ƏDƏBİYYAT ÜZRƏ
1952-Cİ İLİN NOBEL MÜKAFATÇISI:
Fransua Moriak (Fransa)
Fransız yazıçısı, Fransa
Akademiyası üzvü,
"Fəxri legion"un
"Böyük Qırmızı
Xaç" ordeni kavaleri. XX əsrin ən görkəmli katolik yazıçılarından
biri.
11 oktyabr 1885-ci ildə
Bordoda, kommersant Jan Pol və Marqarita
Moriakların ailəsində
dünyaya göz açıb. Fransua Moriak ailənin
ən kiçik uşağı olub.
İki yaşı olanda atası vəfat edib. Ailənin kiçiyi olduğundan
ona daha çox diqqət ayrılıb.
İbtidai və orta təhsilini
Koderanda alıb. Orada oxuyarkən Andre Akazla tanış olub və bu
dostluq ömrünün
sonuna qədər davam edib. Kolleci bitirəndən
sonra Bordo Universitetinə daxil olub və orada
ədəbiyyat üzrə
təhsil alıb.
1905-ci ildə universiteti bitirib. İlk yazısının uğurundan
sonra ədəbiyyatla
məşğul olmağa
başlayıb. Birinci Dünya
müharibəsində Qırmızı
Xaça aid hospitalların
birində sanitar kimi xidmət edib. 1913-cü ildə Janna Lafonla ailə qurub və bu evlilikdən
Klod, Kler, Lyük və Jan adlı övladları olub. Hitlerçilər Fransanı işğal
etdiyi dövrdə gizli şəkildə kitab nəşr etdirib və kitabında kollaborasionizm əleyhinə çıxıb.
Məhz Moriakın təqdimatı
ilə 1970-ci ildə A.İ.Soljenitsına ədəbiyyat
üzrə Nobel mükafatı
verilib. Məşhur fransız yazıçısı
Fransua Moriak 1952-ci ildə "Romanlarında
insan həyatının
dramını dərin
mənəvi anlayış
və bədii təsir gücü ilə təqdim edə bildiyinə görə" ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülüb.
Yazıçı 1970-ci ildə Parisdə
vəfat edib.
"Ədəbiyyat qəzeti"
oxucularına yazıçının
əsərlərindən bəzi
sitatları təqdim edirik.
Sitatlar
Bizi bir vaxtlar sevənlər düzüb-qoşub yaradıblar.
***
Sevmək - başqalarının görə
bilmədiyi möcüzəni
görməkdir.
***
Səmavi qəsrlərin tikintisi nə qədər ucuz başa gəlsə də, onları dağıtmaq bir o qədər baha olur.
***
Biz özgələrə sahib olmaq şansını əldən buraxıb, onları anlamağa üstünlük veririk. Heç
vaxt bizim olmayacaq qadına təsir göstərməkdə
acizik, çünki yalnız onu qəbul etməklə ona sahib ola
bilərik. Biz onlara eynən onları qucaqlayanlar kimi ehtirasla baxırıq.
***
Satın alınmağı mümkün
olmayan qadınlar adama çox baha başa gəlir.
***
Diktaturanın yeganə üstünlüyü
ondadır ki, saatlarla radioqəbuledici qarşısında əyləşib
seçki nəticələrini
izləməyə ehtiyac
duymursan.
***
Həyat səylərimizin ölçüləri
ilə ölçülür.
***
İnanclı olub dua etmək
lazım deyil, dua etmək lazımdır ki, inanclı olasan.
***
Gənclərdə eynən quşlardakı kimi iki instinkt olur: biri onları dəstə halında yaşamağa, digəri tənhalıqda ömür sürməyə sövq edir. Yəni dostluq uzun müddət adamı bir o qədər özünə çəkmir.
***
Narkomaniya - uzun illər ölümdən zövq almaqdır.
***
Kişi nə qədər çox qadın tanıyırsa, onlar haqqında təsəvvürləri bir o qədər məhdudlaşır.
***
Eşq - iki zəifliyin qovuşduğu məqamdır.
***
Təəssüf ki, həyatda heç nə dayanıqlı deyil: hər şey axır, formasını dəyişir, anı saxlamaq olmur, həyatın sənə xoş, varlığının sənə dözülən olan məqamlarını tutub saxlaya bilmirsən.
***
Nə qədər adi olsa belə, ər-arvad münasibəti minlərlə təsadüfdən biri kimi ən gözəl möcüzədir.
Tərcümə
etdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2019.- 29
iyun.- S.32.