın səhnəsinə gələndə ya ağlayırlar, ya da gülürlər. Kukla Teatrı aktyorunun əsas uğuru isə peşə vərdişinin olmasındadır. Çünki onlar artıq kuklaya öyrəşiblər. Kuklaya və yaxud da istənilən taxta parçasına öz emosiyalarını ötürə bilirlər. Bundan sonrası isə zəhmətdən və işdən ibarətdir ki, baxan tamaşaçı bundan sonra danışanın insan yox, kukla olmasına inansın. Bizim aktyorlarımız hamısı qara geyinir. Qara geyimdə, üzləri bağlı olsalar da, bizim aktyorların məharəti ondadır ki, zalda əyləşəndə biz, sanki onları unuduruq, görmürük. Buna görə də Kukla Teatrının aktyoru olmaq digər teatrın aktyoru olmaqdan çətindir.

- Dram rejissorluğu fakültəsinin məzunusunuz. Kukla Teatında işləmək sizin üçün nə qədər maraqlıdır?

- Bilirsiniz, aktyorlar arasında belə bir fikir əmələ gəlib ki, Kukla Teatrının aktyoru gedib başqa teatrlarda işləyə bilməz və s. Amma rejissorlar arasnda belə fikir yoxdur. Çünki rejissor hər yerdə rejissordu. Kukla Teatrı mənim üçün o qədər doğma və əziz bir məkandır ki, başqa teatrlardan olunan dəvətlər, əməkdaşlıq prosesi mənim ancaq özümü sınamağım üçün lazımlı ola bilər. O da Kukla Teatrından çıxmamaq, uzaqlaşmamaq şərti ilə.

- Kukla Teatrının sehri nədədir ki, sizi həmişəlik ora bağlayır?

- Uşaqlığımız bitən zaman biz böyüyürük. Amma bizim teatrda işləyənlərin əksəriyyəti elə içi mən qarışıq hamısı uşaqdır. Uşaqlıq itəndə saflıq da itir. Biz isə həmişə uşağıq. Tamaşalarımızı uşaq kimi hazırlamasaq, uşaq kimi rolları ifa etməsək, uşaqlar bizə inanmazlar. Ona görə də birinci özümüz uşağa çevrilirik, sonra onları inandırırıq.

- Əsər seçimində Azərbaycan nağılları nə qədər cəlbedicidir?

- Yaxşı nağıllarımız var. Sadəcə olaraq indi biz internet əsrində yaşayırıq. Mən özüm də valideyn olduğumdan uşaqların internetlə sərbəst istifadə etməsinin, əcnəbi cizgi filmlərinə, nağıllarına baxmasının şahidi oluram. Biz uşaq olanda "Tıq-tıq xanım" nağılına sakitcə, maraqla əyləşib baxardıq. Amma indiki uşaqlar bu cür nağıllara baxmırlar. Bugünün uşaqları avropasayağı, amerikasayağı cizgi filmlərinə, nağıllarına baxmağa üstünlük verirlər. Mən də çalışıram ki, bizim nağılların tərkibinə müasirlik çalarları da əlavə edim.

- Qədim nağıllara smartfon yenilikləri daxil edə bilirsiniz?

- Bunlar mümkündür, amma sözün düzü, mən etmirəm. Ona görə ki, nağıl elə nağıl kimi qalmalıdır. Başqa teatrlarda səhnədə rol ifa edən iki aktyor facebookdan, vatsaapdan və başqa şeylərdən danışa bilər. Amma nağıla gəlib çatanda bunu etməyin tərəfdarı deyiləm. Çünki nağıl artıq real həyat deyil. Biz hansısa obrazların həyatını nağıl kimi təqdim edirik. Ona görə də hər şey nağılvari olmalı, qədimilik assosiasiyası qorunmalıdı.

- Anar bəy, yəqin ki, teatrın səhnəsində tək qaldığınız, aktyorları fasiləyə göndərdiyiniz zamanlar olur. Nağıl dünyasına düşmüsünüz?

- Bunlar artıq peşə sirləridir (gülür). Amma təbii ki, iş təcrübəsində siz deyən hallar da olub. Sonuncu məşqlərdən sonra aktyorlarımız dincəlməyə gediblər. Və mən səhnədə dekorasiyalarla, kuklalarla təkbaşına qalmışam. O zaman artıq öz-özümə sual vermişəm ki,  mənim istədiklərim, təxəyyülümdə olanlar bunlardırmı, yoxsa yox. Elə tamaşalarım var ki, mən istədiyim kimi alınıb, elələri də olub ki, ürəyimcə olmayıb, amma sonradan görmüşəm tamaşaçılar tərəfindən çox yaxşı qəbul olunub. Nağıl dünyasında isə olmuşam. Bu çox gözəl prosesdir. O dünyada ola bilməsən, Kukla Teatrında da işləyə bilməzsən. Kukla Teatrının sehri var.

- Səhnənin sehri nədədir ki, ömürlük ora bağlanırsınız?

- Şəxsən mənim üçün səhnə həyat tərzidir. Özümü başqa səhnələrdə təsəvvür etmək istəməmişəm. Başqa teatrlarda tamaşa hazırlayanda orda artıq mənim üçün çətinliklər olmur, əksinə, daha asan olur. Düşüncələrim daha çevik işləyir. Mənim istər kurs yoldaşlarım, istərsə digər dostlarım başqa-başqa işlərdə işləyirlər. Hətta məvacibləri mənimkindən yüksək olan işlərdə işləyənlər də var. Amma onlar hər gün səhər saat doqquzda işə gəlib, axşam evə qayıdırlar. Bu onlarda məcburi bir prosesə çevrilir. Və haqlı olaraq istirahət günlərini gözləyirlər ki, dincəlsinlər. Amma mən axşam düşəndə sevnirəm ki, sabah yenə iş günüdür. Sabah məşqim var. İnsanın hər səhər işə getməsi ilə işləməyə getməsi arasında çox böyük fərq var. İşlədiyim işdən zövq aldığım üçün istənilən məvacib də mənim üçün qiymətlidir.

- Yəni həyatınızın mənalı olması üçün teatr daha əlverişlidir...

- Əlbəttə. Mən teatrda gördüyüm işdən aldığım zövqü hansısa ofisdəki işdən və ya dövlət vəzifəsindən ala bilmərəm. İstəmədiyim sahədə, işdə işləmək mənim üçün kədərli olardı. Çünki həyatı cəmi bircə dəfə yaşayırıq. Mənim atam həmişə bizə deyərdi ki, sizinlə bağlı iki məsələyə qarışmayacam. Bir peşə seçiminə, bir də həyat yoldaşı seçiminə. Çünki bunların hər ikisi ilə siz ömrünüzün axırına qədər birlikdə olacaqsınız.

- Hansı nağılları səhnələşdirmək sizin üçün çətin olub?

- Mən həmişə çətin işləri, çətin nağılları, mürəkkəb aktyorlarla işləməyi sevmişəm. Düşünməyi bacaran aktyorlarla işləmək çox maraqlıdır. Əgər aktyora bu gün deyilən söz sabah da deyilirsə, onda iş prosesi mənim üçün maraqsız olur. Hətta belə olanda mən inciyirəm də. Çünki özüm məşqdən sonra axtarışda oluram, çalışıram. Məşq prosesində qarşılıqlı fikir mübadiləsi olanda və rejissor kimi mən qalib gələndə, bu qalibiyyətin təcəssümünü tamaşada görəndə çox xoş olur. 

- "Maşa və Ayı" kimi məşhur bir nağılı səhnələşdirmisiniz. Uşaqlar necə qəbul etdilər?

- Bu tamaşa hazırlanmazdan əvvəl bizim kiçik tamaşaçılarımız arasında sorğu keçirdik ki, onlar hansı nağılları səhnədə görmək istəyirlər. Sorğudan sonra məlum oldu ki, böyük əksəriyyət "Maşa və Ayı" nağılını istəyir. Bu nağılla bağlı konkret çətinliyim ondan ibarət oldu ki, nağılın ümumi ideyası, sonluğu yox idi. Cizgi film boyunca Maşa ancaq ayının ardına düşür, onu incidir və s. Bizim tamaşaçılarımız isə balaca olsalar belə, mütləq nəticə tələb edəcəkdilər. Ona görə də nağıldakı müəyyən mesajları birləşdirib, tamaşanın sonunu müəyyənləşdirdim. Tamaşaçılar tərəfindən də yaxşı qəbul olundu. Eksperiment olaraq da yaxşı alınmışdı.

- Yəqin ki, uşaqları həmişə it hürən tərəfə yox, işıq gələn tərəfə aparırsınız...

- Təbii ki. Biz uşaqları it hürən tərəfə apara bilmərik. Qorxarlar (gülür). Bu sahənin ən böyük çətinliyi ondan ibarətdir ki, uşaq inanmalıdır ki, kuklanın arxasında insan deyil, elə kukla özüdür. Uşaq buna inanmasa, deməli, tamaşa alınmayıb.

- Amma sizli-bizli uşaqları aldadırıq...

- Aldadırıq, əlbəttə. Amma həm də aldanırıq. Biz həyatda da həmişə aldanırıq...

- Atanız tamaşalarınıza baxır?

- Baxır. Həmişə də tənqid edir, tərif olmur. Mənim ən yaxşı tamaşalarımı belə, atam tənqid edib. Düzdür, bizim fikir mübadiləmiz həmişə demokratik şəkildə keçir. Amma nədənsə, həmişə o, qalib gəlir. Bu da təbiidir. Çünki o məndən çox bilir.

- Bir dəfə sizin tamaşalardan birinin daxili baxışında iştirak etdim. Tamaşadan sonra teatrın direktoru Rəşad Əhmədzadə hamını tənqid etdi. Amma sizə tənqidi də yumşaq şəkildə oldu. Hiss olunurdu ki, sizə etimadı böyükdür...

- Rəşad müəllimə mənim böyük hörmətim var və ona minnətdarlığım sonsuzdur. Çünki hərbi xidmətdən yenicə gələn mənim kimi cavan adama birdən-birə o boyda səhnəni həvalə etməsi, artıq mənim üçün özgüvən yaratmışdı. Hər teatrın direktoru bunu etməz. Bunu etməklə Rəşad müəllim mənə çox böyük yaradıcılıq şəraiti yaratdı. Mən də çalışıram ki, yavaş-yavaş bu etimadı doğruldum. Düzdür, əvvəllər Rəşad müəllim tərəfindən mənim işimlə bağlı iradlar olurdu. Mən də ondan inciyirdim, küsürdüm. Hətta bu haqda atama da deyirdim. Atam isə deyirdi ki, deməli, işində çatışmazlıqlar var ki, səni danlayır. Amma indi görürəm ki, o, elə düz edib məni danlayırmış. Bu gün mən hər işi canla-başla edirəm. Və hiss edirəm ki, onun inamını da doğrulduram. Elə olub ki, iş vaxtı sona çatıb, amma Rəşad müəllim tapşırıq verib ki, tamaşa bu gün hazır olmalıdır. Onda mən gecəyə qədər olsa belə, qalıb işi tamamlamışam, tamaşanı təhvil vermişəm. Keyfiyyəti aşağı salmadan sürətli iş prosesini mənə öyrədən Rəşad müəllim olub.

- Hal-hazırda hansı əsər üzərində işləyirsiniz?

- Dövlət sifarişi ilə "Dədə Qorqud" tamaşasını hazırlayırıq. Burada biz tanıdığımız Dədə Qorqud olmayacaq. Çünki bizim tamaşaçılarımız uşaqlardı. Biz onlara dastanın bütün boylarını danışsaq, göstərsək, onlar üçün yorucu olar. Ona görə də fikirləşdim ki, bir neçə dastanı vəhdət halına salım. Düşünürəm ki, yaxşı olacaq.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.15.