Sehrli üzük
Esse
Bütün nağılların süjetləri
və atributları kimi, sehrli üzük
də dünyanı dolaşıb, vaxtaşırı
ayrı-ayrı millətlərin
barmaqlarını bəzəyib. Bəzilərinə öz ölçü-biçisiylə
uyğun gəlib, bəzilərinin barmaqlarını
sıxıb, amma öz sehrini itirməyib, vəd verdiyi xeyri gətirib.
Bizim nağıllarımızda
da həmin üzük hamıya tanışdır. Nağılın baş qəhrəmanı
ilə birlikdə biz də onu dəfələrlə
barmağımıza taxıb
ürəyimizdən keçənləri
elə nağıllarımızın
qəhrəmanları kimi
hövləki diləmişik.
Bizim nağıllarımızda
sehrli üzükdən,
sehrli quşdan, sehrli balıqdan, ümumiyyətlə, bütün
sehrlilərdən üç
arzu diləmək, üç şey istəmək mümkün
olub. Nağıl personajlarımız da belə bir
fövqəladə fürsətdən
məharətlə faydalanaraq
hər üç imkandan geninə-boluna istifadə ediblər.
Məni bu yazıda həmin kontekstdə maraqlandıran bir ingilis nağılındakı
sehrli üzüyün
nağıl taleyidir.
Nağıllarda olduğu kimi, bir nəfər yoxsul ingiltərəli öz bəxtini-qismətini
axtarıb tapmaq məqsədilə yola düşür. Az
gedir, üz gedir, dərə-təpə
düm-düz gedir... Min bir əzab
əziyyətdən sonra
xoş bir təsadüf nəticəsində,
ehtimal olunduğu kimi, ona bir
sehrli üzük verirlər.
- Bu üzükdən yalnız
bir arzunu, ən böyük diləyini istəyə bilərsən... - Üzüyü
verən müəmmalı
varlıq belə deyir.
Fikir verin, üç yox, üzük yalnız və yalnız bir arzunu çinləşdirə
bilər.
Kişi üzüyü öz barmağına taxıb, şad xürrəm halda gəldiyi yolla üz qoyur
geriyə sarı.
Mənzil uzun olduğundan yolüstü bir traktirdə gecələməli
olur. Fəqət, sadəliyindənmi, sadəlövhlüyündənmi, qonaq evindəki otaq yoldaşına barmağındakı sehrli
üzük barədə
danışır.
Gecənin bir vaxtında kişinin gözünə
yuxu gedəndə otaq yoldaşı onun barmağındakı üzüyü çıxarıb
əvəzində zahirən
sehrli üzüyə
oxşayan öz barmağındakı adi üzüyü kişinin
barmağına taxır.
Bəxt axtaran kişinin bundan xəbəri olmur, səhər durub yoluna davam
edir.
Təpələrdən yel kimi, dərələrdən
sel kimi keçib, nəhayət, gəlib öz evinə çatır.
Evə çatan
kimi arvad-uşağı
sevindirir ki, var-dövlətlə qayıda
bilməsə də, elə bir sehrli
üzük gətirib
ki, o, ən böyük istəklərini
yerinə yetirə bilər.
İstəsələr, üzükdən
yanıbuzovlu bir inək diləyə bilərlər, istəsələr,
bir cüt öküz, istəsələr
bir anbar taxıl və yaxud gözəl bir ev arzulaya bilərlər. Üzük də bu arzunu həmin
an gerçəkləşdirəcəkdir.
Amma şərt şərtdir,
bütün bu şeylərin içindən
ən vacibini seçib onu istəməlidirlər, vəssalam.
Uzun sürən
ailə məşvərətindən
və götür-qoydan
sonra, belə qərara gəlirlər ki, sehrli üzükdən
yanıbuzovlu, bolsüdlü
bir inək istəsinlər. Sonra fikirləşirlər ki, üzüyün yeganə
imkanını buna sərf etməyə dəyməz, gəl zəhmətə qatlanaq, əməyimizin sayəsində
bir az
pul toplayaq, inəyi özümüz alaq, üzükdənsə
daha əhəmiyyətli,
daha dəyərli bir şey istəyək.
Bu minvalla zəhmətə qatlaşıb bol məhsullu bir inək alırlar.
Sonra üzükdən
yeri şumlamaq üçün bir cüt öküz istəməyin üstündən
də keçirlər,
işləyib, süd-pendir
satıb bir cüt öküz alırlar.
Sehrli üzükdən ev istəməyi də rəva bilmirlər, düşünürlər,
üzük qoy sonraya, daha vacib
işlər üçün
qalsın, evi özümüz tikərik.
Ev də tikirlər.
Xülasə, nağıl belə bir sonluqla bitir
ki, üzük yenə də İngiltərədə həmin
ailənin yetmiş yeddinci nəslindədir. Onu heç kəs hər hansı bir xahiş üçün qıymır,
hər şeyi özləri qurub-yaratmağı
üstün tuturlar, üzüyü isə daha vacib bir
arzu üçün nəsildən-nəslə miras
verirlər... Və həmin
üzüyü candan
əziz saxlayan o tayfa bilmir ki,
üzük sehrli deyil, adi üzükdür.
El ədəbiyyatının başqa janrları kimi, nağıllar da bu və
ya digər xalqın arzularını,
xüsusiyyətlərini, milli
xarakterini və ətraf mühitə, həyata münasibətini
əks etdirir. Burası, heç
şübhəsiz, belədir.
Bir çox millətlərin nağıllarında tələm-tələsik istifadə olunan sehrli üzüyün
bu nağıldakı
taleyi, doğrudan da, ingilis xalqının
haqqında, onun milli xüsusiyyətləri
barədə nə çox şey deyir.
Amma bu barədə düşünərkən məni
bir şey də maraqlandırır, görəsən, yolqırağı
traktirdə yoxsul kişinin barmağından
sehrli üzüyü
çıxarıb oğurlayan
adam hansı
millətə mənsub
idi. Hadisə məhz qonaq evində baş verdiyindən demək olar ki, o bəlkə
də,ingiltərəli
deyildi, olsun ki, tale onu sehrli
üzüyün dalınca
bu ölkəyə qonaq gətirmişdi. Bəlkə də, oğru da ingiltərəli
idi, kim
bilir...
İmir Məmmədli
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.25.