Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Günter
Qrassın "Tənəkə təbili" əsəri əsasında
çəkilmiş filmi təqdim edirik.
Süjet:
Hadisələr XX əsrdə Dançiqdə (indiki Qdansk)
baş verir. Əhvalat ruhi dispanserdə yatan
Oskarın dilindən danışılır. Onun anası kaşub (Polşanın şimalında
yaşayan qərbi slavyan əsilli xalq), atası almandır.
Hadisələr birinci şəxsin dilindən nəql olunsa da,
bəzən Oskar
özü haqda üçüncü şəxsin dilində
danışır.
Əhvalat ana nənəsi Annanın hekayətindən
başlayır. 1899-cu ildə, nənəsi Anna əkin
sahəsində qaladığı ocağın
qırağında oturub külləmə kartof yeyir. Bu zaman jandarmdan qaçan Yozefi özünün
çoxqatlı, enli ətəyinin altında gizləyir.
Həmin vaxt kişi qadınla intim əlaqədə
olur. Onlar evlənir və babası uzun müddət hakimiyyətdən gizlənir.
Tezliklə polis onun izinə düşür.
Polisdən qaçan Yozef xilas olmaq
üçün dənizə atılır, amma onun meyiti
tapılmır.
Bu nikahdan Aqnes doğulur. Aqneslə Dançiqdə
poçtda işləyən qohumu Yanla bir-birinə rəğbət
bəsləyirlər. Amma Aqnes tibb
bacısı işlədiyi xəstəxanada aşpaz Alfredə
ərə gedir. Yanla isə münasibətini
kəsmir. Oskar qeyd edir ki, o, Yanı
atası saymağa üstünlük verərdi, nəinki
Alfredi.
Oskar anadan olanda artıq hər şeyi dərk edir. Onun
üçün bu dünyada yaşamağın heç bir mənası
yoxdur. Aqnesin oğluna tənəkə təbil
hədiyyə edəcəyini deməsi onda həyata
qarşı istək oyadır. Üç
yaşı olanda Aqnes oğluna söz verdiyi hədiyyəni alır.
Bundan sonra Oskar heç zaman təbildən
ayırılmır.
Oskar üç yaşı münasibətilə qurulan
məclis zamanı masanın altına girəndə Yanın
ayağının anasının ətəyinə doğru
apardığını görür. Oskar masanın
altından çıxır və qərara gəlir ki, əgər
insanlar bu qədər mənasızdırsa, böyümək
nəyə lazım? Buna görə də
özünü zirzəminin pillələrindən
aşağı atır. Həmin hadisədən
sonra o, heç vaxt böyümür, həmişə 3
yaşında qalır. Oskar
yıxılandan sonra nadir bir qabiliyyətə sahiblənir.
O bağıranda səsindən şüşələr
çiliklənir. Ona görə xoşuna gəlməyən
nəsə olanda o bağırır.
Oskar məktəbdə müəllimi ilə dil tapa bilmədiyindən
məktəbə getmir. Ona anasının rəfiqəsi dərs
verir. O, nə böyüklərlə, nə uşaqlarla
ünsiyyət qura
bilir.
Atası Alfredin dəfnində ögey qardaşı
Kurtun Oskara atdığı daş onun başına dəyir,
o qəbrin içinə yıxılır. Bununla da Oskar böyüməyə
başlayır...
1999-cu ildə Nobel mükafatına layiq
görülmüş Qrass (1927-2015) ilk alman
yazıçılarından biridir ki, nasizm haqda, alman
xalqının bunda günahından və məsuliyyətindən
danışıb.
"Tənəkə
təbili"in (1959) ideyası Qrassın Fransaya səyahəti
zamanı, 1952-ci ildə yaranıb. O bu barədə deyir:
"Adi günlərdən birində nahardan sonra, kafedə qəhvə
içən böyüklərin arasında öz təbilinə
sarılan və boyüklərin dünyasına etinasız
yanaşan üç yaşlı oğlanı
baxışım aldı".
Bu təəssürat altında Qrass şeir yazır və
Oskar obrazını ilk dəfə poetik mətnə gətirir. O, xatirələrini yeniləmək
üçün Qdanska gedir. Yazıçı
1939-cu ilin sentyabrında Polşa poçtunun almanlardan
qorunması hadisəsinin şahidləri ilə
görüşür. Roman 7 ilə
yazılır və Qrassa dünya şöhrəti gətirir.
"Tənəkə təbili" onun
"Dançiq" trilogiyasına daxildir. Trilogiyaya daxil olan digər iki əsər
"Siçan-pişik" və "İt illəri"dir.
Roman müəyyən mənada avtobioqrafik xarakter
daşıyır. Qrassın uşaqlığı nasizim
Almaniyasında keçib, özü SS sıralarında olub.
O, meşşan ailəsindən qurtulmaq üçün
nasistlərə qoşulduğunu deyib.
1899-cu ildən 1953-cü ilə qədər böyük
bir dövrü əhatə edən romanda yazıçı
bu zaman kəsiyində baş vermiş tarixi hadisələrdən
yan keçir.
O, daha çox tarixi hadisələr fonunda sadə insanların
həyatına, yaşantısına diqqət kəsilir. Dünyaya, insanlara Oskarın gözündən
baxır, müşahidə və analiz edir. Çünki müharibəyə,
amansızlığa gedən yol bu insanların özündən
keçir. Misalçün, qonşu uşaqlar qaynar
şorbanın içinə qurbağa atır, içinə
tüpürür, ona işəyir və onu məcburən Oskara
içirirlər. Qrass uşaq
zorakılığını sonradan yaranmış nasizmə
zəmin kimi göstərir. Ümumiyyətlə,
yazıçının romanlarında əsas mövzu nasizm və
onun Almaniya üçün törətdiyi fəsadlarıdır.
Sürreal
və qrotesk bir dildə yazılmış "Tənəkə
təbili"
pikaresk janrında yazılmış roman
sayılır. İspaniyada XYII əsrdə
yaranmış bu janrın əsas personajı avantüristlər,
fırıldaqçılardır. Bir qayda
olaraq, əhvalat onların dilindən nəql olunur. Və
öz davranışlarına haqq qazandırmaları oxucuda onlara rəğbət
oyadır. Klassik formasında bu janr cəngavərlik
romanlarına qarşı yaranmışdı. Yəni pikaro mənəvi dəyərlərə
söykənməyən, prinsipsiz çəngavərdir.
Henrix Böll və Günter Qrassın çox əsərlərini
ekranlaşdıran Folker Şlöndorf 1979-cu ildə bu əsər
əsasında eyniadlı "Tənəkə təbili"
filmini lentə aldı. Şlöndorf Lui Mal, Jan Pyer Melvill, Alen
Rene kimi nüfuzlu rejissorların assistenti olub.
1965-ci ildə
Avstriya yazıcısı Robert Muzilin "Tələbə
Törlesin çaşqınlığı" romanı əsasında çəkdiyi
"Gənc Törles" filmi Kannda FİPRESSİ-in
mükafatını alıb. Yeni alman kinosunun
(1960-70-ci illərdə Qərbi Almaniyada 26 rejissor manifest
imzalayaraq, milli kinonun dirçəlişinin zəruriliyini,
dövlətin subsidiyaları hesabına filmlərin çəkilməsini
və eyni zamanda onların kommersiya uğurunun vacib
olmadığını qeyd edirdilər) manifestlərindən
birinə çevrilən, başqa beynəlxalq festivallarda da
mükafatlara layiq görülən film müharibəyə qədərki
Avstriyada internat məktəbində bir neçə tələbənin
həmyaşıdlarına sadist münasibəti haqdadır.
Rejissor filmlərində alman gəncliyinin
böhranını göstərir, siyasi məsələləri
dokumental publisist formada ifadə edir.
Bu
romanı adaptasiya etmək üçün isə
Şlöndorfa 20 il lazım olub. Rejissor romanın atmosferini, ruhunu, əsas xəttlərini
saxlayıb və xüsusi əlavələr etməyib. Filmdə iki
aspekt diqqəti çəkir: siyasi-tarixi plan və adi
insanların məişəti, münasibəti, siyasi hadisələrə
reaksiyaları. Bədii mətndə olduğu
kimi, hadisələr Oskarın (David Bennent) gözündən
göstərilir. Bununla belə, tarixi-siyasi
olaylar personajların məişətində əridilir.
Misalçün, Aqnes Hitlerə rəğbət bəsləyən
əri ilə mübahisə edir ki, o, Hitleri ondan çox dinləyir,
ona az diqqət ayırır. Yaxud Alfred evdə Bethovenin portretini Hitlerlə əvəzləyir.
Nasistlərin tədbirində Oskar öz təbili
ilə orkestrə qoşulur və fasiləsiz təbil
çalmaqla tədbiri pozur. Dokumental tərzdə
çəkilən epizodun tünd-qəhvəyi rənglərlə
həlli nasizm ideologiyasının qorxuncluğunu ifadə edir.
Başqa bir epizodda rejissor nasizmin basqısını məişət
situasiyasında maraqlı mizanlarla göstərir. Dəniz kənarında
Oskar, Aqnes, Yan və Alfred gəzişir. Balıqçı
at başı ilə ilan balığı tutur. At başı və ondan çıxan
ilanbalıqlarının təsviri horror estetikasında həll
edilərək müharibənin metaforu kimi verilir. Nasist Alfred isə balıqdan çox, nəsə iyrənc,
murdar bir şey kimi göstərilən balıqları həvəslə
alır. Mənzərədən
ögüyən Aqnesi, onun yanlarını oxşayaraq guya təsəlli
edən Yanın arasında dayanan Oskar təbilini
çalır. Bu mizan Oskarın
böyüklərin çirkin dünyasına etirazı kimi
vizuallaşır.
Sonrakı epizodda Alfred ilanbalıqlarından
hazırladığı yeməyi arvadına güclə
yedirtmək istəyir. Aqnes yataq otağna qaçaraq
hönkürür. Yan yenə də onun bədənini
seksual mənayla oxşayır və bu zaman yataq
otağının güzgüsündə dilxor halda içki
içən Alfred görünür. Rejissor
bir növ kadr içində kadr qurmaqla səhnənin məna
və təsvir miqyasını genişləndirir.
Romanda olduğu kimi, filmdə absurd vəziyyətlər
yer alır. Poçtun qorunması səhnəsində Oskar və
Yan ölməkdə olan polyakı kart oynamağa məcbur
edirlər. Bu səhnə müharibənin
dəhşətləri qarşısında aciz qalan fərdin
psixoz durumu kimi ortaya çıxır.
Şlöndorf romandakı küfr motivindən
qaçmağa çalışıb. Örnəyi,
romanda kilsədə Oskar Məryəm ana və İsa Məsihin
heykəlindən İsanı qoparır. Onun
yerinə Məryəmin qucağında özü oturur.
Filmdə isə Oskar təbilini körpə
İsanın boynuna asır və kilsədən qovulur.
Qrass
Oskarın Mariya ilə seksini oyun kimi verir: Mariyanın meyvə
şirəsi tozunu əlinə tökməsi, Oskarın tozun
üzərinə tüpürməsi, qızın onu
yalaması cinsi aktın ekvivalentidir. Rejissor da
seks səhnələrini oyun modeli kimi qurur.
Filmin əsas uğuru Oskar rolunun
ifaçısıdır. Bu rolu 12 yaşlı
David Bennent oynayıb. Onun kədərli və
ağıllı gözləri obrazı simpatik edib və əhvalatı
kinematoqrafik cazibə ilə yükləyib.
Maraqlıdır ki, isveçrəli aktyor David Bennentin həyatı
Oskarla müəyyən mənada oxşardır. Uşaqlıqdan
onun boyu həmyaşıdlarından geri qalıb, buna görə
məktəbə getməyib və təhsilini evdə
alıb. Hazırda boyu 155 sm olan aktyor Oskar
rolunu 12 yaşında ifa edib.
Kannda
"Qızıl palma budağı" və "ən
yaxşı xarici film" nominasiyasında Oskar alan
film yeni alman dalğasının əhəmiyyətli əsərlərindən
sayılır.
Ekranlara çıxandan sonra film Kanadada qadağan edilib. Əsas səbəb
on iki yaşlı oğlanın yeniyetməlik yaşına
çatmayan qızla yataq səhnəsi olub.
Amerikanın
fundamental dini təşkilatları isə filmi uşaq pornoqrafiyası
hesab edərək qadağan olunmasını tələb edib.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.30.