Çingiz Əlioğlunun naturadan poeziyaya adlamış

qəhrəmanı - Müqəddəs Məryəmdir, satqın İuda

 

Çingiz Əlioğlu ədəbiyyata gəldiyi zamandan etibarən ədəbi fikrə yeni, sərbəst forma ifadə, milli dəyərlər, psixologizm, fəlsəfilik, altmənalılıq kriteriləri ilə şərtlənən modernist estetikanı gətirmiş şairdir. Onun iki fərqli dönəmdə yazdığı şeirlər ciddi üslubi poetik eyniyyəti ilə səciyyələnir, ədəbi təmayüllərə, dünya cərəyanlarının poeziyada təzahürü baxımından diqqət çəkir. Sovet epoxasında romantizm, simvolizm estetikasını formalaşdıran xətlə seçilmiş Çingiz Əlioğlu  90-cı illərdən sonra yeni şəkil alan poeziya üfüqündə özünü rahat hiss etdi. Onun bu vaxta qədər düşüncə sərbəstliyi kontekstindən fərqlənən mətnləri təbii olaraq formada sərbəstliyə gətirib çıxardı, ənənə buxovunu çoxdan qırmış şair müstəqillik dönəmində daha konseptual olaraq yeni poetik konstruksiyalılığa yön aldı. Çingiz Əlioğlunun poeziyasının əsas keyfiyyətlərindən biri antitezalar üzərində qurulmasıdır. Bunu yalnız yaradıcılığına xas özəllik kimi qeyd etmirəm, şairin əsas poetik kredosu ümumən, həmin dalğanın içindədir. Müstəqillik dönəmindən sonra postmodern düşüncə tərzinin, sərbəst şeir şəkillərinin ən gözəl nümunələrini meydana qoyan Çingiz Əlioğlu, eyni zamanda hecanın da kamil örnəklərini yaradır, həmçinin "Əlvida, on birlik heca şeirim..." bu vəznin meydanının daralmasına xəfif kinayə ilə etiraz edirdi: "Yenilik" aşiqi, naşı "şəyirdlər"/Nəzmin bəhrində sərbəst üzürlər./Bax, meydan sulayır, at səyirdirlər/Sənə əski deyir, ağız büzürlər".

Bütün bunlar öz yerində, əsas məqamlardan biri Çingiz Əlioğlunun poeziyasının ideya yüklü olmasıdır. Rus semiotiki Y.M.Lotmanın 90-cı illərin əvvəllərində səsləndirdiyi maraqlı fikri vardı. O bildirirdi ki, "incəsənətdə ənənəvi forma məzmun duallığı artıq müvafiq strukturda reallaşan ideya anlayışı ilə əvəz olunmalıdır. Çünki bədii mətn özü mürəkkəb quruluşlu bütöv bir məna olduğu üçün onun elementləri məna yüklüdür". Çingiz Əlioğlunun poetik üslubu ideyanı obyektiv semantika ilə ifadə etməyə meyillidir. Çox şairlərin təsvir predmetinə çevirdiyi kiçik obrazlara Əlioğlu makro poetik anlam qazandırmaqla ideyanın ifadəsinə nail olur. Onun "Yol gedən qadın" şeiri var. 2002-ci ildə yazılıb bu şeir. Bu dönəmdə (elə indi !) qadın, sevgi mövzuları zamanın ultramodern dəbinə uyğun olaraq hər kontekstdə şeirin predmetinə çevrilirdi. Burada epataj səciyyə vardı, hirsin, qəzəbin gətirdiyi  aqressiv ton da, eyni zamanda ənənəvi poeziyanın təcəssümə çevirdiyi sevilən, sevən lirik "mən" . Çingiz Əlioğlunun qadın obraza münasibəti bunlardan heç birinə bənzəmirdi:

 

Bütün iradəsi ovuclarında,

Yığıb yumruğunu sıxıbdır bərk-bərk.

Zərif barmaqların şəffaf sümüyü

Ağarır tar qolu çərəkləritək.

 

Tənində bir qətrə yox artıq əti,

Bir dəri, bir sümük, dümdüz fəqərə.

Baxışlar inadkar, hərəkət qəti,

Hər addım mismardır çalınır yerə.

 

Dikdaban çəkmənin uşaq sürüşən

Novlartək hamardır parlayan səthi.

Hər məqsəd yolunda dör-dör döyüşən

Bu qadın yorulmur boş çıxsa cəhdi.

 

Gör neçə üzü var bu şux balanın,

Müqəddəs Məryəmdir, satqın İuda.

Odlara calanıb, yurdda qalanın

Qalalar qalanıb hökmüylə oda.

 

Hünərdə ortaq yox, tayı gəzir,

Çəlimsiz canıyla canlar alıbdır.

Şahin tək şığıyır, pəri tək süzür,

Ardınca yol çəkən gözlər qalıbdır.

 

Tiyanda qovrulan, ruhdan doğandır,

Döyüşkən aslandır, nazlanan sona.

Siçandan qorxub da, ilan boğandır,

O gedən qadındır, yol verin ona.

 

Müəllifin bir az pessimist, bir az da ekzistensialist ruhunda yazdığı bu şeirdəki süjet qrammatik təzad üzərində qərarlaşmaqla şair üslubunun individual çalarını önə çıxarır. bu individuallıqda şair bədii təzadlara istinadən əks semantikanın  yaratdığı estetik mücərrədliyi meydana qoyur. Zahiri forma təsvirilə daxili mahiyyətin plastik, obrazlı məcaz axını bütövləşir. Qadındakı ikili başlanğıcı, daxili mücərrədliyi ifadə etməyin ikonoqrafik kodla təqdimi baş tutur. Poetik simvolik detal kimi bəşər tarixinin iki məlum ünvanı seçilir ki, təsvir etdiyi ideya-obrazın səciyyəsini verə bilsin, mətləbi bir az da dərin formada çatdırsın: "Müqəddəs Məryəmdir, satqın İuda"! Tarixdəki yerini statusunu görk etdirsin: "Qalalar qalanıb hökmüylə oda".

Bu şeirdə Çingiz Əlioğlu bütün poeziyası üçün xarakterik olan emosionallıqdan uzaq bir mövqe sərgiləyir, qadına şamil olunmuş təyinləri geri itələyir, hər hansı təyinatlardan sürüşən qadın başlanğıcını  önə çəkir. Onun dünyasının ekzistensiyasını yaradır, mənəvi sarsıntı yaşamını ictimai-psixoloji müstəviyə çıxarır. Bu şeirdə qadına tətbiq olunan milli mentalitet standartları - ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunları yoxdur, eyni zamanda onun sosial kateqoriya kimi əks cinsdən bir pillə yuxarıda dayanmaq istəyinə, ironiyaya da rast gəlmirik. Şeir, sadəcə, Qadını anlamağın gərəkliyini qabardır: "Yol verin ona", - deyir. İçinizdə, düşüncənizdə, həyatınızda...

Bəli, poeziya fərdi-fərqi duyumlarının mənalanmasıdır bu mənalanmalar ancaq yeni dil düşüncə zəminində gerçəkləşir, sənət faktı olur. Mövzu həm onu gərəyincə sərgiləyə bilən estetik səviyyə istəyir! Qadını bu dərinlikdə, gerçəklikdə, gücdə şeirə çevirən qədər poeziya nümunəsi var? Ki, oxucunun qənşərinə qadının aqibətini, durumunu gətirsin, onun hər növ - məişət, sosial-ictimai, mənəvi-mədəni, psixoloji durum mürəkkəbliyi içrə obrazını ifadə eləsin. Həm nakamlıq, sarsıntı, bəxtsizliklə, keşməkeşli həyatla uğraşan, həm müzəffər duruşlu, savaşlardan çəkinməyən, ağrıları yenib sabaha inadlı addmlarla atılan qadın obraz! Mənəvi fiziki çalarları ilə naturadan poeziyaya adlamış qəhrəman! Çingiz Əlioğlunun yaratdığı gözəllik duyumuna çevirdiyi qadın obraz - sənət faktı!

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.11.