"Son nəfəsədək Azərbaycan"
Vüqar Əhmədin eyniadlı
romanı haqqında
Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi ilə bağlı məruzə hazırlamaq
üçün kitabxanama baş vurdum. Əlimə
keçən ilk kitab yaxın dostlarımdan biri Vüqar
Əhmədin müəllifi olduğu "Son nəfəsədək
Azərbaycan" romanı oldu. Bu əsəri
təkrar oxumaq qərarına gəldim. Roman Mirzə Bala
Məmmədzadənin ürək parçalayan
aşağıdakı misraları ilə bitirdi:
"İstiqlal
aşiqləri, üçrəng bayraq vurğunları,
Azadlıq fədailəri, əhli-irfan ağlayır.
Səma,
günəş, yer-göy, torpaq,
bütün
cahan ağlayır,
Dayanmadan
axıb gedən
dövrü-zaman
ağlayır".
Bu misralar təkcə bir nəfərin yaxın
adamını itirməsi ilə bağlı qopan fəryad
deyildi, parçalanmış bir xalqın, istiqlalı zor
gücünə əlindən alınmış bir millətin
fəryadnaməsi idi. Şair dostunun timsalında Vətənini
ağlayırdı. Vətən deyəndə
onu düşünür və ürəkdolusu
ağlayırdı. Kim idi o? Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi mütəfəkkir ziyalıları
sırasında müstəsna məqam tutan, fenomen şəxsiyyət
olaraq qərarlaşan Məhəmməd Əmin Rəsulzadə.
Məhəmməd Əmin Rəsulzadə haqqında
mövcud bilgilərə, tarixi mənbələrə, arxiv sənədlərinə,
ədəbi-publisistik materiallara maraq müasir
dövrümüzdə getdikcə daha da artmaqdadır. Bu da həyatın
tələbi, mövcud zamanın gerçəkliyidir. Filologiya elmləri doktoru, professor, nəğməkar
şair kimi tanınan Vüqar Əhmədin bu görkəmli
şəxsiyyət haqqında ərsəyə gətirdiyi
roman düşünürəm ki, təsadüfi deyil.
O, hələ on beş il bundan əvvəl
görkəmli inqilabçı, böyük ictimai-siyasi xadim,
hərtərəfli şəxsiyyət Seyid Cəfər
Pişəvərinin həyat və yaradıcılıq yolu
haqqında doktorluq dissertasiyası müdafiə etmişdir.
Bundan başqa, bir şair olaraq Vüqar Əhməd nəğmələrdə
tərənnüm etdiyi Azərbaycan eşqini, türkçülük
və xəlqilik düşüncələrini, əlbət
ki, monumental bir romanda daha geniş, daha vüsətli bir tərzdə
ifadə etməyə imkan tapır, daha geniş səhnələr
yaratmağa müvəffəq olur. İllərlə
yaşatdığı bir arzu 2013-cü il
22 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti,
cənab İlham Əliyev tərəfindən verilmiş Sərəncamdan
sonra gerçəkləşdi. 2014-cü ildə
"Son nəfəsədək Azərbaycan" romanı nəşr
edildi. Romana ön söz yazan
yazıçı-dramaturq Mövsüm Əhmədin fikirlərinə
həmrəy olmaqla bahəm, əsərlə bağlı təəssüratımı,
bəzi düşüncələrimi bölüşməyi
bir oxucu, həm də həmkar kimi özümə mənəvi
borc bilirəm.
İlk növbədə onu deyək ki, Şərqdə
ilk Demokratik Cümhuriyyətin banilərindən olan Məhəmməd
Əmin Rəsulzadə haqqında roman yaratmaq özü bir
hünərdir. Burada irəlidə qeyd etdiyimiz kimi, müəllifin
arxiv araşdırmaları, elmi-nəzəri
hazırlığı, tarixi qaynaqlara, faktik sənədlərə
dərindən bələdliyi, əlbət ki,
türkçülük, azərbaycançılıq,
islamçılıq ideyası ətrafında bir ziyalı
olaraq mövqeyi də müəyyənləşməlidir.
Elə sadaladığımız cəhətlər
sözügedən əsərin uğuruna qol qoymuşdur.
Romanın, bizcə, mütaliə
üçün cəlbedici olmasından ötrü müəllif
çox maraqlı bir vasitə tapmışdır.
Əsər balaca Məhəmməd Əminin, 14 yaşlı
yeniyetmənin atası Axund Hacı Ələkbərlə o
zamanın "pristijli" olan minik vasitəsi qazalaxla
Bakıya gəlişinin təsviri ilə başlayıb.
Mollaxana dərsi almış oğlunun dünyəvi məktəbdə
oxumaq arzusunu bəyənən ata özü dindar olsa belə,
övladının istəyini yerinə yetirir, şəhərdə
ona ev kirayələyir. Məhəmməd
Əmin Sultan Məcid Qənizadənin dərs dediyi rus-müsəlman
məktəbində təhsil almağa başlayır. Beləliklə, müəllif Məhəmməd
Əmin Rəsulzadənin şüurlu ömür tarixçəsinə
baş vurur. Onun sonrakı həyatı
ziyalı şəxslərin əhatəsində,
maarifçi-demokratların mühitində formalaşır,
dünyagörüşü, ictimai fəaliyyəti
yaşadığı dövrün ümumi ahəngi ilə
çulğalaşır. Hacı Zeynalabdin
Tağıyev, Üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Mirzəbala Məmmədzadə
və zamanın digər nüfuzlu insanları, maarifpərvərləri,
millət fədailəri ilə ülfət və ünsiyyəti
gənc Məhəmməd Əminin gələcək taleyini həll
edir. Təqdim olunan tarixi sənədlər
yorulmaq bilmədən, nəfəs dərməyə belə
qoymadan oxucunu öz ardınca aparır, əslində, bədii
əsərdə xronoloji materialın bolluğu bədiiliyi bir
qədər kənarda saxlaya bilsə də,
yazıçı təhkiyəsi, obrazlı təsvir vasitələri
bu problemi aradan qaldırır. Əsərin
mövzu axarında təkcə ictimai-siyasi problemləri deyil,
həm də bu hadisələrin arxasından boylanan ailə-məişət
münasibətlərini, milli-mənəvi dəyərlərimizin
qorunması uğrunda çarpışan insanların əməllərini,
fədakarlığını, əzmini görürük.
Əsərdəki bütün epizodik əhvalatlar, surətlər,
əsrin ünlü şəxsiyyətləri, dövlət rəhbərləri,
liderlər haqqında verilən məlumatlar nəticə
etibarilə bir ana xətt ətrafında cərəyan edir. Bütün
bunlar nəhayətdə Rəsulzadə ömrünün
salnaməsi fonunda bir kino lenti kimi gözlərimiz
qarşısında canlanır. Yeri
düşmüşkən qeyd edək ki, kitab bir bədii film
üçün gözəl, sanballı ssenari
materialıdır.
Maraqlı epizodlar içərisində Şaumyanla,
Stalin (Koba), Hitler və digər tarixi şəxsiyyətlərlə
bağlı təsvirlər çox incə və təsirli
şəkildə təqdim olunur. Bu zaman Vüqar Əhmədin
bir müəllif olaraq öz qəhrəmanlarına bəslədiyi
simpatiya və tənqidi münasibət də özünü
aşkar göstərir. Ümumiyyətlə,
əsərdə haqqında söz açılan hər bir əhvalata
seyrçi kimi deyil, bəlkə, o hadisələrin
iştirakçısı kimi cani-dildən münasibət bəslənildiyinin
də şahidi oluruq. Bu da müəllifin
səmimiyyətindən, milli təəssübkeşliyindən,
vətənpərvərliyindən keçən bir cəhətdir.
Münasib hallarda, hadisələrin ruhuna
uyğun şeir nümunələrindən istifadə
olunmasının da əsərə lirik-psixoloji ovqat gətirdiyini
söyləyə bilərik. Ən
ağır epizodların təsvirində müəllifin
yaratdığı bədii lövhələr, metaforalar da bu
cəhətdən fikrimizi təsdiqləyir.
Bir cəhəti də diqqətə
çatdırmağı vacib bilirik. İstənilən hər
hansı bir mövzu nə qədər aktual, nə qədər
maraqlı olur-olsun onun oxucuya dil-üslub baxımından
anlaşıqlı şəkildə
çatdırılması da vacib şərtlərdəndir.
Vüqar Əhmədin nəsr dili, hadisələrin
və ədəbi qəhrəmanların təsvirindəki təhkiyə,
yaratdığı bədii səhnələr, tərənnüm
etdiyi Vətən torpağı, Azərbaycan dilinin
bütün leksik-semantik tələblərini özündə
əks etdirir. Roman boyu Bakı-Abşeron
koloritinin, onun şirin dil - ləhcə-şivə özəlliklərinin,
Azərbaycan xalqının milli adət-ənənələrinin,
etnoqrafik dəyərlərinin xüsusi bir tərzdə
ehtişamla təqdim edildiyini görürük.
Böyük Azərbaycan, qüdrətli türk elləri
İslam dəyərləri ilə süslənmiş xalq təfəkkürü
yazıçının yaratdığı bədii səhnələrdə
yüksək sənətkarlıqla öz inikasını
tapır. Müəllif yaratdığı ədəbi
qəhrəmanların kimliyindən asılı olmayaraq, onlara
milli vətənpərvərlik mövqeyindən, əxlaqi-mənəvi
dəyərlərə malik olması yönündən
yanaşır və dəyər verir. Bu məqamda
əsərdə adları çəkilən o dövrün
görkəmli ziyalıları, ictimai-siyasi xadimləri ilə
yanaşı, sadə xalq içindən
çıxmış qoçaq, cəsarətli, el qeyrəti
çəkən insanların da müsbət obrazları
göz önünə gətirilir. Belələri
Azərbaycanın müxtəlif regionlarında, eləcə də
Bakı və Bakı ətrafında erməni
daşnakların, bolşevik düşmənlərin törətdikləri
qırğınlarda, qətliamlarda öz cəsarətləri
ilə, milli təəssübkeşlikləri ilə
canlarından keçmişlər. Əsərdə belə
epizodlara az rast gəlmirik: Bakının Quba meydanındakı
döyüşlərdə, Çəmbərəkənddə,
İçərişəhər həndəvərində,
daha sonra M.Ə.Rəsulzadənin Bakıdan Tiflis qatarına
yetişməsində əlindən gələni əsirgəməyən
el içindən çıxmış sadə insanların cəsurluğu
və rəşadətindən söz açarkən müəllifin
keçirdiyi qürur və iftixar duyğularını dəyərləndirməmək
mümkün deyil. Üçrəngli
bayrağın düşmən əlinə keçməməsindən
ötrü son nəfəsinə qədər döyüşən
Qoçu Əli axırda gülləbaran edilmiş yaralı
canı ilə Beşbarmaq dağının zirvəsinə
dırmaşıb o bayrağı köksünə sancır.
Lakin təslim olmur. Daha bir
epizod erməni-bolşevik qaniçənlərinə
qarşı amansız mübarizə aparan Qoçu Nəcəfqulu
ilə bağlıdır. Onun rəşadəti,
fiziki gücü qarşısında düşmən qüvvələr
tab gətirə bilmir.
Daha bir maraqlı epizodu xatırlayıram. Məhəmməd
Əmin məktəb dostu Azadgilin evinə qonaq gələrkən
ilk görüşdən həmin həyət-bacanı öz
Novxanıdakı evlərinə bənzədir. Müəllif Məhəmməd Əminin gözləri
ilə bu evin zahiri görüntüsündən tutmuş
otaqların döşənməsini, bəzək və yaxud məişət
əşyalarının düzülüşünü və
s. o qədər dəqiq, həssas duyğularla təqdim edir
ki, insan bir an içində həmin illərin nostalji hisslərini
yaşaya bilir. Axı bu tarix bizim uzaq
keçmişimiz deyil. Lap son illərə qədər
Abşeron bağlarında, yaxud Bakının keçmiş məhəllələrində
gördüyümüz evlər, həyətlər, həyətlərdəki
təndir ocaqlar, su quyuları, suaxan, otaqlardakı
taxçalar, cumaxatanlar, ləmələr, bunların
içindəki mis-misənə, zərli kasalar və digər
karastıların təsviri (camaatın işlətdiyi məişət
əşyaları) bir etnoqrafın qələmindən
çıxmış kimi təsir bağışlayır. Bütün bu dediklərimiz romanın
oxunaqlılığı üçün önəmli cəhətdir
və əsas məqsəd, məram ön planda olmaqla əsərin
baş qəhrəmanının xarakterinin
açılmasından ötrü, onun mühiti, tərbiyə
aldığı insanlar haqqında,
dünyagörüşünün formalaşmasında
mühüm rolu olan tarixi şəxsiyyətlər barəsində
xeyli zəngin məlumatlarla qaynayıb-qarışır.
Ayrı-ayrı epizodlar, bir-birindən fərqli əhvalatlar,
ədəbi qəhrəmanlar son nəticədə ümumi
bir süjet xəttində vahid ideya ətrafında ümumiləşdirilir.
Əsərin
məziyyətlərindən danışarkən bir cəhəti
xüsusilə diqqətə çatdırmaq istəyirəm
ki, müəllif roman boyu
qarşılaşdırdığı acı həqiqətlərdən,
xalqımızın başına gələn faciələrdən
danışarkən heç zaman bizi bədbinliyə
yuvarlamayıb, böyük bir kədər içində
nikbin ruha kökləyir: "Uca Yaradanın inayəti intəhasızdır",
- deyə ona cani-dildən bağlanır, ümid və təsəllini
yenə də onun dərgahında axtarır, oxucusunu da məhz
bu inamla arxasınca apara bilir. Təsadüfi deyil ki, əsərin
son "Nahaq dünyadan haqq dünyaya qapı" fəslində
oxuyuruq: "Türk dünyasının günəşi
batmışdı. On yeddi yaşından etibarən vətəninin
milli istiqlalı, hürriyyəti, xalqının
azadlığı uğrunda Uca Yaradanın ona bəxş
etdiyi heyrətamiz şüuruna rəğmən azğın,
zülmkar kafirlərlə mücadilə etmiş, mübarizə
aparmış, xalqına azadlığın şərbətini
içizdirmiş, millətinə vətənini sevməyi
öyrətmiş, öz fövqəladə zəkası və
siyasi bacarığı ilə bütün dünyanı heyrətə
gətirmiş, torpağının yağı düşmənlərin
tapdağından xilas olması üçün daim
özünü təhlükəyə atmış, boynuna kəfən
salmış, hər an şəhid olmağa hazır
olmuş, xalqına, vətəninə, torpağına,
türkçülüyə elədiyi xidmətləri min
kitaba sığmayan, heç bir sözlə ifadə oluna bilməyən
Məhəmməd Əmin Rəsulzadə Allah rəhmətinə
qovuşmuşdu".
Nəticə
olaraq Vüqar Əhmədin əsl vətəndaş-sənətkar
məhəbbəti ilə qələmə aldığı
bu əsəri böyük Nizaminin təbiri ilə belə dəyərləndirərdim:
"Böyüklük
fikrinə düşərsən əgər,
Ələ qələm alıb, yaz böyüklərdən".
Lalə Əlizadə
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.13.