ƏDƏBİYYAT ÜZRƏ 1950-Cİ İLİN NOBEL MÜKAFATÇISI:

Bertran RASSEL

 

Britaniyalı filosof, məntiqşünas, riyaziyyatçı, ictimai xadim. 18 may 1872-ci ildə Uelsdə, Trellek kəndində anadan olub. Daha çox pasifizm, ateizim, liberalizm və solçu siyasi cərəyan tərəfdarı kimi tanınır. Məntiqi riyaziyyat, fəlsəfə tarixi və idrak nəzəriyyəsinə böyük töhfələr verib. Estetika, pedaqogika və sosiologiya ilə bağlı nəzəriyyələri ilə geniş şöhrət qazanıb. İngilis neorealizmi və neopozitivizminin əsas yaradıcılarından biri kimi seçilib. İsveç akademiyasının məsul katibi Anders Esterlinq Rasseli "rasionalizmin və humanizmin parlaq nümayəndələrindən biri, Qərbdə azad söz və azad fikir uğrunda qorxmaz mübariz" kimi qiymətləndirib. Rassel XX əsrin ən görkəmli məntiqşünaslarından biri hesab olunur. 1950-ci ildə "azad fikir ifadəsi, humanitar ideallar uğrunda rəngarəng və qiymətli yaradıcılığına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Görkəmli filosof 2 fevral 1970-ci ildə Uelsdə vəfat edib.

"Ədəbiyyat qəzeti" oxucularına Bertran Rasselin Vudro Uayettlə olan bir müsahibəsini kiçik ixtisarla təqdim edirik.

Vudro Uayett: Lord Rassel, çox xoşbəxt adam təsiri bağışlayırsınız, həmişə belə olmusunuz?

Bertran Rassel: Yox, əlbəttə, yox. Mənim xoşbəxt olub-olmadığım dövrlər olub. Amma nə yaxşı ki, yaşa dolduqca xoşbəxt olduğum dövrlər çoxalır.

- Ən çox xoşbəxt olmadığınız dövr hansıdır?

- Gəncliyimdə çox bədbəxt adam olmuşam. Məncə, elə bütün yeniyetmələr bu cür olur. Söhbət etməyə dost-tanışım yox idi. Elə bilirdim intihar etmək duyğusu məni bir an tərk etmir və özünü bu addımı atmaqdan zorla saxlayırdım, lakin əslində, bu, belə deyildi. Bəli, elə güman edirdim ki, çox bədbəxtəm, lakin bu, yuxularımdan doğan adi hiss idi. Yuxularımda həqiqətən çox xəstə olurdum və ölürdüm. Qəribə də olsa, yatağımın yanında professor Coveti - Balpiol-kollecin magistri və Platonun tərcüməçisi - görürdüm, son dərəcə savadlı adam, ailə dostumuz idi. Ciyiltili səsi vardı və yuxularımda ona son dərəcə sentimental tonda deyirdim: "Hər halda, bu bir rahatlıqdır, tezliklə sizdən uzaqlarda olacağam". O soruşurdu: "Siz həyatı nəzərdə tutursunuz?". Mən də cavab verirdim: "Bəli, həyatı nəzərdə tuturam". O da deyirdi: "Əgər bir az böyük olsaydınız, bu cür cəfəng şeylər danışmazdınız". Mən də yatdım və bir də belə cəfəng şeylərdən danışmadım.

- Xoşbəxtliyiniz düşünülmüş plan üzrə baş verib, yoxsa sırf təsadüfdən?

- Yalnız işimə aid olan xoşbəxtlik düşünülmüş plan üzrə olub, həyatımın yerdə qalan hissəsində isə bu impulsu təsadüf nəticəsində almışam. Amma, təbii ki, işimlə bağlı düşündüyüm plan olub və onu uğurla həyata keçirmişəm.

- Sizin fikrinizcə, xoşbəxtliyi təsadüflərin və impulsun ümidinə buraxmaq düzdür?

- Ooo! Məncə, bu məsələ böyük mənada uğurdan və eyni zamanda işlərinizin necə getməsindən asılıdır. Həyatımda dözülməz dərəcədə bədbəxt dövrlər olub (bayaq söylədiyim gənclik dövründəki məsələdən xeyli sonra), o vaxt problemlər məni dalana dirəmişdi və işimi davam etdirmək üçün ilk növbədə onları həll etməliydim. Heç bir işıq ucu görmədən iki il sərasər ömrümü həmin məsələləri yoluna qoymağa sərf etdim və bu, həyatımın çox bədbəxt dövrləri idi.

- Sizcə, xoşbəxtliyi təmin edən nədir?

- Məncə, əsas dörd amil var. Lap birincisi - sağlamlıqdır, ikincisi - maddi imkandır ki, bütün ehtiyacları dəf edə biləsən, üçüncü - xoşbəxt şəxsi münasibətlər və dördüncü - uğurlu iş.

- Bəs nədən sağlamlıq? Nədən ona bu qədər böyük əhəmiyyət verirsiniz?

- Məncə, siz çox sağlamsınızsa, mütləq xoşbəxtlik qaçılmazdır. Xəstəlik insan düşüncəsinə təsir edir və adamı özünü bədbəxt hiss etməyə sürükləyir. Müəyyən xəstəlikləri ciddi qəbul etməmək olar, amma hamısını yox.

- Necə bilirsiniz, sağlamlıq sizi xoşbəxt edir, yoxsa xoşbəxtlikdən sağlamlıq doğur?

- Məncə, əgər sağlamsınızsa, bu sizi xoşbəxt edir, amma başqa səbəblər də olur. Mənə görə bədbəxt adamla müqayisədə xoşbəxt adam təsadüfən xəstələnə bilər.

- Bəs deyə bilərsinizmi gecəni rahat yatanda səhərlər özünüzü daha xoşbəxt hiss edirsiniz, yoxsa gecəni narahat yatanda?

- Əlbəttə, rahat yatanda.

- Gəliri xoşbəxtliyin növbəti amili hesab etmək olarmı? Bu amil nə qədər vacibdir?

- Bu, alışdığınız həyat səviyyənizdən asılıdır. Əgər kifayət qədər kasıb yaşamağa alışmısınızsa, o zaman böyük gəlirə ehtiyac yoxdur. Lakin əksinə, çox imkanlı həyata alışmısınızsa və gəlirləriniz sizi qane etmirsə, özünüzü bədbəxt hesab edəcəksiniz, yəni bu, vərdişdən asılıdır.

- Bəs bu, adamı durmadan pul arxasınca yüyürməyə sövq etmir?

- Deyərdim ki, belə hallar tez-tez baş verir. Varlı adamlar iş başında ölməkdən qorxurlar və bu cür təsadüflər tez-tez olur.

- Yəni lap böyük pullar da mütləq xoşbəxtliyə səbəb deyil.

- Bəli. Mənim fikrimcə, pul - özü-özlüyündə minimal şərtdir və siz onun haqqında həddən çix düşünmək istəmirsiniz. Əgər onun haqqında həddən çox düşünməyə başlasanız bu sizi narahat edəcək.

- Dediklərinizdən belə çıxır ki, kimsə tənbəlliyi ilə xoşbəxt ola bilir, bir başqası isə işinin azlığı ilə?

- Bəli, lakin mənim təcrübəmdən çıxarış etsək, o zaman siz xoşbəxt ola bilməzsiniz. Yaxşı, uğurlu, çətin işin nəticəsi adamı gerçək mənada çox xoşbəxt edə bilir və ağlım kəsmir ki, tənbəl adam nə vaxtsa belə bir hissi yaşaya bilər.

- Əgər sizə çox ağıllı olmamaqda böyük zövq var desəydilər, buna necə reaksiya verərdiniz?

- Belə bir şeyə getməzdim. Ağıllı olmamaqda heç nə məni cəzb etmir və bunda heç bir zövq görmürəm. Yox, mən ağla üstünlük verirəm!

- Necə bilirsiniz, fəlsəfə xoşbəxtliyi təmin edə bilir?

- Əgər fəlsəfə sizi maraqlandırırsa və ondan başınız çıxırsa, təmin edir, əks halda bu, bənnanın kərpic hörməyinə bənzəyir. Ümumiyyətlə, yaxşı bildiyiniz hər şey xoşbəxtliyi təmin edir.

- Hansı hallarda qibtə hiss edirsiniz?

- Hə, qibtə... Bu hiss bir çoxu üçün bədbəxlik mənbəyidir. Rəssam Heydonu xatırlayıram, o qədər yaxşı rəssam olmayıb, amma olmaq istəyib. Gündəlik tutub və orada yazıb: "Özümü Rafaellə müqayisə etdim və bədbəxt bir səhər yaşadım".

- Qibtə ilə bağlı fikirlərinzi daha ətraflı izah edə bilərsinizmi?

- Onları xoşbəxt edə biləcək çox şeyi olan əksər adamlar, başqalarının onlardan daha imkanlı olduğunu düşünüb narahat olurlar. Kiminsə daha yaxşı maşını və yaxud bağı olduğunu zənn edirlər. Ya da daha münasib şəraitdə yaşaya biləcəklərini, başqa işdən daha yaxşı xeyir götürə biləcəklərini düşünürlər. Amma əslində, əldə etdiklərinə sevinməli və bundan xoşbəxt olmalıdırlar. Bəs onlar nə edirlər? Belə bir zövqdən imtina edir, ağıllarını gərəksiz qibtə hissi ilə yükləyirlər.

- Darıxmaq... Sizcə, darıxmaq nə qədər vacib amildir?

- Məncə, çox vacib amildir, amma deməzdim ki, bu hiss yalnız insanlara aiddir, çünki zooparkda meymunları müşahidə edərkən mənə elə gəlib ki, onlar da darıxır, lakin başqa heyvanların da darıxa bildiyini deyə bilmərəm. Düşünürəm ki, yüksək intellekt çox mühüm məsələdir. Bunu vəhşilərin simasında görmək olur, onlar ilk dəfə sivilizasiyalı insanlarla təmasa girəndə daha çox alkoqol qəbul etmək istəyirlər. Onlar bunu "İncil"dən, "Tövrat"dan çox istəyirlər. Ya da mavi muncuqlar: ona görə istəyirlər ki, bu əşya onların darıxmasına bir müddət son qoyur.

- Elə fikirləşirsiniz ki, çox adam bədbəxt olduğu üçün özünü aldadır?

- Bəli, məncə, lap çox adam özünü aldadır.

- Necə düşünürsünüz, həbsxanada xoşbəxt, ya da bədbəxt olmaq mümkündürmü? Özünüz də orada olmusunuz.

- Ömürümün çox yaxşı günlərini həbsxanada keçirmişəm, lakin o zaman hələ həbsxana həyatındakı çətinliklərdən xəbərim yox idi. Əqli işlə məşğul olmağa öyrəşən adam üçün ora çox çətin, fiziki işə alışmış adam üçün isə çox asan yerdir, çünki alışdığın intellektual işdən uzaq düşmürsən.

- İnsanların bir-birlərindən götürüb təkrarladıqları formullara necə baxırsınız? Uzun və xoşbəxt yaşamaq formullarını nəzərdə tuturam.

- Uzun ömür yaşamaq tibbi məsələdir və mənim demək istədiyim faktlardan asılı deyil. Müəyyən sistemləri müdafiə edənlərdən çoxlu ədəbiyyat alıram. Deyirlər ki, onların dərmanını qəbul etsəm, saçlarım yenidən qaralacaq. İnanmıram belə bir şeydən xoşum gələr, çünki əminəm, saçlarımın ağlığı insanların mənim həqiqət söylədiyimə əminliyini daha da artırır.

 

Tərcümə etdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.32.