Saçlarının hörüyündə
yollarımız kəsişsə də
ucunda ayrılıq var…
O gün anamın avazına oyandım,
nə ev təmizləyirdi,
nə pəncərə,
heç evimizin çölə pəncərəsi
də yox ki,
açıb udasan otların qoxusunu,
Günəş sığal çəkə
dibçəklərə,
gözlərini ovxalayıb
tökəsən küçələrə
gözlərinin yuxusunu.
Atamçun oxuyurdu "Quran"ı
onun bağlanmış
ömür kitabında
səhvləri düzəldirdi,
silirdi,
"günahlarını bağışla, ilahi"
deyirdi...
nə də olsa müəllim işləyib on il,
vərdişidi.
İnanmırdım...
Elə bilirdi,
adına bişirdiyi
yeməkdən atam da yeyəcək,
onunçun çox
bişirirdi aşı,
qaranı,
gecə yuxusuna gələcək,
qucaqlayacaq,
göz yaşlarını
siləcək.
İnanmırdım...
Atamdan danışırdı dəqiqəbaşı
divardakı şəklini
göstərirdi,
nəfəsini dərirdi,
için-için ağlamaqçun.
O gün bilmişəm,
bizim evin pəncərəsi
atamın divardakı
şəklidi,
anam ağlayırsa hava yağışlıdı,
gülürsə günəşlidi.
O gün bilmişəm,
bu ev nə vaxtsa yansa,
anam birinci o şəkli götürəcək
özüylə,
yuxularında sağ qalan
atamın bircə
sözüylə
xoşbəxt oyanacaq yenə yuxudan.
O gecə məni ən çox qorxudan
anamın bir anlıq kəsilən nəfəsiydi,
deyəsən,
atam möhkəm qucaqlamışdı
onu bu dəfə...
Yuxulara inanıb yatdım
o gecə səhərə kimi yuxumda
atamı gözlədim...
yağışlar
- Musanın yardığı
dənizin sularıdı.
çətirlər
- Musanın tərsinə tutulmuş çomağıdı.
O çomaq məndə olsaydı,
düz müharibənin
göbəyində,
bir əlimdə çomaq,
bir əlimdə vərəq,
sülh marşı çaldırardım düşmən
əsgərlərinə.
Həqiqət,
ağacın arxasında
gizlənmiş
küskün bir uşağın gözləri
kimi
parıldayır uzaqdan.
Alınmaz,
dirijor çıxmaz məndən,
uzaqbaşı güllələrdən
leysan yağdıraram
düşmən səngərlərinə.
Əgər indi
Musanın çomağı məndə
olsaydı,
əminəm,
ac qalmamaqçün
şou göstərirdim,
dovşan çıxarırdım
papaqdan.
Dünyamızın toy kimi adəti
var
Günəş sarı gəlindi,
illərdir toy-düyündü,
yallı gedir planetlər aram-aram,
keflidilər,
sərxoşdular,
bir də gördün bu toy-düyün bitdi,
"Vağzalı" çaldı
İsrafil aram-aram,
bir də gördün ki,
dağılışdılar...
Çupaçups
Götürün bu yeri,
keçirin çubuğa,
verin uşaqlara,
dünya uşaqları
yox,
uşaqlar dünyanı
şirin-şirin sovursun...
Sevə-sevə öldürmək
Akvarium,
təzəcə doymuş
balıqlara
yem atır uşaq...
***
Saçlarının hörüyündə
yollarımız kəsişsə
də
ucunda ayrılıq
var.
Əllərini arxanda
gizlətmisən,
bilirəm,
içində ayrılıq
var.
Qapını döyür bir
adam,
başdan-ayağa sirr adam,
qışqırır, qışqırır,
adam,
açın da, ayrılıq var.
Belədi
də, dəyişmir
ki,
fikir vermə, qovuşmur ki,
hər sevən dörd-beş adamdan,
üçündə ayrılıq
var.
***
Çətini gedincədi,
hə,
sonra kim ölə, kim qala.
Kimi uçulmuş ev
kimi üşüyər,
xəbərin olmaz,
kimi qaçılmış
ev kimi qapısı,
çəpəri olmaz,
bu sürünən
tənhalığın
öldürən zəhəri olmaz,
qanını çəkincədi,
hə,
sonra kim ölə, kim qala.
Kimi səhraya bənzərdi,
külək sovurar, sovurar,
çölü özgəni
yandırar, içi özünü qovurar,
hürər itin əvəzinə,
nə bir kəlmə cavab alar,
karvanlar keçincədi,
hə,
sonra kim ölə, kim qala.
O da, bu da,
sən də, mən də,
biz
demə, bir adammışıq,
biz yox imiş, o da, bu da,
sən də, mən də yalanmışıq,
qorxulu yuxu görmüşük,
ayrı-ayrı oyanmışıq,
bir qurtum su içincədi,
hə,
sonra kim ölə, kim qala.
çətini gedincədi...
Allah dünyanı altı günə dağıtdı...
Birinci gün,
atam yaxasını açıb partlatdı ürəyini,
mən cəhənnəm,
yandı anam,
saçları kül oldu...
İkinci
gün,
adamlar minarələri
raketə çevirdilər,
Allaha uçmaq üçün,
de görüm,
neyləməliyəm,
bu dünyadan sağ-salamat qaçmaq üçün?
Üçüncü gün,
bu şəhərdə
acından ölən
qocanın yası da gözəl keçdi ha,
biləsən,
sən neynirsən?
doğman kimdi,
dostun kim?
Necə
keçir sağlığın,
məni soruşsan, deyim,
bir-iki qapı qonşu qalıb
uzaq qohumdan yaxın,
bilmirəm kimin ömründə partlayacağam...
Dördüncü gün...
adamlar bir-birinə it kimi hürdülər,
itlər susdular...
Beşinci gün...
dünyaya zəng
gəldi Allahdan,
amma yenə susdu,
danışmadı.
Altıncı gün...
hamı ilə bir-bir danışdı
Allah,
bircə mən danışmadım.
İşimizə qarışmayın,
söhbətimizi heç
kim bilməsin,
bəlkə heç
biz barışmadıq?!
Səninlə birgə böyüyər
oyuncaqların,
taxtadan avtomatın öldürməyi öyrənər,
gün gələr,
daş atdığın
quşlara dən səpərsən,
gün gələr,
görərsən ki,
təksən, bircə
nəfərsən,
alma dedin, oyun bitdi,
dostların çıxmadılar,
hər şeyin gözəl olduğu
cənnətindən qovuldun...
asan deyil böyümək.
Yıxılarsan dizlərin yox, ürəyin yaralanar,
domino daşı kimi doğmalar sıralanar,
heç barmağın
dəyməmiş
yıxılar yavaş-yavaş,
dünya karusel kimi fırlandımı başına
tutar səni ağlamaq,
tutar səni ögümək.
Daha utanmaq belə asan olmaz, ay uşaq,
gizlənməyə yer olmaz,
nə də, nə də bir qucaq.
Daha yoxdu yelləncək,
arxanda duran səni itələyər
yıxmağa,
düşdüyün o quyudan
ha qışqırsan çıxmağa,
olmaz əlin uzadan,
olmaz, olmaz, ay uşaq!
Bir də görərsən daha
gizlin-gizlin aşdığın
bir barısan, çəpərsən,
küncünə sıxıb
anan azmı döydü, ay uşaq?
artıq kiminsə
yarısan,
möhkəm-möhkəm söykənir
sənə.
Ayıl,
mən sənin yuxunam,
birisi qapını döyür,
qaç,
tez ol, aç qapını...
deyəcək adam sənə:
- Salam, sən nə tez böyüdün, ay uşaq?
deyəcəksən adama,
- yoğruldum,
kündə idim,
bilməzdim bişərəm,
bişərəm
çörək olaram,
daha böyük olmaqdan yoruldum,
yoruldum, yoruldum...
İçimdə uşaq var hələ də,
ölsəm,
cənnətə düşərəm?
düşərəm? Hə?
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.5.