Azərbaycan və Şərq ədəbiyyatlarının
yorulmaz tədqiqatçısı,
fədakar elm təşkilatçısı
Azərbaycan klassik ədəbiyyatından söhbət
düşərkən istər-istəməz ədəbi
irsimizi sevən, arayıb-araşdıran, bu mənəvi xəzinənin
xalqa çatdırılmasında böyük əmək sərf
edən fədakar alimlərimiz yada düşür. Onların
içərisində ədəbiyyat elmimizin böyük cəfakeşi,
görkəmli filoloq-şərqşünas akademik Həmid
Araslının da öz böyük yeri vardır.
F.Köçərli, B.Çobanzadə, S.Mümtaz,
Ə.Nazim, İ.Hikmət və başqa ədəbiyyatşünas
alimlərin başladığı işi uğurla davam etdirən
görkəmli alim doğma ədəbiyyatın öyrənilməmiş
problemlərini, onun Orta əsrlər mərhələsinin bir
çox naməlum və ya az tanınan simaları və bədii
nümunələri haqqında ilk araşdırıcı
sözünü demiş, özünün elmi-nəzəri
mülahizələri, üzə çıxardığı
yeni materiallar, mənbələrə orijinal yanaşma və
özünəməxsus düşüncə tərzi ilə
sələflərinin ənənələrini inkişaf etdirərək
yeni bir ədəbi məktəbin əsasını
qoymuşdur. Onun çoxcəhətli zəngin
yaradıcılığı ədəbi bədii fikir
tariximizdə yeni mərhələ təşkil edir.
Bütün həyatını və yaradıcılıq
qüvvəsini klassik ədəbi irsin öyrənilməsinə
və təbliğinə həsr edən alim mənalı bir
ömür yolu keçmiş, Azərbaycan ədəbiyyatının
ayrı-ayrı tarixi mərhələləri və problemlərinə,
klassik söz ustalarının həyat və
yaradıcılığına dair onlarla monoqrafik tədqiqatın,
500-ə qədər elmi məqalə, 60-dan artıq tərtib
və çoxsaylı dərslik və dərs vəsaitlərinin
müəllifi olmuşdur. Alimin məsləhəti,
redaktəsi, elmi rəyi və xeyir-duası ilə neçə-neçə
elmi əsər işıq üzü görmüşdür.
H.Araslı,
eyni zamanda Azərbaycan ədəbiyyatının tədrisi məsələləri
ilə də müntəzəm məşğul olmuş, ali və orta məktəblər
üçün proqramlar tərtib etmiş, müntəxəbat
və dərsliklər yazmışdır. Onun 1937-ci ildə
orta məktəbin VIII sinfi üçün yazdığı
ədəbiyyat dərsliyi müəyyən təkmilləşdirmələrlə
hər il nəşr olunaraq ən
yaxşı dərslik kimi alimin ömrünün sonuna qədər
istifadə olunmuşdur.
Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də
Şərqin qədim mədəniyyət mərkəzlərindən
olan Gəncə şəhərində dünyaya göz
açmışdır. Atası Hacı Məhəmmədtağı
Ərəszadə zəmanəsinin mükəmməl təhsilli
alim-ruhanilərindən olmuşdur. O, qəzetlərdə
çıxış edər, şəriət məsələləri
ilə bağlı mülahizələr söylərdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələri
və yazdığı "Vəşrihi-fəraiz"
adlı kitab bu günə qədər alimin kitabxanasında
saxlanılır.
H.Araslı iki yaşına çatmamış atası
vəfat etmişdir. Anası Dürrübəyim xanım
savadlı qadın olmuş, oğluna xalq
yaradıcılığına məhəbbət yarada
bilmişdi.
H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi
nəzdindəki mədrəsədə təhsil almağa
başlayır. Ancaq çox keçmir ki, o,
anasını da itirir və qohumlarının himayəsində
yaşamalı olur.
1922-ci ildə Gəncə Darülmüəllimin
seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə
seminariyanı bitirib Nəbiağalı kənd məktəbində
əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində
işləyir. O bu illərdə folklor nümunələrini
toplamaqla məşğul olur, tələbələrini də
bu işə cəlb edir. 1929-cu ildə
Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun Dil və ədəbiyyat fakültəsinə
daxil olur. İnstitutu vaxtından əvvəl
bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif
şöbəsində müdir müavini vəzifəsinə
təyin olunur. 1932-ci ildə aspiranturaya
daxil olmaq üçün Bakıya gəlir, aspiranturada təhsil
almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan
filialının nəzdində təşkil olunmuş
kitabxananın Şərq şöbəsində müdir
işləyir. Həmin illərdə Şərq
əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi
mühüm bir işə başlayır və tezliklə
yaratdığı Fondun direktoru olur.
1935-ci ildən elmi yaradıcılığa
başlayır. Bir il sonra (1936) Azərbaycan
Yazıçılar İttifaqının üzvü
seçilir. 1938-ci ildə Fondda saxlanılan əlyazmaları
içərisində sovet ideologiyasına uyğun olmayan
nümunələr tapıb onu komsomoldan xaric etməklə cəzalandırır
və işdən azad edirlər. 1938-39-cu
illərdə Azərnəşrin "Bədii ədəbiyyat"
şöbəsində redaktor vəzifəsinə qəbul
olunur. 1938-ci ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində "Orta əsrlər
Azərbaycan ədəbiyyatı tarixi"ndən dərs deməyə
dəvət olunur. 1939-cu ildə Nizami adına
Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda
"Orta əsrlər ədəbiyyatı", 1957-ci ildə
isə "Mətnşünaslıq" şöbələrinə
rəhbərlik edir. 1943-cü ildə
"XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı"
mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri
namizədi elmi adını alır. 1944-cü
ildən başlayaraq Azərbaycan Dövlət Universitetində
Yaxın Şərq ədəbiyyatı kafedrasının
müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan
ədəbiyyatı tarixi" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib filologiya elmləri doktoru elmi
dərəcəsini alır. Bir il
sonra ona professor adı verilir.
H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir
üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın,
1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülür.
H.Araslı XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai
həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən
biri idi. Şərq
xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim
türk, fars, ərəb dillərinə yaxşı bələd
olan, ümumşərq mədəniyyəti ilə yaxından
tanış olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində
də klassik şeirimizin incəliklərinin elmi-nəzəri
şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri
milli türkçülük ruhunda tərbiyələndirmək,
soy-kökümüzlə bağlı məsələləri
doğru-düzgün şərh etmək üçün əlindən
gələni əsirgəməmişdir.
Alimin yaradıcılığının mühüm bir
hissəsi repressiyanın baş alıb getdiyi ağır illərə
təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə,
xüsusilə də "Kitabi-Dədə Qorqud"un nəşri ilə bağlı təzyiq və
hücumlara məruz qalır. Ancaq
prinsipiallıq göstərərək yad təsirlərə
uymayaraq, öz mövqeyini sona qədər qətiyyətlə
müdafiə edir. "Kitabi-Dədə
Qorqud"la bağlı deyilənlərin müqabilində
susdu, nə öz "günahını" boynuna aldı, nə
də abidə ilə bağlı deyilən sözlərlə
razılaşdığını dilinə gətirdi. "Dədə Qorqud" eposu ilə yanaşı,
Xaqani, Xətai, Hadi, Səməd Vurğun
yaradıcılıqlarının yanlış mövqedən
qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmədi.
H.Araslı
ədəbiyyatımızla bağlı təkcə
keçmiş sovet məkanında deyil, dünya miqyasında
aparılan tədqiqatları diqqətlə izləyir, ədəbiyyatımızın,
mədəniyyətimizin qədimiliyinə xələl gətirən
mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan
ədəbiyyatı və onun nümayəndələri
haqqında söylənilən haqsız fikirlərə, qərəzli
mülahizələrə qarşı çıxır, həqiqəti
axıra qədər müdafiə edirdi. Ədəbiyyat
tariximizin sistemləşdirilərək elmi tədqiqata cəlb
edilməsində H.Araslının müstəsna xidmətləri
olmuşdur. 1943-44-cü illərdə nəşr
olunmuş ikicildli "Müxtəsər Azərbaycan ədəbiyyatı"
tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim
dövrlərindən başlayaraq XVII əsrə qədərki
inkişaf mərhələlərinin ədəbi-mədəni
mənzərəsini yaratmış, bu əsrlərdə
yaşayan sənətkarlarımızın bilavasitə öz
irsinə istinadən onların dolğun ədəbi portretlərini
yaratmışdır.
Onun ədəbiyyat
tariximizlə bağlı tarixi xidmətlərindən biri də
1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan
ədəbiyyatı tarixi"dir. Alim anadilli ədəbiyyatımızın
təşəkkülündə mühüm rol
oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai,
Füzuli kimi sənətkarların da ədəbiyyat tariximizdəki
yerini müəyyənləşdirərək, onların bədii-ictimai
fikir tariximizə təsirini tədqiq etmişdir. Şairlərimizdən
İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi,
Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli,
Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və
başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli
elmi-nəzəri ümumiləşdirmələr də
akademik H.Araslıya məxsusdur.
H.Araslının klassik irsin öyrənilməsi ilə
bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami
və Füzuli yaradıcılığının tədqiqi
istiqamətində olmuşdur. O, hələ keçən əsrin
30-cu illərinin axırlarından başlayaraq Nizaminin həyat
və yaradıcılığının müxtəlif
problemləri ilə bağlı araşdırmalar
aparmış, əsərlərinin tərcümə və nəşr
olunub geniş oxucu kütləsinə
çatdırılması istiqamətində görülən
işlərdə fəal iştirak etmişdir. Şairin
əsərlərində işlənən çoxsaylı
türk sözlərini, türk təfəkkürünə
xas, türk məişətindən gələn
danışıq ifadələrini, xalq deyim və məsəllərini
üzə çıxarmışdır. Alim
Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi
hadisə olmadığına, şairi ictimai-mədəni
yüksəlişlə səciyyələnən əlamətdar
bir dövr, mərhələnin yetirdiyini söyləyir.
H.Araslı Nizaminin Qumdan olması
haqqındakı əfsanəni alt-üst etmişdir. O, Məhəmməd
Füzulinin də ardıcıl tədqiqatçısı və
Azərbaycandan uzaqlarda da tanınan naşiri olmuşdur. O, şairin həyat və
yaradıcılığının müxtəlif problemlərinə
həsr edilən 20-dən artıq məqalə və
çoxillik araşdırmalarının yekunu olan rus və Azərbaycan
dillərində nəşr olunan "Böyük Azərbaycan
şairi Füzuli" monoqrafiyasının müəllifidir. Alim tərəfindən nəşr olunan
beşcildlik tənqidi mətn
füzulişünaslığın inkişafında
mühüm əhəmiyyət daşımış,
dünya füzulişünas alimlərinin bu gün də
müraciət etdikləri mötəbər mənbədir.
H.Araslı Nəsiminin də ilk
araşdırıcılarından sayılır, "Fədakar
şair" oçerki, elmi məqalələr və Nəsimi
əsərlərinin nəşrlərinə dərin məzmunlu
müqəddimələr yazmışdır. Nəsiminin
600 illik yubileyi ərəfəsində nəşr olunan -
"İmadəddin Nəsimi" kitabçasında mütəfəkkir
şairin əzəmətli obrazını yaradan müəllif
şairin həyatının bəzi qaranlıq məqamlarına
aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və
poetik ifadə gözəlliklərindən söz
açmışdır.
H.Araslı bir mətnşünas alim kimi də çox
məhsuldar olmuşdur. Onun bu sahədəki fəaliyyəti mətnşünaslıq
elmimizdə ayrıca bir mərhələ təşkil edir.
Alim müxtəlif illərdə Məhsəti,
Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və
başqa görkəmli şairlərin əsərlərini dəfələrlə
nəşr etmişdir. Bu sahədəki
axtarışları, klassik irslə yaxından
tanışlığı, əlyazmalarla işləmək səriştəsi
sayəsində mətnlər üzərində təshihlər
aparır, sözlük və şərhlərə yenidən
nəzər salırdı. Bunun nəticəsidir
ki, onun tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən
daha mötəbər sayılır. H.Araslı
1939-cu ildə "Kitabi-Dədə Qorqud"u nəşr
etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə,
eləcə də bütün türkologiya elminə
böyük xidmət göstərmişdir. Alim əsərin nəşri ilə yanaşı,
onun tədqiqi və təhlili ilə də ciddi məşğul
olmuşdur. O, Türk xalqlarının müştərək
eposu olan "Kitabi-Dədəm Qorduq"da dil, üslub, hadisələrin
cərəyan etdiyi məkan etibarilə Azərbaycanla
bağlılığını konkret dəlillərlə əsaslandırmış,
dastanda çətin anlaşılan müasir dilimizdən
çıxmış bir çox kəlmələrin folklor və
klassik şairlərimizin əsərlərində işlənməsini
gətirdiyi bədii nümunələrlə təsdiq edərək,
abidənin dilinin Azərbaycan dilinə yaxınlığını
göstərmişdir. Böyük əmək sərf
etdiyi bu abidə ilə bağlı axtarışlarını
sonralar da davam etdirərək 1962 və 1978-ci illər nəşrlərini
bəzi təshihlərlə daha da təkmilləşdirmişdir.
H.Araslının 1956-cı ildə nəşr edilmiş
"XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı
tarixi" əsəri də ədəbiyyatşünaslığımızın
nailiyyətlərindən biri kimi dəyərləndirilir. Alim bu əsərində ədəbiyyatımızın
az öyrənilmiş və bu səbəbdən
də doğru səciyyələndirilməyib tənəzzül
mərhələsi kimi anlaşılan bu yüzillikləri
ilkin mənbələr əsasında araşdıraraq, onun həqiqi
qiymətini müəyyənləşdirdi. O, ilk dəfə
üzə çıxardığı cung, təzkirə və
ayrı-ayrı əlyazmalara istinad etməklə dövrün
ədəbi-mədəni mənzərəsini ətraflı
işıqlandırmış, qaranlıq olan bəzi məsələlərə
aydınlıq gətirmiş, oxuculara məlum olmayan və ya
az tanınan ədəbi simalar - Əmani, Fədai, Kişrəvi,
Saib, Qövsi, Tərzi, Əfşar, Nişat Şirvani, Məhcur
Şirvani haqqında ətraflı məlumat vermişdir.
H.Araslı müasir Azərbaycan
folklorşünaslığını yaradan alimlərdən
biri kimi də tanınır. Alim şifahi xalq ədəbiyyatı
və folklorumuzun tədqiqi sahəsində də böyük əmək
sərf etmişdir. "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı
tarixi" kitabı və "Aşıq
yaradıcılığı" əsərlərində
Qurbani, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə
Qasım, Aşıq Ələsgər və başqa klassik
aşıqların həyat və
yaradıcılığı, XVII əsrdə yaranan
"Əsli və Kərəm", "Aşıq Qərib",
"Şah İsmayıl" və "Koroğlu" eposu
haqqında orijinal elmi mülahizələr söyləmişdir.
Alim digər
Şərq xalqlarının ədəbi irsinə də
geniş maraq göstərmiş Azərbaycan ədəbiyyatı
və klassiklərimizlə bağlı olan Şərq
şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük
özbək şairi Əlişir Nəvai irsini də tədqiq
etmiş, Orta əsrlər Azərbaycan ədəbiyyatının
əlaqələrinə dair ilkin araşdırmaların
müəllifi kimi də məşhurlaşmışdır.
H.Araslı elmi tədqiqat işləri ilə təşkilatçılıq
fəaliyyətini özündə uğurla birləşdirən
elm adamlarından idi. O, respublikanın mədəni-ictimai həyatında
yaxından iştirak edirdi. Nizami adına
Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti
olmuşdur. Həmid müəllim 1940-cı ildən
öz elmi-təşkilati fəaliyyətini də muzeylə
bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər
üzrə direktor müavini, 1960-68-ci illərdə isə
direktor vəzifəsində
çalışmışdır.
H.Araslı
həyatı boyu yüksək ixtisaslı kadrların
hazırlanmasında qayğı və məhəbbətlə
çalışmış, təkcə Azərbaycanda deyil,
Özbəkistanda, Türkmənistanda və Tatarıstanda
aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş,
onlarla elmlər doktoru, 50-yə qədər elmlər namizədi
yetişdirmişdir.
Professor
A.Dadaşzadənin təbiri ilə desək: "Onun çap
etdirdiyi, nəşrə hazırladığı, redaktə və
tərtib etdiyi əsərlərin sadəcə siyahısı
oxucunu heyrətləndirməyə bilməz. Cəsarətlə
deməliyik ki, klassik Azərbaycan ədəbiyyatı və
folklorunun elə bir əhəmiyyətli sahəsi və
siması yoxdur ki, H.Araslı burada öz sözünü deməmiş
olsun".
Alimin gördüyü işlər bu gün də
öz əhəmiyyətini saxlayır və zaman keçdikcə
onların dəyəri və miqyası yeni nəsillər tərəfindən
daha çox anlanılır. Onun əsərlərinə
istinad etmədən, xidmətlərini xatırlamadan klassik ədəbiyyatımızdan
və folklorumuzdan, bütövlükdə Azərbaycan ədəbiyyatı
tarixindən danışmaq mümkün deyil.
Azərbaycan
EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, görkəmli
ədəbiyyatşünas alim, istedadlı elm təşkilatçısı
Həmid Araslı Azərbaycanda, habelə respublikamızdan
uzaqlarda başqa xidmətləri ilə yanaşı, görkəmli
şərqşünas kimi də geniş şöhrət
tapmışdır. Keçmiş SSRİ
respublikaları ilə yanaşı, alimi və onun əsərlərini
Türkiyədə, İranda, İraqda, İordaniyada da
gözəl tanıyır və yüksək qiymətləndirirdilər.
O, Özbəkistanın əməkdar elm xadimi, Türk Dil
Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri
akademiki və islam sivilizasiyasını öyrənən
İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi
yüksək adlara layiq görülmüşdü.
Azərbaycan
ədəbiyyatının ardıcıl tədqiqatçısı,
kamil bir mətnşünas və istedadlı folklor mütəxəssisi
kimi tanınan alimi tale elə bil özü elmi fəaliyyətinin
ilk illərində "Min bir gecə"
nağıllarında olduğu kimi ecazkar bir aləmə -
şərqşünaslıq aləminə gətirib
çıxarmışdı. H.Araslı hələ 1932-ci ildə
aspiranturada təhsil aldığı zamanlar o vaxt
keçmiş SSRİ EA Zaqafqaziya filialının Azərbaycan
bölməsində təşkil edilmiş kitabxananın
şərqşünaslıq şöbəsinin müdiri təyin
olunmuş və həmin dövrdən başlayaraq Azərbaycan
və Şərq klassiklərinin əlyazmalarını
toplayaraq sonralar Əlyazmalar Fondu yaratmış və
yaratdığı fondun ilk müdiri vəzifəsində
çalışmışdır.
1968-ci ildə alim Azərbaycan EA Şərqşünaslıq
İnstitutunun Ədəbiyyat şöbəsinə müdir təyin
olunur və elə bu vaxtdan da İnstitutda Şərq ədəbiyyatları
üzrə icra olunan problem və mövzulara rəhbərlik
edir. 1970-ci
ildən 1981-ci ilədək Həmid müəllim Şərqşünaslıq
İnstitutunun direktoru vəzifəsində
çalışır və institut direktoru kimi böyük
elmi-təşkilati iş aparır. O, Azərbaycanda Şərqşünaslıq
elminin tərəqqisi, İnstitutun keçmiş SSRİ-nin
digər Şərqşünaslıq institutları
arasında ön sıraya çıxması, onun İttifaq və
xarici ölkələrin şərqşünaslıq mərkəzləri
ilə elmi əlaqələrinin möhkəmlənməsi və
genişlənməsi üçün qüvvə və
bacarığını əsirgəmirdi.
Direktor olduğu ilk vaxtlardan akademik Həmid Araslı
institutun elmi tədqiqat planlarının düzgün müəyyənləşdirilməsinə
çalışır, kollektivin səyini Şərq
xalqlarının tarixi, iqtisadiyyatı, mədəniyyəti,
Azərbaycanın bu ölkələrlə hərtərəfli
əlaqələrinin ən vacib problemlərinə dair
ümumiləşdirici və monoqrafik əsərlər
yaratmağa yönəldir. Akademik H.Araslının rəhbərliyi
ilə institutda icra olunan elmi tədqiqat işləri əsasən
aşağıdakı 7 problem çərçivəsində
aparılır:
Beynəlxalq
fəhlə və milli-azadlıq hərəkatının
inkişaf qanunauyğunluqları;
Türkiyə,
İran və Ərəb ölkələrinin iqtisadi
inkişafı;
İran və
Türkiyənin tarixi inkişaf xüsusiyyətləri;
Yaxın
və Orta Şərq xalqları ədəbiyyatlarının
inkişaf qanunauyğunluqları;
Yaxın
və Orta Şərq xalqları dillərinin işlənməsi
və inkişafı;
Yaxın
və Orta Şərq xalqlarının mədəniyyəti və
ictimai fikir tarixi;
Şərq yazılı abidələrinin tədqiqi və
nəşrə hazırlanması.
Tədqiq
olunan problemlərə 1973-cü ildə iki yeni problem əlavə
olunur:
Dünya ədəbiyyatlarının inkişaf
qanunauyğunluqları və dünya mədəniyyətinin fəlsəfi
və sosioloji problemləri.
1975-ci ildə
isə tədqiq olunan problemlərə bir yeni problem əlavə
olunur: inkişafda olan ölkələrin iqtisadi və sosial
problemləri.
1976-cı
ildə yenə bir problem əlavə olunur: Asiya və Afrika
xalqlarının yazılı mənbələri, elmi-tənqidi
mətnlərin tərtibi.
Adları çəkilən problemlər çərçivəsində
1970-81-ci illər ərzində institutda hazırlanmış
onlarla monoqrafiya, kitab, məcmuə, yüzlərlə elmi məqalə
respublika, ümumittifaq və xarici ölkə nəşriyyatlarında
çap olunur.
Bunlardan "Turüiə v period pravleniə mladoturok"
(H.Əliyev, Moskva, 1972), "Realistiçeskaə
demokratiçeskaə pogziə İranskoqo Azerbaydjana"
(H.Billuri, 1972), "Xətib Təbrizinin həyat və
yaradıcılığı" (M.Mahmudov, 1972),
"Prosvehenie v Turüii v noveyşee vremə"
(T.Dadaşov, 1972), "Nəsimi" (6 dildə, H.Araslı,
1973), Ə.X.Dəhləvinin və Əbdi bəy Şirazinin əsərlərinin
ədəbi-tənqidi mətnləri, "Müasir
İran" məlumat kitabı, "Türk filologiyası məsələləri",
"İran filologiyası məsələləri",
"Ərəb filologiyası məsələləri",
"Türkiyə tarixi məsələləri",
"İran tarixi məsələləri", "İran və
Türkiyənin iqtisadi inkişaf məsələləri"
adlı məcmuə və monoqrafiyaları xatırlatmaq olar. Onların bir çoxunun elmi redaktoru H.Araslı
özü olub, bir çoxu isə bilavasitə alimin rəhbərliyi
ilə hazırlanıb.
Yuxarıda sadaladığımız problemlər çərçivəsində
icra olunan bir çox mövzu və elmi işə də Həmid
müəllim bilavasitə özü rəhbərlik edib. Bunlardan "Müasir
türk ədəbiyyatında mütərəqqi meyillər",
"Orta əsrlər ərəbdilli Azərbaycan ədəbiyyatı",
"Müasir türk ədəbiyyatında realizm",
"Azərbaycanın Şərq ölkələri ilə
tarixi-mədəni əlaqələri", "Nizami
yaradıcılığının İran ədəbiyyatına
təsiri" və sairə mövzuların adlarını
çəkmək olar.
Akademik Həmid Araslının direktor kimi təşkilati
fəaliyyətinin bir cəhəti də institutun strukturunun
optimal şəkildə burada icra olunan işlərin istiqamətinə
uyğunlaşdırılmasına yönəlmişdi. 1975-ci ildə
H.Araslının təqdimatı və EA-nın Rəyasət
heyətinin qərarı ilə institutda ciddi struktur dəyişikliyi
aparıldı. İran tarixi, Türkiyə
tarixi və Ərəb ölkələri tarixi şöbələrinin
əsasında Yaxın və Orta Şərq ölkələrinin
yeni və ən yeni tarixi şöbəsi yarandı. Türk və ərəb ədəbiyyatı
şöbəsi ayrılaraq 2 şöbə - ərəb və
türk filologiyası şöbələri yarandı. Dilçilik şöbəsi ləğv olundu və
onun əməkdaşları 3 şöbə - ərəb,
türk və İran filologiyası şöbələrində
yerləşdirildi. Yeni 3 şöbə yaradıldı:
Orta əsrlər
Şərqi şöbəsi;
Azərbaycanın
Şərq ölkələri ilə tarixi və mədəni
əlaqələri şöbəsi;
Müasir dövrdə milli-azadlıq hərəkatı
problemlərinin tədqiqi şöbəsi.
1976-cı ildə institutda yenə bir yeni şöbə
- Azərbaycanın Şərq ölkələri ilə ədəbi
əlaqələri şöbəsi yaradıldı.
Böyük vətənpərvər alim
H.Araslını xüsusilə narahat edən məsələ
xalqımızın Orta əsrlər müştərək
müsəlman mədəniyyətinin yaradılmasında
oynadığı rolun tədqiqi idi və o, daim müvafiq
şöbə rəhbərlərini bu istiqamətdə tədqiqatlar
aparmağa sövq edirdi. Sırf şərqşünaslıq
problemlərinin tədqiqini azərbaycanşünaslıqla
sıx uzlaşdırmaq məsələsi də daim alimin diqqət
mərkəzində idi.
Ərəb
Şərqinin dünya geosiyasi xəritəsində kəsb
etdiyi böyük əhəmiyyəti tam anlayaraq və Azərbaycan
ilə sıx tarixi və mədəni əlaqələrini nəzərə
alaraq, Həmid müəllim institutda ərəbşünaslığın
inkişafına xüsusi diqqət yetirir, bununla əlaqədar
Ərəb filologiyası şöbəsi açır, ərəb
tarixini, iqtisadiyyatını, ictimai fikrini öyrənmək
üçün şərait yaradırdı, aspiranturaya qəbul
zamanı ərəbşünas tələbələrin qəbuluna
xüsusi diqqət yetirirdi. Elə il olub
ki, o, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin ərəb bölməsinin bütün məzunlarını
instituta işə götürüb.
Mövzular təsdiq olunanda akademik H.Araslı
çalışırdı xırda mövzulardan
qaçılsın, böyük kollektiv işlərə,
ümumiləşdirici monoqrafiyaların yazılmasına
üstünlük verilsin.
İcra olunan işlərin elmi-nəzəri səviyyəsinin
daim yüksəlməsi alimin diqqət mərkəzində
idi. Bu məqsədlə Həmid müəllim uzun illər
institutda şəxsən özü "Sovet şərqşünaslığının
aktual problemləri" adlı ümuminstitut elmi-nəzəri
seminarı aparmışdır.
Koordinasiya məsələlərinə böyük diqqət
yetirən alim daim çalışırdı ki, institutda icra
olunan mövzular Akademiyanın başqa institutlarında icra
edilən işlərlə uzlaşsın, təkrara yol verilməsin. Alim yüksək
ixtisaslı şərqşünas kadrların yetişdirilməsinə
də böyük diqqət yetirirdi. O illər institutda
onlarla elmlər doktoru və elmlər namizədi hazırlanmışdı
ki, onlardan bir çoxu bu gün də Azərbaycan şərqşünaslıq
elmini inkişaf etdirən potensialın əsas özəyini təşkil
edir. Akademik H.Araslı uzun illər filologiya
üzrə Müdafiə Şurasının sədri olub.
O çalışırdı əməkdaşlara zəruri
şərait yaratsın - SSRİ-nin Şərqşünaslıq
mərkəzlərinə, xarici ölkələrə elmi
ezamiyyət üçün yuxarı təşkilatlar
qarşısında bu haqda dəfələrlə məsələ
qaldırırdı və çox vaxt buna müvəffəq
olurdu, onun sayəsində bir çox əməkdaş o illər
elmi ezamiyyət imkanı əldə etdi. İnstitutun
rəhbəri kimi Həmid müəllim Yaxın və Orta
Şərq ölkələrinin müxtəlif problemlərinə
həsr olunmuş bir sıra beynəlxalq və regional elmi
konfransların, sessiyaların və simpoziumların təşkilatçısı
olmuşdur. O, Azərbaycan şərqşünaslıq
elmini bir çox xarici ölkədə ləyaqətlə təmsil
etmişdi.
Bu gün Həmid müəllim haqq
dünyasındadır. Amma onun gördüyü işlər, səpdiyi
toxumlar hələ də öz bəhrəsini verməkdədir.
Həmid müəllim institutumuzun vaxtilə
istiqamətləndirmiş olduğu elmi işlərində,
yetişdirdiyi və bu gün artıq özləri tələbə
yetişdirən tələbələrində və
saysız-hesabsız əsərlərində yaşayır.
Əsl alim üçün bundan böyük xoşbəxtlik
ola bilərmi?
Gövhər Baxşəliyeva
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.-
S.14-15.