Mahir pedaqoq

 

Mirzə Xosrov Axundov dövrünün çox hörmətli şəxsiyyətlərindən biri olub. O, 50 il Şuşada ibtidai sinif müəllimi kimi savadsızlığın aradan qaldırılmasında bütün qüvvə və bacarığını sərf edib, təkcə müəllimlik etməklə kifayətlənməyib, eyni zamanda şəhərin ictimai-mədəni həyatının fəal iştirakçısı olub.

O, 1889-cu il iyunun 13-də Şuşada, ziyalı ailəsində anadan olub. Atası Mirzəli Aşiq həm müəllim, həm şair, həm də musiqişünas kimi fəaliyyət göstərib. Cabbar Qaryağdı oğluna 16 yaşına kimi dərs deyib. Xurşidbanu Natəvanın yaratdığı "Məclisi-üns"ün fəal iştirakçısı olub. Xosrov 9 yaşında olarkən onu adı çəkilən şeir məclisinə apararmış. Mirzəli Aşiq Mir Möhsün Nəvvabla da dostluq edərmiş.

Xosrov Axundovun müəllim kimi şöhrəti ətraf rayonlara da yayılmışdı. Onun təcrübəli müəllim olduğunu nəzərə alan görkəmli ədibimiz Cəlil Məmmədquluzadə iki oğluna - Midhət və Ənvərə Xosrov müəllimin dərs deməsi üçün Ağcabədidən Şuşaya gətirmişdi. Xurşidbanu Natəvanın nəvələrinə də Xosrov müəllim dərs demişdi.

Təsadüfi deyil ki, onun şagirdlərindən yüksək ixtisaslı mütəxəssislər - alimlər, bəstəkarlar, müəllimlər, musiqişünaslar, hüquqşünaslar yetişib. Akademiklərdən Lətif İmanov, Validə Tutayuq, kimya elmləri doktorları Paşa Rüstəmov, Əhəd Əliyev, Sabir Əliyev, Moskva Hidromeliorasiya İnstitutunun əməkdaşı, texnika elmləri doktoru Qabil İsmayılov, texnika elmləri doktoru, professor Akim Məmmədov, texnika üzrə fəlsəfə doktoru Arif Quliyev, filologiya elmləri doktorları Kamran Məmmədov, Zeynal Tağızadə, Əkbər Ağayev, bəstəkarlardan Süleyman Ələsgərov, Əşrəf Abbasov onun yetirmələridir.

Xosrov Axundovun yaşadığı mühit şeir sənəti ilə bağlı olduğundan o da bu sənətlə məşğul olur. Qəzəllər, bayatılar, hətta satirik şeirlər, təmsillər yazır. Onun ilk şeiri Nəvvabın "Təzkireyi-Nəvvab" kitabında çap olunub. Bundan ruhlanan Xosrov Axundov şeir yaradıcılığına daha çox aludə olmuşdur. Onun "Şuşanın çayı" poeması Mir Möhsün Nəvvabın xatirəsinə həsr olunub. "Qarabağın təsviri" poeması Böyük Vətən müharibəsindən bəhs edir. "Şuşanın çayı" poemasında Şuşada yaşamış məşhur şəxslər barədə geniş məlumat verilir.

Onu da deyək ki, Binəqədi rayonunda yerləşən 102 saylı məktəbə Mirzə Xosrov Axundovun adı verilib. 1976-cı ildə "Gənclik" nəşriyyatında Xosrov Axundovun həyat və pedaqoji fəaliyyətindən bəhs olunan "Mənalı həyat", 1992-ci ildə "Yazıçı" nəşriyyatında isə onun "Ömürdən səhifələr" adlı kitabı işıq üzü görüb. "Şuşa" nəşriyyatı tərəfindən Şuşanın 250 illiyinə həsr olunmuş və 2001-ci ildə nəşr olunan "Şuşa nəğmələri" kitabının I cildinə Mirzə Xosrov Axundovun şeirləri daxil edilmişdir.

Xosrov Axundovun "Şuşada yaşamış görkəmli şəxslərin xatirələri", "Şeirlər məcmuəsi", "Müxtəlif şeirlər"i Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Xosrov Axundovun Xurşidbanu Natəvan haqqında yazdığı qeydlərdən bir parçanı oxucuların diqqətinə çatdırırıq.

 

Mehparə AXUNDOVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.30.