24 yaşlı Çingiz Əlioğlu sosrealizm
tabularının qarşısına sürrealizmin
azad ruhu və mistik röyaları ilə çıxdı...
Şairin
yaradıcılığı haqqında Səlim Babullaoğlu
ilə Azər Turanın söhbəti
Bu gün Çingiz Əlioğlunun 75 yaşı tamam olur. "Ədəbiyyat qəzeti" bu münasibətlə görkəmli şairi təbrik edir, ona sağlıqlı uzun ömür və yaradıcılıq uğurları diləyir. Bu sayımızda Çingiz Əlioğlu yaradıcılığına həsr olunmuş - C.Yusifli, E.Akimova, E.Z.Qaraxanlının məqalələrini, eləcə də şairin poetik özəllikləri haqqında bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu ilə "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın söhbətini oxuculara təqdim edirik.
Azər Turan: - 1965-ci il. Yazıçıların IV Qurultayında belə bir fikir səslənir: "Tənqid bəzən Rəsul Rzanın ardınca gedən ayrı-ayrı gənclərin hərdənbir modernizm dumanında azdığını hiss edir...". Sonra... 1968-ci il. Modernizm dumanında azan o gənclərdən biri, Çingiz Əlioğlu "Yuxular şəhərində" poemasını yazır. Bu lirik poemada estetik baxımdan Azərbaycan poeziyası üçün yeni olan güclü bir Avropa dalğası var. 24 yaşlı Çingiz Əlioğlu sosrealizm tabularının qarşısına sürrealizmin azad ruhu və mistik röyaları ilə çıxır.
Səlim Babullaoğlu: - Əlbəttə, söhbətimizin qəhrəmanı Çingiz Əlioğlu və yaxud elə onun təmsilçisi olduğu ədəbi, lap dəqiq isə poetik nəslin digər təmsilçiləri - Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ələkbər Salahzadə və b. haqda danışanda ilk xatırlanmalı ad Rəsul Rzadır. Niyə? Çünki XX əsrdə Rəsul Rzanın poetik irsi, mövqeyi qədər milli şeirimizi dünya şeirinə bağlayan ikinci bir hadisə yoxdu; inkişaf, həm bukval, həm də ədəbi cərəyan kimi modern olmaq, modernizmə mənsub olmaq Rəsul Rza yolunun davamçısı olmaq deməkdi; metric, estetik, məzmun baxımından, yəni hər nə cürə baxsanız bu belə idi. Digər tərəfdən, sərbəst şeir yazmaq - başqa tərəfdən elə sərbəst adam olmaq deməkdi ki, xüsusən o illərin ədəbi gəncliyi bunu özlərinə xas əminlik, hiss və maksimalizmlə yaxşı bilirdilər.
Bu mənada fərqli, yenilikçi ruhu ilə Çingiz Əlioğlu istiqaməti doğru seçmişdi, yəni çoxlarından fərqli olaraq özünə qarşı səmimi davranmışdı ki, bu da şair üçün çox vacib, lap düzü isə ən vacib məsələdir. Xatırlayırsız Çingiz müəllimin belə misraları var: "İstədiyin kimi düşünürsənsə,/Düşündüyün kimi danışırsansa,/ Danışdığın kimi varsansa,/ Azadsan demək...". Bəli, "Yuxular şəhərində" poemasını sitat çəkməklə çox haqlısız...
A.T.: - "Yuxular şəhərində"nin üstündən 50 ilin bəzən sıx, bəzən seyrək buludları ötüb-keçdi. İndi Çingiz Əlioğlunun 75 yaşı tamam olur. Yaradıcılığı böyük ədəbiyyat faktı olsa da, Çingiz Əlioğlu hələ də layiq olduğu miqyasda etiraf edilməyib. Haqqında dissertasiya işləri yazılmayıb. Halbuki yazılmalıydı. Əslində, şeirləri də, ədəbi-tənqidi fikirləri də geniş elmi tədqiqatların predmeti olmalıydı və olmalıdır. Çünki Azərbaycan poeziyasında cərəyanlaşma dalğasını Çingiz Əlioğlusuz təsəvvür etmək, sürrealizmin, kubizmin - modernizmin, postmodernizmin milli şeirimizdə təzahür mərhələlərini Çingiz Əlioğlu yaradıcılığından sərf-nəzər edərək öyrənmək, sadəcə, mümkün deyil.
S.B.: - Çingiz Əlioğlu barədə, ümumiyyətlə, yazılar, məqalələr az yazılmayıb. Mən indi Vilayət Quliyevin, Cavanşir Yusiflinin yazılarını xatırlayıram. Amma bütövlükdə sizinlə razıyam. Başqa tərəfdən də fikirləşirəm ki, dərin tədqiqatlar üçün, yəqin ki, ilk növbədə tədqiqat obyektlərini anlamaq lazımdır...
Siz çoxlu izmlərin adlarını çəkirsiz. Onların sırasında sürrealizm məsələsinə mənim münasibətim bir az başqadır. Poetik sürrealizm qapalı cəmiyyətlərin hadisəsi ola bilməz. Fikrimi izah edim. Bütün ədəbi-sənəti "izm"lər eləcə və yalnız estetik impulsla ərsəyə gəlmirdi. Onu şərtləndirən ictimai və başqa amillər də olmalıydı. Poetik sürrealizm yalnız açıq cəmiyyətlərin hadisəsi ola bilərdi. Yalnız mesaj ötürən vasitələrin tez-tez tükəndiyi (bu sözü "işləmədiyi", "iflic olduğu" ifadələri ilə qarışıq salmaq olmaz) açıq cəmiyyətlər yeni reallığı, sürreallığı təklif edə bilərdi. Ona görə də 30-cu illərdən sonrakı sovet cəmiyyəti özü bir parodiya idi, özü bir sürreallıq idi, mənfi işarə ilə. Və mən bu dövrdə istər bizim şeirdə, istər rus şeirində, istərsə də ekssovet coğrafiyasında sürrealizm adı ilə yaranan mətnlərə hörmətlə yanaşır, onları estetik akt kimi yüksək qiymətləndirirəm... hərçənd onları sözün bütün mənasında sürrealist mətnlər hesab etmirəm. Rene Şarda, Anri Mişödə olduğu kimi.
Fikrimcə, Çingiz Əlioğlunun açıq dünyanın ədəbi-estetik yönlərinə olan canatımı, dünya mədəniyyətinə xiffətlə bağlıydı. Onun barəsində yazdığım bir məqalədə bu sözlər vardı, indi xatırlayıram: "Akmeistik xiffət" deyilən bir anlayış var rus ədəbiyyatşünaslığında. Bir vaxtlar akmeistlərə şamil edilən bu təyin dünya ədəbiyyatına xiffəti anladırdı. Çingiz Əlioğlu dünya poeziyasının metrik okeanlarına və dənizlərinə tez-tez fərdi ekspedisiyalar təşkil edən, bu hüdudlar və hüdudsuzluqlar üçün xiffət çəkən əsl azərbaycanlı "Kolumbdur".
A.T.: - Modernist poeziyamızın Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Ramiz Rövşən, Vaqif Bayatlı, Camal Yusifzadədən ibarət parlaq, işıqlı bir pleyadası var. Amma, məncə, Çingiz Əlioğlu, altmışıncı illərin sonlarından etibarən "modernizm dumanında azan" şairlərimizdən məhz, sözə və obrazlar sisteminə, poetika, kompozisiya və formaya, şeirin arxitektura və arxitektonikasına sırf modernist münasibətilə fərqlənir. Sizcə də fərqlənirmi?
S.B.: - Qismən bölüşürəm fikrinizi. Mən belə deyərdim, illər əvvəl gəldiyim qənaətdir. Onun mətnlərini oxuyanda bir-birinə bu qədər "yad" şeirlərin bir yaradıcılıq və bir kitab içində necə mümkünlüyü sual doğurmur; həm metrik, həm tematik, həm temperament baxımından bəzən diametral əks və fərqli şeirlərin, polifonik stixiyanın sahibi olmaq olduqca çətin məsələdir, çox vaxt mümkün deyil. Çingiz Əlioğlu bu mənada yeganədir (!), mən milli ədəbiyyatımızda ikinci belə şair tanımıram. Ən ehtirassız şəkildə, plakat deyişdən maksimum uzaqda dayanıb məsuliyyətlə söyləmək olar ki, bu gün çoxlu poetik ad və inisialların qarşısında şifahi və yazılı şəkildə duran "böyük şair", "dahi" ifadələri, Çingiz Əlioğlunun adının qarşısında elə indi və həmişə ürəklə yazdığım, yaza biləcəyim görkəmli sözünə çoxdan məğlub olub.
Çingiz müəllimin bəzi şeirlərindəki poetik ovqatı ilə böyük rus yazıçısı Nabokovun nəsrdəki ovqatı arasında ciddi qohumluq münasibəti var. Nabokov o yazıçıdır ki, bir çox əsərlərində sözlə yazıçının arasındakı şəffaf sərhədi hiss edirsən. Yəni görmürsən, amma hiss edirsən. Bu duyğunu mən Çingiz Əlioğlunun bəzi əsərlərini oxuyanda keçirmişəm. Məsələn, "Diaspora" poemasını oxuyanda.
A.T.: - Azərbaycan ədəbi məkanında postmodern paradiqmaların konturları 1990-cı illərdən etibarən daha qabarıq görünməyə başlasa da, onun milli poeziyamızda ilk təzahürləri səksəninci illərdə Çingiz Əlioğlunun yaradıcılığında əks olunurdu. Mən bunu Çingiz Əlioğlunun poetik təhtəlşüuru ilə əlaqələndirmək istəmirəm. Aşkar görünür ki, Çingiz Əlioğlu Avropa modern poeziyası ilə davamlı irtibatda olub. Əgər yazdıqları müstəqil və sadəcə, necə deyərlər, ilham pərisinin qanadlarında yaranmış poeziyadırsa, o zaman onu müasir Azərbaycan ədəbiyyatı üçün ikiqat fenomenal bir hadisə hesab etməliyik. Bir çox mənalarda hadisədir, həm də o mənada hadisədir ki, Azərbaycan şeirinin son qırxillik mənzərəsini tam görmək üçün bəlkə də onun "Ruhumun həndəsəsi" və "Atlantlar" kitablarını oxumaq bəs edər. Yəni bu kitablarda Azərbaycan şeirinin həm sürrealist, həm kubist, həm modernist və həm də postmodernist mənzərəsi bütün əlvanlığı ilə görünür. Postmodernist təmayüllərdən söz düşmüşkən... Çingiz Əlioğlunun "Postmodern paradiqma hüdudlarında" 2000-ci illərin əvvəllərində yazdığı "Of!!!" simfopoemasını çağdaş ədəbiyyat tariximizin, çağdaş dövrün, yeni dünyanın və yeni Azərbaycanın siyasi-ictimai-mənəvi əhvalını poetikləşdirən postmodern ədəbiyyat hadisəsi, Azərbaycanda postmodern üslubda yazılmış ilk siyasi lirika örnəyi hesab etmək olar. Baxmayaraq ki, Çingiz Əlioğlu milli zehniyyətin, türk düşüncəsinin stabilliyi və dəyişməzliyi baxımından postmodern paradiqma hüdudlarına sığmır, sığsa belə, bu, sırf ədəbiyyat naminə baş verir. "Toros canavarı" və "Türk" şeirlərində olduğu kimi. Əslində, insan olaraq da, fərd olaraq da, şair olaraq da Çingiz Əlioğlu avanqarddır. Əsaslı şəkildə isə dünya poeziyasındakı bütün cərəyan və təmayüllərin simvolizmdən qaynaqlandığına inanır. Amma simvolizmlə, hətta dekadansla ənənəni lirik qəhrəmanın ruh halında qarğaşaya yol vermədən qovuşdura biləcək qədər gələnəklərə də sadiqdir. Məsələn:
Mən içən şərabın adı ayrılıq,
Çəkdiyim siqaret həsrət adlanır.
İçmədim bayıldım, içdim ayıldım,
Sənsizlik sürgündür... hicrət adlanır.
Necə də tünd imiş hicran qəhvəsi,
Sinəmə çəkdiyim tüstü qaradır.
Ağzımdan burulub çıxan nəfəsim
Havada miraj bir obraz yaradır.
Sənin
xəyalındır ani, apaydın...
Daha yuxuda da məndən qaçırsan.
İşıqlı
günümü özün qapadıb,
Zülmət
gecələrə qapı açırsan...
S.B.: - Siz
"Of!!!" simfopoemasını xatırladınız. Mən isə tez-tez, vaxtaşırı Çingiz
müəllimin bayaq da adını çəkdiyim
"Diaspora" poemasını xatırlayıram. Çox böyük ağrı və gərginliklə
oxumuşdum o əsəri. Nə vaxtsa
"Ədəbiyyat nəyə lazımdır?" sualına
ciddi-cəhdlə cavab axtaranda
düşünmüşdüm ki, ədəbiyyat, həm də
keçənləri görmək üçün,
düzgün tarixi gələcəyə ötürmək
üçün lazımdır. "Diaspora"
poeması son illərin, siz deyən kimi, son 40 ilin, 30 ilin azərbaycanlısını
çox dürüst göstərən olduqca qiymətli əsərdi.
"Diaspora" poetik şedevrdir. Həm də unikal tarixi sənəddir. Bu isə çox az-az rast gəlinən hadisədir ədəbiyyatda.
Bu illərin diaspora tarixini öyrənmək istəyənlər,
qürbətdəki insanı görmək istəyənlər
mütləq bu əsərə müraciət etməlidirlər.
Məsələn, bayaq siz də toxundunuz, yazılmasından az qala 20 ilə yaxın vaxt keçsə də,
ədəbiyyatşünaslar, tənqidçilər susublar,
bu əsəri görməyiblər?! Hərçənd
ki, Çingiz müəllimin bir çox əsərlərindən
fərqli olaraq, bu əsərin dili, üslubu olduqca
aydındır, bu ifadəni işlətmək istəməzdim,
hətta xəlqidir. Bilirsiz, tez-tez Azərbaycanda
dissident hərəkatının, dissident ədəbiyyatının
olmamasından danışırlar. Unudurlar
ki, dissidentlik mərkəzdənqaçma, mərkəzi qəbul
etməmə hadisəsidir. Dünyanın altıdabir
hissəsi olan keçmiş Sovet İttifaqının əyalətində,
ucqarında, özü də Moskva kimi ögey
"ananın" nəzərləri altında yaşayan
ucqarında dissidentlik hərəkatı necə ola bilərdi;
biz onsuz da mərkəzdən uzaqda idik; "mərkəzdən
qaçmaqlıq" bizim gündəlik həyatımız
idi, biz öz içimizdə qürbətdə idik və o
böyük mənadakı dissidentlik Azərbaycanda metamorfoza məruz
qalmışdı, lokal xassə almışdı, xeyli Azərbaycan
ziyalıları, bəstəkarları,
yazıçıları yerli mərkəzlərdən
narazı qalanda dissidentlikləri Moskvaya üz tutmaqda
görürdü. Bunu niyə deyirəm? Yəqin, ona görə ki, dissidentlik və diaspora
anlayışları, hadisələri bir-biri ilə
bağlıdır. Mənəvi imperativlərlə
hərəkətə gələn, baş verən dissidentlik
eyni dəyərləri paylaşan diasporaları
formalaşdırır. Çingiz
Əlioğlunun "Diaspora" poeması (əslində, bu əsəri
poema yox, uzun şeir saymaq daha doğrudur) dərin qatlarıyla
bu məsələləri də anlamağa kömək edir və
bu mənada da tədqiqat obyekti olmalıdır.
A.T.: -
Çingiz Əlioğlu "günəş
parıltısının vur-tut iki rənglə - ağ və qara" ilə təmsil
olunduğu daltonik postmodern mühitdə milli şeirin və
ruhun əsalətini və bütün rənglərini qoruyub
saxlamağın örnəyini də verdi. Azərbaycan
poeziyasında elitar ədəbiyyatla pop düşüncə
paralellərinin kəsişmə nöqtəsini tapdı.
O, Derrida və Bartı Füzuli və Hadidən
ayırmadı. Və "postmodernist və
avanqardçılar - əladır, ekselans! Bütün
qalan ənənəçi, simvolist tör-töküntülərsə
sıfırdır, zero!" deyənlərə "Poeziyada
vaxt başqa, poeziya vaxtın başqasıdır" məqaləsində
belə səsləndi: "İstedadın qanunları ilə
yaşamaq lazımdır".
S.B.: -
Sizin dedikləriniz məni Çingiz Əlioğlunun başqa
tərəflərini xatırlamağa sövq edir. Çingiz Əlioğlu ədəbiyyat bilicisi kimi,
şeir bilicisi kimi olduqca maraqlı həmsöhbətdir,
eruditdir, şeirşünasdır. Şeirdə
olduğu kimi, şeirşünaslıqda da dəqiq təyinlərlə
danışmağı sevir. Səhv etmirəmsə,
onun "Gicgaha sıxılan güllə"
kitabındaydı, çoxlu ədəbiyyat yazıları
toplanmışdı. O yazıların bir çoxu, hətta
60-70-80-ci illərdə yazılmışdı. Mən onların bir çoxunu oxumuşam. Bu nəsillər məsələsi ortaya gələndə
mən həmişə, Çingiz müəllimin təbirincə
desək, heç şübhəsiz, 90-cıların tərəfində
oluram. Amma indi bir şeyi etiraf edim ki, Çingiz
Əlioğlunun da təmsilçisi olduğu ədəbi nəsil
bir-birinə münasibətdə, məncə, daha
dürüst olublar və mən bunu həm də Çingiz
müəllimin "Gicgaha sıxılan güllə"
kitabındakı məqalələrinə əsasən müəyyənləşdirdim.
Bütün bu deyilənlər isə əziz Azər
müəllim, istedad və ciddi, ardıcıl mütaliə əsasında
formalaşan yüksək ədəbi zövqlə
mümkün olur yalnız. Unutmaq olmaz ki,
Çingiz Əlioğlunun mütaliəsi, eyni zamanda onu ciddi
tərcüməçi kimi də formalaşdırıb,
bizim milli ədəbiyyata qazandırıb. Onun tərcüməçiliyi və tərtibçiliyi
ilə nəşr olunmuş 2 cildlik antologiya, xüsusən
birinci cildi, "poetik hissəsi" ilə adamı heyrətləndirir.
100-ə yaxın müəllifdən edilmiş
poetik tərcümələr müxtəlif və qiymətli
poetexnolojiləri sərgiləyən laboratoriyadır, əslində.
Müxtəlif metrikalar, şeir növləri,
stixiyalar, intonasiyalar, poetik məktəbləri göstərən
nümunələr toplusudur bu antoloji həm də.
A.T.: -
Çingiz Əlioğlu təkcə şairlərə deyil,
tənqidçilərə də irad tuturdu:
"Çağdaş şeirin axtarış
çabalarında avanqardın, neoklassikanın canlı
mövcudluğunu elmi cəhətdən mükəmməl, əsaslı
izləyənlər yoxdur". Məncə,
2002-ci ildə bu məsələdə Çingiz
Əlioğlu haqlıydı. Doğrudur,
indi vəziyyət fərqlidir. Azərbaycan
ədəbi tənqidi bu baxımdan təbii ki, 2000-ci illərin
əvvəllərindəki kimi deyil.
Çingiz
Əlioğlu "fəlsəfi dəyər və zənginlikləri
qədim türk, ərəb, yunan mənbələrindən
tutmuş Bekon, Yum, Şopenhauer, Kanta... qədər xəzinələrdə
aramaq səriştəsindən məhrum düşüncə
oblomovları"nı ətalətdən
çıxmağa, tənqidçiləri isə ədəbiyyatətrafı
məsələləri deyil, konkret şeirin ən
mühüm atrıbutlarını tədqiqat obyektinə
çevirməyə çağırırdı. Və bunu yalnız nəzəri müddəa kimi irəli
sürmür, eyni zamanda poeziyada bunun praktik örnəklərini
də ortaya qoyurdu.
S.B.: - Bəli,
Çingiz Əlioğlu poetik mövqeyi ilə də, şeirə
münasibətində konkretdir.
A.T.: -
Çingiz Əlioğlunu türk poeziyasında özəlliklə
səs və forma baxımından Cahid Sıtkı
Tarançıyla oxşar edən bağlar, bağlantılar
çoxdur. Tarançıya görə,
"Şeirin panteonu səsdir". Tarançı
üçün şeirdə həm də şəkil önəmliydi.
Şair sərbəstdə də, hecada da dilə,
səslərə, səslərdən yaranmış sözlərin
canlı və duyğulu bir varlıq olduğuna sayğı
duyaraq yazacaqdı. "Sözlərlə
gözümüz, qulağımız, əlimiz,
ayağımız imiş kimi davranmalıyıq, onları bədən
üzvlərimizin parçaları olaraq qəbul etməliyik...
Sözlərlə bu qədər
içli-dışlı olduqdan sonra şeirə özlədiyi
formanı bəxş etmək" şairin özəl qənaətinə
bağlı olacaqdı. Çingiz Əlioğlu da
şeirlərinin birində deyir ki:
Mən
sözsüz şeirlər yazmaq istərəm,
Təkcə səslər olsun, kəlmələrsə
yox.
Öz
doğma dilimdən səda, nidalar,
Yabançı lisandan gəlmələrsə yox.
...Ölçüdən
öncəki ölçüsüzlükdə
Gizlənib poeziya röyalar kimi.
Çıxsan
bu dünyanın cazibəsindən
Dinəcək
İlahi dualar kimi...
Bir az da Rahib Bremond kimidir. Çingiz
Əlioğluya görə şeir - duadır. Özü də etiraf edir ki, şeirlərini dua kimi
yazır. Yadıma Vaqif Bayatlının "Yupyumru bir
eşq ilə"dəki "Qanad açmadan uçanlar, nəfəs
açmadan sevənlər, səs açmadan oxuyanlar,
yıxılırkən özündən başqa hamıya
dua açanlarçün sözsüz şeirlər"i
düşür. Ümumiyyətlə,
çağdaş poeziyamızın elmi baxımdan sistemli tədqiqi
zəruridir. Məncə, təkcə ədəbi
yaddaşımızın deyil, ümumiyyətlə, toplumun
semiotik harmoniyası həm də və daha çox modernist
poeziyamızın hüdudları daxilində gizlənib.
S.B.: - Hərdən
mənə elə gəlir ki, dua olmaq sözün ən
böyük arzusudur, onun yetə biləcəyi ən son məqamdır.
Yəni söz gəldiyi ünvana
qayıdır, qayıtmalıdır. Bu
arzunun, bu yolun bir vacib mərhələsi, bəlkə də
dua olmaqdan əvvəlki durağı poeziyadır. Yaxud olmalıdır. Çingiz
Əlioğlunun isə belə şeirləri az
deyil. Məsələn:
Mən bilirəm insan necə məhv olur.
İlk
baxışda günahsız,
xırda
görünən şeylərdən başlayır bu.
Çox
da ürəyincə olmayan bir adamın
üzünə güldüyün gülüşdən,
boğazdan yuxarı deyilən sözdən,
düşünüb-daşınmadan tutduğun işdən,
verdiyin
boş vəddən,
dilinə
gətirdiyin yalançı tərifdən...
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.10-11.