Mələklər yerdə doğulur
Vahid Məmmədlinin "Tunc mələk"
əsərinə retrospektiv baxış
"Bu dünyada heç kim mələk deyil.
Hər bir insanın da öz qoruyucu mələyi
var. Başqaları üçün
özlərini fəda edənlər mələklərdən
də ustündürlər...".
Müəllifdən
İnsan yaranışdan dünyaya mələk kimi gəlir - tərtəmiz, günahsız, kinsiz, məkrsiz... Yüksək mənəvi-əxlaqi keyfiyyətlərlə seçilən adam kamil, mükəmməl, mənən dolu insan, eləcə mələk deyilmi? Görünür, məhz buna görə bədii ədəbiyyat zaman-zaman yeni humanist, xeyirxah, alturist obrazlar yaratmaqla ilkin ilahi tapşırıqlarını onun yadına salır. Vahid Məmmədlinin Tunc Mələyi kimi. Onun "Tunc Mələk" adlı romanında mələk xislətli belə bir qəhrəmandan, başqalarının, hətta tanımadığı insanların naminə öz həyatını təhlükəyə atan, ölüm-dirim döyüşündən belə imtina eləməyən insandan söz açılır. Çətin zamanda, ağır günlərdə başqalarına kömək əli uzadan, darda qalanlara təmənnasız yardım edən bu adamların özü də, onların ədəbi obrazları da ilk baxışdan diletant təsiri bağışlaya bilər. Lakin həyatda belələri var, özü də kifayət qədərdir. Sadəcə, onları axtarıb tapmaq, həm də ədəbi qəhrəman səviyyəsinə yüksəltmək lazımdır. Necə ki, Vahid Məmmədli tapıb, bir canlı insan və ədəbi qəhrəman kimi onun həyat tərzini, prinsiplərini, yaşam fəlsəfəsini bədii mətnin predmetinə çevirib.
Vahid Məmmədli detektiv romanlar müəllifi olmasına rəğmən detektivçiliyin bəzi məqbul ənənələrindən qaçır, əsərlərində heç vaxt zahiri effektə uymur, hadisələrin başgicəlləndirici, ekstravaqant görüntülərini önə çəkmir, detektiv janr üçün səciyyəvi olan cəlbedici pozitiv məqamları belə, mətnin bədii təqdimatında gizlədə bilir, daha çox psixoloji dərinliyə varır. Onun əsərlərinin, bədii düşüncəsinin, təqdimatının mərkəzində insan dayanır. Şübhəsiz, maraqlı hadisələr, olayların rəngarəng vizual görüntüləri, həyati faktların çarpazlaşan spektrləri onun bir yazıcı kimi baş verən proseslərdən ustalıqla bəhrələndiyini sübut edir. Lakin maraqlı hadisələr, bir-birini əvəz edən məntiqi görüntülər insanın psixoloji yaşantıları fonunda aşkarlanır. "Tunc mələk"dəki hadisələr də bu rakursdan daha aydın nəzərə çarpır. O, bu obrazda bir daha sübut etməyə çalışır ki, hər bir insan özündə potensial mələk enerjisi daşıyır və "qoruyucu mələk" missiyası büsbütün yer üzünün əşrəfi olan insana məxsusdur.
Romanın ictimai-siyasi məzmunundan və bədii arxitektonikasından görünür ki, yazıçı hadisələrin təbii axınını əsas estetik meyar kimi götürmüş, süni hadisələrə, illüstrativ təsvirlərə yol verməmişdir. Detektiv janr üçün məqbul hesab edilən şərtiliklər, romantik pafos, sərgüzəşt elementləri bu əsərdən də yan ötmür. Lakin yazıçı ən gərgin hadisələrin, döyüş səhnələrinin təqdimatında dramaturji əndazəni aşmır, fantastik təsir bağışlayan epizodların təsvirində belə, qeyri-adi (fantastik) bədii vasitələrə əl atmır. Hər şey reallıq çərçivəsində, hətta demək olar ki, sərt reallıq müstəvəsində qərarlaşır.
Əsərin qısa məzmunu belədir. İraqda müharibə gedir. ABŞ ordu hissələri və müttəfiq silahlı qüvvələri darmadağın edilmiş ölkədə indi də qayda-qanun yaratmağa cəhd edir, daxili münaqişələri, lokal döyüşləri aradan qaldırmağa çalışırlar. Lakin daxili münaqişələr günü-gündən dərinləşir və vüsət alır. Belə bir qarışıq zamanda Rusiyanın Bağdadda fəaliyyət göstərən "Altunneft" şirkətlər qrupunun İraq nümayəndəliyinin rəhbəri Valeri Kiselyov və İtaliyanın RAİ-ı telekanalının reportyoru Mikele Antonari naməlum qüvvələr tərəfindən oğurlanır. Gərginlik bu hadisədən sonra başlayır. Sonra müəllif oxucunu Moskvaya qısa səyahətə aparır. "Altunneft" şirkətlər qrupunun prezidenti Oleq Altunin vaxtilə onların əməkdaşlarına kömək edərək dardan qurtarmış azərbaycanlı gəncə, təcrübəli və istedadlı analitik-detektivə yenidən müraciət etməli olur. Ümumi razılaşma ilə əvvəllər Rusiyanın prokurorluq orqanlarında və Federal Təhlükəsizlik Xidmətində işləmiş analitik-detektiv V.Kiselyovu tapıb xilas eləmək üçün şirkətlər qrupunun İraq nümayəndəliyinin yeni rəhbəri qismində bu Şərq ölkəsinə yola düşür. Çox keçmir Moskvadan xəbər gəlir: V.Kiselyov azad edilib, Sizlik bir iş qalmayıb, geri qayıdın. Yaxşı, V.Kiselyov azad edilib, bəs italiyalı reportyor? Gənc analitik-detektiv bundan sonra ürəyinin səsinə qulaq asıb müstəqil fəaliyyətə başlayır və son anda reportyoru azad edə bilir. Bu hərəkət yazıçı tərəfindən romantik macəraçılıq deyil, humanizm, insanpərvərlik kimi təqdim edilir. Doğrudan da V.Kiselyov kimlər tərəfindənsə azad olunub, buna baxmayaraq Moskvaya geri çağırılan detektivin qonorarı artıqlamasıyla ödəniləcək. Elə isə bu hoqqa, hər şeyi buraxıb Antonarini azad eləmək istəyi bu gənc macəraçının nəyinə gərəkdir? Pul, var-dovlət, imic, karyera üçünmü? Axı bütün bunların hamısı artıqlamasıyla var. O, daha nə istəyir? Yazıçı əsərin qəhrəmanı tərəfindən atılan bu addımın təmənnasızlığına oxucunu inandıra bilir.
Rusiya-İraq-İtaliya üçbucağı hadisələrin məkan koordinasiyasıdır. Hadisələrin əsas məkanı və kulminasiyaya çatan pik nöqtəsi isə Bağdaddır. Burada baş verənləri də iki istiqamətdə təhlil etmək olar. Birinci mərhələdə qəhrəmanın daxili psixoloji yaşantıları diqqəti daha çox çəkir. Yerli şəraitin bir daha öyrənilməsi, gələcək üçün planlar hazırlanması, əldə edilən informasiyaların təhlili və proqnozlaşdırılması bu mərhələ üçün səciyyəvidir. Sonrakı ikinci mərhələ daha rasional, praktik mahiyyət daşıyır. Qəhrəman bu zaman əməli fəaliyyətə keçir, mücadilə aparır. Şübhəsiz, bu rasional hadisə və təsvirlərin alt qatında da psixoloji yaşantılar, gərgin mənəvi təbəddülatlar dayanır. Qəhrəman ən çətin məqamları təkcə fiziki gərginlik və ağrılarla deyil, həm də daxili sarsıntılarla yaşayır. Qəhrəmanın uzun və məşəqqətli yolçuluqdan sonra İbrahim-əl-Xalidinin hərbi düşərgəsinə gəlib düşməsi, burada müvəqqəti əsirlik həyatı yaşaması, son anda Antonarini xilas etməsi belə, mənalı psixoloji və dramatik səhnələrdəndir.
Qeyd etdiyimiz kimi, qəhrəmanın "Altunneft"in İraq nümayəndəliyinin rəhbəri kimi Bağdada gəlişinin ilk dövrləri hadisələrlə tanışlıq və kəşfiyyat xarakteri daşıyır. Kollektivə yaxından bələd olur, onların hər biri ilə fərdi şəkildə işləməyə başlayır. Oğurluq hadisəsinin real detallarını araşdırır, onun izlərini kənarda yox, eləcə kollektivdə axtarması son anda özünü doğruldur. Əsərin sonunda nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Aymanı İbrahim-əl-Xalidinin döyüşçüləri arasında görəndə yanılmadığını başa düşür. Bu epizodlarda qəhrəmanın ağlı, düşüncəsi, fəhmi və analitik bacarığı özünü bütün parametrləri ilə büruzə verir. Ümumiyyətlə, yazıçı qəhrəmanın formalaşması və inkişafını iki xətt üzrə aparır. Hadisələri dəqiq şərh edən, düzgün proqnozlar verən dərin təfəkkürlü analitik və real həyatda hadisələri nəzarətdə saxlaya bilən, döyüşdə, çarpışmalarda cəsarətli, qorxmaz detektiv kimi.
Hadisələrin cərəyan etdiyi fonda qəhrəmanın portret cizgiləri daha da tamlaşır, xeyirxahlığı, humanizmi dəqiq detallarla aşkarlanır. Onun sinəsi altında xeyirxah bir ürəyin döyünməsinə dəblə geyindiyi "Armani" firmasının paltarları heç də mane olmur. O, nümayəndəlikdə fəaliyyətə başladığı ilk gündən işçilərlə səmimi və mehribandır. Hər birinin qayğıya möhtac olduğunu hiss etdiyindən əlindən gələn köməyi əsirgəmir. Sürücü Mahmudun xəstə oğlunu təmənnasız və umacaqsız Bəhreynə müalicəyə göndərir. Antonariyə kömək etmək istəyi də onun humanizmindən qaynaqlanır. Televizorda anasının və balaca oğlunun Antonarinin azadlığa buraxılması üçün ürəkparçalayan müraciətlərini dönə-dönə dinlədikdən sonra bu qərara gəlir. Müəllif bütün bu olayların təbiiliyinə oxucunu rəngarəng bədii lövhələrlə, obrazın psixoloji yaşantıları və dərin hiss-həyəcanları ilə inandıra bilir.
Gərgin psixoloji yaşantıların kulminasiya nöqtəsi qəhrəmanın geriyə - Moskvaya qayıtmaq üçün hava limanına gəldiyi vaxt cərəyan edir. Qəhrəmanın daxili yaşantıları, gərgin psixoloji halı, tərəddüdləri oxucuya da sirayət edir. Son anda onun qəbul etdiyi qərar, Moskvaya getməyib Antonarini xilas etmək məqsədilə geri qayıtması bu daxili çırpıntıların, mənəvi-psixoloji çabaların məntiqi nəticəsi kimi üzə çıxır. Əsərdə belə psixoloji anlar kifayət qədərdir.
Yazıçı təsvir etdiyi hadisələrin, çoxqatlı, çoxplanlı şəkildə bir-biri ilə çarpazlaşan və bir-birini tamamlayan epizodların təbii inkişafında müstəsna peşəkarlıq nümayiş etdirir. Qəhrəmanın səhrada, köhnə karvan yolunda qarşılaşdığı olaylar, macəra təsviri bağışlayan əhvalatlar, lokal vuruşmalar, məhəlli müharibələr, küçə döyüşləri realist təsvirlərlə yadda qalır. Hadisələrin cərəyan elədiyi konkret şəraitin təsvirində yazıçının professional yanaşma sərgiləməsi onun spesifik hərbi-kəşfiyyat əməliyyatlarına yaxından bələd olmasına zəmanət verir. Bir fakta diqqət yetirək. Əsərin qəhrəmanının çətin və məşəqqətli səhrada gecə yolçuluğu zamanı piyada əleyhinə minanı ayağı ilə basanda göstərdiyi peşəkarlıq yazıçının özünün də bu aləmə peşəkarcasına bələdliyindən soraq verir. Çox incəliklə (və həyəcanla) təsvir edilən məlum epizodlarda müəllif bu sahədəki biliklərini, sanki nümayiş etdirir. Qəhrəmanın avtomat süngüsü və rezin ipin vasitəsilə minanı müvəqqəti də olsa, zərərsizləşdirib özünü xilas etməsi belə, sarsıdıcı professional epizodlardandır. Bundan başqa, İbrahim-əl-Xalidinin adamları ilə görüşəndə nümayiş etdirdiyi təmkin, soyuqqanlılıq, sərrast davranışlar... İtaliyalı reportyoru azad edərkən ən çıxılmaz anlarda belə, şəraitə uyğun hərəkətləri, ərazinin mürəkkəb koordinasiyalarını uyğunlaşdırıb fövrən istifadə edə bilmək bacarığı onun doğrudan da hazırlıqlı və istedadlı detektiv olmasını bir daha təsdiq edir.
Romanda qibtə doğuran cəhətlərdən biri də müəllifin Bağdadın təcavüzdən sonrakı ictimai-siyasi həyatını, lokal döyüşlərin mahiyyətini, insanların unikal xarakterini, çətin anlarda bir-birinə münasibətdə nümayiş etdirdikləri fövqəladə mərdlik və canıyananlığı son dərəcə incə lirizmlə təsvir etməsidir. İraqın ayrı-ayrı inzibati ərazilərinin təsviri, burada yaşayan insanların özünəməxsus keyfiyyətlərinin, spesifik cəhətlərinin aşkarlanması rəğbət doğurur. Bağdadın əl-Təqəriyyə, əl-Museyib meydanı, "Sultan Palace", "Fələstin", "Şeraton", "Bağdad", "Kandil" otelləri, əl-Fəlucə, əl-Cabiriyyə, əl-Kasimiyyə, Ramadiyyə, Bakuva rayonları və digər coğrafi adlar barədə dəqiq məlumat verməklə, əslində, İraqın müasir mənzərəsini ortalığa qoyur, onun ağrı-acılarından, əzablarından, mübarizəsindən söz açır. Böyük məhəbbətlə təqdim edilən insanlar - sürücü Mahmud, bağban Bəşər, bazarda tanış olduğu sürücü Abdulhəsən, Tariq və başqaları öz xarakterik cizgiləri, insani keyfiyyətlərilə bu mənzərəni məntiqi cəhətdən tamamlayır. Bütün bunlar yazıçının müasir İraq həyatına heyrətamiz dərəcədə dərindən bələdliyini sübut edir.
Əsərin dili sadə, canlı və anlaşıqlıdır.
Əsər sırf vizual, parlaq görüntülü
hadisələrlə zəngindir. Eksklüziv elementlər, romantik paralellər əsl film ünsürləridir. Bir-birini əvəz edən,
daban-dabana izləyən
dramatik səhnələr
özündə dərin
məzmunlu kino elementləri yaşadır.
Həyəcanlar, aşıb-daşan coşqun duyğular, insanların təbii yaşantıları canlı
kino səhnələri
yaratmaq üçün
zəngin bədii detallardır. "Tunc Mələk" romanının kino variantı da, bizcə, uğurlu bir proyekt olardı.
Sonda böyük Nizami Gəncəvinin bir sözünü yada salaq: "İnsan istəsə mələk olar; bunun üçün
onun Xızır kimi özünü tanıması kifayətdir.
Özünü tanıyan
adam "abi-həyat" (dirilik suyunu) içmiş kimidir. Abi-həyat isə sözün
həqiqi mənasında
"yaşadan su"
deyil, "ağıllı
can ilə canlı ağıl" deməkdir.
"Can bir çıraqdır
ki, yağı ağıldır". Vahid Məmmədli
də əsərində
belə bir insandan söz açır - Azərbaycanda
doğulmuş, İraqda
mələyə çevrilmiş
və İtaliyada
"Tunc Mələk"
adını qazanmış
böyük ürəkli,
xeyirxah, alturist bir azərbaycanlı gəncdən. Yazıçı
sonadək onun adını açıqlamır:
eləcə Tunc Mələk. Bəlkə hər bir insanın
Mələk başlanğıcını
önə çəkmək,
bu adı doğruldacaq işlər görməyi prioritetə
çevirməyə çalışdığı
üçün... Belə
bir yazıçı
niyyətini yalnız alqışlamaq olar!
Loğman Rəşidzadə
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.28.