Acqarına
Absurd hekayə
Metronun vaqonları qaranlıq tunelə girəndə birdən-birə
mənə elə gəldi ki, şəhərin
bağırsaqlarında sürünən bir qurdun içindəyəm. Hə, şəhər
canlı varlıqdı, nəfəs alır nəfəs verir;
yerin altı da onun qaranlıq qarnıdı; onda yerüstü
stansiya ağzı, turniketlər dişləri, eskalator
boğazı, yeraltı metro stansiyası mədəsi, tunellər də
bağırsaqlarıdı...
Budur,
bayaq onun ağzına girdim, dişlərinin arasından
keçdim, boğazıyla aşağı düşdüm,
mədəsində bir qədər dayanandan sonra, qurdun
içinə girib yol aldım bağırsaqlarının
labirintinə...
Axşam saat on biri keçmişdi. Metronun ağzı da, mədəsi
də demək olar ki, boş idi... Eynən mənim mədəm
kimi... Hələ qonorarı
almamışdım deyə, cibimdə qara qəpiyim də yox
idi. Axırıncı manatı verib səhər
sübhdən iki dənə günəşə oxşayan
qoğal alıb yemişdim. Vəssalam.
Bütün günü qaçaqaçaq, yorğunluq filan...
acından başım hərlənirdi...
Birdən-birə
mənə elə gəldi ki, bu qatar elə
mənim öz boş bağırsaqlarımda hərəkət
edir. Hə, mən öz bağırsaqlarımın
qaranlıq tunelində hərəkət edən qatarın
içində oturmuşam və bir azdan qəza baş verəcək
- qatar sürətlə gedib səhər
yediyim qoğallara çırpılacaq... Onda da "ac
ölüm" stansiyasına çatacağıq... Doğrudan, görəsən, bu tuneldə
"Ölüm stansiyası" var?
Gözümün
qabağına gəldi ki, yatıb qalıb lazımi stansiyanı
ötürürəm və bir də onda yuxudan oyanıram ki,
maşinist elan verir - Qatar "Ölüm" stansiyasına
çatdı. Xahiş olunur düşəndə əşyalarınızı
vaqonda unutmayasız...
Eh, rəhmətliyin
nəvəsi, bəyəm ölüm stansiyasında nəsə
düşürməyə icazə verirlər ki? Düşürməyə çalışsam da,
İnkir-Minkir əlimdən alıb təzədən atacaq
vaqonun içinə. Ən uzağı,
günahlarımı yükləyəcəklər belimə...
Qatarsa səhra
ilanı kimi tunelin içində sürünürdü,
aclıqdan oxuya bilmədiyim kitabın səhifəsini qatlayıb bağladım. Səhər yediyim günəşə oxşayan
qoğalları xatırladım. Birdən
fikirləşdim ki, niyə yerin altında günəş
yoxdu. Ya da heç olmasa, bir-iki ağac
olaydı. Cəhənnəm, heç olmasa, çoxlu qum olaydı. Hə, qum daha
məntiqlidir. Qatar səhra ilanıdırsa, səhrada qum olar da. Yalnız dəmir relslər üstündə dəmir təkərlər
- Dəmirdən və
qaranlıqdan başqa heç nə. Görəsən,
bu relslərin sonu ölümə aparıb
çıxarırmı? Yenə ölüm...
Maraqlıdı, yəqin ki, bu stansiyanın növbətçiləri
də İnkir-Minkirdi... Elə əmək
kitabçalarında da iş yerləri belə yazılıb - Yeraltı dəmir
yolunda Ölüm stansiyasının Nəzarətçiləri...
Ya da yox, nəzarətçi yox, Gömrük
işçisi...
Nə isə,
nə vaxtsa, yəqin
ki, özüm də əmin olacam ki, İnkir-Minkir orda nə
işləyir. Onsuz da axırda hamının gedəcəyi
son stansiya ora deyilmi?! Bəs orda da adamın
ürəyi sıxılsa necə? Təzədən
geri qayıtmaq istəsəm?
İstədim
maşinistlə əlaqə düyməsini basıb
soruşam ki, "bağışlayın, Ölüm
stansiyasından geri qayıtmaq olur?".
Ancaq soruşmadım. Bəlkə də, ona
görə ki, nə cavab verəcəyini əvvəldən
bilirdim.
Fikrimi yayındırmaqçün
vaqondakı adamlara diqqət kəsildim... Məni
çıxsaq vaqonda cəmisi beş
yarım adam vardı... Nədənsə, onların hər
biri mənə müəyyən dərəcədə
maraqlı gəldi... Misalçün, mənlə
üzbəüz oturan yorğun görkəmli, boz paltolu,
qarasaçlı kişinin altmış yaşı olardı.
Qoltuğundakı qovluqdan və boşluğa zillənən
baxışlarından ali məktəb
müəlliminə bənzətdim. Tez-tez dilini azca
çıxarıb yüngülcə dodaqlarını
yalayırdı... Elə bil ki, dodaqları
hansısa bir nəmişlik, yumşaqlıq üçün
darıxmışdı, acmışdı. Amma onun tamarzı
qaldığı nəmlik öz dilinin nəmliyi deyildi, gənc
xanım dodaqlarının nəmliyi və
yumşaqlığı idi... Elə bil ki, çox yox, elə
bir-iki saat bundan əvvəl, yaşlı vaxtında yenidən
ailə quraraq gənc bir arvad alan
hansısa müəllim həmkarının evində qonaq
olmuşdu və bu saat onun ac dodaqları müəllim həmkarının
tox dodaqlarının paxıllığını çəkirdi.
Bu aclığı dəf eləmək üçün də
tez-tez nəm dilini qurumuş ac dodaqlarına sürtüb təskinlik
verirdi...
Onun
yanında iyirmi yaşlarında ağ
gödəkcəli, mini yubkalı, kare saçlı nərmənazik
bir qız əyləşmişdi... Qəribəydi
ki, qızın üst dodağı alt dodağından bir qədər
şişman görünürdü. Elə bil ki,
dodaqlarını şişirtməkçün pul
yığsa da, ikisini birdən eləməyə pulu çatmayıb, əvvəl
üst dodağını şişirdib, indi də alt
dodağı öz növbəsini gözləyir... Ancaq
qızın dodaqları ac deyildi, qulaqları ac idi... İri,
ala gözlərini telefonun ekranına zilləyərək,
cidd-cəhdlə qurdalayır, sanki nəsə axtarır,
qulaqcıqları tez-tez çıxarıb düzəldir,
yenidən qulağına taxırdı... Elə bil
qulaqları ağıllı sözlər, mənalı kəlmələr
üçün acmışdı, amma nə qədər cəhd
eləsə də, aclığını dəf edə biləcək
sözləri, kəlmələri tapa bilmirdi, onunçün
də əsəbiləşirdi, dodaqlarını çeynəyirdi...
Onunla üzbəüz oturan tələbə görkəmli
gənc oğlan isə gözlərini qızın
ayaqlarından çəkmirdi. Hə, bunun da gözləri
ac idi. Həqiqətən də qızın
çılpaq ayaqlarına elə acgözlüklə zillənmişdi
ki, elə bil bu saat imkan versəydilər, qızın təkcə
ayaqlarını yox,
arıq bədənini bütünlüklə
gözlərinə təpişdirərdi, kirpikləriylə
çeynəyib, göz qapaqlarıyla əzib yumşaldandan
sonra udardı birbaş ruhuna...
Əks tərəfdə yaşlı bir qoca qadın
oturmuşdu.
Ağarmış saçlarının bir hissəsi
çiyinlərinə elə tökülmüşdü ki,
elə bil nəvə tumarıyçün acıb... Elə
bil ki, yazıq arvad hər dəfə pensiyasını
bankomatdan çıxarandan sonra şokoladlar, vaflilər
alıb nəvəsiylə oynamaqçün gedir, amma biinsaf nəvə
nənəsinin gətirdiyi şirniyyatı təpişdirəndən
sonra, onun qucağında oturub nənənin ağarmış
saçlarını tumarlamaq əvəzinə, tez cumur
planşetinin üstünə, bütün dünyanı
unudub başlayır vampirləri güllələməyə...
Ağarmış saçlar da ac-yalavac geri qayıdır...
Nəhayət
sonuncu, yəni bir yarım kimi hesabladığım sərnişin
- otuz yaşlarında sarışın hamilə qadın...
Doğuşuna hələ xeyli aylar qalsa da, təzəcə
dombalan qarnını fəxrlə qabağa verməyindən
bilinirdi ki, ilk uşağıdı... O, ümumiyyətlə,
təpədən-dırnağacan ac idi... Acmayan
yeri olsaydı, olsaydı, yəqin ki, barmağı
olacaqdı. Taxdığı iriqaşlı nişan üzüyündən bilinirdi ki,
barmaqları da uzun müddət üzük acı olsa da, nəhayət
ki, bu aclığını dəf eləməyə nail
olublar. Qalan hər yeri, sanki bir aclıq mücəssəməsiydi...
Ağzı ət yemək üçün
acımışdı, bədəni hamilə
paltarıyçün acmışdı, əlləri
şişmiş qarnını tumarlamaqçün
acmışdı, qarın, öz növbəsində,
içəridən vurulan təpiklərçün
acmışdı, ayaqları hamilə
ağırlığıyçün acmışdı,
döşləri içəri dolmaqda olan süd
üçün acmışdı, qulaqları körpə səsiyçün
acmışdı, burnu sidikli pampers qoxusu üçün
acmışdı...
Və nədənsə,
mən özümün dəhşətli dərəcədə
ac olmağıma rəğmən məhz həmin hamilə
qadından qorxmağa başladım...
Qorxum isə
əbəs deyilmiş... maşinist "Növbəti stansiya
Nəsimi" deyən kimi, hamilə qadının
dırnaqları tərpənməyə başladı, qaynayan
gözlərilə o yan-bu yana baxdı və
qəfildən tullanıb tələbə oğlanın
boynundan yapışdı, köynəyinin yaxasını
cırıb dərisini soymağa başladı. Həm də
bunu elə məharətlə edirdi ki, heç
bıçağa da ehtiyac qalmırdı, elə
dırnaqlarıyla oğlanın dərisini qoparıb divar
kağızı kimi aşağı çəkirdi və
qopardığı dəri parçalarını toyuq dərisi
kimi ləzzətlə ağzına atıb çeynəyirdi...
Toyuğun bir dərisi, bir gerisi... məşhur məsəl
yadıma düşdü, amma hamilə qadın oğlanın
gerisinə gedib çatmağa macal tapmadı... Qarnınacan dərisi
soyulan oğlan da sanki yuxudan ayıldı, üzbəüzündə
oturan mini yubkalı qızın
üstünə tullandı, az qala bişmiş bildirçin
yüngüllüyü ilə onun arıq nazik
qılçalarını qopardı; birini dişinə
çəkdi, az qala əmlik quzu qabırğası ləzzətilə
çeynəməyə başladı; qızın ikinci
qılçasını isə acgözlüklə
gözünə soxdu ki ac gözlərini doydursun... Bu dəfə
kirpikləri işə keçdi, qızın
qılçalarını mişar itiliyi ilə cəld
doğradı, göz qapaqları da doğranmış tikələri
əzib içəri ötürdü, hiss olunurdu ki,
oğlanın gözləri heç cür doymaq istəmir,
qızın başqa yerlərini də yemək istəyir...
amma qız da sadəcə oturub yeyilməyini gözləmək
fikrində deyildi... qılçasız qaldığına
görə, əliylə dəmirdən tutub özünü
yan tərəfə dartdı və institut müəlliminə
oxşayan qoca kişiyə sıxıldı, əvvəlcə
əlindəki Ayfonla vurub onun kəllə
sümüyünü sındırdı, dodaqlarını
burnunu qopardı, yarısını ağzına
yarısını da qulaqlarına təpişdirməyə
başladı. Qızın qulaqları ağzından daha
çox ac imiş, çünki dişlərilə
kişinin burnunu çeynədiyi müddətdə
qulaqları kişinin gözlərini, yanaqlarını və ən
nəhayətdə sınmış kəllə sümüyünün
arasından görünən qanlı beynini sovurmağa
başladı... Kişinin beyninin yarısı qızın
qulaqları tərəfindən sovrulandan sonra kişi, sanki
birtəhər cana gəlib, üzündə salamat qalan yeganə
yer olan dodaqlarıyla yaşlı qadına tərəf
dartıldı, qadının ağarmış saçlarını
sovurmağa, öpməyə başladı ki, bəlkə
dodaqlarının aclığını dəf eləsin, həm
də bunu elə ləzzətlə eləyirdi ki, elə bil
sovurub acgözlüklə öpdüyü saçlar qoca
arvadın ağarmış saçları yox, on səkkiz
yaşında tələbənin zülfü-pərişanı
idi...
Qoca qadın
da borclu qalmadı... Onun ac saçları qəfildən
uzanmağa başladı, uzanıb-uzanıb hamilə
qadının bədəninə dolaşdı və onu qan
içində olan tələbə oğlandan ayırıb
özünə tərəf dartdı, üst-başı qan
içində olan hamilə qadın, sanki hörümçək
toruna düşən kəpənək kimi çapalamağa
başladı... qoca qadının saçları hamiləyə
acgözlüklə sarınıb onu ilan kimi sıxmağa, əzməyə
başladı... Qarnı sıxıldığından hamilə
qadın ağrıdan qışqırmağa başladı və
bir neçə saniyə sonra donunun altından
uşağı sıçradı..
Uşaqdan daha çox, qara qurbağaya oxşayırdı... Və məhz elə balaca olduğuna görə də
qoca qadının hörümçək toruna bənzəyən
saçlarıın arasından sivişib çıxa bildi və
ac gözlərilə ətrafı gözdən keçirdi.
Və o saat da gözləri mənə
sataşdı. Elə indicə açılan və təbii
ki, ac olan gözlərlə mənə zilləndi, ilan kimi məni
ovsunlayıb özünə tərəf çəkməyə
başladı... Başa düşdüm ki, axırım
çatıb, bu ac ovsundan heç vaxt qurtula bilməyəcəm...
Bu qurbağa boyda qara-qura körpənin ac
baxışlarının məhbəsindən çıxmaq
mümkünsüzdür. Bu əbədi məhbəsdi...
Çıxış ancaq ölümdür.... Hiss elədim
ki, bu saat maşinist elan verəcək - növbəti stansiya
Ölüm. Xahiş olunur düşəndə əşyalarınızı
vaqonda unutmayasız...
...Ancaq əvəzində
başqa elan eşitdim...
-
Azadlıq stansiyası...
Aman
Allah...Azadlıq... azadlıq...
Cəld vaqondan çölə sıçradım və qaça-qaça yuxarı cumdum... Yalnız üzümə sərin dekabr küləyi çırpılan kimi özümə gəldim...
Ac
qarnımda isə simfonik orkestrin konserti gedirdi...
Pərviz Seyidli
Ədəbiyyat qəzeti.- 2019.- 29
iyun.- S.31.