Dilçiliyin təşəkkülü
Dil haqqındakı elmin tarixi kökləri çox qədim dövrlərə (ən geci e.ə. III minilliyə) gedib çıxır. Həmin dövrlərin adlarını heç vaxt bilməyəcəyimiz yüzlərlə "dilçilər"i şifahi nitqi (şəkli yazılardan hərfi yazılara qədər) üzvlərinə ayıraraq yazılı nitqə çevirmişlər. Və bu, dilin quruluşu barədə müəyyən təsəvvürlər yaranmasına əhəmiyyətli təkan vermiş, nəticədə, dil haqqındakı elm yüzillər boyu, bir qayda olaraq, öz müşahidələrini şifahi deyil, yazılı nitq üzərində aparmış, "səs"ə tərəddüd etmədən "hərf" demişdir. Yazının get-gedə qazandığı böyük mənəvi, mədəni, hətta mistik nüfuz o həddə çatmışdır ki, sonralar ümumən dilin, xüsusən onun ədəbi (normativ) formasının mənşəyində məhz yazının dayandığı barədə mülahizələr meydana çıxmışdır.
Qədim xalqlar - mesopotamiyalılar, hindlilər, çinlilər, yəhudilər, yunanlar, romalılar… dil məsələləri ilə maraqlanmış, onun fonetik, leksik, qrammatik, hətta üslubi xüsusiyyətləri barədə düşünmüşlər. Və burada qədim dini təsisatların (eləcə də müqəddəs mətnlərin) rolu xüsusi əhəmiyyət kəsb etmişdir.
Dilçiliyin təşəkkülündə hindlilərin xidmətləri, heç şübhəsiz, müstəsnadır. Qədim hind dilçiliyinin e.ə. I minilliyin ortalarındakı inkişaf səviyyəsini sanskritin - müqəddəs kitabların (vedaların) yazıldığı qədim hind ədəbi dilinin normalarına həsr olunmuş Panini qrammatikası (e.ə. IV əsr) bütün miqyası ilə nümayiş etdirir. Və həmin qrammatikaının, görünür, ən böyük məziyyəti yazı kanonları hüdudundan kənara çıxaraq danışıq səsləri barədə də ətraflı məlumat verməsidir ki, bu, müqəddəs mətnlərin, eyni zamanda düzgün ifası ehtiyacından irəli gəlirdi. Heç də təsadüfi deyil ki, Panini qrammatikası XVIII əsrin sonlarından etibarən hind-Avropa dilçiliyinə ilk növbədə fonetik təhlillərinin inanılmaz dərəcədə mükəmməlliyi ilə əhəmiyyətli təsir göstərmişdir.
Qədim hind qrammatikasından bir neçə əsr sonra təşəkkül tapan qədim yunan qrammatikasının öz "sələf"indən xəbərinin olub-olmaması mübahisəlidir. Lakin o, mübahisəsizdir ki, yunan-Roma qrammatikaçıları XVIII əsrin sonlarında ondan xəbər tutduqda o qədər təsirlənmişlər ki, ənənəvi qrammatikanın "arxetip"i hesab etməkdən çəkinməmişlər. Və odur ki, XIX əsrin əvvəllərindən etibarən "ənənəvi qrammatika" dedikdə, Orta əsrlər boyu qəbul edildiyindən fərqli olaraq, yunan-Roma ilə yanaşı, hind ənənəsi də nəzərdə tutulur.
Ərəb-müsəlman qrammatikasına gəldikdə isə demək lazımdır ki, ərəb (xüsusilə "Qurani-Kərim") dili zəminində təşəkkül tapmış, müxtəlifsistemli (İran, türk və s.) dillərə tətbiq edildiyindən geniş yayıla bilməmişdir. Əslində, XIX əsrin ortalarından başlayaraq istər İran, istərsə də türk dilçiliyinin ərəb-müsəlman qrammatikası ənənələrindən qoparaq yunan-Roma (və hind) oriyentasiyasına keçməsi də bunun nəticəsi idi.
Ümumi (universal) qrammatika yaratmaq təşəbbüslərinin meydana çıxması dil haqqındakı elmin tarixində xüsusi əhəmiyyət daşıyır. Fransadakı Por-Royal monastırının rahibləri Anti Arno ilə Klod Lanslonun 1660-cı ildə nəşr etdirdikləri "Ümumi rasional qrammatika" bu təşəbbüslərin təkcə nəticəsi yox, həm də davamı oldu. Məsələ burasında idi ki, qədim yunan, klassik latın, eləcə də XIII-XIV əsrlərdən etibarən formalaşmağa başlayan roman, german və slavyan yazılı (ədəbi) dillərinin genetik qohumluğu, qrammatik quruluşca oxşarlığı ümumi (universal) qrammatika ideyasını o dərəcədə aktuallaşdırırdı ki, bundan imtina etmək, sadəcə olaraq, mümkün deyildi. Lakin burada bir katolik təəssübkeşliyi də vardı.
Doğrudur, Orta əsrlərdə müxtəlif dillər, yaxud eyni bir dilin müxtəlif ləhcələri (məsələn, XI əsrdə Mahmud Kaşğarinin "Divani-lüğat-it-türk"ündə olduğu kimi) müqayisə edilirdi, lakin həmin müqayisəçilər "dil nədir" sualına cavab vermək barədə düşünmürdülər. Və Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində, xüsusilə XVII-XVIII əsrlərdə dünyanın ən müxtəlif dillərinin müqayisəli lüğətlərini, ümumi (rassional) qrammatikalarını tərtib edənlər də belə bir təşəbbüsdə olmadılar.
Bununla belə, yeni dövr öz gəlişi ilə dilçiliyin tarixinə o zamana qədər görünməmiş elə bir fundamental "metodoloji ziddiyyət" gətirdi ki, nəticə etibarilə, dil haqqındakı elm özünün birinci səviyyəsindən (ayrıca bir dilin tədqiqindən) ikinci səviyyəsinə (dillərin müqaysəli- tarixi tədqiqinə) keçməli oldu.
Həmin "ziddiyyət" nədən ibarət idi?
Bir tərəfdən təsbit edilirdi ki, ilk növbədə yazıda əksini tapmış (deməli, ədəbi) dillər universal (eyni) məntiqi quruluşa malikdir; digər tərəfdən isə, dünyanın müxtəlifsistemli (deməli, müxtəlifquruluşlu) dilləri kəşf edildikcə həmin universallıq açıq-aşkar şübhə doğurmağa başlayırdı. Və müqayisənin eyniləşdirmə imkanı ilə fərqləndirmə imkanı üz-üzə dayanırdı.
Müqayisəli-tarixi metodun kəşfindən çox illər qabaq - 1786-cı ildə ingilis şərqşünası Vilyam Cons yazmışdı ki, sanskrit qədim yunan və latın dilləri ilə müqayisədə "həm feil köklərində, həm də onların qrammatik formalarında elə uyğunluqlar nümayiş etdirir ki, təsadüfi oxşarlıq kimi izah oluna bilməz. Həmin uyğunluqlar o qədər aşkardır ki, onlarla rastlaşan hər hansı filoloqun dərhal belə bir nəticə çıxarması lazım gəlir ki, bu dillər, görünür, artıq mövcud olmayan ümumi mənbəyə malikdir".
Müqayisəli-tarixi metodun meydana çıxmasında hind-Avropa dillərinin (və dilçiliyinin) önə çıxmasının səbəbini ingilis dilçisi Con Layonz onda görür ki, "bu, hind- Avropa dillərinin hansısa daxili xüsusiyyətilə yox, həmin dillərdə yaşı yüzillərlə, hətta minillərlə hesablanan qədim yazılı abidələrin mövcudluğu ilə izah edilir".
Ərəb-müsəlman dilçiliyində bu metod ona görə meydana çıxa bilməzdi ki, birincisi, həmin dilçiliyin tədqiqat obyekti, artıq qeyd etdiyimiz kimi, müxtəlifsistemli dillər idi; ikincisi, qədim yazılı abidələr həm az idi, həm də onlarla maraqlanılmırdı; üçüncüsü (və bəlkə də, ən mühümü), ərəb dilinin daxil olduğu sami dilləri (və "dilçiliy"i) hind-Avropa dilləri (və dilçiliyi) miqyasında deyildi.
Nəhayət, XIX əsrin əvvəllərində - 1816-cı ildə Frans Bopp müqayisəli- tarixi metodun ilk əsərini ("Yunan, latın, fars və german dillərinin təsrifi ilə müqayisədə və mətnin orijinalında dəqiq vəznli tərcümədə Ramayana və Mahabharatadan və Vedalardan təfriqələrlə sanskritin təsrif sistemi"ni) nəşr etdirməklə dünya dillərinin genetik baxımdan qarşılıqlı əlaqədə öyrənilməsi üçün strateji perspektivlər müəyyən etdi. "Əgər əvvəl sanskrit kəşf edilməsəyədi, Bopp öz elmini (həm də belə qısa bir müddətdə) çətin yarada bilərdi. Boppun axtarışlarının bazası məhz ona görə genişləndi və möhkəmləndi ki, yunan və latın dilləri ilə yanaşı, üçüncü informasiya mənbəyindən - sanskritdən istifadə imkanı əldə elədi" deyən F.de Sössür onu da əlavə edir ki, "bununla belə, inkaredilməz xidməti xam sahəni müəyyənləşdirmək olmuş bu məktəbə hər halda həqiqi elmi dilçilik yaratmaq qismət olmadı. O, öyrəndiyi predmetin təbiətini müəyyənləşdirməyə də cəhd göstərmədi. Lakin bu cür ilkin araşdırmalar aparılmadan heç bir elm öz metodunu hazırlamaq gücündə deyil".
F.Bopp yazır: "Dillərin tarix baxımından öyrənilməsi, müxtəlif dillərin daha yaxın və ya daha uzaq qohumluq dərəcələrinin müəyyənləşdirilməsi zamanı söhbət qrammatikanın məlum hissələrindəki xarici fərqlərin qeydə alınmasından getmir, ondan gedir ki, həmin fərqlərin ümumi qanunlarla şərtlənib-şərtlənmədiyini izah edək".
Müqayisəli- tarixi metodun kəşfi dilçilikdə elə bir inqilab idi ki, məhz onun sayəsində dil haqqındakı elmin ikinci səviyyəsi həm tipoloji, həm də genealoji tərəfləri ilə müqayisəli dilçilik yarandı. F. Boppun tədqiqatları ilə yanaşı, Rasmus Raskın "Qədim şimal dili sahəsində tədqiqat və yaxud island dilinin mənşəyi" (1918), Yakob Qrimmin "Alman qrammatikası" (1819-1837) və s. əsərlərilə əsası qoyulan bu dilçilik metodu bütün XIX əsr boyu sürətlə inkişaf edərək dilçilik araşdırmalarına elə bir istiqamət verdi ki, nəticədə, çox keçmədən dil haqqındakı elmin üçüncü səviyyəsi - ümumi dilçilik, yəni ümumən dil haqqında elm meydana çıxdı.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.11.