Sən yoxsan
Nə həyatımda, nə də bu dünyada
Sərin
bir axşamda
Xəfif
küləyin üzümə
dəyişində
Hiss edirəm səni...
Baharın gözəlliyin duymağımda
Tumurcuqların ümidə bənzəyişində
Çiçəklərin ətrində, güllərin şehində
Hiss edirəm səni...
Və sənsizliyi...
Dənizin dalğaları kiminə
sevinc
Kiminə
əyləncə
Kiminə rahatlıq bəxş edir.
Mənə səni bəxş
edir...
Ya da sənsizliyi...
Səmadakı təyyarələrin izləri
Kimini arzularına çatdırır
Kimini ünvanına.
Məni
sənə aparır
Ya da sənsizliyə...
Qayıqların yelkənli olmağı
Güvən hissi yaradır.
Həm qayığı batmağa
qoymaz
Həm də ona güvənən sərnişinin.
Mənsə kimə güvənəcəyimi
bilmirəm.
Payızın xəzəli kiminə sevgi deməkdir.
Kiminə sadəcə xışıltı,
kiminə hüzn.
Kiminə isə heç nə ifadə etmir.
Mən səni duyuram
Hər yarpağın yox olmağında
İncə-incə qırılıb ağacı
tərk etməyi
Sənə olan ümidlərimin
yox olmağına
Bənzəyir...
Yağışın hər damlası mənə
Səndən bəhs edir.
Üzümdəki damlanı silməməyim
də
Buna nişanədir
Mənim
əvəzimə ağlayan
göylərə də
Təşəkkür edirəm.
Ən azından yalnız olmadığıma
İnandırır məni.
Qışın yarpaqsız ağacları
Mənim
sənsiz halıma
bənzəmirmi?
Sənsizlik bir ümmandır.
Boğulmadan üzürəm.
Ya da boğularaq...
Çox
uzaqlara qədər beləcə getməyi
Gözə almışam...
Ya da gedə biləcəyim yerə qədər.
Yolumun adı
Yaşamaqla ölüm arasında...
Səninlə sənsizlik kimi!..
Rəngli dünyam
Ağ rəng
Saflıq,
təmizlik demək
Dağların başı
Bəmbəyaz qar
Sevinc dolu gün
Şübhəsiz ömür
Azad göyərçin
Səmadakı buludlar
Şehli
otlar
Ana südü və qucağı
Ata nəsihəti
Yaşlıların saçı
Dost əli
Yalansız sevgi
Təyyarə izi
Dəniz
dalğası...
Sarı
Hicran, ayrılıq demək
Puç
olmuş xəyal
Gözlərin yol çəkməyi
Sonsuz səhra
Payızın xəzəli
Ağacla
vidalaşan yarpaq
Dünyanın bəzəyi günəş
Nəfəs alan evlərin
Pəncərədən görünən
rəngi
Bərəkət rəmzi sünbül
Tarın
simi
Həsrətli gözlərin tilsimi
Uşaqlara ən yaraşan rəng.
Mavi
Rahatlıq, səssizlik demək
Sonsuz səma
Dərin
düşüncə
Açıq fikirlər
Göz işlədikcə uzanan dəniz
Acı bəxş etməyən sevgi
Yalansız dünya.
Qırmızı
Sevgi, həyat demək
Laləli
düzlər
Müharibə xatirəsi
Narın
bölünməsi
Hiddətli baxış
Çarəsiz göz yaşı
Məhəbbət naxışı
Qırmızı güllər.
Yaşıl
Ömür və yaşamaq
demək
Baharın təravəti
Sirli çəmən
Təbiətin özü
Şairin sözü.
Bənövşəyi
Ümid
və təsəlli demək
Yaz qoxusu
Bahar nəfəsi
Çiçəklənən tumurcuq
Soyuq ağaca istilik
Övlad
gülüşü
Nənəmin kələğayısının gülləri
Boynubükük bənövşə.
Çəhrayı
Nikbinlik,
qayğısızlıq demək
Səadətə aparan yol
Həyatı gözəl görməyim
Eynək
şüşəsi
Xoş ətirli ağaclar
Utancaqlığın yanağa hopmuş rəngi
Abır
və həyanın ahəngi
Sevdiyinin
gözünə baxmağın,
Əlini
tutmağın
Üzdəki əksi...
Qara
Həm sadəlik, həm qorxu demək
Aylı
gecə
Ulduzlu səma
Sevgisiz keçən ömür
Övladsız ailə
Həm də ağac böyüdən torpaq
Acı xəbər, pis niyyət
Dumanlı fikir
Pərişan saçlar
Yoxsulun,
zənginin
Ən sevimli rəngi...
Boz
Xatirə
və keçmiş demək
İtirilmiş dostluqlar
Küləkli hava
Payızın gəlişi
Həm köhnə, həm yeni ev
Qışın mənzərəsi
Bəzənməmiş budaqlar
İlk müəllimimiz
Son zəngimiz
Boz həm rəngdir
Həm rəngsizlik...
Günel Yaqubova
Ədəbiyyat qəzeti.- 2019.-
29 iyun.- S.14.