Bəxtli bu dünyadan bəxtsiz getdi...
Bu şəkil Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanımın evində divardan asılmışdı...
- Şəkildəkilər kimlərdir, Bəxtli xanım?
- Kim olacaq?..
Faiq əfəndinin
qohum-əqrəbası və ailə üzvləri... Bu şəkildə anamı Azqura qonaq
çağırıblar. 1914-cü ildir.
- Kim qonaq
çağırıb?
- Bilmədim.
- Bəlkə xatırladınız... Bir-bir baxaq?
- Bu şəkildə
mən yoxam. Hələ doğulmamışam... Soldakı
qadın əmim arvadı Ətiqə xanım Nemanzadədir...
Sonra əmim Süleyman Nemanzadə - Azqurun qubernatoru idi... Süleyman bəyin qucağındakı uşaq
bacım Kamilədir. Yerdə oturan cavan
oğlan atamın əmisi oğlu Ənsardır. Tələbəydi. Sonra
Gülsüm xanım. Onun yanındakı
uşaq rəssam Bəhram Əfəndiyevdir. Sonra Ömər Faiq əfəndi. Atamın qucağındakı qardaşım Kamildir.
Sonra anam Abidə xanım. Bu
şəkildə anam hamilədir, Adiləyə.
İkinci
sıradakılar: tələbə Sərvər.
Yanındakını xatırlamıram. Sonra
Tofiq Əfəndiyev. Əhməd bəy
Pepinovun bacısı, müəllimə Nəzirə Pepinova.
Ülfət xanım Nemanzadə və Dəvriş ağa
Ordjonikidze...
... Dəniz
gibidir ömrümüz
Keçərmi heç gürültüsüz.
Bu gün
səfalı olsa da,
Yarın kədərli mütləqa.
Güvənmə
talihə saqın,
Bilirmisən nə var yarın?
- Kimindi
bu şeir?
- Əhməd
Cavadın...
Bəxtli
xanım bunu dedi və susdu... Şeir Əhməd Cavadın
deyildi...
-
Danışın, Bəxtli xanım.
- Nə
danışım, sənə qurban oleyim. Osanırım,
Azər bəy, osanırım.
- "Osanırım", nə demək, Bəxtli
xanım?
- Bizlərdə
darıxmağa osanmaq deyirlər... Qonşu uşaqları
atalarının boynuna sarılanda anamızdan soruşardıq
ki, baba nerədə? "Baba türmədə",
- deyə cavab verərdi. "Nədən türmədə?". "Millət, millət dediyi
üçün türmədə...".
- Faiq əfəndinin
həbs olunduğu gün yadınızdadır?
- 1937-ci il iyulun 17-də gecə evdə
yatmışdıq. Üç bacı ayrı
otaqda yatmışdıq. Yay tətiliydi,
üçümüz də Bakıda oxuyurduq. O birilər
Tibb İnstitutunda, mən isə Neft Akademiyasında. Birdən itlərimiz hürdü. Heç unutmamışam, baba qapını
döyüb bizi çağırdı, gələn
hündür və arıq bir erməniydi. Ömər Faiqi o gecə həbs etdilər. Gedərkən
dedi ki, özünüzü itirməyin. Tezliklə
görüşəcəyik. İstintaq
zamanı stolun üstündə qranyonnı stəkan var
imiş. Stəkanı götürüb
venasını kəsir. Onu sağaldıb,
sonra güllələyirlər. Ümumiyyətlə,
bizimkilərin hamısını tutdular, güllələdilər.
- Sizinkiləri,
yəni kimi?
- Əhməd bəy Pepinov Faiq əfəndinin bacısı oğluydu. Üç qardaş olublar: Əhməd, Məhəmməd, Zəki. Əhmədi Bağırov kabinetində güllələyib.
Qardaşım Kamili də 23 yaşında tutdular. Həkim idi.
Tiflisdə kisənin içərisinə
salıb döymüşdülər. Sonra
onu Sibirə göndərdilər. 37-dən
56-ya qədər Sibirdə qaldı.
Məmməd Zəki Dursunzadə mənim anamın əmisi oğludu. Anamla bir yerdə böyüyüblər. Bacı-qardaş kibiydilər. 1919-da dövlət hesabına oxumağa göndərilmişdi. İstanbulda təhsil aldı. Universitetdən sonra Almaniyaya getdi. Qayıtdı. Qızlar seminariyasında dərs deyirdi. Yenə atam kitablar yazmışdı. Bəs Məmməd Zəkini niyə tutdular? Onu qırx yeddi yaşında niyə güllələdilər? Məmməd Zəki atama məktub yazanda şeirlə yazardı. Məmməd Zəki gözəl bir şairdi. Qızı Afətə yazdığı şeirində belə deyirdi:
Dərdilə, bəlasıyla keçmiş nə gözəldi,
Bir ləhzə mələk Afətimin xəndanı soldu.
İllərdə keçən ömrə deyil, əsrə bədəldi.
İstəklə, gülüm, açmadım,
heç incimə məndən.
Hicrana səbəb yavrucuğum, qanlı bir əldi.
Xocazadə Minirə Ləman xalam idi. O da şeir yazardı. Qazaxıstana sürgün olundu. 1918-də parlamentdə katibə olub. Şərq dillərini gözəl bilirdi - Bəxtli xanım, bunu deyib masanın üstündən əski əlifba ilə yazılmış qara meşin cildli dəftəri götürdü - Məmməd Zəki ilə Minirə Ləmanın ikisinin birlikdə yazdıqları şeir dəftəridir...
Dəftəri alıb vərəqləmək istədim. İmkan vermədi:
- Bu bizim ailənin dəftəridir. Bu dəftərə onlar öz sirlərini yazıblar...
- Sonra Minirə Ləmandan xəbəriniz oldumu?
-
Qazaxıstanda öldü... Sonra onun bu dəftərini gətirib
mənə verdilər....
Ümumiyyətlə, 1944-cü ildə bizimkilərin hamısını Stalin sürgün elədi. Hamını bir-birindən ayırdı. Axıska türkləri üç ölkəyə səpələndilər. Anamın anasına, yəni nənəmə bütün mahalda Xoca xanım deyirdilər. Çox savadlı qadın idi. Onu da sürgün etdilər.
Atamgil üç qardaşdılar: Yusif, Süleyman, Ömər. Qardaşların dəyirmanı, mehmanxanası vardı. Süleymanın oğlu Hüseyn Türkiyədə oxuyurdu, tibb fakültəsində. Hüseyni tutdular, onu Nərimanov buraxdırmışdı.
Baba güllələnəndən sonra həyat bizimçün çox ağır oldu. Elmi iş götürmüşdüm. Xalq düşməninin qızının ixtiyarı yoxdu ki, elmi iş müdafiə etsin. 1943-cü ildən institutda işləyirdim. 1949-cu ildə məni işdən çıxardılar. Bir əhvalatı da danışmaq istəyirəm. Ancaq yox, qoy danışmayım. Unudulub getsin.
- Unudulmasın, niyə unudulsun ki? Danışın.
-
Bacımı bir oğlan sevirdi. Mühəndis
idi. O zaman Bakı şəhərinin maarif komissarı
M.İ. oğlanı çağırıb yanına və
"Kiminlə ailə qurmaq istədiyinin fərqindəsənmi?"
- deyə hədə-qorxu gəlib...
- Hüseyn Cavidi necə xatırlayırsız?
- Sonuncu dəfə 1936-cı ildə bacım Kamilənin toyunda bizim evdə gördüm. Cavid əfəndi Faiq əfəndinin ən, ən yaxın dostuydu. Qardaş kibiydilər. Bizə tez-tez gələrdi. Bir də eşidərdik, pilləkənlərdən əsasının səsi gəlir. O bizə gələndə biz çox sevinərdik. Cavid əminin özü də, balaları da dünyada bir gün görmədi. Mənim qardaşım Kamil sürgün edildi, amma yenə qayıtdı, bu işıqlı dünyanı gördü. Bəs Ərtoğrol nə gördü? Ərtoğrol anasına bənzəyirdi. Çox qəşəngdi. Turan ona oxşamamışdı sifətdən. Turan atasına oxşayırdı... Mişkinaz xanım necə nəzakətli bir qadın idi. Necə mülayim xasiyyəti vardı. Üzügülərdi, çox mədəniydi. Elə bil, mədəni olmamağa onun haqqı yoxdu. Baxmayaraq ki, tale onu nə əziyyətlərə düçar elədi, Pərvərdigara... Bir dəfə Mişkinaz xanım küçəmizdən keçəndə mən onu gördüm. Anama dedim ki, Mişkinaz xanımı bizim balkonun altından keçəndə gördüm... İkinci dəfə görəndə qaça-qaça pilləkənləri düşdüm. Mişkinaz xanımı qucaqladım. Evə gətirdim... Gördüm bunun əlində nasır var. Dedim Mişkinaz xanım, bu nə nasırdı? Dedi: - Bəxtli can, tikiş tikirəm, ondandı... Pərvərdigara, ey Allah. Qurban oleyim sənə, Allah. Sən bunu bu günə niyə qoydun, Allah? Nə etmək lazım? Dözmək lazım. Allahım. Eyi insanların işini rast gətir. Qoy onlar yaşasınlar, bəzəsinlər dünyanı.
- Faiq əfəndi neçə dəfə həbs olunub?
- Atamı Bağırov 33-də də tutmuşdu. O zaman atamın kitablarının hamısını NKVD-yə apardılar. Bir kitab qalmışdı. O kitabda bir şeir vardı: bir nəfərin sevgilisi ölür, o qədər sevirmiş ki, qızı evinin qabağında basdırır. Sonra da ölüncə evlənmir. Şeir beləydi:
Bilməm
nerə getdin, bilməm nə oldun,
Bəni tərk etdin, bəni unutdun.
Sənələrdən
bəri əlində əsa,
Bir ceyran
yavrusunu nasıl ararsa,
Bən də səni arıyorum, öylə sərsəri.
Ey bulutlar içində kayb olan pəri.
Evimizdə bir şəkil vardı. İstanbulun
şəkli. Xalçanın üstünə
vurmuşdular. Babamın bir dostu vardı.
Bir xalı verirdi ki, o şəkli ver mənə.
Baba İstanbulun şəklini xalıya dəyişmədi.
Yadımdadır, 1933-cü ildə baba tutulanda əvvəlcə
o şəkli sökdülər.
Axalsıxda - Aqarada gözəl bağımız
vardı, bağımızın altından Kür
çayı axardı. Aqaradakı evimizin qarşısında
dağlar vardı. Atam deyirdi ki, o
dağın o üzündə Türkiyədir. Dağda çobanlar ocaq yandırardılar.
Sən
yazmısan, Azər can. 1918-ci ildə Türk
ordusunu çağırmaq üçün İstanbula Faiq əfəndi
getmişdi.
- Faiq əfəndiylə
Nağı Şeyxzamanlı...
- Mən
bunu xatırlamıram. O zaman mənim bir yaşım vardı.
Amma anam danışırdı ki, türklər
geri dönəndə Axalsıxdan keçib getdilər. Baba onları evimizə qonaq çağırır.
Ziyafətdə pərdənin arxasında bir
qız türkülər oxuyub saz çalırmış.
Türklər deyir ki, Faiq əfəndi, qoşul
bizə, bir yerdə İstanbula gedək. Atam
deyir ki, yox, mən burada doğulmuşam, vətənimi qoyub
heç yerə gedə bilmərəm.
- O
günlərdə atanız Axıska Müvəqqəti
Hökumətinin rəhbəriydi. İstərdinizmi
ki, getsin?
- Əlbəttə. Getsəydi, biz də insan kimi
yaşayardıq. Sonralar Sevda Pepinova mənə
danışdı ki, Bağırov məhkəməsində
deyib ki, məni parça-parça edin. İnsanları
qırıb qurtarandan sonra səni parça-parça etməyin
nə mənası? Nə günahı
vardı babamın? Hamının atasının qəbri
var, bəs mənim babamın qəbri hanı?..
Buna da şükür... Ömür boyu həyat belə
olub...
***
Bu, Bəxtli Nemanzadə ilə olan neçə-neçə
söhbətlərimizdən biridir. Bəxtli xanımla, az
qala, hər həftə görüşürdüm. "Görünür, mən torpağın
altını bəzəyəcək insanlardan deyiləm.
Nə üçün eyi insanlar torpağın
altına gedir, kötülər qalır?" desə də
ölümdən qorxurdu. Onu doxsan il
yaşatdığına görə Allaha şükür
edirdi.
Bəxtli xanım mənə tez-tez zəng edərdi. Təklikdən
zinhara gəlmişdi. Hər
görüşümüzdə onun bütün söhbətlərini
ya lentə, ya da kağıza köçürürdüm.
Həmin söhbətlərin bir qismini elə Bəxtlinin
sağlığında "Ədəbiyyat qəzeti"ndə
dərc etdirmişdim. "Məni biabır
eləyirsən. Camaat deyəcək ki, Bəxtli
yazıçı olmaq eşqinə düşüb", -
deyə zarafatından da qalmırdı. Hərdən
elə olurdu ki, Bəxtli xanım eyni söhbəti təkrar-təkrar,
bəzən isə, hətta əzbər danışardı.
Amma heç vaxt dünən
danışdığına bu gün yeni əlavələr etməzdi.
Nə vardısa, xatirə boğçasında
nəyini qorumuşdusa yalnız onları
xatırlayırdı. Bəxtli xanımın 1937-ci ildən
sonrakı xatirələrində hər məqamın sonuna
ürkək və gözüyaşlı bir sual işarəsi
qoyulmuşdu: "Axı qardaşım Kamili niyə
sürgün etdilər? Yazıq Cavid əminin
oğlu Ərtoğrolun günahı nə idi? Atamı niyə güllələdilər?
Əhməd bəy Pepinovu niyə güllələdilər?". Və Bəxtli
ömrünün sonunacan bu suallara cavab tapa bilmədi.
Bəxtlinin bir də bir Cavid dünyası vardı.
Turan Cavid
neçə vaxt idi ki, məni Bəxtli Nemanzadə ilə tanış etmək istəyirdi. Nəhayət, bir gün - 2002-ci ilin 29 yanvarında
bir yerdə gedib Bəxtli xanıma baş çəkdik.
Körpə uşaqlar kimiydi. Sevincinin həddi-hüdudu yoxdu. Elə
bil, Turan Cavid Bəxtlinin qapısını açıb ona
qonaq gəlməklə bütün Nemanzadələrin ruhunu bəxtiyar
etmişdi. Ya da Bəxtli özünü
elə aparırdı ki, sanki bu axşam bütün Nemanzadələr
bir yerə - Bəxtlinin başına toplaşıblar, ya da
toplaşacaqlar. Ümumiyyətlə, sanki Vaxtın
repressiya dövrünün qızlarına - Cavidin qızı
Turana, Nemanzadənin qızı Bəxtliyə, Pənah
Qasımovun qızı Nigara, Əhməd bəy Pepinovun
qızı Sevdaya qətiyyən dəxli yox idi. Bu qızlar sona qədər ata ocağının həniri
ilə yaşadılar, onun istisinə qızındılar.
Bu qızların aləmində, hətta altmış ildən
sonra da qapı qəfil döyülə və əzizləri
içəri daxil ola bilərdi.
(Bir dəfə Nigar Qasımovagildəydik. Nigar xanım
gördüyü bir yuxunu danışdı. Yuxuda Cavidi görübmüş. Cavid Nigardan:
"Yazıq Turan necədi?"- deyə
soruşub. Nigar da Cavidin sualına sualla cavab verib:
"Yazıq niyə, Cavid əmi?".
Nigar xanımın mənzilində bir piano vardı. Pianoya işarə edib:
- Turan, sən
bu pianonu xatırlayırsan?
- Həmin
pianodur?
- Hə. Üzeyir bəy bizə gələndə bu
pianoda çalırdı. Cavid əfəndi bu
pianonu çox dinləyib. Ərtoğrol
da bunu çalıb.
- Nigar, bu
pianonu mənə verərsən?
- Əlbəttə, verərəm.
Az sonra
ölüm yatağındaykən Nigar xanım həmin pianonu
Cavidin ev-muzeyinə bağışladı).
...Turan
Cavid və Bəxtli Nemanzadənin söhbətlərində
xatırlananların adları da, soyadları da mənə hər
nə qədər tanış olsa da, sanki bu qızların
dilində bu adların öz mistikası vardı: Cavid əfəndi,
Faiq əfəndi, Bəxtli, Pepinov, Dursunzadə, Xocazadə,
Minirə Ləman, Nemanzadə, Günəşli...
- Bəs
sənə kim xidmət edir, Bəxtli?
Bunu Turan xanım soruşdu.
- Exxx...
Turan... Bunu soruşma. Tənhalıq
pis şeydi. Allah düşmənimi də
tənha etməsin.
Evdə hər şey köhnə səliqə-sahmandaydı. Hiss olunurdu ki, bu təkotaqlı
mənzilə qadın əllərinin həniri-hərarəti
təmas etməyib, yaxud etmir. Çay süfrəsini Turan
xanım hazırladı və o anda mən hiss elədim ki,
Ömər Faiqin 85 yaşlı qızı Bəxtli Cavidin 80
yaşlı qızı Turanın ona göstərdiyi
qayğıdan utanır... Bəxtli xanım
"Gənclik" metrosunun yaxınlığında,
dördüncü qatda təkotaqlı mənzildə
yaşayırdı. Vaxtilə şəhərin
mərkəzində Bəxtlinin atasından qalma yaxşı
bir evi varmış.
O gün
gecədən keçmişəcən Bəxtli xanım bizi
yanından buraxmadı. Üç-dörd qovluqda köhnə,
saralmış kağızlar, qəzet parçaları,
kitablar, şəkillər...
Bayırda
isə narın qar yağırdı...
Sonra Turan Cavidin təlqinlərilə Bəxtliyə hər
həftə baş çəkdim.
Sonra 2004-ün 12 sentyabrı. Turan xanım
dünyasını dəyişdi. Yanında tək mən
vardım... O keçinən kimi telefon zəng çaldı.
Bəxtli xanım idi:
- Azər
əfəndi can, Turan hardadı?
- Turan
yatır.
- Nə
olub, xəstədi?
- Hə.
- Can,
Turan, can... Qoy yatsın. Sonra zəng
vuraram...
Bəxtli xanımın dediyinə görə, kimsə
gecədən keçmiş qapısını döyüb
onu qorxudurdu. Əlbəttə, bu, Bəxtliyə elə gəlirdi.
Gecədən keçmiş qapısını döyüb
onu səksəndirən tənhalığın xofundan
başqa nə ola bilərdi. Demişdi
axı: "Exxx... Turan... Tənhalıq pis
şeydi. Allah düşmənimi də tənha
etməsin".
Tamam tənhaydı. Yeganə övladı
körpəykən ölübmüş. Belə
deyirdi.
"Gənclik"dəki evinə - 4-cü mərtəbəyə
bir dəfə bura köçdüyü gün
qalxmış və bir də heç vaxt həyətə
düşməmişdi. Bakıdan on bir il idi ki, xəbəri
yox idi.
- On bir
ildir ki, evdən dışarıya çıxmıram. Hətta zəlzələ zamanı da çıxa
bilmədim, əfəndim.
On bir ildə onu cəmi bir dəfə şəhərə
çıxarmışdılar. Fuad bəyin
qızı Ülvi xanımın toyuna getmişdi. Vəssalam...
Bu sətirləri yazdıqca 2002-ci ilin qarlı
yanvarını xatırlayıram. Həmin gecə "Yeni Azərbaycan"
qəzetinin "Ədəbiyyat" əlavəsi
üçün "Ömər Faiqi unudun" adlı bir
yazı yazmışdım. Sonra da Kəbutərdən
xahiş etmişdim ki, Bəxtli xanımla
görüşüb onunla söhbət etsin. İndi Türkiyədə yaşayan Kəbutər
Haqverdi, yəqin ki, bunu xatırlayar. "Ədəbiyyat"
əlavəmizin 2002-ci il 1 fevral tarixli
sayının ilk səhifəsində Ömər Faiqin iri
şəklini verdik. Qəzetin həmin sayında mənim
"Ömər Faiqi unudun" məqaləm və Kəbutərin
Bəxtli xanımla "Mətləb əyan oldumu..."
başlıqlı söhbəti dərc olundu. Müsahibənin
sonunda Kəbutər qeyd edirdi ki, bu yazını
yazdığım müddətdə söhbət əsnasında
adı çəkilən şəxsləri, tarixləri dəqiqləşdirməkdən
ötrü tez-tez Azər müəllimin üstünə
yüyürürəm. O isə "Necə
danışıbsa, eləcə də yaz. O, Faiq əfəndinin
qızıdı, bizim onun dediklərinə düzəliş
etməyə haqqımız yoxdur" - deyir". Düz deyirdim, Kəbutər. Nəinki
bizim haqqımız, heç tarixin də onun dediklərinə
düzəliş etməyə haqqı yoxdur.
"Yeni Azərbaycan"ın həmin sayı son
gününəcən Bəxtlinin masasının
üstündə oldu. Hər dəfə qəzetə baxanda
qürurlanırdı. "Eh, - deyirdi, - gör mən
kimin qızıyam?".
Bir də
Məmməd Zəki Dursunzadənin və Minirə Ləmanın
birgə yazdıqları şeir dəftəri... Hərdən mənə elə gəlirdi ki, bu dəftər
itsə, Bəxtli xanım yaşaya bilməz. Bəzən bu dəftəri hara qoyduğunu unudanda
vahimələnər, "Məni onların ruhu sıxır.
O dəftərdə onların şəxsi duyğuları
yazılıb" - deyirdi. Bəxtli xanımın dilinin əzbərində
həmin dəftərdən Məmməd Zəkinin və Minirə
Ləmanın misraları dönə-dönə
sayrışıb keçərdi... O dəftərin aqibəti
bilirsinizmi, necə oldu? Sonralar öyrəndim ki,
Məmmədzəki Dursunzadə ilə Xocazadə Minirə Ləmanın
ortaq dəftərini Bəxtli xanım kiminsə əlinə
keçməsin deyə, məhv edib. Deyilənlər
həqiqətdirsə, Bəxtli o dəftəri məhv edibsə,
demək ki, sirr sirr olaraq qalıb. Amma o
sirr nə idi? Bunu təkcə Bəxtli bilirdi...
2003-cü ildə "Lider" TV-də Ömər Faiqlə
bağlı portret-film çəkildi. Filmin
ssenarisini mən yazdım. Rejissoru isə
Akif Arifoğlu idi. "İşığımız
sönməyəcək" ilk dəfə sentyabrın 13-də
efirə verildi. İndi o film təkcə Bəxtli
xanımın atası ilə bağlı söhbətinə
görə deyil, həm də bütün ömrünü
Ömər Faiqin tədqiqinə həsr etmiş professor
Şamil Qurbanovun, professor Xeyrulla Məmmədovun
Ömər Faiqlə bağlı son söhbətləri kimi də
dəyərlidir.
"Fuad
olmasa məni kim yaşadar?" deyən Bəxtli
Nemanzadənin yeganə təsəlli yeri bacısı oğlu
Fuad Pepinov idi. F.Pepinov Moskvada yaşayır.
Mühəndis-kibernetikdir. Mesxeti
türklərinin liderlərindəndir. Axıskalıların
"Vətən" cəmiyyətinə
başçılıq edir. Çəkiliş
günlərində o da Moskvadan gəlmişdi. Çox istəyirdi ki, babasını təkcə
yazıçı kimi deyil, həm də siyasi xadim kimi təqdim
edək.
2008-ci il 2 may. Səhər saat on radələrində
Bəxtli xanımın evindən bacısı qızı
Nigar xanım zəng vurdu: Bəxtli Nemanzadə keçinib.
Ömər
Faiq Nemanzadənin ocağında doxsan il
yanan sonuncu çıraq sönüb.
Saçlarına
Mirzə Cəlilin, Cavid əfəndinin... sığal çəkdiyi
bir Bəxtli uzun yaşadı, kübar yaşadı. Gözü-könlü tox yaşadı.
Ruhunda bir işıq yanırdı. İşıqla
Bəxtli bir-birini sönməyə qoymurdular.
Atasının
sözlərini tez-tez təkrar edərdi:
"İşığımız sönməyəcək"...
Faiq əfəndi düz deyirmiş. Amma işığı
sönməsə də, pərvanəsi söndü...
Tanrının
göylərində doxsan il qanad çalan
Bəxtli nəhayət ki, anasının ruhuna qondu. Onu nəşriyyatın
yaxınlığındakı məzarlıqda anası Abidə
xanımın məzarına dəfn etdik. Çünki
özü belə istəmişdi. Cənazə
törəninə qatılanların hamısı Axıska
türkləri idi. Ömər Faiqdən
söz düşəndə dil-dil ötənlərin bircəciyi
də Nemanzadə ocağının bu kədərli
günündə - sonuncu Nemanzadənin dəfnində
iştirak etmədi...Vida mərasimindəki adamlardan yalnız
Fuad Pepinovu tanıyırdım.
"Qara
xəbər tez yayılar"... Bəs niyə Bəxtlinin
qara xəbəri gec yayıldı?.. Bu xəbəri
eşidənlər az oldu. Bu xəbər
gec yayıldı... "Sonuncu
çıraq" yazım o günlərdə Bəxtli barədə
yazılmış yeganə vida sözü oldu.
Ömər
Faiqin qızı, Əhməd bəy Pepinovun və neçə-neçə
böyük türkün əzizi Bəxtli tənhalıqdan
bezsə də, ölümdən yaman qorxurdu...
Və...
Bəxtli
bu dünyadan bəxtsiz getdi...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.16-17.