Günəşli dayanacaqlarda susmuş
ağaclar
Hərdən bədbəxt olmaq lazımdı,
hamının hər şeyə sevinib yaşadığı
dünyada. Bunu kimdən oxumuşdum, yadıma sala bilmirəm.
Seçilmək mənasında yox, yaşamaq, həyatın
ağrı-acısını içinə çəkib onları
həyat təcrübəsinə çevirmək anlamında.
Həmişə belə olurmu? Bilmirəm.
Görkəmli
şair Çingiz Əlioğlu son müsahibələrinin
birində "xoşbəxtsinizmi" sualına belə cavab
vermişdi: "- Xoşbəxt insanam, hər şey
qaydasındadır. Həyatımla bağlı
çox ciddi sınaqlardan keçmişəm, ürəyimdə
əməliyyat aparılıb, bundan sonra ciyər əməliyyatı
keçirmişəm. Bunları qanuni hesab
edirəm, çünki dünyaya gələnlər hər
hansı bəhanə ilə bu dünyadan getməlidir.
Fironların əbədi yaşamadığı dünyada kim qalacaq ki? Xəstə olmaq da
insana xasdır, lakin dünyadan sağlam getmək çox kədərlidir.
Eyni zamanda xəstəliklə mübarizə
aparmaq üçün insanın daxilində güc,
bütün çətinliklərə qalib gəlmək
üçün qarşısıalınmaz inam
olmalıdır. Qorxaq olmaq lazım deyil.
Qorxaq insan heç nədən ölür".
Bütün bunların həqiqi izini, heç
şübhəsiz ki, Çingiz Əlioğlunun
yaradıcılığında axtarmaq lazımdır. Özünün
bilərəkdən yazdığı, ifadə etdikləri
arasında yox, sətirlər arasında zamanla zərrə-zərrə
toplanan mistik və realdan real hisslərin arasında. Bu mənada hər hansı şairin filoloji
baxımdan araşdırılması həmişə nisbi səciyyə
daşıyır. Şairlə bir zamanda
yaşayan tənqidçi və ədəbiyyatşünaslar
daha çox poetik ərazisinin səthində baş verənləri
çözələyir və şübhəsiz ki, həmin
o gizlin ərazinin varlığı haqqında
düşünmürlər. Amma şeir sərrast şəkildə
deyildiyi kimi, "görünməyən nəsnədir",
burada əsas olan təqdim edilən, artıq bitmiş bir vaqeə
yox, davam edən prosesdir, məsələn, Nəbati bizə həmin
o bitməyən və bitməyəcək prosesə görə
ləzzət eləyir, bizim hisslərimizlə "oynayıb"
bizə ağıl verir, həm də dünya durduqca narahat
edir. Bədii mətndə bitmiş vaqeə hamının əzbərdən
bildikləridir ("... sən getdin, mən qaldım, külək
əsdi, qar-çovğun, həyat məşəqqətdir,
ölüm..."), davam edən proses isə bizim heç bilmədiklərimizdir,
həm də ruhumuza yığıldığı tərzdə
zərrə-zərrə dolan, aydınlanan nəsnələrdir,
bədii mətni, şeir mətnini öyrənməyin ləzzəti
budur. Çingiz Əlioğlunun "Nikbinlik" adlı ilk
kitabından son şeirlərinə qədər keçdiyi
yolda həmin zərrələr çox nadir hallarda
araşdırma predmetinə çevrilib, yəni
şüuraltından, təhtəlşüurdan mətnə
köçən, zaman-zaman onun strukturunu (virtual olaraq) dəyişdirən
hisslər zamanın belə deyək, "qanlı köynəyinə"
toxunaraq, vaxtın göz yaşına bələnərək
başqalaşır və bəlkə də müəllifi
arxada buraxıb, ötüb-keçərək çox
ağrılı suallar yaradır. Bəlkə
bu səbəbdəndir, yəni azca yuxarıda təsvir
etdiyimiz prosesi hiss etdiyi üçün Çingiz
Əlioğlunun poetik təfəkküründə əsas
olan etiraflardır. Yaşıdları qarışıq
hamının odlu-alovlu, o dövr üçün doğrudan
da insanların ürəklərini ovlayan sevgi şeirləri
yazdıqları bir zamanda Çingiz ən məşhur mətnlərindən
birini qələmə aldı: "Sevgi şeirləri yaza
bilmirəm". Bu artıq mövzu və mətləbə,
zamana, gerçəkliyə, insanın qarşısına
çıxan suallara bir başqa yöndən baxmaqdır.
Elə buna görədir ki, Çingizin
yaradıcılığı bir bütöv sistem təsiri
bağışlayır, yazanda, yazı prosesində
özündən aralanmağa cəhdlər etdiyi
üçün ömrünün müxtəlif məqamlarında
ən işlək (və "nimdaş") mövzulara da
yeni nəfəs gətirə, onun dünyaya baxış
rakursunu dəyişə bilib. Onun üçün təşbeh,
metafora, digər poetik komponentlər hər şeydən əvvəl
"yaddaş problemiylə" bağlı olan nəsnələrdir,
yəni yazı prosesində bunlar təbii şəkildə
yada düşə bilər, unudular, gözdən düşər,
ardı-arası kəsilməyən əvəzlənmələr
sırasına start verilə bilər. Musa Yaqubun
bir şeiri var, "Mən gərək yanımda bir ağac əkim".
Başqa şairlərin də ağacla
bağlı mətnlərini nümunə gətirmək olar. Musa Yaqubun şeirini
oxuyanda elə bilirsən ki, hər şey addadır,
bütün enerji o addan öz axarıyla yavaş-yavaş mətnə
süzülür və oxucunun şeirlə bağlı
yaddaşı da bu şəkildə formalaşır. Bu
prosesin içində insanın darıxmağı, həsrət,
hicran, iztirab, dost deyilənin vəfasızlığı,
zamanın, gərdişin tərs üzü
görünür. Çingizin indi
oxuyacağınız adsız şeirində mətləb
tamam başqadır. Diqqət edin:
Ağaca
ağız aç, əlac edəcək
Ağca çiçəyilə, alca gülüylə.
Çox
da ki, sən onu sonra yandırıb
Oynarsan qaraca, bomboz külüylə.
Ağrı-acımızın
canlı şahidi
Ağaca ağız aç, bir əlac tapar.
Yaşam
savaşının dilsiz şəhidi
Əvəzsiz loğmandı, sən pənah apar.
Misraların, səslərin və nəhayət, mənaların
"dolaşa-dolaşa" getdiyi bu ərazidə bir yox,
çox sayda mətləb yaşayır. Və ən
mükəmməl olanı budur ki, həmin mətləblərin
ifadəsi üçün poetik sistem, poetik ifadə üsul və
vasitələri də uyar şəkildə seçilib.
Ən dərdli məqamında ağaca ağız aç, dərdini
söylə, yaşamın ən dəhşətli anında
ağac gülüylə, alça çiçəyiylə
əlindən tutacaq... Odu yandırıb
külüylə oynamaq da var bu mətləblər içində.
Ağac həm şəhid, həm də
şahiddir. Haçansa üz tutduğun, pənah
apardığın ağac deyildiyi kimi dilsiz deyilmiş, sadəcə
şahid olduğuna görə (əbədi şahidlik-!)
danışmaq yasaq edilibmiş. Səsini içində boğan, həbs edən ağac içinə
o qədər dərd yığır ki, daha doğrusu,
böyür-başındakı insanların elə sifətlərini
görür ki, qəfildən od tutur, alovlanır, bəlkə
dünən yarpağıyla əlac elədiyi adam gedib pislik
pislik dalınca edir və sair. Ağaclar insanlar
kimi giley etmir, susur, dözənə, alışıb yanana qədər.
Meşə yanğınlarıyla bağlı
eşitdiyimiz xəbərlərin acısı təkcə
ekoloji durumla bağlı deyil, dilsiz ağacların orman-orman
yanması əsrlər boyunca yer üzündə, göylərdə,
insan qəlbində, ruhunda gedən proseslərin nəticəsidir.
Yanıb orman-orman... tükənmir bu cəng.
Eşidən olubmu giley səsini.
Ağaclar
köklərlə sarınıb bərk-bərk,
Orbitdə saxlayır Yer kürəsini.
Çingiz
Əlioğlunun bu tipli, bəlkə elə bütün mətnlərində
bir Sərdar Əsəd motivi var; niyə motiv dedik, bəlkə
ona görə ki, Sərdar Əsəddə olduğu kimi,
Çingizin müəyyən tip şeirlərində məna
kapsamı ilk baxışdan bir "yadlıq sindromu"
yaşadır, ancaq mətn oxunduqca, sanki hardasa uzaqlarda axan
çayın səsinin hənirini eşitmiş kimi olursan. O
hənir, yəni kənardan gələn səs mətndə
"dolaşan", hansı səbəbdənsə yolunu azan
mənaları öz yuvaları üzrə sıralayır. Yəni Çingizin şeirlərindəki avanqard nəfəs
səs və sözlərlə oynamaq anlamından
çox-çox uzaqdır. Onun avanqard düşüncəsi,
əslində, sözlərdən qaçıb (Bir şeirində
buna işarə də var, Mən sözsüz şeirlər
yazmaq istərəm// Təkcə səslər olsun, kəlmələrsə
yox//) səslər arası gəzişmələrə istinad
etməkdir. Yəni Ən böyük mənalar səslər
arası// İstərəm gizlənsin fasilələrdə//
Diqqətli oxucu fikir arasın//Misradan-misraya vəsilələrdə.
Bu sistemdə
əsas məsələ mövcud poetik fiqurlardan mümkün
qədər az istifadə edib həyatın,
yaşamın içindəki çox ciddi təbəddülatları
qabartmaqdır. Üzdən sakit görünən
mətnin içi, cızdığı ərazidəki məna
yuvaları enerjiylə aşıb-daşır.
Köklər
damar-damar, bax, sinir simi,
Bu tellər qucmayan səhralar kardır.
Səmada
sayrışan bürc, ulduz kimi
Hər kəsin öz tale ağacı vardır.
Bədmüşk
birinindir, üvəz birinin,
Bəxtə-bəxt qismətdir, şirin, ya acı.
Ardıc
birinindir, vələs birinin,
Birinin
qisməti şeytan ağacı...
Çingiz
Əlioğlu şeirinin öz ritmi, öz intonasiyası var.
Bu mətnlərdə ritm hərəkətə
"sıçrayış anıdır", yəni
yuxarıda adını çəkdiyimiz, bəhs etdiyimiz təhtəlşüurdan
gələn "enerji zərrələri" müəyyən
məqamda konsentrasiya olunur, bu anda mətləb bütün
parlaqlığı, bəlkə də bütün dəhşəti
və qəlizliyi ilə üzə çıxır. Bu kontekstdə başqa bir cəhəti də
vurğulamaq olar. Yazı, ifadə tərzi
elədir ki, sanki bunları deyən şəxs çox
şeyin üstündən keçir, çox şeyi elə-belə
söz xatirinə deyir, amma birdən alt qatda
yığılıb toplanan o zərrələr hərəkətə
gəlir və sıçrayış anı baş verir.
Bu tərzdə hər şeyin qeyri-ciddi
göründüyü bir ərazidə, necə deyərlər,
həmin o "meşə yanğınları" baş
verir, zənnimizcə, bu, Çingizin bədii təfəkkürünü
bəlləyən əsas xassədir. Sakitlik,
dünyada bütün səslərin susub-susub eyni lada
düşdüyü bir ərazidə vulkan lavasının
gizlənməsi qəribə ovqat yaradır, sən
ironiyanı dərhal yox, sonradan bütün mətn boyu hiss
edirsən. Hətta ənənəvi
"şablonlarda" qələmə aldığı mətnlərdə
də bu xassə əsasdır, çəkilib getmir, əksinə,
şablonu dağıdır, bir kənara atır. "Hesab dərsi" şeirinə
baxın:
Gəl
bir oyun oynayaq, -
Mən çıxan, sən çıxılan.
Görək
qalıq nə olur,
Kimdir evi
yıxılan...
Başqa
bir oyun da var, -
Mən
bölünən, sən bölən!
Elə
endir baltanı
Uf deməsin
bu ölən...
Bəs bu
necədir, səncə, -
Mən
vurulan, sən vuran!
Səni
qane edirmi
Hasil, söylə sən quran?!
Di gəl,
atam balası,
Axır
tapdım çəmini!
Üstəgəldir
əlacı,
Birgə
dadaq cəmini...
Çingiz
Əlioğlunun poeziyası, bədii mətnləri həm mətləbləri,
həm də poetik sistemi etibarı ilə ciddidir, həm həyat
təcrübəsini ötürür, həyatın əbədi
sualları qarşısında suallar yaradır, həm də çoxqatlı
və çox nəfəslidir...
Yazını
yenə də Çingizin həmin müsahibədəki
fikriylə bitirmək istərdik: "Həyatımı istədiyim
kimi yaşayan, başa düşən və özünü
ifadə etmək üçün bütün imkanları
olan, ömrünün əsas hissəsini bu xalqa, bu
torpağa, bu dövlətə sərf edən biri kimi öz həyatımdan
da, Allahdan da tam razıyam. Ümumiyyətlə,
insan xoşbəxtlik anlayışını başa
düşdüyü dərəcədə xoşbəxt və
ya bədbəxtdir. Taleyindən narazı
olanların böyük əksəriyyəti özləri
öz həyatını məhv edir. Şükürlər
olsun ki, Allah mənə gözəl övladlar və nəvələr
bəxş edib. Təsəvvür edin ki,
nəvələrimin ikisinin adı Çingizdir". Bir də cavanlıq şeirlərindən biri,
"Narlı gecə".
Budaqdan
qopmuş
nar kimi,
Üfüqə
diyirləndi
gülöyşə
günəş -
Qıpqırmızı
nar
şırəsinə
bulaşdı
qürub.
Bir azdan
dənəvər-dənəvər
mələs
ulduzlar
səpiləcək
səmaya.
Nar
çiçəyi kimi
çıttayacaq
pəncərələrdə
işıqlar.
Yenə də
əlləri
göydə
diz
çökəcək Təzə Pir
axşam namazına.
Narlı
yuxular görəcək bu gecə
Nar yanaqlı körpələr.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.12.