Andrey Tarkovskinin "Ayna"
filmi haqqında məqaləsindən...
"Tarkovski xəyali
məkanlarda bir lunatik əminliyi ilə hərəkət edərək heç nə izah etməz.
Xəyallarını rabitə vasitələrinin
ən çətini,
həm də ən arzulanan formasıyla görüntüyə
çevirə bilən
müşahidəçidir. Mən bütün
həyatım boyu onun böyük bir təbiiliklə dolaşdığı, girib-çıxdığı
qapıları yumruqlayıb
dayandım. Lakin
bu qapılardan içəri süzülməyi
bir neçə dəfə bacara bildim...".
İnqmar Berqman
"Ayna" filmi üçün əlimizdə
400 metr yəni on
üç dəqiqəlik
lent qalanda ortalıqda
film deyilən bir şey yox idi.
Hazırlanıb çəkilən kadrlar ancaq hekayəni
nəql edənin uşaqlıq xatirələri
idi. Bu xatirələr
də filmdə heç bir bütünlük yaratmırdı.
Belə olan halda biz əhvalatı danışanın
görüntüsünün də filmdə yer almasını təmin etdik. Bundan sonra film bütöv quruluşa malik oldu. Belə fikir isə
əvvəlcədən ssenaridə
yox idi.
Filmdəki əhvalatları nəql edənin anası rolunu ifa edən
aktrisa Marqarita Terexovanın işindən
çox məmnunduq. Lakin əvvəlcədən də
hiss etdiyimiz kimi, bu obraz Terexovanın
fövqəladə istedadını
yaxşı əks etdirmirdi. Nəhayət, ssenariyə yeni
obrazlar əlavə etməyə başladıq.
Ancaq bundan sonra uydurmada nəql edənin keçmişinə aid epizodları
indiki zamanla iç-içə keçirməyə
nail olduq.
"Ayna" filminin,
əslində, necə
yarandığını izah
etməkdə əsas
məqsədim ssenarinin
mənim üçün
necə həssas, hər zaman dəyişdirilə biləcək
bir quruluşa malik olduğunu və filmin ancaq bütün işlər tamamilə sona çatdıqdan sonra ortalığa çıxdığını göstərməkdən ibarət
idi.
Filmdə
qəhrəmanın ata-anasının
yaşadığı, doğulduğu,
uşaqlığını keçirdiyi köhnə
ev mövzusu var. Filmdəki ev mənim uşaqlıq illərimin keçdiyi evin üzərində yenidən inşa olunmuş evdir. Biz çəkiliş heyəti ilə kəndimizə gedəndə
ilk işim bu evə baxmaq oldu. Zamanın çarxları altında
qalaraq yıxılan həmin evin ailə albomumuzda olan şəkillərinə
baxaraq qırx ildən sonra onu köhnə təməllər üzərində
yenidən inşa etdirdik. Gəncliyini o yerdə, o evdə
keçirən anamı
ora gətirdiyimiz zaman onun verdiyi
reaksiya məni dərindən mütəəssir
etdi. Anam həmin an keçmişinə
qayıtdı. O zaman doğru yolda olduğumu başa düşdüm. Ev anamda bizim filmdə
ifadə etmək istədiyimiz duyğuları
oyatmışdı...
...Evin qarşısında tarla var idi.
O zamanlar evimizlə qonşu kənd yolu arasında qarabaşaq tarlası olduğunu xatırlayırdım.
Qarabaşaq ağ
rəngli çiçək
açanda tarla çox gözəl görünürdü. Tarlanı,
sanki qarla bürünmüş göstərən
ağ rəng
xatirələrimdə uşaqlıq
illərimin ən qabarıq, ən əsas təəssüratı
kimi qalmışdı.
Ancaq biz çəkiliş üçün
tarlaya getdiyimiz zaman orada bircə
buğda dənəsi
də tapılmadı.
Kolxoz kəndliləri artıq neçə illərdi ki, orada buğda
və yulaf əkdiklərini dedilər.
Orada bizim üçün qarabaşaq əkmələrini
istədiyimiz zaman onlar israrla həmin
torpaqda qarabaşağın
yetişməyəcəyini, torpağın artıq bu əkin üçün
uyğun olmadığını
bildirdilər. Lakin
biz yenə də bütün təhlükələri
nəzərə alaraq
bir az
torpaq kirayə etdik. Və oraya qarabaşaq
əkdirdik. Kəndlilərin təəccüb dolu baxışları altında
qarabaşaq yetişib
boy atmağa başladı.
Müvəffəqiyyətimizi yaxşılığa yozduq. Bütün bunlar həm
də xatirələrimizin
özəlliyini, zamanın
örtüyü altından
çıxa bilmək
gücünə malik
olduğunu göstərirdi.
Filmin də əsas məqsədi məhz bundan ibarət idi. Qarabaşaqa çiçək açmasaydı,
filmin taleyinin necə
olacağını bilmirəm.
O zaman onların çiçəklənməsi mənim üçün çox vacib idi.
"Ayna" filmi üzərində işləməyə
başlayanda düşüncələrimdə
istər-istəməz bu
fikir ilişib qaldı: İnsanın ciddi şəkildə özünü həsr etdiyi doğru-dürüst
bir film adi bir iş yox,
həm də onun taleyini müəyyənləşdirən
insani davranışın
aksiyasıdır. Bu filmdə ilk dəfə heç nədən çəkinmədən mənim
üçün ən
önəmli, ən dəyərli və ən şəxsi məsələlərdən bəhs
etməyə qərar
vermişdim.
Tamaşaçılar filmi izlədikdən sonra onlara filmin
arxasında hər hansısa gizli məqsədin və fikrin olmadığını
izah etmək çox çətin oldu. Film vasitəsilə həqiqəti söyləməkdən
başqa bir məqsədim olmadığını
izah etdiyim zaman isə həmişə şübhə
ilə qarşılandım.
İnsanlar məyus olmuşdular... Bəzi tamaşaçılar üçün bu izahlarım o qədər də qənaətbəxş
olmadı. Elə hey gizlinlər,
simvollar, qayələr
arxasınca qaçdılar.
Çünki onlar şairanə
filmə baxmağa vərdiş etməmişdilər.
Bu da, təbii
ki, məni dərindən məyus etmişdi. Tamaşaçıların
fikirləri belə idi... Həmkarlarım isə mənə
qarşı hücuma
keçərək, məni
dürüst olmağa
dəvət edərək,
özüm haqqımda
film çəkməkdə günahlandırdılar. Bizi
xilas edən bircə nüans oldu: bizim qədər tamaşaçıların
da bu filmin
nə qədər vacib olacağına olan inamı...
Film canımdan çox
sevdiyim və çox yaxşı tanıdığım insanların
həyatlarını yenidən
canlandırmaq məqsədi
daşıyırdı. Özü üçün
dəyərli olan insanların haqqını
qaytara bilməyəcəyini,
ona göstərilən
sevginin, çəkilən
o qədər zəhmətin
əvəzinin heç
bir zaman lazımınca qiymətləndirə
bilməyəcəyini düşünən
bir insanın çəkdiyi əzabları
izah etmək istəyirdim. Bu adam o insanları lazımınca sevmədiyini
düşünür. Və bu
düşüncə həqiqətən
də ona dözülməz dərəcədə
əzab verir.
İnsan çox vacib bildiyi məsələlər
haqqında danışmağa
başladığı zaman
söylədiyi və
müdafiə etdiyi şeylərə göstərilən
münasibətdən çox
təsirlənir. Nə olur-olsun, səhv
başa düşülməkdən
qorunmaq istəyir.
"Ayna" filmində
özümdən yox,
mənə yaxın olan insanlara qarşı duyğularımdan,
onlarla olan əlaqələrimdən, həmçinin
onlara qarşı etdiyim və düzəlməsi heç
bir zaman mümkün olmayan günahlarımdan və müvəffəqiyyətsizliyimdən bəhs etmək istəmişdim. Qəhrəmanın içərisinə düşdüyü ağır
böhran vaxtı ən incə məqamlarına qədər
xatırladığı hadisələr,
əhvalatlar ona əzab verir, onun daxilində dağınıqlıq yaradır.
Çəkiliş zamanı mən aktyorları danışıqlarla
sıxmamağa xüsusilə
diqqət edirəm. Aktyorun ifa
etdiyi hissəni özbaşına bütünlüklə
filmlə birləşdirməsinə
qətiyyətlə qarşıyam.
Hətta
bir-birini izləyən
səhnələrdə belə,
bunu etmək olmaz.
Misal üçün,
filmin qadın qəhrəmanı uşaqlarının
atasını, ərini
əlində siqaret bir çəpərin üzərində oturub gözləyən səhnədə
aktrisa Marqarita Terexovanın ssenarini bilməməsi çox yaxşı olmuşdu. Onun bu səhnəni yaxşı
ifa edə bilməsi üçün
o biri səhnələrdə
ərinin geri dönüb-dönməməsini bilməməyi lazım idi. Mövzunu aktrisadan gizlətmişdim.
Belə etməsəydim o, rolu özünə uyğun formada ifa edə
bilərdi. Əslində isə aktrisa rolu ifa edərkən
növbəti günün
taleyinə nələr
gətirəcəyini bilməyən
anamla eyni ruhi vəziyyəti yaşamalıydı. Terexova həmin
səhnədə əri
ilə sonrakı münasibətlərinin necə
olacağını bilsəydi
çox güman ki, rolu başqa
cür ifa etmək istəyəcəkdi.
O, ssenarini filmin sonuna qədər görməyəcəyini anlayanda
çox təəccüblənsə
də, mənə inanaraq filmin sonuna qədər ssenarinin nədən bəhs etdiyini tam olaraq bilmədi. O, ancaq ona izah
edilən bölümləri
ifa edirdi. Çəkilişlər bitdikdən sonra
mozaik şəkildə
olan kadrları birləşdirdiyimdə həqiqətən
də Terexova öz rolunu intuitiv olaraq ifa etmişdi.
Anatoliy Solonitsın
da gözəl aktyor idi. Çox heyif
ki, həyatını
erkən itirdi. Onun yoxluğunu indi o qədər dərindən hiss edirəm
ki... Ümumilikdə isə
"Ayna" filmində
iştiark edən aktyorlar rejissorlarına uşaq inamı ilə sarıldılar. Və bu inam məni
ilhamlandırdı.
Rejissorun iradəsinə zidd olan hər şey
elə rejissorun çiyinlərinə yüklənir. Rejissor da aktyorunu bəlli
vəziyyətə salmazdan
əvvəl həmin vəziyyəti öz daxilində hiss etməli, yaşamağı bacarmalıdır.
Doğru
istiqaməti ancaq bu üsulla tapmaq olar.
Tərcümə etdi: Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.27.