Cəfər Cabbarlı dramaturgiyası:

milliliyin həqiqətləri, sinfiliyin illüziyaları

 

Cabbarlı dramaturgiyasında cəmiyyət və şəriət məsələsi: "Vəfalı Səriyyə"

 

II məqalə

 

Sovet ədəbiyyatşünaslığında Cabbarlı dramaturgiyasının I dövrü öyrənilərkən, müşahidə edirik ki, sənətkarın ilk dramı olan "Vəfalı Səriyyə" əsəri çox vaxt araşdırmalardan kənarda qalır. Məsələn, belə bir halı M.Əlioğlunun, Y.Qarayevin, V.Osmanlının tədqiqatlarında müşahidə etmək mümkündür. C.Cabbarlının keçdiyi dramaturji yolun başlanğıcında dayanan bu əsərin çox vaxt tədqiqatlardan kənarda qalmasının əsas səbəbi nədir? Bəlkə, ilk dramaturji təcrübə kimi əsər tədqiqatçıları təmin etməmişdir? Bu, hətta bu cür olmuş olsa belə, tədqiqatçıların Cabbarlının romantik dramaturgiyası haqqında söhbətə "Solğun çiçəklər"dən başlamasına elmi əsas vermir. Digər tərəfdən, əsər üzərində diqqətli müşahidələr "Vəfalı Səriyyə"yə ögey münasibətin metodoloji xarakter daşıdığını söyləməyə əsas verir.

Əslində, "Vəfalı Səriyyə" müəllifin yaradıcılıq aləminə hansı dünyagörüşü mövqeyindən başlamasını açıq-aydın ortaya qoyan bir əsərdir. Bu mənada Cabbarlı dramaturgiyasına obyektiv elmi baxış üçün bu əsər ciddi material verir. Lakin görünür ki, C.Cabbarlı dünyagörüşünün mahiyyətini açan ilk pyesi məhz bu cəhəti ilə sovet dövrü ədəbiyyatşünaslığımızı təmin etməmişdir.

Cabbarlı ümumən götürəndə və öz yaradıcılıq stixiyası etibarı ilə romantik sənətkardır. Romantizm üçün də milli həyat problemlərinin birbaşa inikası o qədər də səciyyəvi cəhət sayılmır. Lakin XX əsrin əvvəllərinin romantik sənətkarları içərisində milli həyat problemlərini romantik planda əks etdirmək baxımından C.Cabbarlı birinci yerdə durur və bu cəhət onun romantik üslubunun dominantı kimi götürülə bilər.

Hər hansı bir ideala və yaxud həyat hadisəsinə bədii nüfuzda eşq süjetinin ön mövqedə durmasının estetik prinsiplərdən birinə çevrilməsi olduğunu qeyd etsək, elə bilirəm ki, bu, mübahisə doğurmaz. C.Cabbarlının da  pyeslərinin, demək olar ki, hamısını eşq süjeti hərəkətə gətirir, hadisələrin "başlanğıcı, ortası və sonu" eşq qəhrəmanlarının tale yolunu cızır. Lakin bütün böyük sənətkarlar kimi, C.Cabbarlı da eşq süjetini qarşısına qoyduğu idealı bədii həqiqətə çevirməyin vasitəsinə çevirə bilir. Eşq süjeti və onun bədii həqiqətə çevrilməsi prosesi Cabbarlı pyeslərinin romantik ruhuna əsas olmaqla bərabər, bədii həqiqətin milli və bəşəri məzmunda ifadəsinə imkan verir.

C.Cabbarlı dramaturgiyasında eşqin bədii ifadəsi "məhəbbət triosu"nun əsas iştirakçılara çevrilməsi prosesində gerçəkləşir. "Vəfalı Səriyyə"də Səriyyə-Rüstəm və Qurban, "Solğun çiçəklər"də Sara-Bəhram və Pəri, "Aydın"da Gültəkin-Aydın və Dövlət bəy, "Ədirnə fəthi"ndə Zöhrə-Rüfət və Xalid, "Ulduz"da Ulduz-Ramiz və Haris qarşılaşmaları insanın təbii varlığının dərinliklərinə baş vurmaq imkanı ilə bərabər, dramaturqa zamanın hadisələrinin sosial, mənəvi-əxlaqi və hətta siyasi  mahiyyətinə ciddi nüfuz imkanı verir, onun estetik ifadəsinə şərait yaradır.

"Vəfalı Səriyyə"də cəmiyyət həyatında qadının taleyi problemi qoyulub və ona maarifçi tendensiya ilə bədii həll verilib. Lakin müəllifin əsərə verdiyi maarifçi həll İslam dünyagörüşünə söykənir. Milli həyat problemlərinin bədii inikasında İslam şəriətini əlində alətə çevirənlərə qarşı barışmaz mövqe və şəriət qanunlarının həqiqi mahiyyətinin müdafiəsi önə çəkilir.

C.Cabbarlı XIX əsrin sonu, XX əsrin əvvəllərində N.Nərimanov, S.M.Qənizadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə yaradıcılığında meydana çıxan bir maarifçi tendensiyanı müdafiə mövqeyində durur: Din xadimləri şəriət qanunlarını və "Qurani-Kərim"i öz şəxsi mənafeləri üçün alətə çevirməməli, insanlara şəriətdə və "Qurani-Kərim"də, eləcə də Məhəmməd Peyğəmbərin kəlamlarında əks olunan məsələlərin həqiqi mahiyyətini çatdırmalıdırlar.

"Vəfalı Səriyyə"nin nüsxələri arasındakı fərqləri, onun yazılma tarixi və bir çox digər məsələləri araşdıran A.Rüstəmli Cabbarlının arxivində ona məxsus olan "cib dəftərçəsi"ndəki qeydlərə əsasən məlumat verir ki, sənətkar əsəri yazmağa "Bismillahir-rəhmanir-rəhim" sözləri ilə başladı. A.Rüstəmli C.Cabbarlının arxivində saxlanan və geniş oxucu kütləsinə çatdırılmamış "Kazım bəy" romanının ayrı-ayrı fəsillərinin başlanğıcında da "Qurani-Kərim"dən gələn bu ifadənin işləndiyinə diqqət çəkir. Bu qeydlər açıq-aydın göstərir ki, C.Cabbarlı bədii yaradıcılığa başlayarkən İslam dininin mahiyyətinə dərindən bələd olmuş, ona iman gətirmişdir.

Lakin dövrünün bütün görkəmli ziyalıları kimi, o da din xadimlərinin "Qurani-Kərim"in və şəriətin həqiqi mahiyyətini xalqdan gizlətməyə, onları şəxsi mənafe mövqeyindən təfsirə meyilləndiklərini görmüş və buna qarşı çıxmışdır.

"Vəfalı Səriyyə"də Axundla Molla Möhsün arasında davam edən dialoq şəriətin və "Qurani-Kərim"in həqiqi mahiyyətinin xalqa çatdırılmasının zəruriliyi problemini qaldırır. Dialoqdan aydın olur ki, Axund "Qurani-Kərim"in türkcəyə tərcüməsinin qəti əleyhinədir. Axund deyir: "Hər o şəxsi ki, "Quran"ı türkcə tərcümə edə, o ağaların buyurduğuna görə, o şəxs, yəni mütərcim, ömrünün əvvəlindən ta qiyamətədək lənətə giriftar olar".

Axundun "Qurani-Kərim"in tərcüməsinə qarşı çıxışı bütövlükdə milləti cəhalət içində saxlamaq istəyinə hesablanıb. "Canım, qız bir "Yasin" surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi axundlardan xəbər alar, vəssalam" sözləri ilə C.Cabbarlı müsəlman mühitinin cəhalətə düçar olmasının əsas səbəblərindən və səbəbkarlarından birinin üzərində dayanır. Səriyyə və Rüstəmlərin öz səadətinə qovuşa bilməmələrində, cəmiyyətdə azad sevginin və deməli, həm də azad düşüncənin yer ala bilməməsində, yaxud bu istiqamətdə ciddi çətinliklərin meydana çıxmasında din xadimlərinin mövqeyi əsaslı tənqid hədəfi olur. Müəllif  din xadimlərinin İslama münasibətdə şəxsi mənafeyi önə çəkməsinin, bu mənafe naminə şəriət ehkamlarını hər cür təhrifə hazır olmalarının insanları hansı faciələrlə üz-üzə qoymasının praktik nəticələrini dramaturji konfliktin mərkəzinə çəkir. Lakin pyesdə dramaturji konfliktə maarifçi bədii həll verilir və bu, bədii cəhətdən kifayət qədər əsaslandırılır. Pyesdə hələ hadisələrin düyünlənmə məqamında Axund cəmiyyətdə gedən dəyişmələrdən, insanların ayılmasından, mütərəqqi proseslərin başlanmasından narahatlığını ifadə edir. Bu proseslər müsəlman qızların "uşkolaya getməsi"ndən tutmuş "Qurani-Kərim"in tərcüməsi təşəbbüslərinə qədər maraqlı detallarla əks olunur. "Uşqola uşağı"nın "Qurani-Kərim"in tərcüməsini Axunda göstərib fikrini soruşması cəmiyyətdə ictimai düşüncənin inkişafını simvollaşdırır və müəllif bu inkişafın cəmiyyət həyatına müsbət təsirinin praktik nəticələrinə diqqət çəkir. Həmzənin özü ilə iki oğlundan biri Qurban din xadimlərinin təsiri altından çıxa bilməyən cəhalət qurbanlarını simvollaşdırırsa, ikinci oğul Məhərrəm  müəllif ideyasının ruporu kimi çıxış etməklə, eyni zamanda cəmiyyətdə milli özünüdərk proseslərinin yer almağa başlamasının göstəricisidir. Onun "Qurani-Kərim"in və şəriətin əsl mahiyyətindən çıxış edərək atasını cəhalət caynağından qurtarmağa cəhd etməsi, Axundu şəriəti təhrif etməkdə suçlaması milli oyanış prosesinin başlamasının bədii əksidir. Bu mənada pyesin sonundakı "xoşbəxt final" təkcə maarifçi realizm üçün səciyyəvi olan sonluğun göstəricisi olmaqla qalmır, həm də cəmiyyətdə gedən irəliyə doğru hərəkətin bədii təsviri ilə məntiqi cəhətdən əsaslandırılır.

Sovet ədəbiyyatşünaslığında Cabbarlının romantik əsərlərinə münasibət kontekstində aparılan araşdırmalarda "Vəfalı Səriyyə"yə əksər hallarda yer ayrılmamasının səbəblərindən biri onun maarifçi realist metodla yazılması da ola  bilər. Lakin nəzərə alsaq ki, maarifçi dünyagörüşü təkcə maarifçi realizmin inikas prinsiplərinin əsasında deyil, romantizmin də ideya əsaslarının ifadəsində mühüm rola malikdir, onda Cabbarlının romantik əsərlərində müəllif və qəhrəman dünyagörüşlərinin obyektiv mənzərəsini təsəvvür etmək üçün "Vəfalı Səriyyə" kifayət qədər material verə bilər.

Lakin orası da bəllidir ki, sovet ədəbiyyatşünaslığının son onilliklərində XIX əsrin sonu, XX əsrin əvvəllərinin estetik düşüncəsində  ""Quran"la silahlanma" (Y.Qarayev) nəzəri cəhətdən etiraf olunsa da, praktik ədəbi təcrübəyə elmi yanaşmalarda mövzunun bədii həllində islami məzmun və yaxud İslam dünyagörüşündən çıxış həmişə bu və ya digər dərəcədə ört-basdır edilmişdir.

Cabbarlının müsbət tendensiya ilə yaratdığı qəhrəmanları çox böyük ürəklə və inamla qarşısındakını zülmdən, əyri yoldan əl çəkib insanlıq yoluna dəvət edəndə fikrinin, məntiqinin doğruluğu üçün şəriətin buyurduğu yolu həqiqət yolu kimi təqdim edir. "Vəfalı Səriyyə"də bir kəllə qəndə tamah salıb şəriət qaydalarını təhrif edərək iki cavanın bədbəxtliyinə yol açan Axunda Rüstəm deyir: "Ala, bu da bizim şəriətmədarımız. Şəriətimizdə necə gözəl yollar, maraqlı təriqətlər var... Baxın, indi necə şəriətə xilaf gedən vicdansızlar özlərini şəriətmədar adlandırırlar... Axund həzrətləri, hərgah siz o kəllədən ötrü bir bidətə iqdam edirsinizsə, o kəllənin qiymətini mən sizə verərəm. Ancaq şəriət qanununa mütabiq iş görüb özünüzü günahkar və həmin məsum, bigünah qızcığazı da bədbəxt etməyin".

Məsələ burasındadır ki, təkcə "Vəfalı Səriyyə"də yox, yaradıcılığının sovet rejiminə qədərki mərhələsində C.Cabbarlı pyeslərinin hər birində İslam dünyagörüşündən çıxışı və insan həyatında şəriət qanunlarına istinadı cəmiyyətin irəliyə doğru hərəkətini şərtləndirən digər amillərlə paralel şəkildə verir.

 

Təyyar SALAMOĞLU

 

Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.15.