Anarın "Söz dünyası"

 

Anar haqqında yazmaq, əslində, son 60 ilin ədəbi prosesindən, incəsənətimizdən (xüsusilə teatr və kinodan), bir sözlə, milli mədəniyyətimizdən söz açmaq deməkdir. Bu gün 81 yaşlı Anar Azərbaycan ədəbi-mədəni fikrinin öncüllərindən biridir. Bu fikri Anardan, onun şəxsiyyəti və çoxcəhətli yaradıcılığından söz açanların hamısı yekdilliklə təsdiq və etiraf etmişlər, təkcə indi yox, 10 il, 20 il, 30-40 il bundan əvvəl də və mən də bu millətin bir tənqidçisi kimi həmin fikri təsdiq və etiraf edənlərin sırasındayam. Və indi, onun bütün yaradıcı fəaliyyətini izləyəndən sonra fikrimdə yanılmadığımı duyuram. Deyim ki, 20-30 il əvvəl də Anar bir sənətkar ömrünə yetərincə bəs edən əsərlər yazmışdı, keçmiş SSRİ məkanında və türk dünyasında onun sözü və səsi eşidilirdi. 60 yaşından sonra bir çox tanınmış yazıçılar qələmi dincə qoyur, hətta nə yazırlarsa, özlərini təkrardan irəli getmirlər. Anar tək-tük yazıçılardandır ki, "ədəbi qocalıq" məfhumu ona aid deyil. Təsəvvür edin: Anar 76 yaşında Azərbaycan nəsrində ədəbi hadisə sayılacaq "Göz muncuğu" povestini çap etdirib. Bir il öncə Nazim Hikmət haqqında "Kərəm kimi" sənədli romanı "Azərbaycan" jurnalında işıq üzü gördü. Onun kinossenariləri də ikimininci illərdə yazılıb (Axundov və Cavid haqqında), mətbuatda klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə, şəxsiyyətlərinə həsr etdiyi məqalələrin isə ardı-arası kəsilmir. Amma mən bu yazıda Anarın nə nəsrindən, nə də dramaturgiyasından söz açacağam, bu xüsusda çox yazıblar, qarşımda Anar müəllimin "Söz dünyası" durur.

Bu kitabda Anarın ta qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları toplanıb və bu yazılar təkcə Azərbaycan ədəbiyyatına aid deyil, türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığına da aiddir.

Yazıları oxuyuram və Anarın bu il fevralın 27-də Yazıçılar Birliyində keçirilən müşavirədə dediyi bir fikri xatırlayıram: "Mən, adətən, "tənqid" terminini qəbul etmirəm. Mənə "təhlil" sözü daha yaxın və doğru görünür. Baxsaq, heç ciddi tənqid də görməyəcəyik. Hansı tənqidçi öz məqaləsində hansısa yazıçını sözün həqiqi mənasında tənqid edir. Sovet dövründə tənqid daha cəsarətli idi. İndi isə tənqid yox, təhlil var". Əlbəttə, bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Doğrudan da, son otuz ildə cəsarətli tənqidi yazılara təsadüf olunmur. Sovet dönəmində tənqid daha cəsarətli idi, hətta bu sətirlərin müəllifi də belə cəsarətli yazılardan bir neçəsini mətbuatda çap etdirmişdi. Amma sonralar tənqiddə cəsarət alovu zəiflədi, Yəni hansı əsəri isə tənqid edən yazılar qeybə çəkildi. Anarın "tənqid yoxdur, təhlil var" fikri də bu mənada özünü doğruldur. Amma bu o demək deyil ki, ədəbi tənqid bir janr kimi (Ustad Məmməd Arifin sözlərini xatırlayaq: "Tənqid də bir yaradıcılıqdır" demişdi) yoxdur, sadəcə, tənqiddə təhlil prinsipi ön plana keçib. Çoxlu komplimentar yazıları nəzərə almasaq, bizim professional tənqidçilərimizin yazıları məhz maraqlı, düşündürücü təhlillərlə diqqəti cəlb edir. Professional tənqidçilər isə barmaqla sayılacaq qədərdir - Elçin, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif və Cavanşir Yusifli qardaşları, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Elnarə Akimova, Məti Osmanoğlu, Azər Turan, Rüstəm Kamal, Əsəd Cahangir, Nərgiz Cabbarlı, Lalə Həsənova.

Mətləbdən uzaqlaşmaq istəmirəm. Anar müəllimin bütün yazıları təhlillər üzərində qurulub, amma təbii ki, o özünü qətiyyən tənqidçi adlandırmaz, "yazıçı tənqidi" ifadəsini də qəbul etməz. Bəs bu təhlillərin mexanizmi nədən ibarətdir? Məncə, Anarın "Söz dünyası"nda təhlilin başlıca arqumenti ədəbiyyat tarixçiliyi xəttilə sıx bağlıdır. Anarın "Söz dünyası"nda toplanan bütün yazıları məhz bu məqsədə xidmət edir: klassik və müasir ədəbiyyatımızı, folklor örnəklərimizi, Türk dünyasının ədəbi şəxsiyyətlərini  - onların yaradıcılığını hamının başa düşəcəyi dildə təhlil etmək. Elə yazılar var ki, onları qeydsiz-şərtsiz olaraq, ədəbiyyat tarixinin I cildinə daxil etmək olar. Məsələn, "Əski yazılarımız" və "Dədə Qorqud dünyası". Dədə Qorqud dastanları ilə bağlı onlarla, yüzlərlə elmi yazılar çap olunub, onların heç birinin əməyini yerə vurmaq olmaz. Amma Anarın "Dədə Qorqud dünyası" dastanla bağlı bütün bilgiləri əhatə edir və bu yazıda Anarın bizim epos mədəniyyətimizə necə bələd oduğu üzə çıxır. Anar dastanla bağlı bütün yazılan məqalələrə, söylənilən fikirlərə də istinad edir. Ümumiyyətlə, hansı mövzuya müraciət edirsə, o mövzuya həsr olunan bütün örnəklər Anara yaxşı məlumdur. Təbii ki, bu qədər yazıları oxumaq insandan vaxt tələb edir və Anar üçün vaxt problemi yoxdur demək istərdim.

"Söz dünyası"nda üç yazı üzərində xüsusi dayanmaq istəyirəm: "Şairin hünəri", "Şairin zəfəri", "Şairin kədəri" . Və mənim fikrimcə, bu yazılar da eyni missiyaya xidmət edir - ədəbiyyat tariximizin üç nəhəng, dahi şəxsiyyətlərinə həsr olunan bu yazılar Anarın klassik ədəbiyyatı bu günün - müasirliyin gözüylə fəhm etmək və mənalandırmaq istəyindən doğur. Və Anarın bu üç yazısında onun Azərbaycan və ümumiyyətlə, Şərq tarixini mükəmməl bildiyi də üzə çıxır. Anar çox yaxşı bilir ki, ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı onların yaşadığı tarixi şəraitlə sıx bağlıdır. Bir-birinə yaxın əsrlərdə yaşamış bu üç şairin hər biri özünəməxsus yaradıcılıq dünyası, dünyanı dərketmə prinsipi, gerçəkliyi inikas üsulları olub. Amma deyək ki, Nəsiminin Füzuli və Xətai yaradıcılığına təsiri daha güclü olub. Füzuli Nəsiminin bir neçə qəzəlinə nəzirə yazıb:

 

Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,

Onu görsə səfasından, fələkdə afitab oynar.

 

Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,

Vücudun nuri-bərqindən, niqab oynar.

 

Fələk əksinə dövr eylər, məgər axirzəman oldu?

Qəfəsdə tutiyü bülbül, çəmənlərdə ğürab oynar.

 

Nəsimi uş bu ənvarın şüaindən münəvvərdir,

Ki, nabü nərdü, şətrənci olü yel, su, türab oynar.

 

Bu, Nəsiminin qəzəlidir. Gözəlin təsviri və eyni zamanda gözəllikdən zövq almaq nəşəsi bariz nəzərə çarpır. İndi isə Füzulinin eyni rədifli qəzəlinə müraciət edək:

 

Səbadan gül üzündə sünbülü-pirpiçü tab oynar,

Sanasan pər açıb gülşəndə bir mişkin qürab oynar.

 

Rüxün görgəc olur suzi-dəruni dudi-dil hasil,

Ğahar əyyamı sıçrar bərqi-rəxşəndə, səhab oynar.

 

İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət

Ki, məşuq ilə aşiq eyləyib nazü itab oynar.

 

Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,

Çıxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar.

 

Füzuli, rəşkdən titrər dili-pirxunu üşşaqın,

Binaguşunda yarın hər zaman kim ləli-nab oynar.

 

Füzuli hansı şeirin şeirinə nəzirə yazıbsa, orijinalı ötüb-keçdiyini sübut etmək olar. Əgər Füzulinin Nəsmidən xəbəri olmasaydı, onun qəzəlinə nəzirə yazardımı? Anar yazır: "Füzuli Nəsiminin adını çəkməsə də, bu böyük şairin Füzuliyə təsiri danılmazdır".

Xətai isə bir çox qəzəllərində məhz Nəsimi ideyalarını təbliğ edib. Amma məsələ təkcə bunda deyil. Bu şairlərin hər biri təkcə Azərbaycan ədəbiyyatına deyil, Şərq ədəbiyyatına da təsir göstəriblər. Anar yazır: "Nəsiminin şöhrəti ta əskidən bəri Vətənin hüdudlarını aşmaqla bərabər, dövrünün, zamanın çərçivələrini də qırıb keçmişdir. XV əsrdə Nəsimini hörmətlə dahi özbək şairi Əlişir Nəvai yad edir. XVIII əsrdə onu ehtiramla türkmən ədəbiyyatının klassiki Məhtimqulu xatırlayır. Nəsiminin poeziyası xaçpərəst Ermənistanda geniş yayılmışdı. Dindarlar - indi də xristian dindarları - Budax Amtesini "Nəsimi şeirlərini oxuyub camaatı qızışdırdığı üçün" yandırmağı fitva vermişdir. XVII əsrdə Ermənistanın başqa bir şairi Xaçatur Diqranakersi şəhər küçələrində gur səslə Nəsimi şeirlərini oxuyurmuş. Onun da aqibəti Nəsiminin aqibəti kimi olmuşdur". İndi görəsən, bizim torpaqlara göz dikən ermənilərin Nəsiminin bu hünərindən xəbərləri varmı?

Anar Xətaini "Nəsimidən Füzuliyə gedən yolda" mühüm bir keçid hesab edir, xalq şeir formalarına Nəsimidən və Füzulidən artıq dərəcədə aludə olduğunu, qoşmalar, holavarlar, gəraylılar, varsaqlar yaratmaqdan başqa, qəzəllərini də eyni dərəcədə sadə, anlaşıqlı dildə yazdığını, əruzu mümkün qədər azərbaycanlılaşdırdığını qeyd edir. "Çünki Xətai gözünü açandan Azərbaycan dili mühitində - öz xalqının içində böyümüşdü, ana dilinin bütün incəliklərinə bələd olanlarçün yazırdı". Bu yazıda Xətai ilə bağlı çox mətləblər nəzərə çarpdırılır. Onun milli mənsubiyyətini şübhə altına alanlara. Səfəvi dövlətinin İran dövləti deyil, məhz Azərbaycan dövləti olduğunu sübut edən alimlərin fikirlərinə şərik olur. Amma onu da qeyd edir ki, o dövrün ictimai şüuru hələ Qızılbaşlar dövlətinin milli Azərbaycan dövləti kimi dərk edə bilməzdi. İndi bəzi alimlər, yazarlar Şah İsmayılı və onun Səfəvilər dövlətini həddindən artıq "müasirləşdirirlər", amma "Şah İsmayıl öz dövrünün oğlu idi, feodal cəmiyyətinin övladı idi. Odur ki, Şərq feodalizminin və İslam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan bir şəxsiyyət idi. Onun siyasi fəaliyyətində siyasi məkr, dözümsüzlük və amansızlıq məqamları da var". Amma onun bir insan və şəxsiyyət kimi ədalətli olduğunu, xüsusilə, rəiyyətlə rəftarında mülayim olduğunu, bir çox başqa hökmdarlar kimi harınlıq və fironluq etmədiyini, sənət adamlarına öz sarayında gözəl şərait yaratdığını (Şərq miniatür sənətinin ən parlaq çağlarından biri Səfəvilər dövrü idi) qeyd edən Anar yazının sonunda çox doğru bir qənaətə gəlir ki: "Şah İsmayılın sərkərdə zəfərlərinin tarixi əhəmiyyətini...danmasaq da, zənnimcə, zəfərlərinin bəlkə də, ən vacibi qılıncla deyil, qələmlə qazanılmış zəfərdir". Elə buradaca klassik ədəbiyyat tədqiqatçılarına bir iradımı bildirmək istəyirəım: çox təəssüf ki, Şah İsmayıl Xətainin "qələmlə qazanılmış zəfərləri" haqqında Nəsimi və Füzuli ilə müqayisədə çox sanballı bir tədqiqatın olmadığını nəzərə çarpdırmaq istəyirəm.

Mən füzulişünas deyiləm, ancaq Füzulini hər gün oxuyur və onun qırmızı cildli kitabı (Əsərlərinin I cildi) həmişə yanımda olur, evdə də, işdə də, hətta yatanda da. Və Füzuliyə, onun yaradıcılığına aid yazılan bütün tədqiqatlardan xəbərim var. Anarın "Şairin kədəri" məqaləsi də o tədqiqatlardan biridir. Məhz tədqiqat əsəri. Çünki bu yazıda Füzuliyə təkcə sevgilər, onun böyük sənəti qarşısında heyrət ifadə olunmur, məhz Füzuli yaradıcılığına müasir füzulişünas mövqeyi ifadə olunur. Anar Füzuli haqqında yazılanları çox diqqətlə oxuyub, amma bütün bu yazılanların heç birini təkrar eləmir, sadəcə, öz "Füzuli versiyasını" irəli sürür. Onun şeir dilindən, obrazlar sistemindən tutmuş, üslub və forma xüsusiyyətlərinə, "düşvarı asan eyləmək" hünərinə, Nizamidən və Nəvaidən fərqli daha lirik, daha faciəvi "Leyli və Məcnun" eşq dastanı yaratdığına qədər - bir sözlə, Füzuli mövzusu bitib-tükənməzdir və Anar bu mövzuların hər birinə obyektiv münasibətini bildirir. Bu yazının çox maraqlı iki nüansını qeyd etmək istəyirəm. Anar Füzulidə təsəvvüf ideyalarının olduğunu danmır, amma "bu gün biz Məcnunluğu sufizm simvolikasının gizli, dolayı, metaforik şifrələriylə açmırıq, insan psixologiyasına, duyğular aləminə bələdliyi ilə tanıyırıq" - deyir. Füzuli sənəti o qədər dərin, hüdudsuzdur ki, sufizm də məhz o dərinliyin içindədir. Anar "Bəzən Leyli və Məcnunu Şərqin Romeo və Cülyettası adlandırırlar" fikrinin yanlış olduğunu söyləyir və bununla bağlı çox geniş izahata da ehtiyac duymur.Vaxtilə böyük tənqidçimiz Məmməd Cəfər "Füzuli yaşayır" məqaləsində yazırdı ki: "Füzulini sevin, ancaq unutmayın ki, təkcə sevmək, sevib yüngülləşmək azdır. Böyük şairi başa düşməyə çalışın. Onu təkcə bir qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof, mütəfəkkir kimi başa düşməyə, dərk etməyə çalışın". Anar ustad tənqidçinin həmin fikrini tam mənası ilə həqiqətə çevirir, Fuzuliyə sevgisini bizə də aşılayır.

Mən Anarın "Söz dünyası"nda "Üç Leyli, üç Məcnun", "Koroğlu-Goroğlu", "Nəşədən ələmə", "Əhməd Yasəviylə bağlı düşüncələr", "Çağdaşımız Mövlana", "Türkçülüyün banisi", "Türkün sözü" yazılarından da çox şey öyrəndim. Amma daha çox bəyəndiyim üç yazı üzərində dayandım.

Amma Anarın söz dünyası bircə bu kitabdakı yazılarla məhdudlaşmır. Anar müasir ədəbiyyatımızın müxtəlif problemləri ilə bağlı xeyli sayda yazıların da müəllifidir. Ədəbiyyatda elə bir istedadlı şair və nasir yoxdur ki, onların yaradıcılığı Anarın fikir sücgəcindən keçməsin. Xatırlayıram onun 1984-cü ildə "Azərbaycan" jurnalında çap etdirdiyi "Nəsrin fəzası" məqaləsini - bu yazı "altmışıncılar"a həsr olunmuş ilk və sanballı bir yazı idi. Xatırlayıram onun Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən və digər şair və nasirlərin yaradıcılığı ilə bağlı portret yazılarını. Bu yazıları oxuyandan sonra fikirləşirsən ki, daha Anardan sonra nə yazmaq olar? Amma bir dəfə Anar müəllim mənə dedi ki, Vaqif Səmədoğlu haqqında yaxşı bir yazı yazmısan. Sevindim. Ona görə sevindim ki, Anarın V.Səmədoğlu haqqında yazısı mənim yazımdan xeyli əvvəl yazılmışdı.

Yazımı bitirirəm və Anarı 81 yaşı münasibətilə təbrik edirəm...

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.2-3.