QUYU

 

Əsirlikdəkilərə

 

hekayə

 

...Üzüqoylu düşməyimlə  arxamca cırıltıyla çırpılan dəmir qapının boğuq taqqıltısını eşitdim. Erməniycə nəsə deyib gülüşdülər. Daha sonra  zəncir cingildədi, qıfıl  şaraqqıltıyla bağlandı və addım səsləri yoxa çıxdı...

Məni bura gətirənlər barədə fikirləşdim ki,  necə axmaq olasan, qaçmaq üçün ayaqları, yapışmaq, dırmanmaq üçün əlləri şil-küt edilib dərin quyuya atılmış, demək olar leşə dönmüş adamın qaçmasına özünü inandırasan!?. Canım ağrımasaydı yaxşıca gülərdim...

"Ölümüzdən də qorxurlar...".

Şişmiş göz qapaqlarımı tük naziklikdə aça bildim; ətraf zülmət içindəydi - qıyıq gözlərim qaranlığa dirənib qaldı.

Küy salmağa, cınqırımı çıxarmağa da heyim qalmayıb. Elə bilirəm ağzımı açsam, səs əvəzinə içalatım selik kimi axıb yerə töküləcək... Sallaq çənəm, alnım, partlayıb şişmiş dodaqlarım, laxta qan tıxaclanmış burnumun dəlikləri yavaş-yavaş islanıb  göynətməsəydi, qıcqırmış, sirkə tamı verən mayeni tanımaz, harda olduğumu dərk etməzdim: Silos quyusuymuş...

Buna da şükür! Pox quyusuna da ata bilərdilər...

Nə vaxtsa kobud doğranmış qarğıdalı, günəbaxan gövdələrinin, peyinə dönmüş küləşin hissiyyatsız bədənimə döşənək olacağını ağlıma gətirməzdim. Naşükürlük etmirəm, yəqin ki, bura əsir düşəndən "yatdığım" nəm beton döşəmədən  daha rahat olar.., əlbəttə, vərəmləməsəm...

Bir saat keçə, ya keçməyə, artıq içərinin rütubətini ciyərlərimdə hiss edirəm. Nəfəsimdəki kif tamı quyuda hökmranlıq edən iyrənc qoxuyla qarışıb ürəyimi bulandırır. Ögüyürəm... Ödümü qusuram...

Duzlu şirə yaralarıma hopduqca bütün bədənim  sızıldayır, getdikcə əvvəlki ağrıları daha dəhşətlisi əvəz edir, beynim gup-gup guppuldayırdı. Sarsaq bir gizilti əzgin əzalarıma sitəm edir. Üşüyürəm. Davadan qabaq soyuğa dözümlüydüm. İndi, yazın zoğal çiçəkləyən vaxtında bu nə üşütməydi bədənimi bürüyüb?

...Ağzımda bir dənə salamat dişim qalmayıb; dünən gecə sübhəcən laxtalanmış qan tüpürmüşəm. Elə bil keyidici iynə vurublar, dilimi, damağımı hiss etmirəm. Mən şükürlüyəm, beş gün əvvəl əsir götürdükləri əsgəri mal cəmdəyitək qarmaqdan kəlləmayallaq asmışdılar; gedib-gələn onu boks armudu kimi yumruqlayırdı... Gözləri dombalıb hədəqəsindən çıxmışdı. Ağırlıqdan, sanki boğazı nazilib uzanmışdı, adama elə gəlirdi yazığın sallanmış başı indicə üzülüb yerə düşəcək... Arada sifətinə bir vedrə su çırpırdılar ki, özünə gəlsin. Sonra yenə döyəcləyirdilər...döyəcləyirdilər... İki sutka sitəm elədilər, əclaflar... İniltisi kəsiləndən sonra onu açıb sürüyə-sürüyə harasa apardılar...

"Tanrı erməniylə dəvəyə qanad versəydi Yer kürəsi yarandığı gündən məhv olardı". Tək buna görə Tanrıya hörmətim böyükdür.

Ürəyimi yeyə-yeyə qalmışdım. "Bunun sonu olmayacaq?!".

...Salamat qalan sol əlimi ehtiyatla altımdan çəkib çıxardım, bircə qaldı havada oynada-oynada ətrafı təftiş eləmək. Çiynimdə küt ağrı var. Oynaqlarım sümük qəlpəsi düşmüş ət maşını kimi xırçıldayır . Qolum güclə havaya qalxdı. Qalxdı, yenə endi... Kor söykənəcək axtaran kimi barmaqlarımın tanış nəyəsə toxunacağı ümidiylə zülmətin içində eşələndi əlim.

...İşarət barmağımın ucu tüklü, qaba nəyəsə toxundu. Ayırd eləmək üçün xeyli əl gəzdirdim. Elə bil aylarla yuyulmayan, kir-pas içində, pırtlaşıq insan başı idi - hərəkətsiz qalmışdı. Üşəndim.  Dumanlı beynimdə bir qalaq azmış fikir vardı, sərbirah eləyə bilmirdim. "Yəni...yəni o əsgəri də bura tullayıblar?" - Nədənsə, ağlıma gələn təkcə bu oldu.

Gözlədim. Odursa, canında heyi qalıbsa, tərpənəcək... Onu üç gün əvvəl sürüyərək aparmışdılar, çətin sağ qala... Bəs kim ola bilər? Heç olmasa qurcalanaydı, bilim ki diridi... Tükü də tərpənmir yazığın...

Dilim ağzımda  şişib yumağa dönüb, nəfəsim güclə gedib-gəlir, yoxsa bir şey soruşardım. Amma yox , bir az da gözləyəcəm, bəlkə özü dindi...

Turşumuş şərabı xatırladan silos şirəsi asta-asta öz işini görür; laxtalanmış qanımın qaysağını yumşaldıb əridir, açıq yaralarıma hopduqca ağrılarım daha da şiddətlənirdi. Turşuya qoyulmuş tərəvəz kimi hiss edirəm özümü... Çevrilə bilsəydim...

"Bəlkə yanılmışam?". Şübhələri qovmaq üçün ovcumu ehtiyatla açıb cod tüklü sifətində gəzdirdim, burun dəliklərinə, dodağına ehmalca toxundum ki, cüzi nəfəs alırsa, bilim.

Ovcum handan-hana isindi... "Sağdı, şükür...".

 

***

 

Kənddə traktorçu da, feldşer də, dükançı da hərbi forma geyirdi, bir-iki qalstuklu müəllimdən savayı. Məni də əynimdəki formaya görə əsgər bilib tutmuşdular. Əslində, bir qısır, dılğır inəyin güdazına getmişdim. Keçən payız iki dəfə baş alıb meşəliyə getmişdi, çər vurmuşu iki gündən sonra tapdım. Qulaq asmadım nənəmə. Deyinərdi ki, bəsdi onun dalıyca girrəndin, dəyər-dəyməzinə sat, get Gəncəyə, texnikuma-zada gir, oxu, adam ol, mən öləndən sonra kimin umuduna qalacaqsan, ay yetim?! Bu dava bitənə oxşamır, deyirdi... Ağdamda, Füzulidə sənət məktəbləri ola-ola niyə Gəncədə texnikuma girməyimi arzulayırmış, rayonumuzun yarısını ermənilər işğal edəndən sonra başa düşdüm; məni müharibə zonasından uzaqlaşdırmaq istəyirmiş...

Oxuyub adam olmağı mən də istəyirdim, ən azından televizor ustası olardım, amma nə azarıydısa, kitabdakılar başıma girmirdi, kütbeyin idim, ölüm-zülüm məktəb yolunu ölçə-ölçə doqquzuncunu bitirdim, həmin il nənəm öldü, oxumaq da getdi işinin dalıyca, oldum çoban...

...Əsir düşən gün dumanda azmışdım. Mal-qara hürküb pərən-pərən düşməsəydi kəndin səmtini itirməzdim. Duman elə qatılaşırdı ki, qənşərimi, heç burnumun ucunu görmürdüm. Qorxdum. Özümdən çox öhdəmdəki heyvanlara görə narahat idim. İtsəydi, camaata nə cavab verərdim? Ürəyim yarpaq kimi əsirdi. Az qalırdı ağlamaq tutsun. Kor kimi əlhavasına yeriyirdim. Mal-qaranın səsi də gəlmirdi. Birdən rezin sapoqlarım sürüşdü, şarappıltıyla suya düşdüm... Vəssalam. Yadımda qalan budu...

 

***

 

- Q...qar-daş...

 

Elə bil yerin tərkindən gəlirdi səs. Zəif, yorğun külək vıyıltısıydı, sanki, əsib-əsib toxdayacaqdı. Toxdamadı... Xırıldadı... "Eşidir-sən, qar-daş?... Eşi-dir-səən?..".

Səs çiliklənib qaranlığın ağuşuna səpələndi...

Havalı kimi yan-yörəmə boylandım. Handan-hana səsin səmtini tanıdım; keyləşmiş ovucum hələ də ağzına qapanıb qalmış naməlum qonşum zarıyırdı...Əlimi yana sürüşdürüb, eşidirəm dedim.

- İndi... indi buraxacaqlar... Səhər açılsın, buraxacaqlar, - dedi.

"Bu nə sayaqlayır? Kimi buraxacaqlar? Bizi? Dəlidən doğru xəbər".

Mənə "qardaş" deyən yad kişinin vəziyyətini başa düşürdüm. Fikirləşdim ki, yazığa, məndən beşbetər, olmazın işgəncə veriblər, ağlı başında deyil, Allah bilir neçə gündü bu qaranlıq quyudadı, danışığını bilmir, yəqin, başına hava gəlir... O isə dil boğaza qoymur, elə hey təkrarlayırdı.

- İnanmırsan... qardaş? İşıqlasın... buraxacaqlar... hə...

Hövsələm daraldı. Erməni ola, əlinə türk düşə, onu sağ buraxa? Öldürəcəklər!

Bunu deyəsən bərkdən dedim. Səsimi eşitcək qayıtdı ki, buraxacaqlar, səhər açılan kimi... özüm eşitdim... dillərini bir az bilirəm...

Bir xeyli ikimiz də susduq. Mən onsuz da danışmırdım. Halım nə gəzirdi. Heç onunkuna da danışmaq deməzdim. Zarıyırdı...

Qəfil ağlıma gəldi ki, bəlkə insafa gəliblər? Niyə də yox? Düşmən olanda nə olar, indiyəcən çəpər-çəpərə, divar-divara yaşayırdıq, toyda-vayda bir yerdəydik, mahnımıza oynayır, çörəyimizi yeyirdilər... Unutmazlar, yəqin... Gör neçə gündü əllərindəyəm, öldürərdilər də. Yəqin, fikirləşiblər ki, əli yalın çoban adamdı, hərbiçi deyil, üstümüzə silah çəkməyib... şil-küt eləmişik, bəsimizdi, buraxaq, cəhənnəm olub getsin...

Ay-hay! Olmaya da sadəlövhlüyümüz...

Ət ürpədən cırıltıyla açılan dəmir qapıdan süzülüb axan gur işıq silos şirəsində sınıb yarıaçıq gözlərimi qamaşdırdı. Başım gicəlləndi. Güclə sola dönüb bayaqdan sayaqlayan,  ağzıaçıq, heyrətlə işığa doğru boynu uzanan kişini görə bildim. Döyüküb qalmışdı.

Yuxarıda iki nəfər bağıra-bağıra nəsə danışır, başa düşmürəm. Kənardan gülüş səsləri gəlir. Baldırım yoğunluqda borunu içəri sallayıb qapını örtürlər. Üstünə deyəsən kubik qoydular - taqqıltısını eşitdim. Əvvəlcə heç nə başa düşmədim. Kimsə, "davay, axper" - dedi, - və...o baldırım yoğunluğunda borudan başıma şırhaşırla su töküləndə qonşumun erməni dilini yaxşı bilmədiyini anladım. Demə quyuya su buraxacaqlarmış!

Tərpənməyə hal nə gəzir? Su çiynimə çathaçatda baxışlarımız toqquşdu və gözləri hədəqəsindən çıxmış qonşum son dərəcə kədərli hıçqırtıyla kəkələdi:

- M-m-mən üzə b-bil-mirəm...

 

Yaşar Bünyad

 

Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.29.