Üç damla qan
hekayə
Dünən məni ayrı otağa
köçürdülər. Görəsən,
Nazimin dediyi kimi təmiz toxtayıb gələn həftəyə
azad olacağammı? Görəsən, həqiqətən
xəstələnmişdimmi?
Bir il olar... Bu bir il ərzində
çoxlu israr etməyimə baxmayaraq mənə kağız
və qələm verməkdən imtina edirdilər. Həmişə
öz-özümə deyərdim ki, əlimə kağız
və qələm düşən zaman çoxlu yazılar
yazacam... Amma dünən ağzımı açmamış
kağız və qələm gətirdilər: mənim
arzuladığım şeyi... O şey ki, bura kimi intizar
çəkirdim. Amma nə fayda! Dünəndən
nə qədər düşünürəm, yazmağa
ağlıma bir şey gəlmir. Sanki bir
şəxs əlimi tutub və ya qolum keyiyib. İndi diqqət yetirirəm, kağız
üstündə çəkdiyim qarmaqarışıq xətlər
arasında oxunulası təkcə yazı "üç
damla qan"dır.
Nəsim mavi göy üzünün, yaşıl
bağçaların, təpənin üstündə
açılmış güllərin ətrini bura qədər
gətirirdi. Amma nə fayda? Daha mən
heç nədən ləzzət ala bilmirəm. Bunların hamısı şairlər və körpələr
kimidirlər, bütün ömürlərini uşaq kimi qala
bilirlər, bu, yaxşıdır. Bir ildir
ki, burdayam. Gecədən səhərədək
pişik səsinə görə oyağam. Bu vahiməli
zarımalar, ürəkağrıdan nalələr məni cana gətirib, səhərin gözü
açılmamış bir də bu lənətə gəlmiş
inyeksiya...
Burada uzun günlər və qorxulu saatlar içində
yaşamışam. Yay günlərində zirzəmidə
sarı geyimimizlə toplaşırıq və qışda
bağçanın önündə günəş
altında otururuq. Bir ildir ki, bu qəribə
adamların içində yaşayıram. Bizi bir-birimizə bağlayan heç bir ortaq cəhət
yoxdur. Mən yerdən-göyə qədər
onlardan fərqliyəm, amma bu adamların nalələri,
sükutları, söyüşləri, ağlaşmaları,
gülməkləri həmişə mənim yuxularımı
kabuslarla doldurur.
...Gecə
yeməyinə hələ bir saat qalır, həmin şablon
yeməklər: sup, qatıq, süd
düyü, plov, pendir-çörək, o da "ölmə-diril"
qədər. Həsənin bütün arzusu
budur ki, bir qazan ət suyunu dörd ədəd çörəklə
yesin. Ona məzuniyyət vaxtı
çatanda, kağız-qələm yerinə gərək bir
qazan ət suyu versinlər. O da buranın xoşbəxt
adamlarından biridir. Kiçik boyu ilə, axmaq
gülüşləri, yoğun boynu, keçəl
başı və yaralı əllərilə hamballıq
üçün yaranıb. Əgər Məmməd
Əli axşam yeməyinin başında durmasaydı, Həsən
hamımızı acından o biri dünyaya göndərmişdi.
Amma Məmməd Əli də bu dünyanın
adamlarına taydı. Nə deyirlər
desinlər, lakin burası adi insanların dünyası xaricində,
bambaşqa bir yerdir. Bir həkimimiz
vardı, heç nə bilmir. Onun yerinə
olsaydım bir gecə hamının yeməyinə zəhər
qatıb verərdim ki, yesinlər. O zaman səhər-səhər
bağın ortasında əlimi belimə qoyaraq ölülərə
tamaşa edərdim.
Məni bura gətirəndə ehtiyat edirdim, məbada məni
zəhərləsinlər. Məmməd Əli
yeməyincə yeməyə əlimi də vurmurdum. Məni öldürməyə gəliblər deyə
gecələr diksinərək yuxudan oyanırdım.
Bunlar hamısı nə qədər uzaqlaşıb indi məndən... Həmişə həmin
adamlar, həmin yeməklər, həmin mavi otaq... iki ay öncə
bir dəlini həyətin aşağısındaki zindana
salmışdılar. Sınıq saxsı
parçasıyla öz qarnını yarmışdı,
bağırsaqlarını əlləri ilə
oynadırmış. Deyirdilər qəssab
idi. Qarın yarmağa öyrəşmişdi.
Amma o birisi dırnağı ilə öz
gözünü çıxarmışdı. Əllərini arxadan bağlamışdılar.
Çığırırdı, qan
gözündə qurumuşdu. Mən bilirəm
bunların hamısı Nazimin işidir. Buranın
adamlarının hamısı belə deyil. Bunların çoxu əgər müalicə olunub,
məzuniyyətə getsələr, bədbəxt olacaqlar.
Məsələn, bu Soğra Sultan qadınlar bölməsindədir:
iki-üç dəfə qaçmaq üstündə tutulub.
Qoca arvaddır, amma üzünə divardan torpaq
sürtür.Şamdan torpağı isə sürməsidir.
Özünü on dörd yaşlı qız zənn
edir. Müalicə olunsa və
güzgüdə özünə baxsa, ölər. Hamıdan betər bizim Tağıdır ki, istəyirdi
dünyanı alt-üst eləsin. Qadın bədbəxtlik
gətirəndi və dünyanı təmiz saxlamaq
üçün gərək qadınları öldürəsən
deyə düşünməsinə baxmayaraq Soğra Sultana
aşiq olub. Bunların hamısı Nazimin
işidir. O, bütün dəlilərin üzünü
ağ eləyib. O, böyük burnu və
kiçik gözlərilə həmişə küknar
ağacının altında addımlayır. Hərdən
əyilir və ağacın altına baxır. Hər kim onu görsə, öz-özlüyündə
deyər: nə fağır adamdı! Dəlilərin
arasına düşüb. Amma mən onu
tanıyıram. Mən bilirəm
ağacın altına üç damla qan tökülüb.
Pəncərə önündən bir qəfəs
asılıdır, qəfəs boşdur, çünki
pişik bülbülünü tutdu. Amma o, qəfəsi
boş olaraq qoyub ki, pişiklər qəfəs adına
gəlsinlər və o, pişikləri tutub
öldürsün. Dünən bir boz pişiyi qovaladı,
heyvan pəncərinin önündəki küknar
ağacından yuxarı qalxanda, qapının ağzında
gözətçiyə dedi ki, onu silahla vursun. Bu
üç damla qan pişiyindir. Amma özündən
soruşsan deyər: haqq quşunundur.
Bunlardan daha qəribəsi mənim qonşum Abbasdır. İki həfədir
ki, gəlib. Mənimlə çox
yaxındır. Özünü peyğəmbər
və şair bilir. Deyir hər iş,
xüsusilə peyğəmbərlik taleyə
bağlıdır. Kimin bəxti aydın olsa,
bir şey qanmasa belə, işi düzələcəkdir.
Amma dünyanın dahisi olsa və bəxti gətirməsə,
onun gününə düşəcəkdir. O
özünü mahir tarzən hesab edir. Bir taxta üstünə
sim çəkərək öz aləmində tar düzəldib və
bir şeir də yazıb ki, hər gün mənə səkkiz
dəfə oxuyur. Deyəsən, elə bu
şeirə görə onu bura gətiriblər. Bir qəribə
şeir yazıb:
Yenə
axşam oldu, heyif
Dünya
başdan-ayağa qaraldı,
Bütün
məxluqlar oldu aram,
Təkcə mənim iztirab və qəmim artdı.
Dünyanın
məzacında xoşluq yox,
Ölümdən
başqa qəmimə yox əlac,
Ancaq o
küncdə
Küknar
ağacının altında
Tökülüb yerə üç damla qan.
Dünən bağda addımlayırdım. Abbas bu
şeiri oxuyurdu. Bir qadın, bir kişi,
bir gənc qız onu görməyə gəlmişdilər. Mən onları görmüşdüm və
tanıyırdım. Gənc qız bir dəstə
gül gətirmişdi. O qız mənə
gülümsəyirdi. Hiss olunurdu ki, məni sevir. Elə məhz mənə görə gəlmişdi.
Abbasın çopur üzü heç gözəl
deyil. O qadın həkimlə danışarkən, mən
gördüm; Abbas gənc qızı kənara çəkib
onu öpdü.
...İndiyəcən kimsə məni nə görməyə
gəlib, nə çiçək gətirib. Bir ildir.
Sonuncu dəfə Siyavuş məni görməyə
gəlmişdi. Siyavuş mənim ən
yaxşı dostumdu. Biz qonşuyduq. Hər gün birlikdə darulfünuna gedib
qayıdardıq. Dərslərimiz haqda
danışardıq və tənəffüs zamanında ona
tar öyrədərdim. Rüxsarə
Siyavuşun əmisi qızıydı və mənim
nişanlım idi, həmişə bizim məclislərə gələrdi.
Siyavuş Rüxsarənin bacısını
almaq istəyirdi. Tərslikdən bir ay
öncə kəbinkəsmədə Siyavuş xəstələndi.
Mən iki üç dəfə halını
soruşmağa getdim, amma dedilər ki, onunla
danışmağa həkim qadağa qoyub. Nə qədər israr elədim, eyni sözü
dedilər.
Yaxşı yadımdadı, imtahana yaxın idi, axşam
evə qayıdanda kitablarımı məktəb dəftəri
ilə masanın üstünə atdım, paltarlarımı
dəyişməyə gəldikdə bir güllə səsi
eşitdim. Onun səsi o qədər yaxın idi ki, məni
qorxuya saldı. Bizim ev xəndəyin
arxasındadı və eşitmişdim ki, bizim
yaxınlığımızda oğru olub. Silahı
rəfdən götürdüm və həyətə gəldim,
pillələrdən sonra dama çıxdım, amma
gözümə nəsə, kimsə dəymədi. Qayıdanda
yuxarıdan Siyavuşgilin evinə baxdım,
Siyavuşu bir köynək və bir dizliklə həyətin
ortasında gördüm. Təəccüblə
"Siyavuş sənsən?" - dedim. O məni
tanıdı: "Gəl evə,
evdə heç kim yoxdu" - dedi. "Güllə səsini eşitdin?" -
dedim. Başı ilə işarə elədi ki,
gəl, mən tələsərək aşağı
düşdüm və qapılarını döydüm.
Özü gəldi qapını üzümə
açdı. Başını
aşağı salmışdı, yerə baxaraq "sən
niyə məni görməyə gəlmədin?"-
dedi. "Mən iki-üç dəfə səni yoxlamağa
gəldim, amma dedilər həkim icazə vermir" - dedim.
"Elə fikirləşirlər ki, mən xəstəyəm,
amma səhv edirlər" - dedi. Bir daha "bu
güllə səsini eşitdin?"- deyə
soruşdum. Cavab vermədən əlimi tutub məni
küknar ağacının altına apardı və bir
şey göstərdi. Mən yaxından
müşahidə etdim, yerə üç damla təzə
qan tökülmüşdü. Sonra məni
öz otağına apardı, bütün qapıları
bağladı, işığı yandırdı və gəlib
mənimlə üz-üzə oturacaqda oturdu. Onun sadə otağının divarları mavi rəngdə
idi. Otağın bir tərəfinə
tarını qoymuşdu. Bir neçə
kitab və məktəb dəftəri də masanın
üstündə idi. Sonra Siyavuş əlini
uzadıb rəfdən silahı çıxartdı və mənə
göstərdi. Köhnə silahlardan və
dəstəsi sədəflilərdən idi. Silahı
şalvarının cibinə qoydu və dedi: mənim bir maya
pişiyim var idi, adı Nazi idi, bəlkə də onu
görmüşdün. Adi boz pişiklərdən
idi. Zənn edərdin iri gözlərinə
bir cüt sürmə çəkmisən. Arxasında gözəl cizgilər var idi. Səhərlər mədrəsədən
qayıdanda Nazi qabağıma qaçaraq miyoldardı. Özünü mənə sürtərdi. Yerə oturanda başıma, belimə
dırmaşardı. Burnunu üzümə
vurardı, alnımı yalayardı və onu öpməyimçün
israr edərdi. Sanki maya pişik erkək
pişikdən daha məkrli, məhəbbətli və həssasdır.
Nazinin məndən başqa, aşpazla da
yaxşı münasibəti varıydı, çünki yeməklər
ondan gəlirdi. Amma o, namaz
qıldığına, pişiyin tükünə görə
ondan uzaq gəzirdi. Bəlkə də Nazi
özlüyündə düşünürdü ki, adamlar
pişiklərdən zirəkdilər və bütün yeməkləri,
isti yerləri özləri üçün saxlayırlar və
pişiklər gərək o qədər yaltaqlıq etsinlər
ki, bunları əldə edə bilsinlər.
Yalnız o vaxt Nazinin təbii hissləri oyanırdı
ki, bir qanlı xoruzun başı əlinə keçirirdi və
onu bir yırtıcı heyvana çevirirdi. Gözləri
bərəlirdi. Dırnaqları
uzanırdı və hər kimsə ki, ona
yaxınlaşsaydı onu xorultularıyla özündən
uzaqlaşdırırdı. Yorulandan sonra
qanlı başı iştahla yeməyə
başlayırdı və neçə dəqiqə sonra onun
tikələri arxasınca gəzirdi və iki-üç saat
süni mədəniyyətini unudurdu, nə kimsəyə
yaxınlaşırdı, nə naz edirdi, nə
yaltaqlanırdı. Onda ki, Nazi dostluq etmək
istəyilə yaxınlaşırdı, deməli, içində
nəsə vəhşi bir sirr gizlənirdi. Bizim evi öz evi kimi bilirdi və əgər bir
başqa pişik ora yaxınlaşsaydı, xüsusilə maya
olsaydı, onu öz qəribə səslərilə
uzaqlaşdırırdı.
Nahar
zamanı Nazinin çıxardığı səs sırtıqlıq
edən zamanından bir az fərqli idi. Aclıqdan nalə edən zaman da başqa
vaxtlardakından fərqlənirdi. Və
onların ahəngi bir-birindən fərqli idi. Birinci ürəkağrıdan
çığırtı, ikinci kini ucbatından olan
çığırtı, üçüncü xasiyyətinə
görə çıxardığı səs idi ki, bunu da
öz cütünün yanına getmək istəyəndə
edirdi. Amma Nazinin baxışları hər
şeydən mənalı idi, bu baxışlarda insan hissləri
oxunurdu. İnsan
özündən soruşurdu; bu qıllı başın
içində bu simvolik yaşıl gözlərin
arxasında, görəsən, hansı fikirlər və ehtiraslar
dalğalanır?
Keçən
bahar vahiməli
bir hadisə baş verdi. Bilirsənmi, bu fəsildə
bütün canlılar məst olurlar. Sanki
baharın küləyi canlılar arasında bir dəlilik
hissi yaradır. Birinci dəfə idi ki, bizim Nazinin başına eşqin
şuru gəlmişdi və
canında titrəmələr əmələ gəlirdi, qəmli-qəmli
nalə çəkirdi. Erkək pişiklər
onun zarıltısını eşidib görüşünə
gəlirdilər. Savaşdıqdan sonra Nazi
onların birini, hamısından güclü və səsi də
gur olanı özünə yoldaş seçdi. Eşq elanında canlıların qoxusu çox
önəmlidir, ona görə də evlərin təmiz
pişikləri cütlərinin yanında yaxşı
görünmürlər, əksinə, divar üstündə
yeriyən pişiklər, sülənən arıq və
oğru pişiklər var ki, onların dərisi əsl-nəcabətini
göstərir, daha çox diqqəti cəlb edir. Səhərlər və xüsusilə gecə boyu
Nazi və erkək dostu eşq nəğməsi oxuyurdular.
Nazinin yumşaq canı uzanıb qısalırdı və
şadlıq nəğməsi oxuyurdu, bu iş səhərin
gözü açılana qədər davam edirdi. Sonra Nazi qarışıq tükləri ilə
yorğun-arğın, amma xoşbəxt halıyla otağa
daxil olurdu.
Gecələr
Nazinin eşq oyunları üzündən yuxum gəlmirdi,
sonunda cana gəldim, bir gün bu pəncərənin
önündə işlə məşğul idim,
bağçada yatmış aşiq-məşuqu
gördüm. Mən bu gördüyün silahla onları
üç addımlığından nişan
aldım. Silah boşaldı və güllə
Nazinin aşiqinə dəydi. Sanki beli
qırıldı, birdən atıldı və səsi
çıxmadan dalandan qaçdı və bağın
divarı yanında düşdü, öldü.
Onun qaçdığı istiqamətdə qan
damcıları görünürdü. Nazi onun izini
tapmaq üçün ora-bura vurnuxub axırda tapdı,
qanını qoxlaya-qoxlaya onun meyiti üstünə getdi.
İki gün gecə-gündüz başı
üstündə keşik çəkdi. Hərdən
əli ilə ona toxunurdu. Sanki ona deyirdi ki,
dur, ilk bahardı. Niyə sevişmə
vaxtı yatmısan? Niyə tərpənmirsən?
Dur... dur...! Nazi ölmək nədir bilmirdi və
bilmirdi ki, aşiqi ölüb.
O
günün səhəri Nazi aşiqinin meyiti ilə
birlikdə yoxa çıxdı. Hər yeri gəzdim,
hamıdan soruşdum, amma faydasız idi. Görəsən,
Nazi məndən küsmüşdü? Görəsən,
ölübdür? Görəsən,
sevişməsi arxasınca gedib? Bəs o
birinin ölüsü necə oldu?
Bazar günü həmin erkək pişiyin səsini
duydum, səhərə kimi miyoldadı. O biri gecə yenə də
belə oldu, amma səhərə yaxın səsi kəsildi. Üçüncü gecə yenə silahı
götürdüm və pəncərənin önündəki
küknar ağacına tərəf bir güllə atdım.
Gecədə parlayan gözləri bəlli idi,
uzun bir zarıltı səsi gəldi, sonra səs kəsildi.
Səhər ağacın altına üç
damla qan tökülmüşdü. O vaxtdan sonra hər
gecə gəlir, həmin səslə zarıyır. Başqalarının yuxusu ağırdı,
eşitmirlər. Kimə deyirəm,
gülür, amma mən bilirəm, əminəm ki, bu səs həmin
o öldürdüyüm pişiyin səsidir. O gecədən
sonra gözümün yuxusu qaçıb. Hara
gedirəm, hansı otaqda yatıram, gecə boyu bu insafsız
pişik o qorxunc naləsi ilə öz cütünü səsləyir.
Bu gün
evdə sakitlik idi, pişiyin gecələr oturduğu yeri nişan aldım. Gözlərinin
parıltısından bilirdim harda oturur. Gülləni
atandan sonra pişiyin naləsini eşitdim və yuxarıdan üç damla qan
töküldü. Sən ki, öz gözünlə
gördün! Sən ki, Şahidsən! Bu arada otağın
qapısı açıldı, Rüxsarə və anası
içəri girdi.
Rüxsarənin
əlində bir dəstə gül vardı və mən
qalxıb "salam" - dedim. Amma Siyavuş gülümsəyərək
dedi:
- Əlbəttə ki, Mirzə Əhməd xanı məndən
yaxşı tanıyırsınız, tanıtmağa gərək
yoxdu, özü şəhadət verir ki, üç damla
qanı öz gözü ilə küknar ağacının
altında görübdü.
- Bəli,
mən görmüşəm.
Siyavuş yaxına gəldi və qəhqəhə
çəkərək güldü, əlini atıb mənim
cibimdən silahı çıxardı və masanın
üstünə qoydu. "Bilirsinizmi, Mirzə Əhməd xan təkcə
gözəl tar ifaçısı və yaxşı şair
deyil, həm də yaxşı ovçudu, yaxşı
nişan ala bilir" - dedi.
Sonra mənə
işarə elədi, mən də qalxıb dedim:
Bəli,
bu gün axşam Siyavuşdan dəftərimi almağa gəldim,
təfrih üçün küknar ağacını nişan aldıq. Amma o üç damla qan
pişiyin deyil, haqq quşunundu!
Bilirsinizmi, haqq quşu yetimin malından üç buğda yeyibdi və hər
gecə o qədər zarıyar ki,
boğazından üç damcı qan damcılayar, ya
da pişik qonşunun bülbülünü tutmuşdu və
onu güllələdilər, o burdan keçmişdi. İndi gözləyin, sizə bir yeni təsnif oxuyum.
Tarı götürüb köklədim və bu şeiri
oxudum:
Yenə
axşam oldu, heyif
Dünya başdan ayağa qaraldı.
Bütün
məxluqlar oldu aram,
Bir mənim iztirab və qəmim artdı.
Dünyanın
məzacında xoşluq yox
Ölümdən başqa qəmimə yox əlac.
Ancaq o
küncdə,
Küknar
ağacının altında
Tökülüb yerə üç damla qan.
Burasına çatanda Rüxsarənin anası fərqli halətdə otağı tərk elədi. Rüxsarə qaşlarını düyünləyib dedi:
- Bu, dəlidi!
Sonra Siyavuşun əlini tutub hər ikisi qəhqəhə çəkərək çölə çıxdılar və qapını arxalarınca bağladılar.
Həyətə çatanda mən pəncərə
arxasından onları fənərin işığında
görürdüm, bir-birini qucaqlayıb öpdülər.
Sadiq Hidayət
Tərcümə
etdi: Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2019.- 22
iyun.- S.18-19.