Ömrümüzün Şirməmməd
Hüseynov təsəllisi
Bu gün
müəllimlər müəllimi, ürəyi və qəlbi
Vətən sevgisi ilə dolu, klassik mətbuatımızın,
ictimai fikir tariximizin misilsiz nümayəndələrinin
yaradıcılıq dünyasının yorulmaz tədqiqatçısı,
ömrünü həqiqətə həsr etmiş bir
insanın - Şirməmməd Hüseynovun Tanrıya
qovuşmasından - dünyasını dəyişməsindən
cəmi altı gün ötür. Bu altı
gün onu təkcə yanında görüb
tanıyanların deyil, təkcə müəllimi olmuş
yüzlərlə, minlərlə jurnalistin deyil, həm də
əsərlərini oxuyub maariflənmiş, milli kimliyimizi dərk
etmiş hər kəsin içində qovrulan bir dərd kimi
ötüb keçməkdədir. Mən
qəlbimdən qopan bir ağrı ilə iyunun 24-ü
axşamını - müəllimimin uzun ömrünün son
dəqiqələrini yada salıram. Bu
ölüm xəbəri elə o axşamın alatoranında,
sanki birdən-birə bütün Azərbaycana yayıldı
və yeni informasiya texnologiyası - internet aləmi yasa
batdı. Birlikdə sədaqət dolu bir ömür
yaşamış həyat yoldaşı - Ülkər
xanımın dilində bircə sual bitmişdi: "Məni
qoyub hara gedirsən?". Ülkər
xanımın bu sualı yorulmadan təkrarlamasına, bir
ağı, bir bayatı havasına salmasına Tanrıdan gələn
bir haqqı vardı. Yaxşıdan
yaxşı tanıdığım bu cütlük uzun bir
ömrü görünməmiş bir sədaqətlə,
Füzuli vəfası, Nəsimi idealları ilə
yaşamışlar. Bu cütlük sevgiyə,
ailəyə, övladlara sədaqət rəmzi kimi onları
tanıyanların hamısına ideal bir nümunə idi.
"Məni
qoyub hara gedirsən?". Təxminən
70 ilin ömür-gün sədaqətini yaşamış bu
insanın bu suala haqqı çatırdı. Amma bir cəhət də vardı ki, Şirməmməd
müəllim təkcə 70 ilin sevgisini qoyub getmirdi. O,
bütöv bir nəslin havadarı kimi əzizlərini,
doğmalarını qoyub gedirdi. O, qəlbini, ruhunu Azərbaycan,
Vətən sevgisi ilə doldurduğu minlərlə jurnalist
ordusunu qoyub gedirdi. O, varlıqları ilə qürur
duyduğu və bir vətəndaşlıq qeyrəti ilə
ilk dəfə gündəmə gətirdiyi Cümhuriyyət
qurucularının ruhlarını qoyub gedirdi. O, təmizliyində
və azərbaycançılıq ideyalarının təbliğində,
millətin, xalqın maariflənməsində misilsiz rol
oynamaqda olan bir universitetin təəssübünü çəkən,
bu universitetin millətə layiq olmasında birbaşa əməyi
olan bir müəllim kimi o böyük kollektivi, o müqəddəs
universiteti qoyub gedirdi. Ona görə də Ülkər
xanım, sanki birdən-birə bu itkinin təkcə ona deyil, o
ailəyə deyil, bütöv bir millətə aid olduğunu
xatırlayıb da ağrısına, laylasına ara verdi...
Səhəri
gün ömrünün şüurlu 70 ilini həsr etdiyi
Bakı Dövlət Universiteti öz övladını
ağuşuna aldı, Şirməmməd Hüseynovla vida mərasimi
bu doğma universitetin böyük salonunda keçirildi. Etiraf edim ki, bu vida mərasimini dünyanın ən
peşəkar reportyoru belə, bütün detallarınadək
ifadə edə bilməzdi. O vida saatlarında həmin
salona Azərbaycanın ən mükəmməl
ziyalıları, dövlət, hökumət adamları,
dostlar, tanışlar axın etdilər. Bunlar
hardasa adi, başa düşülən görünə bilər.
Amma bir də o vardı ki, - mən bunu
bütün məsuliyyətimlə deyirəm, - Azərbaycanın
jurnalist ordusunun bəlkə hamısı o zala axın
etmişdi. Zal dolmuşdu, zal adamları
tutmurdu və jurnalistlərin bir çoxu məcbur olub
qonşu zallara keçmişdi. Bu anda mən hər bir
jurnalistin içində bu ağır itkinin
ağrısını aydınca hiss edirdim. Onların
əksəriyyəti sinxron müsahibələrdə respondentə
verdiyi suallarda titrək, kövrək səslə dillənir,
göz yaşında boğulurdu. Amma hər kəsin
sözündə belə bir optimist fikir də vardı:
Şirməmməd Hüseynov öz tədqiqatlarıyla,
öz kitablarıyla, klassikləri ərəb qrafikalı Azərbaycan
əlifbasından müasir Latın qrafikalı əlifbaya
transliterasiyası ilə, saysız-hesabsız məqalələri
və monoqrafiyaları ilə həmişə
aramızdadır, həmişə sağdır. Mən də
bu qiymətli optimist fikirlərə pənah gətirərək
qələmə aldığım bu yazıda onun haqqında
keçmiş zamanda danışmayacağam...
Mən indiyəcən yüz-yüz yazı işləmişəm. Amma heç
vaxt narahatlığı, məsuliyyət anını bu qədər
ağır keçirməmişəm. Birdən
ağlıma gəlir ki, ömrünün ən ağır,
çətin günlərində sənə təsəlli
olmuş bir insan, dünyanı və həyatı dərk etməyi,
necə yaşamağı öyrədən bir müəllim
haqqında nəsə demək elə Tanrı haqqında
söz demək qədər məsuliyyətlidir. İnsanın bioqrafiyası onun uşaqlıq
çağlarından başlayır. Ən
çətini budur ki, Şirməmməd müəllimin
uşaqlıq dövrü olmayıb. Və
deməli, bu yazının ənənəviliyinə əsas
yoxdur. Universitet auditoriyasında dərsə
başlayanda onun otuz yaşı olub. Qırx il əvvəl - qırx yaşında
gördüyüm bu müəllimin, məncə, heç
vaxt otuz yaşı, iyirmi yaşı, on yaşı, bir
yaşı olmayıb. Auditoriya
davranışı, elmə, tələbəyə münasibəti
elə ilk gördüyüm cavan çağından klassik
müəllim imicini xatırladır. Yalnız
onun simasında Səhhət, Əbdürrəhimbəy,
Çəmənzəminli... tipli klassik müəllim
obrazları dururdu gözümüzün qabağında.
Sərt və qayğılı. Sərt və içi tələbəyə məhəbbət
dolu bir insan. Sərt və ədalətli.
Sərt və təmiz. Sərt və
elmi... Həyatının bütün
anlarında sərtlik onun fəaliyyətinin birinci komponenti
olub. Dünyanı zarafat sayanlara bu
zarafatın zarafat olmadığını anlatmaq sərtliyi.
Bir də təmənnasızlıq. Bütün həyatını təmənnasız
yaşadığı dərhal gözünün içindən
bilinir. Və bir az da yaxından
tanıdıqca təmənnasızlığın onun həyatında
ən ciddi keyfiyyət olduğunu anlayırsan. İnsanı
gözükölgəli olmağa, anlamağa və
düşünməyə macal verməməyə,
yaltaqlıq və yalan tərifə sürükləməyə
ancaq təmənnanın gücü çatır. Bizim
günlərimizdə müəllim təmənnasızlığı
bəlkə ona görə qəhrəmanlıq sayılır
ki, insanı ləyaqətə aparan bu keyfiyyətin
qarşısında hər adam tab gətirə
bilmir. Şirməmməd müəllimin təmənnasızlıq
dərsləri bütöv bir kollektivin ictimai gözdə,
ictimai rəydə təmizliyini təmin edib. Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsi müəllimli-tələbəli həmişə
təmiz bir ömür yaşamaqdadır. Bu təmizlik
dünyasından duyduğumuz iftixar üçün
hamımızın müəllimi Şirməmməd
Hüseynova borcluyuq. Hər şeydə çətini
bünövrənin qoyuluşudur. Jurnalistika
fakültəsinin haçansa qoyulan təmiz bünövrəsinə
toxuna biləcək çirkli əlləri Şirməmməd
müəllim ən ədalətli hakim sərtliyi ilə kəsib
atmışdır.
Adam var ki, öz borcunu vəzifə pilləsinə
görə tənzimləyir. Şirməmməd
müəllim üçün bu fakültədə vəzifənin
fərqi olmayıb. Lap adi müəllimdən
tutmuş dekanlı günlərinədək bütün pillələrdə
universitetin təmizlik ləyaqətini qoruyub.
Ləyaqətsiz,
natəmiz adam ona dost ola bilməz. Adi müəllimdən tutmuş rektora qədər
o, həmişə ancaq ləyaqətlilərlə ünsiyyət
bağlayıb. Şirməmməd müəllim
universitet ləyaqətini öz şərəfi sayan o
zamankı rektor Mehdi Əliyevlə dost ola
bilərdi. Şirməmməd müəllim Azərbaycan
hüquqşünaslarının nadir təmizlik və ləyaqət
simvolu olan Məmməd Xələfovla dostluq edə bilərdi.
Şirməmməd müəllim öz poeziyasında
milli-azadlıq ideyaları yayan, sovet senzurasının
ağır basqıları altında "Gülüstan"
kimi bir poemanı qələmə alan
böyük Bəxtiyar Vahabzadə ilə dost ola bilərdi.
Şirməmməd müəllim dünən də, bu gün
də Azərbaycan gənclərinin idealı olan,
ömrünün son anında Üzeyir bəyin ev-muzeyində
Azərbaycan deyib Allaha qovuşan Xudu Məmmədovla dost ola bilərdi... Onun özünə dost
saydığı hər kəsin qəlbində gizli-aşkar
bir müstəqil Azərbaycan arzusu vardı. Azərbaycanın
belə bir gerçəkləşmə anında o
özünün "Müstəqilliyin çətin
yolu..." kitabında toplanan saysız publisist
yazılarını qəzetlərdə dərc etdirib milləti
müstəqil dövlət uğrunda mübarizəyə səslədi.
Üzeyir Hacıbəylinin əsərləri
külliyyatına salınmağını sovet
senzurasının vaxtilə qadağan etdiyi əsərlərini
ayrıca kitab halında çap etdirdi. Bu əsərləri
sovet senzurası ona görə qadağan etmişdi ki,
Üzeyir bəy o əsərlərdə erməni xislətinin
iç üzünü açmışdı, bu millətin
nankorluğunu, bizdən yedikləri çörəyə naxələf
çıxdığını bütün
çılpaqlığı ilə ortaya qoyurdu.
Ş.Hüseynovun
sovetlərin hökmranlığının son dövrlərində
yazdığı "Dərd həmin dərddir",
"Müstəqil Azərbaycan Demokratik Respublikası
olmasaydı", "Bir kərə yüksələn
bayraq", "Tarixin ibrət səhifələri",
"Milli müqəddəsimiz" və s. kimi onlarca
publisistik əsəri yeni müstəqilliyin kodu rolunu
oynadı. Hələ o zaman azadlıq mücahidi Bəxtiyar
Vahabzadə onun kitablarından birinə ön sözündə
yazırdı: "Ömrü boyu vətəninə, millətinə,
doğma ana dilinə səcdə qılan, onların taleyini
öz şəxsi taleyi bilən və bu əqidəsi yolunda
qələmi ilə çarpışan əsl vətəndaş
jurnalistin, tarix aliminin qələmindən çıxan bu
kitabın hər bir azərbaycanlının masaüstü
kitabı olacağına inanıram". Xalq şairinin bu
inamı elə o vaxtdan gerçəkləşdi...
Bütün bunlar belədir, amma o da var ki, Şirməmməd
müəllimin ən böyük tribunası sırf gəncliyi
təmsil edən Bakı Dövlət Universiteti oldu.
Universitetdə tanıdığımız və
tanımadığımız Şirməmmədlər
çox olub.
Ancaq universitet elminin, universitet
pedaqogikasının və ən əsası, universitet təmizliyinin
uzun müddət həm də Şirməmməd müəllimin
çiynində dayandığını heç kəs inkar
edə bilməz.
Tələbəsindən təmənna uman neçə-neçə
"müəllim" onun bircə işarəsi ilə
universitetdən uzaqlaşıb. Nadir müəllimlərdəndir
ki, heç vaxt ona tələbə "tapşırmaq"
mümkün olmayıb. Həm də nadir
müəllimlərdəndir ki, heç vaxt tələbəyə
qeyri-obyektiv qiymət verməyib. Fakültədə
saxlamaq üçün tələbələrin içərisindən
zaman-zaman müəllim seçib. Bu
seçimində tələbəsinin təmizliyi, elmliyi əsas
ölçü olub. F.Mehdini, Y.Əlizadəni,
N.Əhmədlini haçansa beləcə müştəri
gözü ilə duyub və fakültədə qalmalarına
şərait yaradıb. Təmiz dünyasının təmizliyindən
yoğrulmuş bu adamların ölkəmizin çətin illərində
bəzən bir neçə yerdə işləməyə məcbur
olmasına, başqaları kimi haçansa özünə
"gün ağlamasına" işarə ilə bizi
sınayırmış kimi bir dəfə: - Sizi bədbəxt
eləmədim ki? - dedi. İçində çox- çox qəribə,
bəlkə də zamana üsyan faktı daşıyan bu sual
şəxsən mənə yönəlmişdi və mənim
həmin anda, nədənsə, Mirzə Cəlilin bir zaman
uşaqlarının soyuq otağını qızdırmaq
üçün öz əlyazmalarını sobada
yandırması yadıma düşdü...
Qəm eləmə,
Şirməmməd müəllim! Bu dünyada hər
şey ötəri, hər şey gəldi-gedərdi. Tarix bizə həşəmət sahiblərinin
miskin sonucunu çox göstərib. Ömrünü bir
quru həsir üzərində başa vuran H.Zərdabinin, əlyazmalarını
soyuq otağın hərarətinə çevirən Mirzə
Cəlilin, tiranların əlindən didərgin düşən
Məhəmməd Əminin, Ceyhun Hacıbəylinin...
qarşısında neft və milyonlar sahiblərinin izi də
qalmadı.
Bir az ötdü və Azərbaycan
özünün Liderini yenidən hakimiyyətə qaytarması
ilə universitet müəlliminin də ləyaqətini
özünə qaytardı.
H.Zərdabinin "bizə bu dünyada ancaq təmiz ad və
ləyaqət qalacaq" kəlamın sərt gerçəkliyi
qarşısında bərbəzəkli avtomobillərin,
möhtəşəm villaların, saxta tərif və saxta məhəbbətin
mənasızlığını anlamamaq da nadanlıq
olardı. "Vətən, vətən" deyib - ancaq
arzularla yaşamaq hələ vətənə sevgi deyil.
Şirməmməd müəllim pafoslu, poetik
sözlərdən uzaqdır. Hər
şeyi elmi məntiqlə, elmi proqnozla hesablayır. Bəlkə də ona görə ki, bu keyfiyyətin
çox yaşadığı bir çağda - 1950-ci illərdə
Moskvada aspiranturada oxuyub. Bu gün Azərbaycan
jurnalistikasının elmi və praktik istiqamətində qəbul
olunmuş Şirməmməd Hüseynov məktəbi eyni ilə
Rusiyada Yasen Nikolayeviç Zasurski məktəbinə
ekvivalentdir.
Moskva
Universiteti kimi nəhəng bir elm, tədris müəssisəsində
cəmi dörd il aspirant olub yadda qalmaq zor
işdir. Şirməmməd müəllim bu
universitetin elmi əsərlərində, toplularında,
simpozium və seminarlarında çıxışları ilə
yadda qalır. Şirməmməd müəllimin
Polşa, Bolqarıstan, Çexoslovakiya, Türkiyə səfərlərinin
hamısı elmi əlaqələrə xidmət edib. Məhəmməd Əmin Rəsulzadənin
Türkiyədə uyuyan qəbri önündə durmaq və
fikrə getmək üçün bu ölkəyə səfər
etdi. Məhəmməd Əmin Rəsulzadə
də pafoslu sözlər sevmədi, ancaq vətəni sevdi, sevgisini,
ağrılarını böyük işlə sübut etdi.
H.Zərdabini, M.Ə.Rəsulzadəni,
Ü.Hacıbəylini, C.Məmmədquluzadəni,
Ö.Nemanzadəni tədris edə-edə müəllimimiz bu
təmiz, təmənnasız, qayğılı,
ağrılı ziyalıların ömrünü
özünə örnək seçdi.
Heyranlıqdan uzaq olan Şirməmməd müəllim
ancaq bu sıranın ömür yolundan, sözündən,
işindən heyranlıqla danışır. Bu
ziyalılara etinasızlıq faktına qarşı
özünə xas sərtliyini, əsəbi publisist qələmini
işə salır. M.Ə.Rəsulzadə
idealları ən ahıl vaxtında da sonadək qəbul
etdiyi mübarizə faktıdır. Min bir
çətinliklə, gecəli-gündüzlü arxiv zəhmətilə,
Türkiyə, İran, Azərbaycan məkanlarının nəzərə
alınması ilə böyük öndərin əsərlərini
toplamış, tərtib etmiş, onun beşcildlik əsərlərini
oxucuya vermişdir. O zaman bu əsərləri kitab
halında çap etməyin maddi
mümkünsüzlüyü qarşısında "525-ci qəzet"ə
- tələbələrinə müraciət etdi və tələbələri
bu müraciətə müəllimlərinə məhəbbət
timsalında cavab verdilər. Artıq neçə
illərdir ki, "525-ci qəzet"in oxucuları hər
şənbəni M.Ə.Rəsulzadə publisistikası ilə
qarşılayırlar.
Bir az da keçdi, Azərbaycan iqtisadi cəhətdən
bugünkü inkişaf səviyyəsinə çatdı. Mənim də yaxşı yadımdadır. Azərbaycan Mətbuat Şurası 2013-cü ilin
noyabrında Prezident İlham Əliyevə ikinci dəfə
"Jurnalistlərin dostu" mükafatını təqdim edərkən
orada Şirməmməd müəllim qısa bir nitq söylədi.
Onun sözünün sonunda Prezident dedi: "Şirməmməd
müəllimin çıxışı mənim
üçün çox böyük maraq doğurdu... Sizə öz hörmətimi bildirmək istəyirəm.
Mən sizin fəaliyyətinizi çox yüksək
qiymətləndirirəm. Yadımdadır
ki, 1970-ci illərdə siz Azərbaycan Televiziyasında siyasi
icmal verilişi aparırdınız. Mən
o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet
televiziyasında belə bir veriliş var idi -
"Politiçeskoye obozreniye". Onu Zorin
aparırdı, ondan sonra başqaları aparırdı, bizdə
isə siz aparırdınız. O vaxt xarici siyasətlə,
başqa ölkələrdə baş verən hadisələrlə
bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə
bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə
edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi
çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı xüsusilə Xalq Cümhuriyyətinin
fəaliyyəti ilə bağlı sizin işinizə
çox yüksək qiymət veribdir".
Şirməmməd Hüseynov Məhəmməd Əmin
Rəsulzadənin çap etdirdiyi kitablarının birində
kitabı Prezident təqaüdündən etdiyi qənaət
hesabına nəşr etdirdiyini göstərmişdi. Prezident
İlham Əliyev bu qeydi oxuyan kimi M.Ə.Rəsulzadənin əsərlərinin
5 cildinin dövlət hesabına nəşr edilməsinə
göstəriş vermişdi. Bu hadisədən
sonra bu böyük tədqiqatçı Xalq Cümhuriyyəti
dövründə "Azərbaycan" qəzetində dərc
olunan Parlament hesabatlarını da iki böyük cilddə
çap etdirdi.
Şirməmməd müəllim bu qədər gərgin
pedaqoji, elmi işin qarşısında publisist qələmini
də heç vaxt yerə qoymayıb. 30-dan çox
monoqrafiyanın, 800-dən çox elmi məqalənin müəllifi
daim publisist işi də görüb. Yenidənqurmanın
lap ilk illərində əlinə düşən girəvədən
dərhal istifadə elədi və neçə-neçə
kitab yazdı. Mən bu yerdə yenə də B.Vahabzadənin
bu kitablardan birinə yazdığı ön sözə
qayıdıram: "...Mən bu yazıların içindən
keçən vahid bir xətt görürəm. Bu xətt bunları yazan müəllifin vahid prinsipi,
fikri və əqidəsidir. Bu prinsip, bu
baxış və bu əqidə məqalədən-məqaləyə
dərinləşir. Və 50 ilə
yaxın bir müddətə tanıdığım əqidə
qardaşım Şirməmməd Hüseynovun vətəndaş
obrazını tamamlayır. Şirməmmədi
yaxından tanıyan çox yaxşı bilir ki, onu
ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən
qoparmaq, heç olmasa, bir balaca laxlatmaq belə mümkün
deyil. O, inandığına inanır, nifrət etdiyinə
sona qədər nifrət edir, sevdiyini isə tərəddüdsüz
sevir. Bir sözlə, qələmindən
çıxan bütün yazılarının arxasından
onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti
boylanır".
Şirməmməd Hüseynov
yaradıcılığı millət, xalq yoluna işıq
tutan bir aynadır. Azərbaycanın ünlü alim və sənət adamları
- akademik Vasim Məmmədəliyev, yazıçı Anar,
Aqşin Babayev, Milli Məclisin üzvü Fazil Mustafa,
Əflatun Amaşov və neçə-neçə qələm
sahibi öz yazılarında onun qiymətini verdi. Fazil Mustafa
ona həsr etdiyi "Aydın görünən
aydınlar" sərlövhəli yazısında belə bir
həqiqət üzərində dayanır:
"Ömrünün 90-cı ilinə qədəm
qoymuş bu Azərbaycan ziyalısı, ilahi mənada
Yaradanın verdiyi biliyin, düşüncənin, ərdəmin
zəkatını haqqıyla vermiş sayıla bilər. O, dürüst bir universitet
müəllimi olmuş, yalnız aşıladığı
bilgi ilə deyil, müəllim davranışı ilə
yüzlərlə tələbənin faydalı insan
obrazının biçilməsinə təsir göstərmişdir.
Elə buradaca durmaq olardı və bu, Ona
sayğı üçün ömrün sonunadək kifayət
edərdi. O öz peşəsinin ustadı səviyyəsinə
qalxacaq bir media bilgini idi, bununla da yüzlərlə qəzetçinin
etalon olaraq müəyyənləşdirdiyi dəyəri
qazanmışdır. Lakin o, burada da durmaq
şansını istifadə etmədi. Azərbaycan
türkcəsində bir-birinə yaxın olduğu qədər
də dərin mahiyyət fərqi olan iki felin
mövcudluğunda doğru istiqamət götürə bildi.
Bunlar "Qayğısına qalmaq" və
"Həsr etmək" felləri arasında seçim idi.
Şirməmməd müəllim tələbəsinin,
oxucusunun, ailəsinin,
tanıdığı-tanımadığı Azərbaycan vətəndaşının
qayğısına qaldı və bununla bəlkə də
kifayətlənmək ona qarşı cəmiyyətdə yenə
də eyni sayğınlığı qoruyacaqdı. Lakin yenə də həmin məqamda durmaqdan imtina edərək
həyatını, biliyini "Həsr etmək" mərhələsinə
yönəltdi. Bu ayrı bir fövqəladə
ibadət sayıla bilərdi. Yaşamımızda,
mövcudluğumuzda, millətə çevrilməyimizdə,
dövlət qurmamızda misilsiz haqqı olan Məhəmməd
Əmin Rəsulzadənin haqqını qaytarmağa
özünü, biliyini həsr etdi".
Şirməmməd müəllim getdi. Amma bizim təsəllilərimiz
də çoxdur. Və o təsəllilər
sırasında Şirməmməd müəllimin müasiri
olmaq, onun dərslərinə qulaq asmaq, yanında işləmək,
sözünü, söhbətini dinləmək kimi önəmli
bir faktımız var.
Xoşbəxtliyimiz
odur ki, bir iş görmək istəyəndə əvvəlcə
qarşımıza sual qoyuruq: Görəsən, Şirməmməd
müəllim nə deyər? Biz bu sualı indən
belə daha kəskin qoyacağıq. Çünki
bu sual bizi şərdən və bəsit əməldən,
pislikdən və səviyyəsizlikdən, ləyaqətsizlikdən
və şübhəyə əl yerindən qoruyan Tanrı tələbi
kimi və bəlkə də Tanrı haqqı kimi həmişə
köməyimizə çatıb.
Cahangir
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.2-3.