Dostum, abim və həmkarım

 

Çingiz Əlioğlunun 75 illiyinə

 

"Onlar, nağıl və dastanlarda olduğu kimi, üç nəfər idilər: Çingiz Əlioğlu, Elxan Zal Qaraxanlı və Zəlimxan Yaqub. Hər üçü də yalnız onlara xas bir şeir ustası təkin könlümə oyuldu. Zəlimxan Yaqub, Türk millətinə olan sevgisini əks etdirən və bu millətin keçmişinə sahib çıxaraq gələcəyi üçün də mübarizə aparmağa çağıran vətən və millətsevər şeirləri ilə könüllərdə taxt qurdu. Şeirlərində fəlsəfi dərinliyi duyğuların zərifliyi ilə ən incə şəkildə hörməyi bacaran, dünya mədəniyyəti və ədəbiyyatı ilə əlaqədar geniş məlumata sahib məşhur şair Çingiz Əlioğlu və nəhayət,  həqiqətən tarixi bir yaddaş daşıyıcısı kimi dastan şeirlərinin yanında insan duyğularının ən incə, ən dərin, ən dramatik istiqamətlərini açan intim şeir ustası Elxan Zal Qaraxanlı". Bu sətirlər tanınmış tatar şairi, tatar mifologiyası üzrə dünyada tanınmış mütəxəssis Culpan Zarifə məxsusdur. Culpan xanımı Azərbaycanda da yaxşı tanıyırlar, xüsusən "Ədəbiyyat qəzeti" dəfələrlə onun şeirlərini və haqqında yazılanları dərc edib. Mən bu günlərdə 75 illik yubileyi qeyd olunan Çingiz Əlioğlu barədə məqalə yazmağa oturanda, ilk öncə bu böyük xanımın yazdıqları yadıma düşdü, çünki Çingiz müəllim də onun yuxarıda sitat gətirdiyi dəyərləndirmənin vurğunudur. "Şeirlərində fəlsəfi dərinliyi duyğuların zərifliyi ilə ən incə şəkildə hörməyi bacaran, dünya mədəniyyəti və ədəbiyyatı ilə əlaqədar geniş məlumata sahib məşhur şair Çingiz Əlioğlu". Bu sitat onun barəsində nəşr olunan bir çox kitablarda yer alıb. Elə mən də yazımda Çingiz Əlioğlunun yaradıcılığına eyni prizmadan yanaşacam. Culpan xanım kimi duyğusal şair və böyük zəkalı bir alimin cızdığı çərçivədən çıxmaq elə də asan deyil...

Biz Çingiz müəllimlə uzun illərdir dostluq edirik. O mənim üçün maraqlı adamdır, yəqin ki, mən də onun üçün maraqlıyam. Əks halda, xeyli yaş fərqiylə belə uzunmüddətli dostluğumuz baş tutmazdı. Culpan xanımın yazdığı kimi, fərqli bir şair olmaqla bərabər, həm də çox zəngin məlumatlara malik adamdır. Həm də oxuduqlarından başqa, dünyanı çox gəzib, dünyanın çox məşhur adamları ilə oturub-durub. Uzun sözün qısası, canlı ensiklopediyadır. Hərdən zarafatla ona "Azərbaycanın Afanasi Nikitini" deyirəm. Məşhur rus səyyahı kimi, Çingiz Əlioğlunun da həyatının çox hissəsi səyahətlərdə keçib. Şeirlərinin çoxu yerlə-göyün arasında, təyyarə oturacaqlarında yaranıb. Yəqin, bu onun taleyidir, çünki həm türkdür, həm də vikinqlər ölkəsi ilə ruhi bağlılıqları var. Türk və vikinq deyəndə isə ilk olaraq, ağıla quruda və dənizdə böyük məsafələri qət etmək istəyi gəlir. Çingiz müəllim isə məsafələr qət etmək sahəsində azərbaycanlı ədəbiyyatçılar arasında dünya rekordçusudur. Yollar onun taleyidir...

Çingiz Əlioğlunun bir şair kimi böyüklüyünə isə, məncə, heç kim şübhə etmir. Özü də bunu Azərbaycandan daha çox, xarici ölkələrdə hiss edirsən. Mən onunla bir neçə dəfə xarici ölkələrdə olmuşam və hamısında da təəssüratlarım eynidir - o, həm də Azərbaycandan kənarda çox sevilən şairdir. Heç bilmirəm bu gün Azərbaycanda neçə belə şair var. Nəzərə alsaq ki, o, ənənəçi şair deyil, özünəməxsus üslubu, obraz sistemi, lüğət tərkibi var, şeirlərində assosiasiyalardan və alliterasiyadan geniş istifadə edir, yazıları sətiraltı mənalarla zəngindir, belə poeziyanı, adətən, geniş kütlənin birdən-birə qavraması çətin olur və belə şeirlər daha çox elitar bir qrup tərəfindən oxunur. Amma böyük şairin ustalığı ordadır ki, o, yazdıqlarını elə bir enerji ilə yükləyir ki, oxucu onu anlamasa da, duymaq istəyir və yaxud fəhm ilə anlamaq istəyir. Məsələn, Məhəmməd Füzulini anlayan çox az adam var, lakin onu hamı sevə-sevə oxuyur. Yaxud rus şairi Xlebnikovu. Belə şeiri ardağıl şeiri (zaumnaə pogziə) adlandırırlar. Yəni bu gün ədəbiyyatda belə hesab olunur ki, poeziya ağılnan yox, fəhmlə qavranır. Məncə, poeziyanın missiyası da elə budur, bəşərin fəhmini açmaq, onu inkişaf etdirmək. Albert Enşteyn deyirdi ki, elmi kəşflər ağılnan yox, fəhmlə əldə olunur. Tarixin böyük mədəniyyətləri də fəhmin yaratdığı mədəniyyətlərdir. Biz bu gün qədim Şumer, Misir, etrusk, Çin, yunan mədəniyyətləri kimi mədəniyyətləri ağılnan qavramaq iqtidarında deyilik, amma onları fəhmin gücü ilə dərk edirik, onun üzərində yeni mədəniyyət yaradırıq. Dostum Çingiz Əlioğlunun poeziyası da məhz fəhm poeziyasıdır. Amma onun yaratdıqları çoxsaylı obrazlar və elmi biliklərlə yüklənsə də, sənə elə gəlir ki, asan qavranılır, çünki mayasında bir gənclik təravəti var. Ç.Əlioğlunun yetmiş beş yaşına qədəm qoyduğunu bilsəm də, onun şeirlərini oxuyarkən, mən onu həmişə gənc bir oğlan saymışam. Əgər poeziyada gənclik təravəti yoxdursa, demək bu, poeziya deyil, sərsəm bir qocanın düşüncəsidir. Bir şey ilahidirsə, o həmişə gəncdir...

Aramızdakı yaş fərqinə baxmayaraq, biz uzun illərdir ki, dostluq edirik, elədiyimiz söhbətlər bir neçə dastana sığar, amma nədənsə, indi, buludların üstündə, Allaha nisbiyaxın bir məkanda, çoxsaylı Astana təəssüratları arasında mənim düşüncələrim onun şeir fəzasına yönəlib. Biz onunla başqalarını çox müzakirə etmişik, şairlərdən, rəssamlardan, bəstəkarlardan danışmışıq, bir-birimizə şeirlərimizi oxumuşuq, amma öz şeir fəzalarımıza səyahət ağlımıza gəlməyib. Yəqin ki, insan təbiəti belədir, böyüklüyü, qeyri-adiliyi həmişə qıraqda axtarırsan, yanında olana isə sadəcə yaxın bir adam kimi baxırsan. Çünki görünməzlik qarşısında təzim insan oğlunun genetik kodundadır...

Nədənsə, Çingiz Əlioğlunun "Diaspor" poemasını xatırladım. Gözəl şairimiz Səlim Babullaoğlu bu əsər barədə geniş bir yazı yazdığından, indi bu barədə geniş danışmaq istəmirəm, sadəcə diaspor nümayəndələrinin ona münasibətini görəndə, düşündüm ki, başqalarının sevgisini qazanmaq üçün gərək öncə özün sevməyi bacarasan. Ədəbiyyatda da, yəqin ki, bir karma qanunu var, elədiklərin gec-tez qarşına çıxacaq. Çingiz Əlioğlu da bir şair-səyyah kimi, yurddan qıraqdakıların yaşadıqlarını öz içindən keçirərək kağız üzərində "daş bitik"lərə çevirir. Onun yaradıcılığı da daxili dünyası kimi çox rəngarəngdir, şeirlərindən və məqalələrindən dünyanın xəritəsini çızmaq olar. Onun şeirlərinin çoxu dünyanın müxtəlif guşələrindən gətirilmiş təəssürat toxumlarıdır, Çingiz abinin bağbanlıq qabiliyyəti onları Azərbaycan dilində çiçəkləndirib. Mən onun şeirlərini öz dilindən eşitməyi çox xoşlayıram, bu şeirlər onun səsi, intonasiyası ilə nə isə mistik bir bütövlük təşkil edir. Bir dəfə Türkiyədə onun şeirlə böyük bir auditoriyanı necə ovsunladığını gördüm. Biz Türkiyədə, Firat Universitetində şeir oxuyurduq, Çingiz Əlioğlu, Zəlimxan Yaqub və mən. Zəlimxan Yaqubun necə alovlu şeir oxuması hamıya bəllidir, amma Çingiz Əlioğlunun şeir oxumasından sonra salona mistik bir sükut çökdü. Bu çox böyük bir salon idi, burada Türkiyənin super müasir gəncliyi təmsil olunmuşdu, geyimləri kimi, onların düşüncələri də Qərb mədəniyyətində diferensiallaşıb və bu uşaqlar azərbaycanlılara sadəcə bir çoban gözü ilə baxırdılar. Axı onlar, Nazim Hikməti, Kavafisi, Nerudanı, Anna Zaksı oxuyublar. Və birdən Azərbaycan şeirinin, yuxarıdan-aşağı baxdıqları bir ölkənin şairinin sehrinə düşdülər. Azərbaycan adlı məmləkətin şairi onların qəlbinə girdi, onların təhtəlşüurunu tərpətdi. Məncə, bu hiss Türkiyə cəmiyyətinin üstünlüyüdür, onlar yaxşını duymaq qabiliyyətini hələ ki itirməyiblər. Sadəcə, keçmiş imperiya xalqı kimi, özlərindən daha güclü hesab etdiklərindən öyrənməyə çalışırlar, kiçik hesab etdiklərinə isə yuxarıdan-aşağı baxmağı xoşlayırlar. Amma hesab edirəm ki, Avropanın heç bir Nobel laureatı bu məclisdə Çingiz Əlioğluna qalib gələsi deyildi. Söz və səs, bugünkü dünya şou biznesinin əsas gəlir mənbəyi, budur postmodern hakimiyyətin əsas silahı. Sadəcə, axmaq sözlər insanı köləyə çevirir, ilahi sözlər isə insanı köləlikdən azad edir. Əlbəttə, köləliyin tərənnümü poeziyanın missiyası deyil, bunun üçün milyonlarla əli qələm tutan qaragüruhçu söz adamı var. Çingiz Əlioğlu isə işıqlı duyğular şairidir. O, ömrü boyu məmur həyatı yaşasa da, işıqlı duyğularla yaşayıb. Tarixdə məmur həyatı yaşayıb işıqlı əsərlər yaradan məmurlar az olmayıb, amma, məncə, bataqlıqda gül bitirməyin özü də böyük qəhrəmanlıqdır. Çünki ədəbiyyat həmişə dövlətdən yuxarı olub. Dövlətlər gəldi-gedərdi, ədəbiyyat isə Adəm və Həvva xəlq olunandan bəri həmişə yaşayıb. Bəşər tarixi həm də millətlərin gözəllik yaratma tarixidir. Xeops məbədini qan içən hökmdarmı yaradıb, ya memar-şairmi? Biz minilliklər arxasından milyonlarla kölə sümüklərini yox, şairin yaratdığı ehramı seyr edirik. Çingiz Əlioğlunun "Qobustan" poeması var, bu poemanın içində bir ehram əzəməti gizlənir, sanki. Ortalıqda azərbaycanlıların yaratdığı ehram olmasa da, bu ərazidə təbii bir ehram var ki, azərbaycanlı adlanan etnos ona sığınmağı özünə şərəf bilir. Bu şərəfin tərənnümünün özü də elə asan iş deyil, çünki bu qayaların yaşı bilinmir, bəlkə də min ildir, bəlkə də milyon. O günlərə yalnız şair fəhmi ilə səyahət etmək olar. Allah Çingiz Əlioğluna böylə bir fəhm verib, o insanlıqdan öyrəndiyini insanlığa bir ayrı şəkildə qaytarmağı bacaranlardandır. Bizim bildiyimiz tarix də bəşəriyyətin seviş və savaş tarixidir. Amma bunların arasında da bir tarix var. Bu, sakit qafaların tarixidir. Məncə, Çingiz Əlioğlunun poeziyası sakit qafaların poeziyasıdır, dünya yalnız sevişdən və savaşdan ibarət deyil. Şəxsən mənim poeziyam əsasən seviş və savaşdan ibarətdir, amma dünya boyu bunların arasında da həyat olub. Həyat olubsa, onun poeziyası da var. Çingiz Əlioğlu yaşadığı həyatın poeziyasını yaradır şübhəsiz, onun həyat tərzi də bu dünyagörüşünün tərkib hissəsidir. Məni onunla birləşdirən cəhətlər də az deyil, eyni maraqlarımız da yetərincədir. Məsələn, hər ikimiz Şopeni də sevirik, Fikrət Əmirovu da, hər ikimiz eyni rəsm əsərlərindən həzz alırıq. Sezan və Mone, Stravinski və Vivaldi, Svetayeva və Verlen, aşıq Ələsgər və Səlim Babullaoğlu... Siyahını çox uzatmaq olar. Sənət, sənətkarın ovqatını kökləyən bir ünsürdür, şeirin gözəlliyi isə ondadır ki, o, müxtəlif ovqatlarda yazılır. Həm də müxtəlif insanlar tərəfindən. Daima eyni əsərləri oxumaq, eyni rəsmlərə baxmaq, eyni musiqini dinləmək nə qədər cansıxıcı olardı. Mən dostuma daima rəngarəng ovqatlar arzulayıram, qoy onun səfər gəmisi heç zaman mərcan rifinə dirənməsin. 75 yaşın mübarək, dostum, abim və həmkarım!

 

Elxan Zal Qaraxanlı

 

Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.13.