Anam, məni ilan
doğ..,
həqiqət kimi
çalım
Yaşadın.., yaşa, anam..,
- ilanların içində..,
Kürt
düşən ilanların
rəhminə qalan bacım...
Gülü yarpıza dönən
saçı sünbüllərim
heey,
Bəs həyət-bacamızı
niyə ilanlar basıb?!
Ovsunu gülcə yoxmuş güldən dönmə yarpızın, -
İlanı yuvasından çıxaran
dildir hər yan.
İl-il
dünyanı tutdu,
an-an qol-qanad açıb,
Sofi həyatımızın
nəfi ilan yuvası.
İlanlar yuvalanıb CAN yarpızlığımızda,
Vur-tut neçə
yuvalıq yarpızlığımız
qalıb?
O çaydı, "Türkmənçay"dı
çalağan ilan-çayan
İndi
Cıdır düzündən
"Çadır düzü"nü
çalır!
İlan
çalır.., çal-çağır...
ön yarpızlığımızda,
Bunca vurma-çalmadan canda can da qalmayıb.
Anam, məni ilan doğ, ilan üçün ilan doğ,
Yalan üçün ilan doğ, həqiqət kimi çalım!..
QARDAŞXAN
Ədəbiyyat qəzeti.- 2019.-
29 iyun.- S.25.