DAĞÇI
-
Dağların ruhu nə rəngdədir?
-
Ağ-qara...
Razılaşmadım.
- Ola
bilsin, yorğunam...
Gülümsədim,
bir gün əvvəl mənə dağlardan çiçəkləyən
ağacların şəklini yollamışdı... Bir
neçə gün sonra sualımı təkrarladım:
-
Ağ-qara...
Ola bilsin,
yorğundu...
***
İşarələr...
Mən həmişə onlara inanmışam, həmişə. Heç zaman
aldatmayıblar, çünki heç zaman onlara bir məna
yükləməmişəm, sadəcə, inanıb gözləmişəm.
Sonra
gülümsəmişəm...
Gözlərimi
yummuşam və pıçıldamışam: "Minnətdaram
hər şey üçün"...
***
O Adam dağları qısqanccasına məndən gizlətdi. "Siz dağları
tanımırsınız" - dedi. Razılaşdım.
Biz heç zaman, heç kimi və heç nəyi
tanımayacağıq. Biz həmişə əlimizi
köksümüzə qoyub qəlbimizi hiss edəcəyik -
Dağlar da sevgi kimi ordadır. Əgər onlara doğru yolumuz
bağlanıbsa, yuxarı deyil, aşağı - dibə gedəcəyik...
***
...Bəzən
işıq gələn tərəfdə Div olduğunu bilirsən.
Amma işığı görməyin
üçün... başına gəlməyəcəklər
başına gəlir. Səni Div hesab etmirəm, sən
olsan-olsan, İşıqsan...
...Nəyə
ümid etdiyini bilmirəm, amma enerjini özündən
çox-çox uzaqlara ötürürsən... Bu məni
qorxudur, mən qorxuram, özümü yola çıxmağa
hazır hesab edə bilmirəm...
...Bəlkə
də bir gün Həvva almanı yeyəcək və geriyə
- Cənnətə qayıdacaq...
Bunları
o deyir...
Görəsən, o zaman Adəm harda olacaq?
Ümid
edirəm Həvvanın dalıyca yollanmayacaq... Ümid edirəm
İlk Qadın İlk
Kişinin oğurlanmış bətnini
özünə qaytarıb elə gedəcək...
Kişinin
Qadına ehtiyacı qalmayacaq...
və Qadın, bütün çəkdirdiklərinin cəzasını
öz Əbədi Təkliyi ilə ödəyəcək...
Amin!
***
Hamının səs soraqladığı dünyada,
qapalı gözlərimin dərinliyində, bir səssizlik
axtarışına çıxdım.
-
Üzünü günəşə çevir, Gələnin
var...
Gözümü açmadım, amma kimin mənə səmt
göstərmək istədiyini anlamaq istəyirdim.
-
Üzünü Günəşə çevir, Gələnin
yoluna işıq düşsün - dedi o səs.
"Ey səs
sahibi, gecədir"...
- Bilirəm
gecədir, - səs sahibi fikirlərimi oxuyurmuş. -
Üzünü Günəşə çevir.
Gülümsədim. Başımı
aşağı saldım, adətən evimdə üstündə
oturduğum xalçanın bəzəklərini xəyalımdan
keçirib qırmızımtıl rəngin
çalarlarında əks olunan yaşıl kölgəyə
hopacaqmış kimi axıb tökülmək istəyirdim.
"Ehtiyac
yoxdur...".
- Hər
şeyə ehtiyac var, necə yoxdur deyə bilərsən?
"Yoxdur" - düşündüm. "Get, ey səsin sahibi, səni
burda eşidən olmayacaq"...
Əslində, bu, planlaşdırılmış
görüşdü. Lakin sonda hər şeyin təsadüfən
belə alındığı ortaya
çıxmışdı. Sonda?
Yox, yox, sonda deyildi, tanışlıqdan bir qədər
keçmiş, qədim kəndin orta yerində bir kafedə
yemək yediyimiz yerdə, söhbət əsnasında mənim ona deyilən, iş
üçün görüşməyə gəldiyi adam
olmadığım məlum olmuşdu.
O Adam mənə
gəlməmişdi...
Ya kübarlığından, ya da sadəcə, belə
daha rahatdı, pərt olmadı.
- Bir az gəzəkmi? - dedi.
Kəndin tanımadığımız dik küçələrini
dolaşmağa başladıq.
-
Dayanaq...
Küçələrin kəsişməsində, tut
ağacının altında, hərəmiz bir daşın
üstündə oturduq. Söhbət, səsi uzaqdan gələn
çay kimiydi, sanki ayrılana kimi daha çox şey demək
istəyirmiş kimi danışırdı. Dağçı olduğunu orda öyrəndim.
Yüksəklikdə insanın nələr
yaşaya biləcəyindən, dağların hissindən, lənətindən
və sevgisindən söz açdı. Uçquna
düşməsindən, təhlükələrdən...
Mən onu Dağlardan danışmağa başlayanda
tanıdım.
Dağlardan danışan Adamdan gözümün önündəcə
bir Adam ayrılıb gedib onunla üz-üzə oturdu, mənə
baxdı, ona baxdı...
İçimdən
bir titrəyiş keçdi, Adam başqa qata
keçmişdi...
Zaman
dayanıbmış...
Müqəddəs
şeylərdən, Tanrıdan, sevgidən, arzulardan,
planlardan... Planlardan?.. Bu barədə yalnız o danışırdı.
Mənim planlarım yoxdu...
Qəfildən:
- Siz
kimsiniz axı? - deyə soruşdu. Susdum. Sonra:
- Bilmirəm
- dedim. Sonra nəsə bir söz deməli
olduğumu düşündüm. - Mən artıq hər
şeyə gülümsəyə bilirəm...
Hardan
hara...
-
Çox qəribə adamsınız, sanki sizi çoxdan
tanıyıram. Amma kimsiniz, kim? - Bunu deyərkən
heç bir cavab gözləmirdi, bunu heç məndən də
soruşmurdu, bunu sadəcə soruşmurdu, gözünü
harasa zilləyib eləcə deyirdi...
- Heç kim - dedim.
Şübhəylə
başını buladı:
- Bu boyda
"heç kim" olmur.
- Yox, əslində
mən o qədər də böyük "heç kim" deyiləm. -
Özümə bir tərif verməyimimi istəyirdi?
Sonra yadımıza həyat düşdü. Dincliyin cənnət,
istəklərin cəhənnəm demək olduğu barədə
danışdıq.
- Axı
siz kimsiniz?.. - bir daha
başını yelləyib soruşdu, bu dəfə
gözünü düz gözlərimə zilləmişdi...
- Mən,
cənnətini özüylə gəzdirən adamam - dedim.
Deyəsən
inanmadı:
- Yəqin,
onu burda gizlətmisiniz, - bel çantama işarə etdi. Gülümsədim. Çantada
olanları xəyalımdan keçirdim. Şəxsiyyət
vəsiqəsi, xarici pasport, pulqabı, bank kartı, anamın
və oğlumun fotoları, təyyarə biletləri. Arasında quru çiçək ləçəkləri
qoyulmuş, sahibini gözləyən kitab, tünd-göy rəngli
qutuda kiçik büllur fil fiquru.
-
Ağırdırmı? - deyə
soruşdu.
Çantamı
çiynimdən çıxarıb ona uzatdım, əli
havada bir an enib-qalxdı:
-
Ağırmış...
***
Çaya düşdük, dağlara yağış
yağmış, sular bulanmışdı, sahildə hərəyə
bir daş tapıb oturduq. O, bardaş qurdu. Təbəssüm,
amma gizlicə... Sonra bulanıq sulara xırda
daşlar atmağa başladı. Gəzdiyi ölkələrdə
rastlaşdığı qəribə insanlar, təsadüfi
hadisələr, bir az zarafat, bir az çətinliklər...
Suların o tayına baxa-baxa uşaqlaşan bir adam.
Ev almasından danışdı... Ayağında
çox rahat ayaqqabılar olduğunu xatırlayıram. Üzünü? - Yox. Gözlərini?
- Hə...
***
...Havadan
yağış ətri gəlirdi, göyün
üzünü buludlar almaqdaydı. Günəş
üfüqə yollanmışdı. Kiçik qonaq
evinin həyətindəki ağacın altındakı
kötüyün üstündə yanaşı oturub
gözümüzü onun az sonra yoxa
çıxacağı yerə zilləmişdik. Günəş sağda batırdı, mən
Günəşlə onun arasında qalmışdım.
Çayın səsi solda - o tərəfdə get-gedə
güclənirdi...
Əsl
adımı dedim. Niyə dedim? Deyəsən, eləcə dedim.
Amma görünür, nəsə elə deyilmiş. Sanki
qeyri-adi bir şey olubmuş kimi həyəcanlandı. Bir şeir axtarmağa başladı - o adla
bağlı. Ayağa qalxdı. Sanki
xırda daşların atıldığı sakit sularda
qarışıqlıq düşdü, zaman dayanıb hara
axacağını götür-qoy etməyə
başladı... Baxır, heç nə başa
düşmürdüm. O, bütün imkanlardan istifadə
edərək həmin şeiri axtarırdı, hətta, deyəsən,
dostlarından kimdənsə bu barədə soruşmaq barədə
nəsə də dedi... Nə dedi?
Amma o şeiri necə
axtardığını xatırlayıram.
Özüylə
şeirlər gəzdirdiyini o zaman bildim... Sonra
tapdı. Dinlədik. Yoxsa
oxuduq? Unutmuşam. Amma
birdəncə niyəsə tapdığı şeirin
axtardığı şeirdən zəif olduğunu
anladım.
- Məncə,
daha çox olmalıydı - dedi. Ah, insanın özündən xəbərsiz
sözlərdə gizlənən sevgisi! Haqlıydım, bir
zamanlar mən adda bir qadın sevirmiş..
Bəlkə hələ də sevirdi...
"Bəlkəsiz!" - özümə
düzəliş verməyi xoşlayıram.
Onun axtarışını sakitləşdirmək istədim. Musiqi barədə nəsə
dedim. İspan musiqiləri. İtalyanlar... Sözləri anlaşılmayan musiqi. Hə, bu mənə xas deyil. Sözlər mənim
üçün mühümdür, hətta musiqidə də...
Yox, "hətta"sız.
Kiçik kələk qalib gəldi, şeiri unudub mahnılar
barədə danışmağa başladıq. Şeiri unudub musiqi barədə...
Ona öz musiqilərimi tanıtmaq istədim.
Dinlədi. Nə etdi? Nə
etdi... Yəqin, bu yerdə gülümsəmək
lazımdır... Gizlicə...
Yanımdakı
adam yad torpaqdan gəlmiş özgə bir
həyatdı. Qəribə nəsə vardı.
Nəsə... Nəsə... Qəfildən:
- Gün
çox tez keçdi - dedi.
Susdum və...
susdum... Biz orda, o ağacın altındakı
kötüyün üstündə oturub bir tərəfdə
axşama yollanan günəşə, bir tərəfdən
yaşıl dağa baxa-baxa, çayın səsini və
havadakı su ətrini hiss edə-edə daha nələrdən
danışdıq? Ölümdən?
Ah, bu əbədi mövzu! Niyə o dəqiqə
ağlımıza məhz bu gəlir? Yox,
ölümdən danışmadıq,
danışmışıqsa da silinib gedib.
Çox
şeydən, bəlkə də hər şeydən
danışdıq...
Danışdıq, danışdıq,
danışdıq...
Sonra hər şey bitdi. "Gün bitdi".
- Bir az da dayana bilsəydiniz...
- Getməliyəm,
gecdir...
-
Əslində... - gözlərini qaçırdı, hə, dəqiq
yadımdadır, bunu deyərkən gözlərini
qaçırdı. - Qalmağınızı istəyirəm...
- Mən
heç zaman qaydalarımı pozmuram...
-
Yaxşı. Sizi evinizə ötürüm...
...O yerdən
ayrılmasını istəmirdim...
***
O Adam bəlkə
hələ də ordadır...
Bəlkə
də hansısa paralel dünyada o anın o Adamı hələ
də zamanın dayanmışlığı içində
ordaca, o kötüyün üstündəcə oturub o
şeiri, bir cür yazıldığını
xatırlayıb, əslində, başqa cür
yazıldığı həqiqətilə
qarşılaşdığı həmin o şeiri yadına
salmağa çalışır...
Çox
şeyi... Bəlkə də hər
şeyini şeirlərilə bərabər özüylə gəzdirir...
Harda qoyacaqdı? Həmin o təsadüfi
möhlət günündəmi, bir gecə qonaq
qalacağı bir kənd evindəmi, bulanıq sulardamı,
harda? Yox. İndiyə kimi gəzib gəldiyi
heç yerdə qoyulmayan "hər şeyi" bundan sonra da
heç yerə etibar etməyə dəyməz...
Bəlkə
dağlara...
Kim
bilir...
***
Çiyin çantası?
Yox, onun çantası yoxdu. Vardımı yoxsa?
Yox, yoxdu. Amma çox rahat
ayaqqabıları olduğunu xatırlayıram...
- Olsun...
Qalxdıq. Qollarını yana açdı:
- İzn
verirsinizmi, sizi qucaqlamaq istəyirəm...
İçimdə
bir köks ötürdüm, başımı qaldırıb
göyə baxdım, dəcəl bir qız uşağı
buludları yuxarıda get-gedə daha da sıxlaşan səmanın
güzgüsünə rəngbərəng saçaqlı bir
çərpələng buraxmışdı: "Bəli,
Tanrı, sənin işarələrin heç zaman
özünü çox gözlətmir...".
- Olar -
dedim...
Vəssalam.
Sonrası
yoxdur...
***
O mənim
tanıdığım ən Müqəddəs
Dağçıdır - Əbədi Müqəddəs
Dağçı...
Bəlkə
də heç yoxdur...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.26.