Xurşidbanu Natəvan

haqqında müşahidələrim

 

Natəvan "Məclisi-üns"ü öz evində təşkil etmişdi. Saray darvazasının yanında köhnə qayda ilə tikilmiş xırda şüşəli bir otaq vardı. Həmin otaq məclisin qışlağı idi. Məclis soyuq fəsillərdə həmin otaqda keçirilərdi. Baharda yayda isə şairlər Xan qızının bağına toplaşardılar. Bağda, güllər, çiçəklərlə örtülmüş yüksək bir təpəyə bənzər göy çəməndə Natəvan özü əyləşər məclisi idarə edərdi. Bu zaman süfrə açılar, ləzzətli yeməklərdən sonra çay hazırlanardı. Məclis üzvləri tam istirahətdən sonra bədiiyyat məşğələsinə başlardılar. Məclisdə verilən tapşırıqlara əsasən birincilik qazananlara Xurşidbanu tərəfindən pul, libas sair bəxşişlər verilərdi. Hətta Məşədi Nəsir (Lohi) təxəllüslü şair bir mövzunu mənzum olaraq təsvir etdiyindən Xan qızı onu qiymətli bəxşiş ilə mükafatlandırmışdı.

 

***

 

Xan qızının həmişə süfrəsi açıq idi. Qonaqsız yemək yeməzdi. Şairlər, ədiblər, musiqişünaslar Xan qızının evində çox zaman yığılıb gözəl söhbətlər edərdilər. Xurşidbanunun musiqiyə çox meyli var idi. Xan qızı bağında hər bir şərait yaradır, Mirzə Rəhim Fənanın nəzarəti altında hər şey hazırlanırdı.

Şuşada gözəl səsə malik olan Hacı Hüsü məclisə dəvət olunmuşdu. Buraya məclisin üzvləri hamısı cəm olmuşdular. Pürrəngi gülablı çaylar tökülmüş, süfrəyə müxtəlif mürəbbələr düzülmüşdü. Hamının nəzəri Xurşidbanuda idi. Xanım gülərüzlə Hacı Hüsüyə müraciət edərək dedi:

- Möhtərəm Hacı! Bizə bir qədər ruhi qida verməyinizi xahiş edirəm.

Haçı Hüsü ona:

- Nəcibə xanım, hansı dəstgahla maraqlanırsınız?

Sadıqcan tarı döşünə götürüb mizrabı əlinə aldı. Hacı Hüsünü tarda müşayiət etdi. Bülbüllər məclisin ətrafında ötərək musiqini dinləyirdilər. Bəzən uçub süfrənin ortasına düşürdülər. Bu şairanə mənzərə hər kəsin nəzərini cəlb edirdi. Əyləşənləri Hacı Hüsü öz məlahətli səsilə məftun etmişdi. Musiqi bitdikdən sonra Xurşidbanu ifaçılara pul bağışladı. Onlar xanıma təşəkkür edərək icazə alıb getdilər.

 

***

 

Natəvan füqara əlsiz-ayaqsızlara qayğı bəsləyən, açıqürəkli elmli bir şəxs idi.

...1885-ci ildə Şuşada rəsmi məktəb açmaq üçün başda Xurşidbanu olmaqla tərəqqipərvər şəxslərin təşəbbüsü ilə Çar hökumətinə müraciət edilmişdi. O zaman məktəb üçün əlverişli bina olmadığından qızı Xan Bikənin yaşadığı binanı məktəbə vermişdi. Həmin binada ilk dəfə olaraq ibtidai "Russki-Tatarski" adlanan məktəb açılmışdı. Məktəbə Haşım bəy Vəzirov müdir təyin olunmuşdu.

Bu şəxs uzun zaman müdir işlədikdən sonra Bakıda "Səda" qəzetinə başqa qəzetlərə redaktorluq etmişdi. 1920-ci ildə o məktəbə Nəriman Nərimanovun adı verilərək "Nərimaniyyə" məktəbi adlanmışdı. Həmin məktəbdə şəxsən mən özüm Üzeyir Hacıbəyov onun qardaşları ilə birgə oxumuşuq. Bu məktəbdə təhsil alanlar içərisində bir çox istedadlı savadlı şəxslər ortaya çıxmışdır. Haşım bəy öz dövründə xalqı yeniliyə sövq edən maarifpərvər bir şəxs olmuşdur. Bu adamın övladı yox idi. Bakıya köçdükdən sonra yaşadığı binanın ictimaiyyətin istifadəsinə verilməsini tapşırmışdı. Həmin binada məktəb təşkil olundu Haşım bəy Vəzirovun adına "Haşimiyyə" məktəbi adlandırıldı. Hazırda o binada "Vərəm əleyhinə" xəstəxana yerləşir. Haşım bəy Şuşa əhlinin gediş-gəlişi rahat olsun deyə, bir neçə yüz metrlik "palçıqlı yol"a daş döşətmişdi.

Xurşidbanu xalqın ehtiyacını nəzərə alaraq 1873-cü il avqustun 18-də böyük məbləğ - 20 min manat sərf edib uzaq meşə içərisində, sıldırım qayalardan axan suyu çox çətin yerlərlə şəhərə gətirtmiş, Şuşada çeşmə tikdirib suyu xalqın istifadəsinə vermişdi. Su gətirilən zaman bu işlə məşğul olanlar Xan qızına müraciət edərək söyləmişlər ki, su gələn yollar dərə-təpə olduğundan suyun şəhərə gəlməsi böyük məbləğ tələb edir, bu qədər pul sərf edilməsi sizə çox ağır başa gələr. Xan qızı onlara cavabında:

- Bu haqda düşünməyə dəyməz, əgər lazım olsa, sərçeşmədən şəhərə kimi olan məsafə boyunca qızıl pul düzdürməyə hazıram,-deyə onlara cavab vermişdi. İlk əvvəl ağır - xərc ilə şəhərə gələn su şərəfinə Xan qızı böyük ziyafət təşkil etmişdi. Böyük bağ qonaqlarla dolmuşdu. Bu şənlik günü ziyafət üçün çox böyük təntənə düzəltmiş, hətta bağında olan hovuza qənd doldurmuş, neçə yüz nar sıxdırmış gözəl, dadlı qəndab hazırlatmışdı. Qonaqlar yeməkdən sonra hovuzdan  qəndab içmişlər.

Xurşidbanu Natəvan həmişə fəqirlərin, yoxsulların ehtiyacını ödəmişdir. Hər il xeyli pul sərf edib öz bağında ehsan verərdi. Mir Möhsün Nəvvab öz şeirlərində Xurşidbanu Natəvanı "nan səni" adlandırırdı.

1887-ci ildə aclıq dövründə Qarabağda kəndlilərin təsərrüfatı tamamilə məhv edilmişdi. Buğda, arpa tarlalarında küləşdən başqa bir şey görünmürdü. Xurşidbanu Natəvanın əmrilə Qarabağda yoxsul kəndlilərə siyahı üzrə, qaytarılmamaq şərti ilə taxıl paylanılmışdı.

 

Xosrov Axundov

 

Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.30.