"Şərqin qapısı" kəhrəba
və göllər diyarında
Səməd Vurğun
poeziyasının Litva dilinə tərcümələri
haqqında
Yaradıcılığı
Azərbaycan-Litva ədəbi əlaqələri tarixində
özünəməxsus yer tutan Səməd Vurğunun
poeziyası ilə Litva oxucusu doğma dilində ilk dəfə
1946-cı ildə tanış olub. Bu, yazıçı və şair
Antanas Ventslovanın (1906-1971) S.Vurğundan tərcümə
etdiyi məşhur "Azərbaycan" şeirinin həmin
ildə Litva Yazıçılar İttifaqının
"Ədəbiyyat və incəsənət" həftəliyində
çap edilməsi ilə əlaqədardır.
Bu
tanışlıqdan sonra S.Vurğunun şeirlərini digər
Litva şairləri - Aleksis Xurginas (1912-1997), Albinas Jukauskas
(1912-1987), Yudita Vayçyunayte (1937-2001), Sigitas Geda (1943-2008) tərcümə
edərək müxtəlif illərdə ədəbi dərgilərdə
və dövri mətbuatda dərc etdiriblər. Şairin
"Fərhad və Şirin", "Xanlar" dramları
1946-1947-ci illərdə Litva teatr səhnələrində
oynanılıb.
Buna baxmayaraq S.Vurğunun əsərləri 1980-ci ilə
kimi Litva dilində ayrıca kitab şəklində çap
olunmamışdı. Məhz həmin ildə ilk dəfə
şairin "Rytu vartai" ("Şərqin
qapısı") adlı seçilmiş lirik şeirlər
toplusu poeziya, kəhrəba və göllər diyarı kimi
tanınmış Litvada geniş oxucu dairələrinə təqdim
olunub.
Yeri gəlmişkən qeyd edək ki, bu şeirlər
toplusu əsası 1974-cü ildə Vilnüsün
"Vaga" ("Şırım") nəşriyyatında
qoyulmuş "Zvaigzdynas" ("Bürc") poetik
seriyasından buraxılıb. "Şərqin
qapısı"nın çapına qədər bu seriyadan
Aleksandr Tvardovskinin (1910-1971), Avetik İsahakyanın (1875-1957),
Oyars Vatsietisin (1933), Debora Vaarandinin (1916-2007), Yevgeni Vinokurovun
(1925-1993) və digər tanınmış poetik söz
ustalarının tərcümə kitabları çap edilib.
"Şərqin qapısı" kitabına S.Vurğunun
1976-cı ildə Azərbaycan Dövlət Nəşriyyatında
çap olunmuş seçilmiş əsərlərinin birinci
cildindən götürülmüş 52 şeiri
salınıb.
Şeirləri Litva dilinə tanınmış
şair və istedadlı mütərcim Yonas Yakştas (1931)
çevirib.
Öncədən qeyd edək ki, Y.Yakştas tərcümə
zamanı orijinala maksimum səviyyədə sadiq qalıb və
əsas qayəni saxlaya bilib. Zənnimizcə, bu
cür dəqiq poetik çevirmələr həm də
şeirlərin Litva dilində orijinaldan uğurla
hazırlanmış sətri tərcümələr əsasında
tərcümə olunması ilə bağlıdır. Sətri tərcümələri Azərbaycan və
digər türk xalqları ədəbiyyatlarının Litva
dilinə gözəl tərcüməçisi kimi
tanınmış karaim əsilli ədəbiyyatşünas
alim Halina Kobetskayte (1939) hazırlayıb. Kitabın
ön sözünün - "Azərbaycan nəğməkarı
Səməd Vurğun" adlı məqalənin müəllifi
filologiya elmləri doktoru, professor Vaqif
Arzumanlıdır (1947-2014).
Kitab S.Vurğunun çoxvektorlu zəngin lirik
yaradıcılığının başlıca motivlərini
ehtiva etmək baxımından uğurla tərtib olunub. Topludakı şeirlər
Litva oxucusuna xalq şairimizin lirik əsərlərinin yüksək
səviyyəsi ilə tanış olmağa, geniş poetik
üfüqlərinə ətraflı nəzər salmağa,
sənətkarın doğma Vətənə, onun tarixinə
və təbiətinə sonsuz məhəbbətini, insana və
insanlığa yüksək sayğısını, dərin
inam hisslərini yaxından duymağa imkan verir. Topluya S.Vurğun
lirikasının bir sıra səciyyəvi xüsusiyyətlərini
özündə daşıyan xrestomatik əsərlər -
"Yadıma düşdü", "Dağlar",
"Kür çayı", "Mən tələsmirəm",
"Hərəkət", "Həyat fəlsəfəsi",
"Rəssamın son əsəri",
"Körpünün həsrəti", "Qafqaz",
"Nizami", "Dünya", "Bənövşə"
və digər bu qəbildən olan şeirlər daxil edilərək
litvalı oxuculara şairin poetik sözlə
yaratdığı lirik lövhələrin fərqli və
parlaq rənglərini əks etdirən gözəl örnəklər
kimi təqdim olunub.
Bununla bərabər, bizi maraqlandıran əsas məsələ
toplunun necə tərcümə edilməsidir. Yəni tərcümənin
keyfiyyəti oxuculara S.Vurğun
yaradıcılığının yüksək sənətkarlıq
səviyyəsi ilə tanış
olmağa nə dərəcədə imkan verir?
Bu sualı "Şərqin qapısı" kitabı
haqqında bir sıra litvalı müəlliflərin ölkənin
ədəbi nəşrlərində çap etdirdikləri
resenziya və icmallarda ehtiva olunmuş ədəbi-tənqidi
fikirlərin yığcam xülasəsini vermək və həmin
fikirlərə münasibətimizi bildirmək yolu ilə
cavablandırmaq istərdik.
Həmin məqalələrdən birinin müəllifi
ünlü şair və tərcüməçi Sigitas Gedadır. Yeri gəlmişkən
qeyd edək ki, S.Geda Azərbaycan ədəbiyyatını
yaxından tanıyan və Litvada sevə-sevə
tanıtdıran yazarlardan biri olub. O, "Kitabi-Dədə
Qorqud"dan başqa, S.Vurğunun, R.Rzanın, A.Şaiqin və
başqa Azərbaycan söz ustalarının əsərlərini
müxtəlif illərdə öz tərcüməsində
Litva oxucusuna təqdim edib. Şair, həmçinin,
gürcü, yapon, yunan, yəhudi, hind və Çin ədəbiyyatından
çoxsaylı tərcümələrin müəllifi kimi də
tanınıb. Onun ən mühüm
yaradıcılıq işlərindən biri
"Quran"ın Litva dilinə tərcüməsidir.
Bu tərcümələr ədibə Şərq şeirinin
texnikası, ruhu və rəngarəngliyi ilə yaxından tanış olmaq, istedadını daha da
cilalamaq imkanı yaradıb. Odur ki, S.Gedanın
"Şərqin qapısı" kitabı haqqında
yazdığı "Prometeyi necə qoparmalı?!"
adlı məqaləni Litva poeziyasının görkəmli təmsilçilərindən
birinin və eyni zamanda çox yüksək səviyyəli
peşəkar və nüfuzlu mütərcimin mülahizələri
kimi qəbul etmək lazımdır. Müəllif
1980-cı ildə Litva dilində buraxılmış poeziya
kitablarının illik xülasəsində yazır:
"...Keçən
il çapdan çıxmış poeziya tərcümələri
arasında Azərbaycan şairi S.Vurğunun "Şərqin
qapısı" adlı şeirlər toplusu zəif səslənir.
...Həm də, əgər şair haqqında əsas bioqrafik
faktlar və mücərrəd xarakterli bir neçə qeyd nəzərə
alınmazsa, bu toplu həddən artıq ümumiləşdirilib
unifikasiya edilmiş kitab təəssüratını
bağışlayır.
Daha sonra
S.Geda qeyd edir: "Yonas Yakştas birinci dəfə deyil ki, tərcümə
edir. Ancaq Azərbaycan poeziyasını Litvada təmsil
edən bu ilk topludakı əsərlərin bir çox bəndləri
ruhsuz və miskin şəkildə səslənir".
S.Vurğunun Litva dilinə belə zəif tərcümələri
haqqında digər tanınmış litvalı mütəxəssis,
ədəbiyyatşünas və tərcüməçi
Arvidas Valyonisin (1945) tənqidi fikirləri də mövcuddur.
Bununla yanaşı, bir sıra müəlliflər
"Şərqin qapısı" toplusunun tərcüməsini
uğurlu sayaraq onu mütərcimin müvəffəqiyyətli
işlərindən biri kimi qiymətləndiriblər. Onlardan biri,
şair və tərcüməçi Vitautas Skripkanın
(1943-2013) kitab haqqında yazdığı və 1981-ci ildə
Litva Yazıçılar İttifaqının "Pergale"
ədəbi jurnalında dərc etdirdiyi "Xalqı
üçün yaradıb" adlı resenziyasını
göstərmək olar.
Yeri gəlmişkən, S.Vurğunun Vətən himninə
çevrilmiş "Azərbaycan" şeiri Litva dilinə
iki dəfə - 1946-cı və 1970-ci illərdə A.Ventslova
və A.Jukauskas tərəfindən tərcümə olunub. "Şərqin
qapısı"nda getmiş tərcümə artıq
üçüncü tərcümə variantı olaraq bəzi
müqayisələr aparmaq və təhlillər etmək
üçün imkanlar yaradır... Həm də
"Azərbaycan"ın tərcüməsi üzərində
ona görə bir qədər geniş dayanmaq istərdik ki, bu
şeir şairin şah əsərlərindən biridir.
S.Vurğun özü bu haqda belə deyib: "Azərbaycan"
şeiri (...) mənim bütün həyatımı,
bütün həyat proqramımı ifadə edir. Mən nə
qədər yaşayıb-yaratsam belə, bu kiçik
şeirdə verdiyim motivlərin bir çox başqa əsərlərimdə
də ifadə olunduğunu görəcəksiniz...".
"Azərbaycan" şeirinin A.Ventslova tərəfindən
edilmiş tərcüməsi şeirin şair Adelina Adalisin
(1900-1969) rus dilinə etdiyi tərcüməni
xatırladır. A.Ventslova A.Adalis kimi şeiri on iki
hecalı sillabik-tonik vəzndə tərcümə edib.
Litva şairi də A.Adalis kimi, S.Vurğun
yaradıcılığının manifest əhəmiyyətli
çağırışlarını ehtiva edən iki bəndi
- "Mən bir uşaq, sən bir ana..." və "Fəqət
səndən gen düşəndə..." misraları ilə
başlanan bəndləri tərcümə zamanı ixtisar
edib. A.Jukauskasın tərcüməsində isə
həmin bəndlər saxlanılıb və olduqca gözəl
tərcümə olunub. A.Jukauskas tərcümə
zamanı səkkiz hecalı ölçünü də
saxlamış, şeirin ritmini, intonasiya və qafiyə
sistemini (aaa, bbb) orijinalın mətninə
adekvat olaraq qoruyub. Bu tərcümədə
"Azərbaycan" şeirindəki dərin duyğular
dünyası, zəngin kolorit və yüksək emosional təsir
qüvvəsi çox aydın hiss olunur. Odur
ki, A.Jukauskasın tərcüməsi orijinalın ruhuna daha
yaxın və daha güclüdür. Bu
yerdə xüsusilə vurğulamaq istərdik ki, göstərilən
səbəblərə görə "Azərbaycan"
şeiri Litvada 1972-ci ildə keçirilən ənənəvi
"Poeziya baharı" bayram tədbiri zamanı məhz
A.Jukauskasın tərcüməsində Litvanın bir
çox mərkəzi və rayon qəzetlərində dərc
edilib.
Y.Yakştas da bu şeirin Azərbaycan dilindəki mətninə
tam sadiq qalmağa çalışıb, lakin orijinaldan fərqli
olaraq on hecalı ölçüyə üstünlük
verib. Həm
də tərcümədən hiss olunur ki, mütərcim Litva
dilində "Azərbaycan"ın milli koloritini və poetik
hərarətini qoruyub saxlamaq üçün böyük səylər
göstərib. Lakin təəssüf ki,
Y.Yakştasın bu səylərinin nəticəsi A.Ventslova və
A.Jukauskasın tərcümələri ilə müqayisədə
bərabər poetik tonda və rakursda səslənmir.
"Şərqin
qapısı" şeirlər kitabının tərcümə
səviyyəsi barədə Vilnüsdə 1980-ci ilin noyabr
ayında "Ədəbiyyat və incəsənət" həftəliyində
dərc edilmiş başqa bir resenziyada - hüquqşünas və
şair Gintautas Stankaytisin (1936) "Azərbaycan sazı Litva
kanklesinin avazı ilə səslənir" adlı ədəbi
məqaləsində də ziddiyyətli fikirlər səslənir,
qeyri-adekvat ümumiləşdirmələr və
şişirdilmiş təriflər təqdim olunur...
Ümumiyyətlə, Y.Yakştasın bu
yaradıcılıq işi A.Jukauskasın və S.Gedanın
S.Vurğundan etdiyi tərcümələrlə müqayisədə
o qədər də qəlbə yatımlı, cazibəli və
axıcı deyil. Düşünürük ki, bu, öz növbəsində,
bizə S.Vurğunun lirik şeirlərinin gələcəkdə
bir daha Litva dilinə tərcümə edilməsinə zərurətin
olması barədə fikir söyləməyə tam əsas
verir...
P.S. Məqalə
S.Vurğunun "Şərqin qapısı" kitabı barədə
müəllifin Bakıda və Vilnüsdə dərc
olunmuş ədəbi resenziyaları əsasında yenidən
işlənmişdir:
Bakı, "Ədəbiyyat və
incəsənət", 12 dekabr 1980-ci il,
№ 50 (1925).
Vilnüs, "Literatura ir menas",
14 mart 1981-ci il, № 11 (1789).
Vilnüs-Bakı, 1980-2019-cu illər
Mahir HƏMZƏYEV
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.27.