Gün qızmamış
hekayə
Nənəm Elmiraya həsr edirəm
- Mahir, dur, oyan,
a bala, oyan, get çörək al, gəl,
gün qızmamış
gedək o tutu da çırpaq, sonra istidən macal olmayacaq.
...Gülgəz arvad elə o vaxtdan cəlddi, çevikdi. Həmişə evdə kişi işinə
də qaçıb, qadın işinə də.
Hər səhər
günəşlə bərabər
oyanır, elə, gecələr də gecənin lal sükutuyla yuxuya gedir. Dəqiq, halal adamdı.
Nə kimsədə bir qəpiyini qoyar, nə də kiminsə qəpiyi qalar onda. Arada deyir, heyif
ki, Allah məni kişi yaratmayıb...
Budur, gözlərini
ovuşdura-ovuşdura Mahir
çıxdı otaqdan.
- Ay nənə, tut vaxtıdır?!
Qoy yataq, axşam sərinində çırparıq.
Qaçmır ki tut.
- A bala, axşam da evə yığılmırsan,
gəl, sən canın, gəl, çırpaq, bəhməz
bişirəcəm. Qaraciyərə xeyirdi, hər dərdin dərmanıdı.
Deyirsən ki, mədəm
ağrıyır axır
vaxtlar. O bəhməzdən
2-3 qaşıq ağzına
alsan, bədənində
nə var, çıxıb gedəcək.
Hələ get, çörək
al, gəl.
Mahir ürəyində
deyinə-deyinə əl-üzünü
yuyub, getdi çörək dalınca. Onsuz da ayaqları anadangəlmə əyri olan Mahir, yuxulu-yuxulu
lap "səkkiz yazırdı"
yolda...
- A gəlin, a gəlin, o ağ tül
var haa, sərgidə, gətir onu bəri, Mahir gəlsin, çıxsın, gedək
o tutu çırpaq.
Heyifdi,
a bala, tökülüb
gedir, Allahın verdiyi ruzidi...
Yenə dilləndi Gülgəz arvad.
Elə o vaxtdan
bağçanın əkin-biçininə,
təmizliyinə özü
baxır. Tez-tez günün qızmarında
başında yaylıq,
alnından tər tökülə-tökülə ağacları bir-bir sulayır, otdan-çayırdan
təmizləyir bağçanı...
Meyvələr yetişən kimi
də yığıb
mürəbbəliyi mürəbbə
edir, kompotluğu da kompot...
Gün yavaş-yavaş qızır
daha, yarım saatdan çoxdur gedib Mahir...
Gülgəz arvad:
- A gəlin, harda qaldı bu uşaq?
Bir küçəyə çıx,
gör gəlirmi?
Nə yaman uzun çəkdi
bunun iki çörək almağı?
Nailə
xala:
- Ana, yəqin, dostlarıyla rastlaşıb orda, ləngiyir. Harda olsa gələr...
Nailə xala evin gəlinidi. Anasıdı
Mahirin.
Uşaqla uşaqdı, böyüklə
böyük. Mehriban adamdı, heç
kəsin xətrinə
dəyməz. Nə
vaxt görsən can deyib, can eşidər.
Gülgəz arvad:
- A bala, daha bir
saat oldu, harda qaldı bu bivec? Noldu görən?!
Buna deyirlər e uşağa buyur, dalınca yüyür.
Halbuki, Mahirin artıq 18 yaşı var, ancaq yenə
nənəsinin gözündə
ərköyün bir uşaqdır.
Sığışmadı Gülgəz arvad, çıxdı küçəyə. Küçədə heç Mahirin qaraltısı da yoxdu hələ.
- Ay Məzi, a bala, bir mağaza tərəfə get, velosipedin
var, gör Mahir ordadımı? Çağır, gəlsin evə.
Qonşunun uşağına buyurdu Gülgəz arvad. Məzi getdi
Mahirin arxasınca.
Gülgəz arvadın qaşı çatıldı, sağ
əlini çənəsinə
dayaq edib, dayandı darvazanın qabağında.
Artıq
gün qızdı, isti adamın təpəsini deşir, daha tut çırpmaq qaldı ya axşamüstünə,
ya da sabaha.
Gülgəz arvad darvazanın
qabağında o yana, bu yana gəşt edir, deyinir:
- Belə uşaqmı olar, bir dəfə
vaxtında gedib , vaxtında gəlməz, bir işin qulpundan tutmağa canı çıxır. Bax, kimə
qoşulub, hara gedib görən?!
Çox
keçməmiş Məzi
təngnəfəs qayıtdı,
günün altında
yazıq uşaq pomidor kimi qızarmışdı...
- Ay Gülgəz nənə, yoxuydu orda Allah haqqı, hər tərəfə baxdım.
- A bala, orda bir
camaatdan soruşaydın
dana, görüblərmi
orda?
Daha bu günün qızmar vaxtında təzədən mağaza
tərəfə qayıtmağa
halı yox idi Məzinin...
Mızıldaya-mızıldaya nəsə deyib getdi evlərinə.
Yaman narahatdı Gülgəz arvad, Mahirin telefonu da yoxdu
ki, zəng eləsin, halı olsun...
Tövşüyə-tövşüyə özü getdi nəvəsinin arxasınca.
Getdi o tərəfdə də camaatdan soruşdu, bir nəfər gördüm demədi...
Daha irəli
getməyə canında
hal qalmamışdı. Dişi bağırsağını
kəsə-kəsə, qorxu
içində qayıtdı
evə.
Hardadı axı Mahir?!
Gəldi,
oturdu taxtına, dikdi gözünü darvazanın bozumtul qapısına, düşünür:
Görən başına nə
iş gəldi bunun?! Hara yoxa
çıxdı?! Kimə qoşuldu,
hara getdi?!
Uşaq da deyil ki,
deyim başını
yozub oğurladılar
nəvəmi. Allah iraq
eləsin.
Neyləyim mən, ay Allah?! Harda qaldı bu uşaq?!
Düşünə-düşünə ayaqlarındakı
yamyaşıl damarlara
da baxır... Bəzən mənə elə gəlir ki, bu yaşıl damarlar öz rənglərini bağın-bağçanın
yaşıllığından götürüblər.
Axı ömrü boyu Gülgəz arvad bağçaya qulluq edib...
Alnından tər tökülə-tökülə
Mahir girdi qapıdan.
Gülgəz arvad bilmədi, əsəbini töksün
nəvəsinin üstünə,
yoxsa 2 saatdır harda olduğunu soruşsun.
Mahir bir dərin of çəkib, çörəyi
gətirib stolun üstünə atdı, getdi üzünün tərini yumağa...
Gülgəz arvad əsəbini
birtəhər boğdu:
- A bala, hardasan iki saatdı, qadan alım?!
- Ay nənə, aşağıda
Sənəm arvad əylətdi. Heç xeyir şey
olsa, məni çağırmazlar. Tut çırpırdılar, köməyə
çağırdı. O da
bəhməz bişirəcək...
MƏHƏMMƏD
Ədəbiyyat qəzeti.- 2019.-
29 iyun.- S.9.