Ədəbi suprematizmə aid
nümunələr
Güldan uçuşu
Mənzil:
səliqə-sahmandan əsər-əlamət
dəymir gözə.
Uşaq:
sevinc içində bayaqdan var-gəl edir,
qaçır, atılıb-düşür
otaqda heç nəyi almadan vecinə.
Gənc
ana: bir o qədər məmnun olmasa da,
bu nizamsızlıqdan,
sevinci - körpəsinin
sevinci.
Otağın bir guşəsində
hündür masa: üstündə iri qəşəng bir güldan.
Birdən
... uşaq toxunur masaya: ani bir
titrəyiş və anidən ani bir uçuş.
Bu məqamda bir qədər dayanaq bəlkə - uçuş
sürətini azaldıb
xəyalən,
seyr edək qısa zaman kəsiyinə sığan
mənzərəni:
uşaq donub yerində, gözlərində
qorxu,
ana bir gözü uşaqda masaya tərəf sürətlə hərəkətdə,
güldan fəzada
uçuş xətti
cızmaqda.
Və nəhayət,
qulaqbatıran çingilti. Ayılırıq
xəyaldan:
döşəmədə çilik-çilik
olmuş gözəllik
- işıqdan bərq
vuran
müxtəlif ölçülü
hissələr mozaikanı
xatırladır hardasa.
Beləcə ... Vahid çoxluğa
çevrilib, keyfiyyət
kəmiyyətə keçib
bir anın içində. Təəssüf!
Uşuş vaxtını bir
qədər uzatmaq mümkün olsaydı,
qorumaq olardı bir gözəlliyi, yəqin ki.
Gecdir artıq, onsuz da hər şey
anbaan heçliyə doğru sürətlə
hərəkətdə -
düşünən ana qorxmuş uşağının
qayğısına qalır
əvvəlcə, sonra
işıqdan bərq
vuran qırıntıları
təəssüf içində
yığır zibil qutusuna.
Gənc
ata: səhər işə gedərkən bəzəkli qırıntıların
toplandığı torbanı
bir güldanlıq xərci hesablaya-hesablaya atır zibil qutusuna.
Axşam:
uşaq, ana və ata.
Yeni qəşəng
bir güldan dayanıb hündür masanın üstündə.
Ata laqeyd, uşaq gözlərində qorxu və maraq,
ana isə məmnun yeni güldanın işıqdan
bərq vuran gözəlliyindən.
Bir növ, hər şey öz qaydasındadı bu mənzildə, dünən
azca
narahatlıq yaşansa
da ailədə. Üstəlik, təzə
bir əşya da
gəlib köhnəsinin
yerinə.
Sadəcə, bəzi şeyləri qorumaq lazımdı imkan daxilində, məncə.
Özü də yaxşı-yaxşı
qorumaq! Çünki bəzi şeylər adi toxunuşdan
çilik-çilik olub da, yox ola
bilirlər bir anın içində.
Belə söylərdi Zərdüşt
Şeir-esse
"Doğru düşüncə,
doğru söz, doğru əməl" -
belə başladı qürubu Zərdüştün
...
Şənbə günü. Dəniz kənarına
öz-özülə bölüşməyə
çıxmışdı
bir saatlıq təəssüratlarını yenə.
Onu cəlb edən hər bir hadisə
qeyri-iradi bir fikir doğururdu ağlında:
bu an
nə söyləyərdi
Zərdüşt, görəsən?
Sahil boyu ardıcıl düzülmüş
zibil yeşiklərinin
yanından keçərkən
nəsə yadına
düşdüyündən gülümsədi.
Bir neçə gün əvvəl
iki gənc yazarla ədəbiyyat və elm barədə
polemika etmişdilər:
mövzu seçimindən
söz düşdüyü
zaman
"hər şey,
hətta zibil qutuları da predmetidi ədəbiyyatın"
deyəndə gənclərin
bir-birinə baxıb,
heyrətlərini gizlədə
bilmədiklərini sezmişdi.
Gənclərdən biri, sanki nəsə kəşf edib -
gözlərində məmnunluq
sevinclə təkrarlamışdı:
hətta zibil qutuları da predmetidi ədəbiyyatın.
Hər yaxşıda azca pis, hər pisdə
bir az
yaxşı olur.
Sanki gözəllik və təmizlik naminə ətrafdakı çirkabı
özünə yığmağa
hazır dayanar daim, zibil qutuları
-
bu da bir hadisə, əslində, yaxşı
və pisin kəsişdiyi mənzərə.
Əsas olan hadisə yox, hadisəyə münasibətdi.
Belə söylərdi Zərdüşt.
Auditoriyaya girib,
intellektual poeziya barədə
böyük zəhmət
və əzmlə qurduğu konsepsiya əsasında
mühazirə oxuyarkən
bal arısına bənzəyirdi.
İllərcə elm, fəlsəfə və ədəbiyyat adlı
ağacların çiçəklərindən
şirə toplayan bal
arısına.
Maraq və bəzən də heyrətlə qarşılanan
mühazirələrdən sonra düşünürdü:
"Günəş nə
yaxşı, elə burda qürub edib".
Sonralar çıxış və
mühazirələrinin
bitdiyi bütün məkanlarda seyr etdiyi mənzərə
fikrini bir daha təsdiqləyirdi:
nə yaxşı, qürubum burda, bu məkanda oldu,
nə yaxşı, boşalır dolmuş piyalə.
Belə söylərdi Zərdüşt.
Məqsədi
zibil qutusundan və təmtəraqlı
çıxışlardan yox,
ucalıqdan danışmaq
idi doğrusu, əsl ucalıqdan.
Daima yaşıl ağaclar arasında gəzə-gəzə
fikirləşirdi:
"Ağac nə qədər gözəl olsa da, ucaldıqca
kökü daha çox zülmətə
işlər".
Hər yüksəliş ucalıq
deyil, amma kökü zülmətə
işləyən
bütün yüksəkliklər
hündürlükdü, sadəcə
-
üz tutsan riyaziyyata taparsan ölçüsünü,
hələ bir estetika naminə həndəsi forma verib,
ad da qoyarıq ölçülərə:
məsələn, uzunluq
- L, sahə
- S, həcm -V.
Ucalıq
- nə qədər səy göstərsən
gəlməz ölçüyə,
bütün ucalıqlar
ölçüdən qıraqda;
sığmaz idrakın
cızdığı cürbəcür
həndəsi formalara,
eninə, uzununa,
dərininə yertutma
iflasa uğrar.
Belə söylərdi Zərdüşt.
Yelləncək: rəqs edir. Gah qalxır, gah da enir...
Uşaqlar növbəyə durub, gözləyirlər səbirsizliklə.
Böyüklər həvəslə seyr
edir bu mənzərəni
-
sanki rəqs edən yelləncək heç zaman dayanmayacaq.
Amma qaranlıq düşdükcə
boşalır yelləncək,
hamı tərk edir həmişə eyni havaya oynayan
"rəqqas"ı.
Boşalır və bir müddət rəqs edib öz-özünə,
sonra asta-asta dayanır yelləncək.
Bayaqdan neçə uşağı
əyləndirib, neçə
valideyni sevindirmişdi
bu boş yelləncək.
İndisə sükunətdə. Amma sükunətdə belə
hərəkətdədi, sanki
bir toxunuşa bənddi təkrarlasın
dəyişməz rəqsini.
Daimilik,
dəyişməzlik gizlənər
yelləncəklərdə -
elə buna görə bəyənilər
bəlkə də -
uşağın da, böyüyün də sevdiyi əyləncə.
Hamının hər yerdə
həmişə sevdiyi
-
əyləncə, əyləncə,
əyləncə.
Şər yoxdu, Şər
- Xeyirin yoxa çıxdığı məqamdı:
belə söylərdi Zərdüşt təəccüb
və heyrət içində,
baxıb yalnız
əyləncə və
təmtəraq əsiri
soydaşlarının
dəyişməyən iki min beş yüz illik oxşarlığına...
Öldü Zərdüşt
və alıb öz çiyninə öz meyitini
üzü zülmətə
yenə yollandı tənhalığına ...
Çatınca Zərdüşt dağda
bitib
başı səmaya
dəyən ağacın
kölgəsinə,
görür meyit kəndirə çevrilib
artıq, ilməyi boynunda,
ucu ağacın kəlləsində. Və
deyir Zərdüşt:
Bu nə yalqızlıqdı,
Uca Yaradan, bu nə tənhalıq,
nə təklik,
körpü olmaq istəyərkən insandan
fövqəlinsana,
nədi bəs
illərdi boynumda gəzdirdiyim bu kəndir - birdəfəlik
nə kəsilir bu "ölüm", nə dartılır sonadək?!
Beləcə ... bitdi qürubu
Zərdüştün:
nə adi insan ola bildi
sonacan, nə fövqəlinsan.
Əli Şirin Şükürlü
Ədəbiyyat qəzeti.- 2019.-
8 mart.- S.12.