Ruhun intellektə qarşı üsyanı
XX əsr
irland ədəbiyyatının görkəmli nümayəndələrindən
biri, bəlkə də birincisi olan, 1923-cü ildə Nobel
mükafatına layiq görülmüş Uilyam Batler Yeytsin
(William Butler Yeats) yaradıcılığı, dərin fəlsəfi
mahiyyəti, üslub və forma xüsusiyyətləri
baxımından dünya ədəbiyyatında özünəməxsus
yer tutmaqla yanaşı, milli ruha, ənənəvi
mövzulara bağlılığı ilə daha çox
yadda qalır. Görkəmli dramaturq, şair,
ictimai xadim, milli teatrın qurucularından biri olan Yeytsin həyat
və yaradıcılğı irland xalqının XX əsrin
əvvəllərində yaşanan tarixinin bir
parçasıdır desək, səhv etmərik. Çünki o, İrlandiyada millət
düşüncəsinin formalaşması, milli birlik əzminin
möhkəmlənməsi üçün bütün həyatı
boyu əlindən gələni etmişdir. Yeytsin
dünyagörüşünün, yaradıcılıq qayəsinin
istiqamət almasında, milli dəyərlər zəminində
bəşəri idealların tərənnümü kimi
yüksək yaradıcılıq prinsiplərinə yiyələnməsində
İrlandiya milli azadlıq hərəkatının fəallarından
biri, inqilabi fəaliyyətinə görə 20 il
sürgünlərdə və həbsdə yaşamağa məhkum
olmuş Con Olearinin (John O'leary) mühüm təsiri
olmuşdur. Belə ki, C.Olearinin məsləhətləri
ilə Yeyts irland xalq ədəbiyyatı
mövzularının bədii ruhunu, qəhrəmanlarının
təbiətini yaradıcılığına gətirir.
Janrlarından asılı olmayaraq onun
bütün əsərlərində irland həyatının
mənəvi mənzərəsi, xalqın təbiəti əks
olunmaqdadır.
Oleari ilə
söhbətlərindən sonra Yeyts bu qərara gəlir ki,
irland xalqının mükəmməl milli ədəbiyyata
ehtiyacı var. Yazılarının birində Yeyts etiraf edir:
"İlk yazmağa başladığımda oxuduğum əsərlərin
təsirinə qapılaraq mövzular üçün ora-bura
üz tuturdum və bütün başqa ölkələrə,
Arkadiya (Arcadia) və hind eşq romanlarına
üstünlük verirdim, amma indi inanıram ki, şeirlərim
üçün öz doğma ölkəmdən başqa
heç bir ölkədə mənzərə
axtarmamalıyam".
Yeyts çoxşaxəli bir yaradıcılığa,
mürəkkəb dünyagörüşünə malik
çox maraqlı bir şəxsiyyətdir. Onun şəxsiyyəti
və yaradıcılığı arasında qırılmaz
bir əlaqə var; ədibin yaşadığı müxtəlif
məzmunlu hadisələr, insan varlığı və onun
sirli tərəfləri ilə bağlı apardığı
araşdırmalarından əldə etdiyi nəticələr
onun bədii əsərlərindən yan ötməmiş,
irland xalqının taleyi, azadlıq hərəkatı mərhələ-mərhələ
şairin yaradıcılığında dərin iz
buraxmışdır. Bu səbəbdən
Yeytsin yaradıcılığı onun həyatının,
ruhunun, qəlbinin tərcümanı kimi təzahür etməklə
yanaşı, İrlandiyanın tarixi ilə bağlı
olduğu üçün tarixi əhəmiyyət də kəsb
edir.
Yazarın insan konsepsiyası olduqca maraqlı və
özünəməxsusdur. İnsan
varlığını daha çox ezoterik düşüncələr
istiqamətindən öyrənməyə və şərh
etməyə çalışan Yeytsin öz fikirlərini ifadə
etmək üsulları və gətirdiyi nümunələr də
çox düşündürücüdür. Hələ gənc yaşlarından ezoterizmə dərin
maraq göstərən Yeytsin yaradıcılığında
bu marağın geniş iz buraxmasında, metafizika ilə
bağlı düşüncələrinin dərinləşməsində
Corci Hayd Lisin də (Georgie Hyde-Lees) mühüm rolu olduğu
söylənir.
Yeyts insanın daxili və xarici aləmləri
arasındakı ziddiyyətlərin olması barədə
mövzulara ciddi maraq göstərir, məhz bu istiqamətdən
araşdırmalar apararaq insanın əsl mahiyyətini öyrənməyə
çalışır. Başqa sözlə, Yeytsi real insanla onun
öz mənini təqdim etmək üçün seçdiyi
iki - daxili və xarici aləmlər arasındakı əlaqələr
maraqlandırır. Yeytsə görə,
insanın zahiri, əslində, onun gerçək
varlığı olmaya bilər; Zahir insanın həqiqi
simasını gizlədən bir örtük, yaxud maskadır.
Beləcə, Yeyts şəxsiyyətin daxilində
ikinci bir simasının olduğunu, bəzən insanların
bunu sona qədər nəinki anlamadıqlarını, əsl
gerçəklərdən xəbərsiz
qaldıqlarını vurğulayır.
Həmin dövrdə insanın
etibarsızlığından doğan kədər hissini nəzmə
çəkərək, bu pisliklərin haradan və nədən
qaynaqlandığına cavab arayan bəzi şairlərə
Yeyts özünün "zahir və daxil konsepsiyası"
ilə konkret cavab verir. Şairə görə, görünən
hər şey hələ həqiqətin özü deyil və
aydın olur ki, reallığı yalnız görüntülərdə
və təmasda arayan düşüncə tərzi, əslində,
yanlışdır. Həyat görünməyən,
təması mümkün olmayan gerçəklərlə zəngindir.
Bu gerçəkləri dərk edib anlamaq
üçün real görünüşə malik, lakin bəzən
daha çox saxta xarakter daşıyan zahiri görüntüləri
izah etmək qabiliyyəti gərəkdir. Yeyts bu barədə
yazır: "Düşünürəm ki, bütün
xoşbəxtliklər digər bir həyatın maskası fərz
edilən enerjidən, yenidən özü kimi deyil, başqa
cür doğulmaqdan asılıdır". Başqa sözlə,
U.B.Yeyts insan varlığının ikili təbiətə
malik olduğunu, "maska", yaxud örtük
altındakı varlığı daha gerçək hesab edir,
iç qatdakı əsl gerçəyin təzahürünü
də "özü olaraq yox (yəni göründüyü
kimi - C.M.), başqa cür doğulmaq" kimi xarakterizə
edir.
İnsanla təbiət, kainat, keçmiş arasında
bir enerjinin olduğuna inanan şair bu düşüncələrini
bütün yaradıcılığında bu və ya digər
şəkildə tərənnüm edir. Çox zaman şair xəyal,
yuxu (dream) kəlməsindən məhz bu fikirlərini ifadə
etmək üçün istifadə edir, real mənada yoxsul
olsa da, bu gerçəkləri ifadə edən
"yuxularını", "xəyallarını" əvəzsiz sərvəti hesab
edir.
Yeytsin irəli
sürdüyü təlim tamamilə yeni bir düşüncə
sistemi deyildi, sadəcə, şairin bu ideyalara yanaşma tərzi
və baxışı, onu təqdim etmək, səciyyələndirmək, üsulları
və əlavə etdiyi fikirlər sırf özünəməxsus
və yeni olduğu üçün son dərəcə
maraqlı hadisə kimi qarşılanır. O, ruhun diktəsinə,
təlqinlərinə, daha geniş imkanlarına, ruhi aləmdən
gələn təsirlərin mövcudluğuna inanır və
bütün bunları əsaslandırmağa
çalışır. Onun
yaradıcılığı xəyal, yaxud xəyalən
görmənin (A vision) sirr dolu rəmzləri, "peyğəmbərə
xas ruhun ötürdüyü" simvollarla zəngindir.
Yeyts
"Sehr" (Magic) adlı yazısında qeyd edir: "Mən
bizim sehr adlandırmağa razılaşdığımız
təcrübə və fəlsəfəyə inanıram,
ruhların çağırılmasına, sirli
illüziyaların yaradıcılıq gücünə,
gözlər qapalı olanda ağılın dərinliklərindəki
həqiqətin təsəvvürlərinə inanıram; mənim
fikrimcə, erkən zamanlardan qalmış və bütün
sirli (sehrli) təcrübənin təməli olmuş 3 təlimə
inanıram. Həmin təlimlər bunlardır:
1. Fikirlərimizin
sərhədləri dəyişkəndir, çox fikirlər
bir-biri ilə qarışa bilir və bu zaman tək bir
ağıl (düşüncə), tək bir enerji yaranır,
yaxud ortaya çıxır.
2.
Yaddaşımızın sərhədləri dəyişkən
olduğundan yaddaşımız böyük yaddaşın
bir hissəsidir, Təbiət yaddaşının
özüdür.
3. Bu böyük ağıl və yaddaşı simvollar
doğura bilir".
O, həyat
yoldaşı ilə bərabər "avtomatik yazı"
(automatic writing) adlandırdıqları vəziyyəti tədqiq
etməyə çalışmışdır. Belə ki, onlar insan əlini və əldəki qələmi
ruhi aləmin məlumat ötürmək üçün
vasitə və alətləri hesab edir və bunun
şüurla dərk olunmadığını bəyan edirlər.
"Avtomatik yazı"
adlandırdıqları bu parapsixoloji hadisəni uzunmüddətli
təcrübələrlə öyrənməyə
çalışan Yeyts mövzu ilə bağlı təxminən
4000 səhifəlik qeydlər aparır. Bundan
sonra Yeyts həyat və tarix haqqında məşhur nəzəriyyəsini
hazırlayır. O, özünün "gyre"
(çevrə, mərkəz) adlandırdığı və ən
mühüm mövcudluq hesab etdiyi bu mərkəzin hər iki
- şəxsi və tarixi təbiətlərdəki ziddiyyətlərin
qarışığını təqdim etdiyini
düşünür. O, inanırdı ki, insanın sezə
bilmədiyi enerjilərlə əlaqələri var ki, bu enerji
əlaqələri həm kosmos, həm də keçmişlə
insan arasında mövcuddur. Baş verən hər
bir şey, hətta ziddiyyət və əksliklər
halında olsa belə, daha əvvəl baş verənlərin
davamı kimi təzahür edir. O, tarixi dövriyyələr
(historical cycles) kimi, həm də 28 günlük Ay dövretməsini
nəzərdən keçirərək iddia edir ki, Ay
bütövləşənə qədər fiziki varlıq
yetişir, tamlaşır və şair bunu "mükəmməl
gözəllik" kimi təsvir edir.
Ay
dövriyyəsinin yarısında isə Ay yox olub təzələnənə
qədər fiziki varlıq tədricən geriləyir, daha
sonra dövretmə yenidən başlayır. Eləcə
insan da doğumdan yetkinliyə irəliləməklə,
ölümə doğru dönməklə bu dövretməni
tamamlamış olur; yoxdan var olan insan ölümə, maddi
şəkildə yoxluğa doğru yol gedir. Daha sonra Yeyts insanın keçdiyi ömür mərhələləri
ilə bağlı xüsusi qeydlər
hazırlamışdır.
Həyatın özündə, varlığın mahiyyətində
ziddiyyət görən Yeyts əldə etdiyi bilgilər nəticəsində
bu ziddiyyətlərdə bir harmoniya olduğunu
düşünür. O hesab edir ki, tarix bir çevrə şəklində hərəkət
edir və hər iki min ildənbir özündən əvvəlki
tarixə zidd yeni bir dövretmə başlayır. Yeytsə
görə, bu iki min ilin ərzində min illik keçid
nöqtəsində simvolik anlar baş verir və bu
tarazlıq anlarında bir sivilizasiya xüsusi
üstünlüyə çata bilir; Miladdan əvvəl Afina
mədəniyyəti, Miladdan sonra Bizans, eləcə də
italyan renessansı buna nümunə ola bilər.
Yeyts təsəvvüfə
ciddi maraq göstərmişdir... 1892-ci ildə dostu Con Oleariyə
ünvanladığı məktubunda Yeyts yazır:
"Etdiyim, düşündüyüm və
yazdığım hər şeyin mərkəzində təsəvvüfi
həyat dayanır... Bu (yəni təsəvvüf - C.M.), mənim
əsərlərimdə eynilə Qodvin fəlsəfəsi ilə
Şelli yaradıcılığında olduğu kimi bir əlaqə
daşıyır... Mən hər zaman
özümü olmasına inandığım daha
böyük bir renessansın - ruhun intellektə qarşı
üsyanının - dünyada yeni
başlanğıcının səsi hesab etmişəm".
Cavidə Məmmədli
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.28.