ŞƏHƏR VƏ
İNSAN
Hər
şəhərin bir əfsanəsi vardır mütləq.
Almaniyanın şimal-qərbində sərhəd şəhəri
Axenin (Aachen) isə min bir əfsanəsi var. Axendə
yaşayan bir dostum məni səkkiz künclü Şarlman
kilsəsinin önünə gətirəndə yadıma o əfsanələr
düşdü. Kilsənin içindəki frankların
böyük kralı Şarlmanın məzarı
qarşısında dayanaraq o əfsanələri
düşündüm.
Əfsanələrdən
birində guya məşhur Abbasi xəlifəsi Harun Ər Rəşidin
frank kralı Şarlmana müqəddəs Qüds şəhərinin
açarlarını verməsindən bəhs olunur. Digər əfsanə
daha maraqlıdır. Guya Şarlman səksən minlik ordusu ilə
İstanbul üzərindən Qüdsə getmiş, Kamamədə
həzrət İsanın taxtına özü, on iki həvarisinin
yerlərinə isə baronlarını oturtmuşdur...
Bu əfsanələrdən
gerçəyə yaxın olanı Harun Ər Rəşidin
Şarlmana rahib Zaxar vasitəsilə bir çadır və su
ilə işləyən bir saat göndərməsi hadisəsidir.
Bundan başqa, almanların Böyük I Karl (Karl 1. der Grosse)
dedikləri Şarlman müsəlmanları sadəcə
İspaniyada əndəlüslərə qarşı
savaşda görmüşdü.
Əndəlüs dedim yadıma bir şey
düşdü. Axen şəhəri, eyni zamanda bir vaxtlar
müsəlmanların İspaniyadakı ən gözəl
şəhərlərindən olan Toledo ilə qardaş şəhərdir.
Nə isə...
Dostumla kilsənin qarşısında ayrılırıq. Yan
küçələr almanların "gasse"
adlandırdığı dar küçələrlə
doludur. Bir at arabasının keçə biləcəyi qədər
dar küçələrin başında bir-birindən
maraqlı heykəllər boy verir. Bəzən bir-birinin boynuna
sarılan iki rahib qılıqlı adam, bəzən də həzrət
Məryəmin qucağındakı həzrət İsanı
xatırladan uşaqlar...
Bu şəhərdə
iki yüz əlli mindən çox insan yaşayırmış.
Xaricdən gələnlərin sayı yüzdə on yeddidir.
Bu isə təxminən əlli min başqa millətdən
olan insan deməkdir.
Dostum
qırx ilə yaxındır Axendə yaşayır. Hələ
tələbə ikən buraya oxumağa gəlmişdi. Necə
həyəcanla, ümidlə gəldiyini soruşmadım
ondan. Amma o, yeri gəldikcə gənclik günlərinə
qısa bir yolçuluq edir, böyüyüb boya-başa
çatdığı kəndindən və dostlarından həsrətlə
söz açır. Sonra tarixi bir binanın yanından
keçəndə Axen və o tarixi bina haqqında məlumat
verməyə başlayır:
"Bura
Romadan qalmış kiçik bir qalıntıdır. Vitrinin
üzərində Romadan qalma bir kurort bölməsi olduğu
yazılmışdır. Bəlkə də o dönəmlər
hamam imiş. Elə tam qarşısında böyük bir
İstisu kurort məkanı var. Qalın sütunlarla əhatəyə
alınmış həyətdə əl-üz yuma yerləri
qurulmuşdur. Kranı açdığımda əllərimə
ipisti su axır. Buraya Hersoq Karl Ferdinantından tutmuş
Hollandiya kralı Lüdviqə qədər yüzlərlə
əsilzadə müalicə məqsədilə gəlirmişlər.
Gələnlərin adı divarların üzərinə həkk
olunmuşdur.
Oradan
ayrılıb yuxarılara doğru qalxırıq. Şəhər,
əslində, Şarlman kilsəsinin ətrafında
qurulmuşdur. Dar küçələri çevrələyən
geniş meydanlıqlarda onlarla kafe var... Narın
yağış yağmasına rəğmən insanlar oturub
keflə pivələrini içirlər.
Dostum məni
Körberqassedən (Körbergasse) keçirib aşağı
aparır. Küçələrin yolları eynilə İçərişəhərdəki
daş döşəməli yollar kimidir. Amma hamısında
keçmişə, tarixə bir hörmət var. Hər
küncündə "mən tarixəm!" deyə
bağıran binalara, binaların pəncərə və
qapılarını bir xəzinəyə çevirən
naxışlara baxdıqca onları yeni binalarla müqayisə
edir, keçmişdəki insanların əməyinə, səbrinə,
zövqünə qibtə edirik.
İki tərəfi
də kafelərlə dolu olan bir küçəyə girincə
dostumun üzündə bir gülümsəmə bəlirdi:
"Yorulmadın,
deyilmi?" - soruşaraq üzümə baxır.
"Yox,
yorulmadım!" - deyirəm.
"İndi
səni maraqlı bir adamla tanış edəcəm".
Keflə
yeriyirik.
Bir kafenin
qarşısında dayanıb qısa boylu, qara köynəkli,
bığlı birisilə qucaqlaşıb
görüşür. Adam elə istiqanlıdır ki, sanki
qırx illik dostummuş kimi mən də qucaqlaşıb
görüşürəm onunla. İkimizi də
qarşısında otuzdurub bizdən soruşmadan çay
ismarlayır. Sonra masanın üzərindəki incə
purolardan birini tüstülətməyə başlayır.
Gözlərimin içinə baxaraq: "Səni
tanıyıram", - deyir. "Amma mən sizi
xatırlamadım", - deyirəm. "Ziyanı yoxdur, biz
tanış deyilik onsuz da", - deyərək cavab verir. Puronu
içinə çəkib gülümsəyir.
Çox
qəribə birisidir, sanki tanıyıram kimi gəlir mənə.
Əsmər üzü, keçəl başı,
gülüncə yanaqlarında əmələ gələn zənəxdanları,
işıqlı gözləri...
Soruşmağa
macal tapmamış: "Bilirsənmi, mənim babalarım
İrəvandan köç etmişlər", - deyir.
- İrəvanmı?
- Bəli,
İrəvan!
İndiki
nəsil bilməyə bilər. Halbuki, İrəvan dedikləri
Osmanlının ən böyük hökmdarlarından biri
olan IV Muradın məşhur vəziri Mustafa Paşa ilə on
iki min əsgərinin ruhu bəlkə də hələ
oralardadır.
1635-ci
ilin 28 martında iki yüz min əsgərlə yola
çıxan 23 yaşındakı bu gənc bəxtsiz
hökmdar iyul ayında Rəvana çatır, oranı fəth
etdikdən sonra avqustun onunda indi yeri xarabaya dönən
Böyük İrəvan məscidində adına xütbə
oxutduraraq oranı vəziri Mustafa Paşaya əmanət edib
İstanbula doğru yola çıxar.
Bəli,
İrəvan o İrəvandır. İndi Ermənistanın
paytaxtı olan küçələri türksüz, məscidləri
yetim qalan şəhər...
"Bəs
atan necə gəlib çıxıb buralara?".
"Qardaşlarıyla...
1927-ci il... Sovetlər İttifaqında Stalin dönəmi və
kolxozlaşma səfərbərliyinin başladığı
illər. Babam gecələrin birində oğullarını
oyandırır. "Qalxın, getmək vaxtıdır!" -
deyir.
Onlara o
biri otaqda yatan bacı-qardaşlarını göstərərək:
"Yaxşı-yaxşı baxın, bəlkə bir-birinizi
bir daha görmədiniz..." - deyir.
Diqqətlə
baxarlar yatanlarına... Bu son baxış, bu son
görüşdür. Doğrudan da, bir daha bir-birlərini
görməzlər. İki qardaş, bir qonşu və bir
xalaoğlu özlərini gecə vaxtı Araz
çayının dəli sularına atarlar... Ruslar xəbər
tutar, itləri buraxarlar. Amma onlar cəld tərpənib
yaxalanmadan Türkiyəyə keçərlər.
- Sonra?
-
Sonrası uzun hekayə... Bunları böyük
qardaşım məndən daha yaxşı bilər, ancaq o,
Türkiyədə yaşayır.
Bir az
söhbətinə ara verir. Dalınca kofe ismarlayır. Ac
olub-olmadığımızı soruşur. Təşəkkür
edirik. Anidən mövzunu dəyişib öz həyatına
keçir. Almaniyadakı həyatından, tənhalığından,
atasının məzarına həsrət qalmasından
danışır. Atasından danışdıqca gözləri
dolur və əlinin tərsiylə gözünün
yaşını silir.
Ardından
qısa bir qəhqəhə atır, güldükcə
gözəlləşir. Geriqalmışlıqdan, irəli
getməkdən söz açır. Sonra anidən səssizləşib
sözü Türkiyəyə gətirir:
-
Əslində, qayıtmaq istəyirəm, - deyir.
Bax bu
qayıdış sözü! Hər kəsi necə də qəribləşdirir.
İnsanın ruhunu əsir edən "Vətən"
duyğusu bu olsa gərək!
"Aslında
dönmek istiyorum," - diyor.
Qırx səkkiz
illik bir qürbət və geri dönüş... Haraya, kimə,
hansı qucağa geri dönüş? Bəlkə də ata
ocağında qalmış bir ağaca, bir qarış
torpağa qayıdış... Bir ovuc xatirələrə
qayıdış... İnsanı çəkən bax, budur.
Əslində, mən də ona İrəvandan, Hacı Əhməd
babamdan, onun Zal hamamının yanındakı dükanından
söz açmaq istəyirəm, amma yenə İrəvan
adını eşidib hüzünlənəcək deyə
susuram.
Mövzunu
dəyişirəm. Soyadını soruşuram. "Aran" -
deyir.
- Mənası
nədir, bilirsənmi? - deyə soruşuram.
- Yaylaq
deməkdir...
Uzaqdakı
yaylaqlar, ovalar, Araz çayı, başı qarlı
Ağrı dağı canlanır gözümün
önündə... Hamımız bir dağın, bir
yamacın, bir yaylağın əsiri olub getmişik. Bu həsrətin
içindəki bu şəhərin, bu "gasse"lərin,
bu kilsələrin və hətta Böyük Şarlmanın
nə əhəmiyyəti var ki?!
Vidalaşıb,
qucaqlaşıb, görüşüb ayrılırıq
oradan... Aran bəy gülümsəyərək əl
sallayır.
Burada bir
şəhər var. Tam Belçika ilə Hollandiya sərhədində.
İçində əfsanələri, kralları, kral məzarları,
istisuları var. Amma onlardan da vacib İrəvan, İrəvandan
gələn bir elçi, bir həsrət var burada. Əslində,
bütün yazı boyunca bu həsrəti tərif etmək
istəmişdim. Dostuma Abdurrəhman Qaraqoçdan bir şeir
oxuyub yolumuza davam edirik:
"Artık
ne kar yağar ne ben üşürüm
Ne de
saçlarımı dağıtır rüzgar.
Yaşarken
bir günde bin kez ölürdüm.
Artık
ölüm yoktur, ölümsüzlük var".
Orxan Aras
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.31.